Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:43

Rəsul Rza Əli Kərimi müdafiə edir (S..Rüstəm və N.Xəzriyə cavab)


Rəsul Rza
Rəsul Rza

Adı "Qayğı və tələbkarlıq" olan məqalədə, təəssüf ki qayğı sözü var, ancaq qayğı özü yoxdur.

-

Axı bu "duman" sözü, qələm yoldaşına inamsızlıq, hər sözdə, hər ifadədə duman axtarmaq, çox zaman bu dumanı yoxdan yaratmaq nəyə lazımdır?

Məgər bu "dumanlar" ittihamı nəticəsində vahiməli günləri keçmişdə qalmış ağır illərin gedər-gəlməz yolunda azmı əziz qələm yoldaşımız yox oldu?



SOVET DÖVRÜNÜN ƏDƏBİ QOVĞALARI


Rəsul Rza


QAYĞI SÖZÜ VƏ QAYĞI ÖZÜ

(ixtisarla)


..."Ədəbiyyat və incəsənət" qəzetində çap olunmuş "Qayğı və tələbkarlıq" məqaləsinin müəllifləri, xalq şairi Süleyman Rüstəm və şair Nəbi Xəzri yoldaşlar mənim "İsvestiya" qəzetində (6 oktyabr 1964-cü il) dərc edilmiş "Müxtəliflər və yaxşılar" adlı məqaləmdən narazı olduqlarını bildirirlər.

Məni məzəmmət edirlər ki, guya mən gəncləri ifrat dərəcədə tərifləyirəm. Onlar bu ifratın nədən ibarət olduğunu konkret göstərmirlər, ya göstərə bilmirlər. "İzvestiya"dakı məqaləmdə mən şairlik istedadına inandığım gənclərdən ancaq bir neçəsi haqqında söhbər açıb, onları Ümumittifaq oxucusuna təqdim edə bilmşdim.

Yaxşı olardı ki, mənim qələm yoldaşlarım istedadlı gənclərimizdən daha bir neçəsi haqqında öz nüfuzlu fikirlərini yazıb, daha bir neçə gənc müəllifi Ümumittifaq oxucusuna tanıdaydılar.

Yaxşı olardı. Amma təəssüf ki, qələm yoldaşlarım başqa yol tutmuş, məqaləmdə adları çəkilən gəncləri rüsvay etmək, onların guya səhv və nöqsan dolu yeni əsərlərindən danışmağı münasib bilmişlər.

Əlbəttə, heç kəs məqalə müəlliflərindən bu haqqı ala bilməz. Bir şərtlə ki, nöqsan və səhvlər də həqiqətən mövcud olsun. Tənqid də inandırıcı olsun. Yeri gəlmişkən, bunu da deyim ki, qüsur və nöqsanlar gənclərə xas olan bir keyfiyyət deyil.

Bizim əsərlərimizdə də, saçımızın ağlığına, yaşımızın 40, ya 60 olduğuna baxmayaraq, nöqsan və səhvlər, yerinə düşməyən sözlər, öz-özünü təkrar, fikir dayazlığı, primitivlik birində az, birində çox ola bilər və var...
Əli Kərim
Əli Kərim

Tənqidi yazılarda haqqında söhbət gedən şairlərdən biri də Əli Kərimdir. Onun "Franqmentlər" şeirindən gətirilən parçalara əsasən şairə ağır ittihamlar verilir. Onun şeiri parodiya adlandırılır.

"Görəsən "Azərbaycan" jurnalı bu dumanlı şeiri nə fikirlə oxuculara təqdim etmişdir?" deyə ədəbi mülahizədən artıq inzibati intonasiyalı bir sual verilir.

Gəlin bu şeiri bir də oxuyaq, görək doğrudanmı "Franqmentlər" parodiyadır, dumanlıdır?

