Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:05

"Sehrli xalat"dakı Rəşid ABŞ-da yaşayır: "Heç vaxt Vətəni tərk etməyin!


Azər Qurbanov
Azər Qurbanov
-

"Təsəvvür edin ki, dünyanın bir çox ölkələrində olmuşam, lakin Azərbaycana heç cür gələ bilməmişəm".

"Burada kiçik biznesim var - əlillərin daşınması, həkimlərə çatdırılması üzrə firmam var".



Məqalənin müəllifi bir neçə ay idi ki, Azər Qurbanovu - sovet kinematoqrafiyasının uşaq ulduzunu axtarırdı. Və nəhayət, tapdı - məlum oldu ki, sovet dövrünün uşaqlarının pərəstiş etdiyi aktyor 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayır.

Gənc aktyor hələ 1957-ci ildə, 7 yaşında ikən "Bir məhəllədən iki nəfər" filmində debüt etmişdi. Sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Lakin şübhəsiz ki, ən yaddaqalan rolu "Sehrli xalat" (1964) filmindəki pioner Rəşid obrazı olub.

Trend oxucularına ABŞ-da yaşayan və bu il 60 yaşı tamam olan Azər Qurbanovla eksklüziv müsahibəni təqdim edir.



- Azər bəy, sizi Bakıdan salamlayırıq. Çoxdandır ki, gələn il 50 illiyi qeyd olunacaq "Sehrli xalat" filminin gənc qəhrəmanlarını axtarırdım. Bu film əvvəlki kimi bir sıra nəsillərin sevimli kinosudur və hələ də yerli telekanallarda uğurla nümayiş etdirilir. Bu filmin belə uğurlu olmasında sirr nədədir?

- Zəngə görə təşəkkür! Çox sağ olun ki, unutmamısınız. Şübhəsiz ki, o dövrdə bu filmin tay-bərabəri yox idi. Lakin düşünürdüm ki, bu filmi artıq unudublar (gülür). Ümumiyyətlə, uşaq filminin uzun illər boyu tamaşaçılar tərəfindən sevilməsi nadir hadisədir. Bu, Əlisəttar Atakişiyevin maraqlı ssenarisi və rejissor işi, həmçinin filmdə Əliağa Ağayev, Anatoli Falkoviç, İsmayıl Osmanlı, Əfrasiyab Məmmədov, Möhsün Sənani, Ağahüseyn Cavadov, Hüseynağa Sadıxov, Məmməd Sadıqov kimi o illərin ən yaxşı teatr və kino ustalarının rol alması ilə bağlıdır. Bu filmin necə çətinliklə çəkildiyini xatırlayıram: bürkülü pavilyon, dözülməz şərait... Həmişə rəhbərliklə qalmaqalda olan və aktyorların işi üçün daha yaxşı şəraitə müvəffəq olan rejissor Əlisəttar Atakişiyevin cəsarətini qeyd etmək lazımdır. Lakin bütün çəkilişlər heç də Bakıda baş tutmayıb - Aya uçuş kadrları Minskdə pavilyonda çəkilib. Təsəvvür edin, əgər o vaxt bizim böyük texniki imkanlarımız olsaydı, film necə alınardı!

- Bəs niyə sonra filmlərə çəkilmədiniz?

- Yeri gəlmişkən, ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun"da kiçik, lakin maraqlı rolumu qeyd etmək istərdim. Burada braziliyalı Pablo Qonsales rolunu ifa edirdim. 1967-ci ildə rejissor Mixail Yerşovun işi olan uşaq macəra filmində o dövrün Avropa ulduzu Radmila Karaklaiç rol almışdı. Həyatında ilk dəfə Yuqoslaviyada çəkilişlərdə iştirak edən, hətta Radmila Karaklaiçin qonağı olan 14 yaşlı oğlanın vəziyyətini təsəvvür edin...

Hətta bu kinoda özüm rol almağa çalışmışam. "Lenfilm"ə yazdım ki, bu filmdə çəkilmək istəyirəm. O vaxt mənə cavab vermədilər. Həmin il "Sehrli xalat" filmi ilə Əlisəttar Atakişiyevlə birgə Kiyevdə festivalda idik. Orada məni "Lenfilm"in nümayəndəsi gördü və mənim məktubumu xatırladı. Sonra Leninqradda (indiki Sankt Peterburq - red.) sınaq çəkilişləri uğurlu alındı.
Azər Qurbanov "Sehirli xalat" filmində
Azər Qurbanov "Sehirli xalat" filmində

Və daha biri - 1965-ci ildə Odessa kinostudiyasında çəkilmiş, rejissorlar Aleksandr Serıy və Konstantin Jukun "Əcnəbi qız" filmində Cəfər rolu. Filmdə Rina Zelyonaya, Sergey Filippov, Yevgeni Vesnik kimi aktyorlar çəkilmişdilər.

