Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:52

Toğrul Nərimanbəyov Parisdə sevdiyi rəssamla bir məzarlıqda uyuya bilər


Toğrul Nərimanbəyov
Toğrul Nərimanbəyov
-
Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun dəfni ətrafındakı duman səngimək bilmir.

Bir az əvvəl APA mərhumun həyat yoldaşı Sevil Nərimanbəyovaya istinadən ünlü rəssamın gələn həftənin əvvəllərində Parisin mərkəzində, Sena çayının sağ sahilində, Yelisey meydanındakı Passi məzarlığında torpağa tapşırılacağı xəbərini yayıb.

TOĞRUL PASSİDƏ DƏFN OLUNMAQ İSTƏYİRMİŞ?!

Sevil xanımın dediyinə görə, artıq Paris merindən dəfnlə bağlı müvafiq icazə alınıb:

«Toğrul Nərimanbəyov sağ ikən bu yeri çox sevirdi və Passi məzarlığında dəfn olunmaq istəyirdi. Paris merinin ərimi Passi məzarlığında dəfn etməyə razılıq verməsinə çox məmnun oldum... İndi mən müəyyən mənada hətta Toğrulun qızına da minnətdaram. Çünki o məni məhkəməyə verməklə, böhtan atmaqla prosesi uzatdı və mən bu müddət ərzində Paris merindən ərimi arzusunda olduğu yerdə dəfn etməyə icazə ala bildim».

BAŞINDA ŞİŞ TAPILIB

Rəssamın yaxın dostu - Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimovun AzadlıqRadiosuna bildirdiyinə görə, hələ dəfn prosesinin nə vaxt olacağı dəqiq müəyyənləşməyib.

Ağəli müəllim rəssamın başında hematoma--şiş aşkarlandığını söylədi:

«Odur ki, dəfn prosesinin nə vaxt olacağı bilinmir. İş açılıb. Bu şiş nəyin nəticəsində yaranıb-bilinməlidir».

SEVDİYİ RƏSSAM ORADA UYUYUR

Ağəli İbrahimov rəssamın Parisin şöhrətli Passi məzarlığında (1828-ci il) dəfn olunacağına da münasibət bildirdi:

«Orada çox tanınmış adamlar dəfn olunub. Elə Toğrulun çox sevdiyi rəssam Mane də orada uyuyur. Amma fikrimcə, Toğrul öz Vətənində dəfn olunmalıdır. O son günlərində Buzovnanı, Bakını arzulayırdı...».

Ağəli İbrahimov
Ağəli İbrahimov
İSTƏMİRSİNİZ OĞLUNUN YAŞADIĞI TORPAQDA YATSIN?

Müsahibimiz rəssamın həyat yoldaşı ilə telefonda danışdığını da bildirdi:

«Mənə deyir, siz istəmirsiniz ki, o oğlunun yaşadığı torpaqda dəfn olunsun? Axı, Toğrul bir ailəyə, bir nəslə mənsub olan adam deyil, o, xalqın dahi rəssamıdır. Bax, görürsünüzmü, o, ömrünün son illərini Rusiyada, ABŞ-da, Fransada yaşadı, amma yenə Azərbaycan rəssamı qaldı».

HEÇ DEMƏYƏ DƏ BİLƏRDİM!

A.İbrahimov rəssamın həyat yoldaşının onun ölümünü bir neçə gün gizlətməsini də pislədi:

«Mən ona münasibətimi dedim. Mənə bildirdi ki, vəkilim deyir, sən istəsən, heç bu barədə Azərbaycana xəbər verməyə də bilərdin».

«Bəs Azərbaycan rəsmi məqamları bu məsələyə niyə qarışmırlar» sualına Ağəli İbrahimov belə cavab verdi:

«Niyə qarışmırlar? İstər Xarici İşlər Nazirliyi, istər Rəssamlar İttifaqı, istərsə də Fransadakı səfirliyimiz bu məsələni gündəmdə saxlayır».

25 GÜNDÜR NƏŞİ ORTADA QALIB

Toğrul Nərimanbəyov iyunun 2-də 83 yaşında illərdir yaşadığı Parisdə dünyadan köçüb.

Həyat yoldaşının rəssamı Parisdə, qızının isə Bakıda torpağa tapşırmaq istəyi sonda məhkəmə ilə nəticələnib.

Paris məhkəməsi rəssamın bu şəhərdə dəfn olunması qərarını verib.

Rəssamın qızının verdiyi apellyasiya şikayəti təmin olunmayıb.
XS
SM
MD
LG