Şeirin "Franqmentlər" adlandırılması təsadüfi deyil. Bu ad şeirin formasına, obrazlar silsiləsinə, bədii mahiyyətinə uyğun olaraq seçilmişdir. Məlum həqiqətdir ki, bədii əsərdən danışarkən onu bir küll halında qiymətləndirmək lazımdır, misraları, bəndləri süni şəkildə bir-birindən ayırmaq, onların fikir rabitəsini qırmaq doğru deyil, düzgün nəticə verməz.

Məqalələrdən biri Əli Kərimin şeirindən, daha doğrusu, şeirin ortasından gətirilmiş misralarla başlayır. "Franqmentlər"i bütövlüklə oxumamış adamda bu misralar doğrudan da təəccüb oyada bilər: necə yəni: "otururam ömrümün bir parçasının kölgəsində", necə yəni "düzmüşük yetişmiş dəqiqələri on dörd günlük ay-boşqaba, yeyirik şirin-şirin".

Amma şeiri bütövlüklə oxuyanda, bu kəsilib doğranmış, məntiqi fikir davamından ayrılmış sətirləri öz yerinə qoyanda görürsən ki, burada təəccübə səbəb olacaq bir şey yoxdur. Şeirə müraciət edək:

Şair yazır:

Elə saatım var ki, ağac olub
bir dost bağında.


Söhbət ömrün illərinin, günlərinin, saat və dəqiqələrinin harada və necə keçdiyindən gedir:

Şair davam edir:

Hər dəqiqəsi bir meyvəyə dönüb
göy budağında
Boynuna qol salıram saatımın
Otururam ömrümün
bir parçasının
kölgəsində
Düzürük yetişmiş dəqiqələri
On dörd günlük ay-boşqaba,
Yeyirik şirin-şirin.


Şair otuz illik ömrünün müxtəlif yerlərdə keçdiyindən danışır. Bu ömrün bir saatını da dost bağında ağac əkməyə sərf etdiyini söyləyir. İndi onun bir saatlıq zəhməti göyərib bir ağac olub, bar verib. Bu ağac onun ömründən bir parçadır. Şair indi bu ağacın - ömrünün bir parçasının kölgəsində dincəlir. O bu saatı - ağacı qucaqlayır, "boynuna qol salır". Ağacın meyvələri sanki şairin sərf etdiyi saatın dəqiqələridir. Bu dəqiqələr meyvə olub yetişib, onları on dörd günlük ay kimi dəyirmi boşqaba yığıb şirin-şirin yeyirlər.
Süleyman Rüstəm
Süleyman Rüstəm

Yaradıcı zəhmət, ömrün səmərəli keçən saatlarını tərənnüm edən bu şeirdə anlaşılmaz. dumanlı nə var?

Nə üçün belə poetik, orijinal ifadə olunmuş aydın-açıq fikir "dumanlanmalı", həm şairi, həm də şeirdə hay-küy, təmtəraq deyil, bədii idrak məhsulu olan obrazlı fikir görmək istəyən oxucunu çaşbaş salmaq lazımdır.

Əlbəttə bu yol ciddi ədəbi mübahisə, müzakirə, tənqid, təhlil yolu deyil.

S.Rüstəm və N.Xəzri yoldaşlar yazırlar: "Fikir aydın olan yerdə ifadə də aydın olur. Dumanlı fikirlərdən. hisslərdən dumanlı da ifadələr doğur". Bundan sonra gələn abzasda bu fikir təkrar olunur: "Orada ki fikir aydındır - ifadə də gözəl olur, şeir xoşa gəlir". Bunun ardınca gələn abzasda bu sözləri oxuyuruq: "Orada ki fikir dumanlıdır - ifadələr də dolaşıq olur..."

Bir-birinin ardınca gələn bu təkrarlardan sonra müəlliflər Əli Kərimin şeirindən misal gətirib yazırlar: "Puşkin hələ vaxtı ilə demişdi ki, şeirdə meydan fikir üçün geniş, söz üçün dar olmalıdır".

Məqalədə təkrar-təkrar pislənən "əllaməlik" doğrudan da yaxşı şey deyil. Mən bu mülahizəyə şərikəm. Belə xəstəlik təəssüf ki aramızda hələ vardır.