Bəs niyə çəkilişlərə davam etmədim? Mənim Azərbaycan dili ilə bağlı problemim var idi. Filmlər isə əsasən milli dildə çəkilirdi. Və düzünü desək, aktyorluq məni cəlb etmirdi. Yalnız anam aktyor olmağımı istəyirdi. Mənim tamamilə başqa arzu və istəklərim var idi. Mən estrada müğənnisi olmaq istəyirdim və konservatoriyanın Vokal fakültəsini bitirmişdim. Sonra vəziyyət elə gətirdi ki, ABŞ-a gedəsi oldum. Hərdən tale insanın üzünə gülmür.

- Bu necə baş verdi və niyə bu illər ərzində gözdən uzaq düşdünüz?

- Bu, 1992-ci ildə SSRİ dağılanda, ölkədə ağır vəziyyət, xaos yarananda baş verdi. Həmin vaxt ABŞ-da yaşayan bakılı dostlarım məni bu ölkəyə dəvət etdilər. Hər şey bir anda baş verdi. 39 yaşım var idi, hər şeyi dəyişməyə, yeni həyata başlamağa qərar verdim... Lakin indi düşünürəm ki, hər halda gözləmək lazım idi. Qayıtmağı çox istərdim, amma indiki yaşımda nəyisə dəyişmək artıq gecdir. Hərçənd ABŞ-da yaxşı yaşayıram, lakin doğma Bakı üçün darıxıram, uşaqlıq illərimi həyatımın ən parlaq səhifəsi hesab edirəm.

- ABŞ-da kiminlə yaşayırsınız? Bir az Şort-Hills şəhərciyindən danışın.

- Həyat yoldaşımla, bu yaxınlarda evlənən oğlum Maratla və Bakıda bir vaxtlar Opera və Balet Teatrının aparıcı solisti olan anam Xurşud xanımla. Burada kiçik biznesim var - əlillərin daşınması, həkimlərə çatdırılması üzrə firmam var, Çinlə əlaqələrim var. Şort-Hills Nyu-Yorkun yaxınlığında kiçik, rahat, şəhər sakinlərinin əksəriyyətinin çalışdığı şəhərcikdir. Burada İngiltərənin şəhər mənzərəsini xatırladan səliqəli, kiçik küçələr, rahat hotellər, restoranlar, istirahət üçün böyük imkanlar var. Məsələn, şəhərdə flora və faunanın yüzlərlə nadir növləri ilə zoopark və dendrari var. Şort-Hillsdə bir çox tanınmış idmançılar və televiziya ulduzları yaşayır.

- Bəs Bakıya gəlmisiniz?

- Təsəvvür edin ki, dünyanın bir çox ölkələrində olmuşam, lakin Azərbaycana heç cür gələ bilməmişəm. İş burasındadır ki, imkan düşən kimi anamla gəlmək istəmişəm, lakin onun səhhətində ciddi problemlər var. O, evdə hələ də azərbaycanca danışır və çox istəyir ki, Vətənə qayıtsın. Gələcəkdə mütləq gələcəm, hətta tək. Mən "skayp" vasitəsilə Bakıdakı yaxın qohumlarımla danışıram, internetdə baxıram və görürəm ki, şəhər həddindən artıq dəyişib. Məni "Sehrli xalat"da çəkildiyimiz Yusif Şeyxov tapdı və dedi ki, gələn il bu filmin yubileyini təşkil edəcək və kim qalıbsa hamısını dəvət edəcək.

- Yusif Şeyxovdan başqa, "Sehrli xalat" filmindən daha kiminlə əlaqəniz var?

- Bizim yollarımız ayrıldı, əlaqələrimiz kəsildi. Bəli, ABŞ-da vaxt ildırım sürətilə keçir. Hətta nə vaxtsa filmlərdə çəkildiyimi unutmuşam (gülür). Bakılılarla münasibətim var, onlarla və türklərlə birgə müxtəlif bayramları qeyd edirik, ötən il Azərbaycanın əfsanəvi müğənnisi Zeynəb Xanlarovanın Nyu-Yorkdakı konsertində oldum. Bir dəfə Müslüm Maqomayevlə və həyat yoldaşı ilə ünsiyyətdə olmuşam.

Azərbaycandan getmək istəyən insanlara isə bir şeyi məsləhət edərdim: heç vaxt Vətəni tərk etməyin! O vaxt hər şeyin axırını gözləmək, bütün çətinliklərə sinə gərmək lazım idi... Lakin nə oldusa, oldu artıq... Vaxt çox tez keçdi, sanki dünən təyyarədən enmişəm... (içini çəkir). Vətəndə yaşamaq daha gözəldir, nəinki başqa yerdə - hətta sənin hər şeyin varsa...

Vüqar İmanov
Trend.az

XS
SM
MD
LG