Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:57

Bakıda parkinqlər - müvəqqəti avtodayanacaqlar məhdudlaşdırılacaq [Video]


Bakıda parkinqlər - müvəqqəti dayanacaqlar məhdudlaşdırılacaq
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00
-
Avtomobilinlə şəhərə çıxmısansa, yer tapmaq üçün gözün yolda dörd olur. Özəlliklə söhbət şəhərin mərkəzindən gedirsə. Kim harada 2 metr boş yer gördüsə, ora sürür, hətta bəzi küçələrdə maşın dayanacaqları az qala 3 sıraya çatır. Görəsən, ayrıca avtomobil dayanacaqları olduğu halda, niyə sürücülərə yolqırağı daha rahat gəlir?

BEŞQAT BAHA XÜSUSİ DAYANACAQLAR

Sürücü Qəni Rəcov: «Tutaq ki bir saatlıq işim var, girmişəm aptekdən dərman almağa, həmin yerlərdə bir saat üçün dayanacağa pul alınmasa, daha yaxşı olar».

Sürücü Zöhrab Abdıyev:

- Elə yer var ikidəqiqəlik işin varsa, girdinsə, 1 manat alınır. Onu 30-40 qəpik etsəydilər, əlbəttə, mənə sərf edərdi. Lap 50 qəpik də verərdim.

- Yol qırağında saxlamağa nə qədər pul verirsiniz?

- 20 qəpik.

Amma onların 20 qəpiklik yer rahatlığı çox çəkməyəcək. Axı hələ layihə şəklində olan «Böyük Bakının Regional İnkişafı Planı»na görə, maşınların yolun hərəkət hissəsində saxlanması qadağan ediləcək. Üstəlik, maşınların mərkəzi küçələrdə hərəkətinə də məhdudiyyət qoyulacaq.
Bakıda maşın çoxdur. Yer tapmaq mümkün olmur.
Bakıda maşın çoxdur. Yer tapmaq mümkün olmur.

YENİ LAYİHƏ, YENİ QAYDALAR

«Böyük Bakının Regional İnkişafı Planı» layihəsi idarəetmə qrupunun rəhbəri Novruz Eldarlı Trend-ə açıqlamasında bildirib ki, «Böyük Bakı»nın, eləcə də bütün şəhərin ümumi nəqliyyat sxeminin həlli layihənin əsas vəzifələrindəndir. Onun fikrincə, bu gün paytaxtın mərkəzində şəxsi nəqliyyat vasitələri ilə bağlı durum «pat» vəziyyətinə yaxınlaşır.

50 ilin sürücüsü Əli Əmiraslanov da bənzər fikri dilə gətirir. Deyir ki, istər yolqırağı olsun, istərsə xüsusi dayanacaq – Bakıda maşın çoxdur. Ona görə də yer tapmaq mümkün olmur:

«Ora nə qədər maşın girər? Bakının 99 yox e, 150 faizi maşındır».

«Park Center»in operatoru Hamlet Bağışov: «Bir saatı 1 manatdır, 1 saatdan 3 saatacan 2 manatdır, 3-6 saat – 4 manatdır».

XÜSUSİ DAYANACAQ YERLƏRİ BOŞ, YOL QIRAQLARI DOLU

Parkinq üçün ayrılmış yerlərin sahibləri bu fikirlə razılaşmır. Yerlərimiz boldur, deyirlər. Sürücülərin niyə xüsusi dayanacaqlara üstünlük vermələrini, «Park Center»in operatoru Hamlet Bağışov belə izah edir:

«Mühafizə xidməti var, təhlükəsizlik kameraları var, həm də maşını arxayın saxlayıb gedə bilərlər».

Bakıda 23 mərtəbəli xüsusi dayanacaq
Bakıda 23 mərtəbəli xüsusi dayanacaq
Ergin İbrahimzadə xüsusi dayanacaqlardan yararlanır. Onu narazı salan yeganə səbəb qiymətlərin bahalığıdır:

«Ölçüsü böyük maşını küçədə saxlamaq olmur, cızırlar. Ona görə parkinqdə saxlayıram. Amma parkinqlərin də sayını artırmaq lazımdır ki, rəqabət çoxalsın və qiymətlər aşağı düşsün».

Bu cür parkinqdən gündə 8 saat istifadə azı 4 manat deməkdir. Rəsmi rəqəmlərə görə, orta aylıq maaşı 400 manat olan bir azərbaycanlı gərək ayda azı 100 manatını parkinqə ayırsın. Sürücü Qəni Rəcov çıxış yolunu belə görür:

«Rayonlarda iş yeri düzəltsinlər, hərə getsin öz rayonunda işləməyə, Bakıda da maşın azalsın. Axı 20 qəpik verib yolun qırağında maşın saxlamaq da yaxşı deyil».

Layihə rəhbəri Novruz Eldarlı müsahibə vermək istəmədi: «Bu problemi indi qabartmayaq» – dedi. Amma o, Trend-ə əvvəlki müsahibəsində bildirmişdi ki, layihə dayanacaqların çoxaldılması, qiymətlərin aşağı salınması üçün nəzərdə tutulmayıb:

«Əsas məqsəd – şəxsi maşınları bir kənara qoyub, ictimai nəqliyyata üz tutmaqdır».
XS
SM
MD
LG