"Şeirdə meydan fikir üçün geniş, söz üçün dar olmalıdır" sitatına gəlincə, məlumdur ki, bunu A.S.Puşkin yox. N.A.Nekrasov demişdir. Özü də belə demişdir:

Правилу следуй упорно.
Что бы словам была тесно,
Мыслям - просторно.


Bu belə! Əllaməlik bəlası!

Adı "Qayğı və tələbkarlıq" olan məqalədə, təəssüf ki qayğı sözü var, ancaq qayğı özü yoxdur. Tələbkarlıq isə əsaslandırılmamışdır.

Əli Kərimi tənqid edən müəlliflər "Franqmentlər"şeirinin qırılmaz bədii məntiqlə bağlanmış misralarını bir-birindən ayırır, ümumi kontekstdən çıxarır, süni dolaşıqlıq yaradırlar.

Onlar şairin işlətdiyi "Sevgi toranında" ifadəsini də bəyənmirlər. Məgər dilimizdə səhər toranlığı, axşam toranlığı ifadələri yoxdurmu? Səhərin açılhaaçıl vaxtı, axşamın düşhadüş vaxtı. Şeylərin rəngi. konturu aydın bəlirmədiyi vaxt!

Əgər sevgi hələ ilk oyanış çağındadırsa, hələ möhkəm, aydın, dərin bir hiss olmayıbsa, büllurlaşmayıbsa, onu toranlığa bənzətmək olmazmı? Məncə, belə bir poetik obraz, bir təşbeh üçün şairi tənqid deyil, təqdir etmək daha doğru olardı.

Şair yazır: Yaşamışam... "bəzən ölüm sözünün polyar qışında". Məqalə müəllifləri iddia edirlər ki, bu ifadəni başa düşmək üçün "baş sındırmaq lazımdır". Məncə, lazım deyil. Şair ölüm sözünü sərt, soyuq, qatı qaranlıq polyar qışa bənzədirsə, burada baş sındırmağa nə ehtiyac var? Məgər xalq zehniyyətində çox zaman ölüm - qaranlıq zülmət dünyası ilə bağlanmırmı? Məgər biz ölümün soyuq nəfəsi, buz nəfəsi haqda azmı yazmışıq?

Nə üçün şair bu ifadəni bir obraz kimi, bir təşbeh kimi işlədibsə, bu gərək bizdə etiraz doğursun? Şeirə tutulan başqa iradlar da bir növ səliqəsiz təhlilin nəticəsidir. Ayrı-ayrı əvvəli, axırı atılmış misraları deyil, "Franqmentlər" şeirinin özü ilə, bütöv mətni ilə tanış olanlar məqalə müəlliflərinin "nə qədər mücərrəd fikir, nə qədər dumanlı, sönük ifadələr" sualına "heç nə qədər!" deyə cavab verərlər.

Yeri gəlmişkən, bu "dumanlar" haqqında!

Mən qələm yoldaşlarıma üz tutub demək istəyirəm: əzizlərim, bu "duman" çox olmadımı? Axı bu "duman" sözü, qələm yoldaşına inamsızlıq, hər sözdə, hər ifadədə duman axtarmaq, çox zaman bu dumanı yoxdan yaratmaq nəyə lazımdır? Məgər bu "dumanlar" ittihamı nəticəsində vahiməli günləri keçmişdə qalmış ağır illərin gedər-gəlməz yolunda azmı əziz qələm yoldaşımız yox oldu? Axı "dumanlı" sözü sadəcə, anlaşılmaz demək deyildir. Bunu ki təcrübəli qələm yoldaşlarımız yaxşı bilməlidirlər...

(R.Rza sözügedən yazısında gənc yazarlar Ələkbər Salahzadə və İsa İsmayılzadəni də tənqidlərdən müdafiə edir. Bu haqda gələn həftə.)

Rəsul Rza. "Mənim fikrimcə" (Məqalələr) kitabından. Bakı, 1967

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG