Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:39

SMS tapmaca İran sünnilərini ayağa qaldırdı


İranda mobil rabitə operatorunun öz müştərilərinə göndərdiyi tapmaca qalmaqal yaradıb - sünnilərin etirazına səbəb olub.

Əsas da sünnilərin kompakt halında yaşadığı Sistan-Bəlucistan bölgəsində.

İrancell şirkətinin keçirdiyi müsabiqədə abonentlərə belə bir tapmaca göndərilib:

İmam Əli zamanında şeytanın yoldan çıxardığı hakim kim olub?

Bu tapmacanın göndərildiyi mesajda iki alternativ cavab olub. Onların biri - sünnilərin ehtiram bəslədiyi Ömər olub.

Ömərin İslamdakı rolu sünnilərlə şiələr arasında böyük mübahisə mənbəyidir.

Ömər Məhəmməd peyğəmbərdən sonra taxta çıxmış ikinci xəlifə olub.

Şiərlər peyğəmbərdən sonrakı 4 xəlifədən yalnız Əlinin varisliyə və xəlifəliyə layiq olduğunu düşünürlər.

Sünnilər isə hər dördünü qəbul edirlər.

TAPMACADAN SONRA...

Tapmacadan sonra sünnilər təşkiatlanmış şəkildə İrancell-ə qarşı kampaniyaya başlayıblar, şirkəti boykot etməyə çağırıblar.

Rəsmi rəqəmlər olmasa da, güman edilir ki, İran əhalisinin 10 faizi sünnilərdir.

Sünnilərin bəzi nümayəndələri uzun müddət bir məzhəb olaraq İranda sıxışdırılmaqlarından və hakimiyyətdən uzaq saxlanmaqlarından gileyləniblər.

Amma indi etiraz səsini ucaldanlar fikirlərini diplomatik şəkildə ifadə edir, deyirlər ki, Ömərə qarşı bu cür hərəkət təkcə onlara yox, bütövlükdə İran mədəniyyəti və sivilizasiyasına yönələn təhqirdir. Çünki İran sivilizasiyası əsrlərlə “bu cür iyrənc hərəkətlərdən uzaq olub”.

Bəzi məlumatlara görə, Sistan-Bəlucistan və Kürdistan vilayətlərində İrancell-in bir sıra müştəriləri öz SİM kartlarını etiraz əlaməti olaraq məhv ediblər.

Sünnilərin bəzi ruhaniləri də etirazlara qoşulublar. Onlar şirkəti sünnilərdən üzr istəməyə çağırıblar.

Ötən cümə İran sünnilərinin ruhani rəhbəri Molavi Abdolhamid Zahedandakı xütbə zamanı şirkəti təkcə sünnilərdən yox, şiələrdən də üzr istəməyə çağırıb, çünki onun fikrincə, hansısa inancın təhqir edilməsi bütün inanclı insanlar üçün xoşagəlməzdir.

Sünni millət vəkilləri də hüquq-mühafizə orqanlarını İrancell-ə qarşı “ciddi” ölçü götürməyə çağırıblar.

Müraciətə 18 sünni millət vəkili imza atıb.


TAPMACANIN MƏQSƏDİ

İrancell nəhayət ki qalmaqala reaksiya verib və tapmacanı hazırlayan “Qızıl açar” şirkətinin buna görə məsuliyyət daşıdığını deyib.

“Qızıl açar” isə bunu “məqsədli olmayan yanlışlıq” adlandıraraq “bütün müsəlmanlardan” üzr istəyib.

“Qızıl açar”ın rəhbəri Javad Zamanzadeh Darban , Fars news agentliyinə deyib ki, onlar yeni bir müsabiqə keçirməyi planlaşdırırlar və suallar bu dəfə “İslam dünyasının vahidliyi”nə aid olacaq.

Şirkət rəhbəri belə səhvlərin təkrar olunmayacağına söz verib.

Üzrxahlığa baxmayaraq Bəlucistanın paytaxtı Zahedanda prokuror Mohammad Marzieh İrancell-ə qarşı sünni məzhəbindən olanları təhqir etmək ittihamı irəli sürülüb.

Prokuror deyib ki, şirkət ölkədəki şiələrlə sünnilərin birliyinə xətər yetirib. O, ali dini lider Xamneyinin fitvasınndan sitat gətirir, orada sünnilərin müqəddəs bildiklərinin təhqir olunması haram və qanuna zidd sayılır.

Öz bəyanatında Abdolhamid prokurora buna görə təşəkkür edib və sünniləri şirkətin üzrxahlığını qəbul etməyə çağırıb, üzrxahlığı özlərinin “ciddi nailiyyəti” adlandırıb.

O deyib ki, bu, sünnilərin heysiyyatına toxuna biləcək başqa şirkətlər üçün də görk olacaq.

Bundan sonra Facebook-da İrancell-i boykota çağıran qruplar da kampaniyanı dayandırıblar və üzrxahlığın yetərli olduğunu bildiriblər.

Son illər sünnilərin kompakt halda yaşadığı Sistan və Bəlucistanda partlayışlar törədilib. İran hökuməti orada təhlükəsizlik qüvvələrinin sayını artırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG