Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:07

Bakı və Zaqatalada 87 min seçici başsız qalıb


Hafiz Həsənov
Hafiz Həsənov
-
Ötən ilin oktyabrında deputat Gülər Əhmədovanın mandatı əlindən alınıb. Bu ilin martında deputat Hikmət Atayev yol qəzasında həlak olub. Adları çəkilən deputatlardan birincisi Xətai rayon 34 saylı, digəri Zaqatala rayon 110 saylı seçki dairəsindən seçilmişdi. Aylar ötüb, amma deputat yerləri boş qalıb. Bu bir yana, 87 minə yaxın seçicini MM-də artıq heç kim təmsil etmir.

Bəlkə qanun buna yol verir? Baxaq: Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat yeri boşalıbsa, bir ay içində birmandatlı seçki dairəsində əlavə seçkilər təyin edilməlidir. Təbii sual ortaya çıxır: Bəs niyə təyin edilməyib?

ƏLAVƏ SEÇKİ NİYƏ TƏYİN EDİLMƏYİB?

Hüquqşünas Hafiz Həsənov mandatların hələ də boş qalmasını qanun pozuntusu sayır, axı qanuna əsasən, seçki gününü ölkə prezidenti təyin etməlidir:

«Mandatın ləğv olunması təsdiqlənəndən sonra bir ay müddətində yeni seçkilərin keçirilməsinə dair qərar çıxarılmalıdır. Bu durumda MSK belə davranmalıdır: 1) Boş qalmış deputat yeri üzrə bütün məlumatları prezidentə ötürməlidir; 2) Seçki vaxtının niyə təyin olunmaması ilə bağlı cəmiyyəti məlumatlandırmalıdır. Daha sonra prezident seçki gününü təyin edir. Seçkilərin indiyədək keçirilməməsi qanun pozuntusudur. Seçki Məcəlləsinə görə, qanunun pozulması müəyyən məsuliyyət yaradır. Di gəl, seçki qanununda da, İnzibati Xətalar Məcəlləsində də seçkilərin vaxtını təyin etməməyə görə heç bir məsuliyyət nəzərdə tutulmur. Üstəlik, həm seçki qanunvericiliyində, həm də Konstitusiyada vaxtın müəyyən edilməməsini doğruldan üzrlü səbəblər göstərilməyib. Düzdür, seçkilərin keçirilməsinə 6 aydan az vaxt qalarsa, bu seçkilər keçirilməyə bilər. Ancaq indiki halda bunların heç biri yoxdur və seçkilərin hələ də olmaması qanun pozuntusudur».

MSK sədri Məzahir Pənahov mətbuata açıqlamasında demişdi ki, boş qalan deputat yerinə seçki keçirilməsi zərurəti yaranarsa, qurumun iclasında bununla bağlı qərar verilə bilər. Bəs bu zərurət indiyədək yaranmayıb?
Məzahir Pənahov
Məzahir Pənahov

«İLK TƏŞƏBBÜS SƏDRDƏN GƏLMƏLİDİR»

MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev AzadlıqRadiosuna bildirir ki, bu, Mərkəzi Seçki Komissiyasının səlahiyyətində olan məsələdir və həmin qurum toplanıb qərar verməlidir:

«MSK mandat yerinin boş qalmasıyla bağlı müzakirələr aparıb, ancaq bu barədə konkret qərar qəbul olunmayıb. MSK-nın 18 üzvü var, toplanıb qərar qəbul etməlidirlər. Qəbulla bağlı bütün sualları onlar cavablandıra bilər. Mən buna şərh verə bilmərəm».

Həmin üzvlərdən bəziləri ilə əlaqə saxladıq. AzadlıqRadiosuna danışan MSK üzvü Almas Qəhrəmanlıdan bu cavabı eşitdik:

«Qanunla iclasın çağırılması sədrin səlahiyyətindədir. Yaxud da komissiya üzvlərinin üçdə biri, yəni 6 nəfər təşəbbüs göstərib komissiya sədrinə müraciət edə və iclasın çağırılmasını istəyə bilər. Bütün hallarda ilk təşəbbüs sədrdən gəlməlidir. İndiyədək belə bir təşəbbüs olmayıb. Hazırda prezident seçkilərinə hazırlıq gedir. İnanmıram ki, seçkilərədək belə bir təşəbbüs olsun. İndiyədək, əlbəttə, təşəbbüs olmalıydı. O yerlər boş qalmamalıydı. Konkret olaraq deyim ki, sədrdən asılı olmayan məsələlər var. Çox güman, müzakirələr aparılıb o qənaətə gəlinsə, iclas da çağırılar».

MSK BU MƏSƏLƏDƏ MARAQLI DEYİL?

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlının fikrincə, MSK bu məsələdə maraqlı deyil:

Bəşir Süleymanlı
Bəşir Süleymanlı
«Azərbaycanda həm parlamentə, həm də seçkilərə olan münasibət o qədər qeyri-müəyyəndir ki, onlar üçün fərq etmir parlamentdə 125 deputat oturdu, ya 115. Beynəlxalq təcrübəyə görə, seçkiyə çox müddət qalıbsa, bu seçkilər mütləq keçirilir. Axı həm seçicilər, həm də siyasi partiyalar maraqlıdır ki, həmin yerdə öz təmsilçisi olsun. Bizdə seçkilər ədalətsiz olduğuna görə heç siyasi partiyalar da maraqlı deyillər buna. MSK da Azərbaycan siyasi hakimiyyətindən belə bir fəaliyyət üçün göstəriş almadığından özfəaliyyətlə məşğul olmaq istəmir».

Belə görünür ki, rəsmi qurumlar deputat yerlərinin boş qalmasından elə də narahat deyil. Bəs seçicilər nə dərəcədə bunun fərqindədir?

Üz tutduq bir zamanlar Gülər Əhmədovanı seçən 34 saylı Seçki Dairəsi ərazisində yaşayan sakinlərə və onlara «Gərək duyanda hansı deputata üz tutursunuz» sualını ünvanladıq.

SEÇİCİLƏR: «DEPUTATSIZ DA YAŞAMAQ OLAR»

- Problemim yoxdur ki, həll olunsun. Heç Gülər Əhmədovaya da müraciət etməmişdim. O, deputat olanda mən onunla 3 dəfə görüşmüşəm. Gülər xanıma bir Azərbaycan xanımı kimi yüksək dəyər verirəm. Ancaq deputatımızın olub-olmaması arasında heç bir fərq hiss etmirəm. Bir baxın ətrafa, yollarımız bərbaddır. Ancaq, hər nə də olmasa, sakinlərin deputata, güclü qola, güclü söz yiyəsinə ehtiyacı var.

- Deputatsız olandan sonra dərdimizi kimə deyəcəyik ki? Evdə arvadla dərdləşirik. Deputatsız da yaşamaq olar, heç bir fərqi yoxdur. Onsuz da üzünü görmürdük.
Milli Məclis
Milli Məclis

- Cəmi bircə dəfə müraciət etdim. Onda da yerində tapılmadı. Deputatımızın olub- olmamasının nə önəmi var ki?.. Bu ölkədə görəcəyimi görmüşəm. Müraciət etsən də, baxan yoxdur. Deputatımız olsa da, ortalıqda heç nə görünməyəcək. Baxın özünüz ətrafa. Deputatdan nə isə bir nişanə görürsünüz?

Bunlar Gülər Əhmədovanın dairəsindən baxışlarını bizimlə paylaşan seçicilərin fikridir. Bəs Zaqatala 110 saylı seçki dairəsinin seçiciləri nə düşünürlər?

- Vəziyyət deputat olanda da eynidir, olmayanda da. Heç bir fərqi yoxdur. Bu gün də deputatın olub-olmamasını hiss etmirik. Deputat seçicilərlə görüşməlidir, camaatın problemləri ilə maraqlanmalıdır, gördüyü məsələləri parlamentdə qaldırmalıdır. Onların heç birini, şəxsən mən, görməmişəm.

- Deputat olsa da, bilmirdik ki, o, neyləyir. Deputatlar heç nəyi həll etmir. Normal məclis, idarəçilik olarsa, deputatın olması çox yaxşıdır. Xalqın səsini orda qaldıracaq birisinin olması yaxşıdır.

- Son 20 ildə bizdə (Zaqatalada) deputatların varlığı-yoxluğu bilinmir. Hikmət Atayev yaxşı cərrah, işində peşəkar olsa da, deputat kimi heç bir fəaliyyəti olmayıb. Deputat kimi parlamentdə çıxış etməyib, camaatın problemləriylə maraqlanmayıb. Deputatın olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Elşad Adullayevin mandat alverinin şahidi olduq. 1994-cü ildən bu günədək olan deputatlar kimi olacaqlarsa, elə seçkilər heç keçirilməsə yaxşıdır.

Milli Məclisə yeni seçkilər 2015-ci ilin noyabrında keçiriləcək. MSK üzvünün sözlərindən belə təsəvvür yaranır ki, vətəndaşlar ən azı 1 il vəkilsiz dolanacaq. Yəni, hər şey qalır prezident seçkilərindən sonraya...
XS
SM
MD
LG