Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:08

Cəfər Cabbarlının çap olunmayan şeri tapılıb


Cəfər Cabbarlının heykəli
Cəfər Cabbarlının heykəli
Modern.az saytı Cəfər Cabbarlının nadir bir şeirini oxuculara təqdim edir.
“Açan-solan çiçəklər” adlı həmin şeirin sonunda ərəb qrafikası ilə “F.K. 19” yazılıb. Çox ehtimal ki, bu, Fövqəladə Komissiya (rus dilində “Çerezvıçaynaya Komissiya” - red.) adının baş hərflərinə, həmin idarənin 19 saylı kamerasına işarədir. Bu şeri Sovet dövrünün həbsxana poeziyasınının ilk dəyərli nümunələrindən biri hesab etmək olar.

Modern.az saytı indiyədək Cəfər Cabbarlının heç yerdə işıq üzü görməyən həmin şeirini təqdim edir. İstintaq materiallarının arasından tapılan bu şeir Cəfər Cabbarlının artıq həyatda heç nəyə inamı qalmamasından xəbər verir.

Şeiri saytda C.Cabbarlı irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmli təqdim edib.

Açan-solan çiçəklər

Bən bir güldüm, açılmadan budağımdan dərdilər,
Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər,
Çox çəkmədən yazıq soldum, topraqlara sərdilər,
İştə budur təbiətin sarsılmıyan dövranı...

Tək çarpışdım, taleyimlə düşdüm, yardım sormadım,
Çox çalışdım, istəgimlə gülər həyat sürmədim,
Az yaşadım, çox ağladım, yazıq bir gün görmədim,
İştə, varlıq Tanrısının ədalətsiz divanı...

İnsanlığı pək sevirkən, ondan uzaq qovuldum,
Hər əyləncəm bir yas oldu, göz yaşımda boğuldum,
Bu talelə ulu Tanrım bilməm neyçün doğuldum?!
Kimlər bilməm yazdı, verdi bu gərəksiz fərmanı...

Bən istərdim bülbül kimi dolaşaydım çəməndə,
Bir gül kimi şənlənəydim səbah yeli əsəndə,
Zalım fələk cəvan ömrüm saldı ağır kəməndə,
Qara məhbəs oldu azad bir bülbülün məskanı...

Xəfif ruzgar səmum kimi ruhum əzdi, uyutdu,
Parlaq günəş ümidlərim şimal kimi soyutdu,
Bütün dostlar, həp insanlar varlığımı unutdu,
Doğru sözdür hər aşiqin olur beş gün dövranı...

Bakı, F.K. 19. 17 iyul 1923
XS
SM
MD
LG