Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 05:11

«Susma»nı oxuyan «Şeron» susmağa qərar verdi [Video]


«Şeron» «Susma»dan imtina etdi
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00
-
Son günlər «Şeron» qrupunun adı sənət olaylarında deyil, siyasət gündəmində yenə hallanır. «Susma» mahnı-marşını nəzərdə tutan qrup üzvləri təkrar xatırladırlar ki, «Biz o mahnını vətənpərvər bir mahnı kimi oxumuşuq... «Torpağın səsi», «Oğuz eli» kimi oxumuşuq».

Hüseyn Abdullayevin «Susma» bəstəsi ölkədə insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına, demokratik prinsiplərin tapdanmasına qarşı etiraz marşıdır. Bu ilin əvvəlindən həmin marş əsasında hazırlanmış videoklip internetdə də yayılıb. 2003-cü ildə Azadlıq Meydanında polisin seçki saxtakarlığına etiraz edənləri döyməsi, son illər Fəvvarələr Bağında keçirilən aksiyalardan görüntülər də klipdə əksini tapıb. «Susma»da xalq haqsızlığa qarşı mübarizəyə çağırılır.

«NİYƏ İNDİ KONFRANSI KEÇİRİRİK?»
«Şeron» qrupu. Foto: Axşam.az
«Şeron» qrupu. Foto: Axşam.az

Klipdə ifaçıların kimliyi açıqlanmır. Sonradan marş-mahnını «Şeron» qrupunun ifa etdiyi bilinib. Bu musiqi qrupu daha öncələr də Hüseyn Abdullayevin hobbisinə – musiqi yaradıcılığına üz tutub. Qrup üzvlərinin dediyinə görə, 10 ilə yaxındır ki, keçmiş deputatın mahnılarını ifa edirlər. Amma bu dəfə ifalarından peşman görünürlər. Hələ iyunun əvvəllərində «Susma» mahnısını oxuduqlarına görə qrup üzvlərinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması və orada zorakılığa məruz qalması barədə mediada məlumatlar yayılmışdı. Sonradan bu məlumatı nə sözügedən dövlət qurumu təsdiqlədi, nə də ifaçıların özləri. Amma bu xəbər yayılar-yayılmaz, «Şeron»çular ard-arda videoklipə etirazlarını dilə gətirən açıqlamalar verdilər. İyunun 25-də keçirilən konfransda etirazlar bir daha dilə gətirildi:

«Bəli, bu mahnını biz oxumuşuq, vətənpərvərlik mövzusunda oxumuşuq. Biz Xocalı faciəsinə «Susma» olaraq oxumuşuq».

«Şeron»çular deyirlər ki, onlar marş-mahnıdakı sözlərin terrorçu ermənilərin Azərbaycana etdikləri zülmlər haqqında olduğunu düşünüblər:

«Mahnının üstünə bu cür görüntülərin yığılmasına etiraz edirik. Yaxşı olardı ki, o klipə Qarabağ müharibəsindən görüntülər qoyulaydı, onda məğzi tam fərqli olardı. Niyə indi konfransı keçiririk? İlk dəfə internetə çıxandan sonra klipi yığışdırdılar, sonradan yenə Youtube-da qaldı. Söz-söhbət başladı ki, guya bizi «bandotdel»ə aparıblar, təzyiq ediblər. Bezdik bu cür söhbətlərdən. Bizi heç yerə aparmayıblar».

Cavanşir Quliyev
Cavanşir Quliyev
«ÖLKƏDƏ MÜXALİF SƏNƏT, ETİRAZ MUSİQİSİ YOX SƏVİYYƏSİNDƏDİR»

Bəstəkar Cavanşir Quliyevin fikrincə, müğənni bəstənin müəllif hüququna malik olmasa da, ifasının fonunda hansı kadrların getməsinə qərar verə bilər, yəni bu məsələnin qarşılıqlı razılaşdırılması daha doğru addım olardı. Amma bəstəkara görə, bəlli mövzu ilə razılaşıb mahnı ifa edən müğənni sonra siyasi çalardan qorxub geri çəkilirsə, buna haqq qazandırmaq çətindir. Cavanşir Quliyev bənzər durumu Azərbaycana xas özəllik sayaraq bildirir ki, elə bu üzdən hakimiyyətin dəstəklənmədiyi tədbirlərdə yerli müğənnilərin ifasına, demək olar, rast gəlinmir. Və ümumiyyətlə ölkədə müxalif sənət, etiraz musiqisi yox səviyyəsindədir:

«Mənim ağlım kəsəndən Azərbaycan sənətkarlarının əksəriyyəti hakimiyyətə yaltaqlıq etməklə yaşayıblar. Sənətkar da vətəndaşdır, o da cəmiyyət yaşamına dair mövqeyi olmalıdır. Amma bizimkilər xalqın vəziyyəti ilə heç maraqlanmırlar. Səbəb – vətəndaşlıq mövqeyinin olmaması, xalqı düşünməmələridir. Öz şəxsi karyeraları ilə məşğuldurlar. Karyeranı da irəlilətmək üçün maddi imkanları da onlara hakimiyyət verir. Bu iqtidar elə-belə nə fəxri ad verir, nə də başqa imtiyazlar».

SİYASƏTƏ QARIŞIB-QARIŞMAMAQ MƏSƏLƏSİ

Müğənni Mübariz Tağıyev bu fikirlərlə razılaşmır. Deyir ki, Azərbaycanda musiqinin senzuradan keçdiyi dövr çox geridə qalıb. İndi hərə istədiyini oxuyur, öz mövqeni ortaya qoyur. «Şeron»la bağlı duruma gəlincə, Mübariz Tağıyev gənc ifaçıları siyasətə qarışmaqda qınayır:
Mübariz Tağıyev
Mübariz Tağıyev

- Hərənin bir fikri, iddiası, düşüncəsi var. Kimi istəyirsə, dəstəkləyir, bunu zorla etdirmək olmaz ki. «Şeron» elə yaş həddindədir ki, siyasətə ümumiyyətlə qarışmamalıdır.

- Sizcə, müğənni hansı halda siyasətə qarışa, ortaya vətəndaş mövqeyi qoya bilər?

- Mənə elə gəlir ki, müəyyən yaş həddi var ki, o zaman insan bilməlidir ki, o nə istəyir. Bugünkü gün baxıram ki, Azərbaycan gözəlləşir. Durub camaatı qızışdırmaq, mənə elə gəlir ki, düzgün deyil.

«HÜSEYN ABDULLAYEVİN İNDİKİ SİYASİ BAXIŞLARINDAN XƏBƏRSİZİK»

Qayıdaq «Şeron»a. Qrup üzvləri keçirdikləri mətbuat konfransında deyiblər ki, onlar Hüseyn Abdullayevin indiki siyasi baxışlarından xəbərsizdirlər və indən belə ondan gələn təklifə daha diqqətli yanaşacaqlar.

Biznesmen, şair-bəstəkar və keçmiş deputat Hüseyn Abdullayev xaricdə yaşadığından nə düşündüyünü öyrənmək mümkün olmadı. Daha öncə mediaya açıqlamasında o, «Susma» əsərinə görə hakimiyyətin təzyiqləriylə üzləşdiyini dilə gətirmişdi.
XS
SM
MD
LG