Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:34

Saray şairlərinə həsr olunur! (Seyfəddin Hüseynlinin tərcüməsi)


Yevgeni Zamyatin
Yevgeni Zamyatin
-

... Bizim günlərdə Qoqol, əliçantalı, teatr şöbəsinə gedib-gələrdi; Turgenev, heç şübhəsiz, "Dünya Ədəbiyyatı” üçün Balzakı, Floberi tərcümə edərdi; Gertsen “Baltik Donanması”nda mühazirələr oxuyardı; Çexov Səhiyyə Komissarlığında işləyərdi…


Böyük rus yazıçısı Yevgeni Zamyatinin sovet dövründə yazdığı ironik məqalə


Yevgeni Zamyatin


QORXURAM…

(Seyfəddin Hüseynli tərcümə edib)


Qorxduğum budur ki, saraylardan bizə miras qalanların həddən artıq çoxunu, özü də həddən artıq həssaslıqla qoruyub saxlayırıq. Götürək elə bu zərli kresloları! Hə, onları qorumaq lazımdır: elə lətifdirlər, yanbızları elə incəliklə qucub öpürlər ki... Saray şairlərinin də incəlikdə, məlahətdə bu qəşəng, zərli kreslolara bənzəmələrinə heç sözüm yoxdur. Ancaq saray şairləri institutunu da bu zərli kreslolar kimi qayğıyla qoruyub saxlamağımız yanlış deyilmi? Axı indi bircə saraylar qalıb, saray mühiti artıq yoxdur.

Qorxduğum budur ki, biz həddindən artıq rəhmdilik, fransız inqilabı isə, saray mühitinə aid nə vardısa, hamısını amansızcasına dağıtmışdı. Yeri gəlmişkən, 1794-cü ilin 11 messidorunda Xalq Maarifi Komitəsinin sədri Peyan bir dekret imzalamışdı, həmin dekretdə deyilirdi: "Çoxlu diribaş müəllif var ki, onlar daima günün tələbini izləyirlər; cari mövsümün dəbini, rənglərini - nə vaxt qırmızı papaq qoymaq, nə vaxt onu çıxarmaq lazım olduğunu bilirlər... Bununla da onlar, sadəcə, zövqləri korlayır və incəsənəti gözdən salırlar. Gerçək dühanın yaradıqları təfəkkürdən qaynaqlanır, o, düşüncələrini tunc lövhəyə həkk edir, ortabablar isə, azadlıq çətiri altında daldalanıb, onun sayəsində ani uğurlar qapır, ötəri zəfər çiçəkləri dərirlər..."

Fransız inqilabı, bu hikkəli dekretlə, cildini dəyişmiş saray şairlərini gilyotinin ağzına göndərib.

Biz isə “qırmızı papaqları nə vaxt taxıb-çıxarmağı”, nə vaxt çarı, nə vaxt oraq-çəkici salamlamaq lazım olduğunu bilən “diribaş müəlliflər”imizi inqilaba layiq ədəbiyyat kimi xalqa sırıyırıq. Ədəbi kentavrlarımız da, bir-birini əzə-əzə, itələyə-itələyə, möhtəşəm mükafat uğrunda - mədhiyyələr yazmaqdan ötrü müstəsna ixtiyar, ziyalı təbəqəyə çirkab atmaq üçün xüsusi imtiyaz qazanmaqda yarışa girirlər. Qorxuram, Peyan haqlı çıxa: bu, sadəcə, incəsənəti korlayır, onu gözdən salır. Həm də qorxuram, belə davam etsə, rus ədəbiyyatının bu son mərhələsi tarixə “diribaşlar məktəbi” adıyla düşsün, çünki onların əksinə, “fağırlar”, budur, artıq iki ildir, susurlar.

O susmayanlar ədəbiyyata nə veriblər?

Ən diribaş tərpənənlər futuristlər oldular: bir dəqiqəni də fövtə vermədən, bəyan etdilər ki, saray ənənələrinin davamçıları, məhz onlardır. İl ərzində onların sarı, yaşıl, al-qırmızı təntənələrinin gurultusundan başqa heç nə eşitmədik. Amma qırmızı inqilabçı papağıyla sarı koftanın, bir də yanaqdakı, дцняндян bəri silinməmiş “mavi çiçəyin” qarışığı hədsiz şitliyi ilə hətta ən insaflıların da gözünü yağır elədi: futuristləri, öz hoqqabaz çaparları ilə birgə, çapıb gəldikləri qapıdan geri döndərdilər. Futurizm yoxa çıxdı. Sinəsi tənəkə kimi hamar olan futurizm dənizində, hələlik, bircə mayak qalıb - Mayakovski. Çünki o, diribaşlardan deyil: başqaları Peterburqda oturub uzaqvuran şeirlərlə Berlini atəşə tutduqları vaxt Mayakovski inqilabı tərənnüm edirdi. Amma bu möhtəşəm mayak da hələlik öz "Mən"inin, "Böyürtü kimi sadə”liyinin köhnədənqalma ehtiyatı hesabına işıq salır. "İnqilabın qəhrəmanları və qurbanları”nda, “Bubliklər”də, Vrangelin yanındakı arvadla bağlı şeirlərində o, artıq əvvəlki – hər əsəri cəngəllikdə talaya bənzəyən, yenilikçilikdə Edisonu xatırladan Mayakovski deyil: taladan çıxıb, tapdanmış el yoluna keçib, ölü süjet və ritmləri təkmilləşdirməyə girişib. Yeri düşmüşkən, bu da var: elə Edisonun özü də Qrehem Bellin ixtirasını təkmilləşdirib axı.

Moskvalı imajinistlərin atbaz xisləti Mayakovskinin çuqun kölgəsi altında əzildikcə əzilib. Ancaq onlar hər nə qədər iy buraxıb fəryad etsələr də, iy verməkdə, ah-nalədə Mayakovskiyə çata bilməzlər. İmajinizm Amerikası, təəssüf ki, çoxdan kəşf edilib. Bu mükəmməl, təsirli vasitə – İmage artıq məqsədə çevrilib, yəni indi araba atı dartıb aparır.

Proletar yazıçı və şairləri parovozu yəhərləməklə aviatorluğa can atırlar. Parovoz dərindən, var gücüylə fınxırır, ancaq heç havaya qalxana oxşamır. Moskva “Kuznitsa”sındakı Mixail Volkov kimi xırda istisnaları çıxmaqla, proletkultçuların hamısı məzmunca ifrat inqilabi, formaca qatı mürtəcedir. Proletkultçu sənət hələlik geriyə – 1860-cı illərə doğru atılmış addımdır. Və mən qorxuram ki, diribaşların timsalında bəzi aeroplanlar hər zaman namuslu parovozları qabaqlasınlar, "azadlıq çətiri altında daldalanıb, bu adla ötəri bir təntənə qapsınlar”.

Xoşbəxtlikdən, kütlələrin zövqü düşünüldüyündən itidir. Buna görə də diribaşların təntənəsi müvəqqətidir. Futuristlərin təntənəsi də bu cür ötəri alındı. “Əclaf Vilhelm” haqqında vətənpərvər ruhlu, "dekret kimi”, “pulemyot kimi” (heyrətamiz qafiyədir) nidalarla adamı feyzyab edən şeirləri sayəsində Klyuyev də, beləcə, bir anlıq təntənə yaşadı. Qorodetskiyə isə, deyəsən, ötəri təntənə də nəsib olmadı: onu Duma Zalındakı gecədə soyuq qarşıladılar, İncəsənət Evindəki gecəsinə isə heç on nəfər də gəlməmişdi.

“Fağırlar” isə susurlar. İki il bundan əvvəl Blokun “On iki”si guruldadı və elə sonuncu - on ikinci zərbəsiylə də Blok sükuta daldı. Təzə-təzə gözə dəyənlər “Skiflər”in qaranlıq, tramvaysız küçələrilə çoxdan çapıb gediblər. Alkonostun ötənilki “Xəyalpərəst qeydlər”i dünənin alatoranında “tək-tənha ağarır”. Oradan Andrey Belıyın gileyləri gəlib çatır qulağımıza: "Dolanışıq dərdi adamı didib-parçalayır: yazar tez-tez ona yad olan işlərlə yüklənir; diqqətini cəmləyib yarımçıq qalmış misrasını tamamlamağa aylarla macal tapmır. Bu cür hallarda ortaya tez-tez belə suallar çıxır: o kiməsə lazımdırmı, yəni “Peterburq”a, “Gümüş göyərçin”ə ehtiyac varmı? Bəlkə o, yalnız “şeirşünaslıq”dan dərs deməyə yarayır? Belə olduğunu bilsəydi, dərhal qələmi yerə qoyub, küçə süpürgəçilərinin arasında özünə yer axtararardı ki, ədəbi fəaliyyət
həftəbecəriylə ruhunu zorlamasın..."

Hə, əsl ədəbiyyatın susmasının səbəblərindən biri də budur. Diribaşlara qoşulmayan yazıçı dolanışıq üçün gərək qulluğa girib, çanta daşısın. Bizim günlərdə Qoqol, əliçantalı, teatr şöbəsinə gedib-gələrdi; Turgenev, heç şübhəsiz, "Dünya Ədəbiyyatı” üçün Balzakı, Floberi tərcümə edərdi; Gertsen “Baltik Donanması”nda mühazirələr oxuyardı; Çexov Səhiyyə Komissarlığında işləyərdi. Əks təqdirdə, beş il əvvəl bir tələbənin qırx manatla yaşadığı səviyyədə dolanmaq üçün gərək Qoqol ayda dörd dənə “Müfəttiş”, Turgenev, iki aydan bir, üç dənə “Atalar və oğullar”, Çexov ayda yüzlərlə hekayə yazaydı. Bunlar şit zarafat kimi görünə bilər, amma, bədbəxtlikdən, zarafat deyil, gerçək rəqəmlərdir. Söz ustasının gah əzabla, gah fərəhlə aram-aram “tunc üzərində öz əksini tapan” əməyi bir hap-gopçunun əməlinə, yəni Çexovun əsəri hansısa Boşboğaz Boşboğazovun işinə bərabər tutulur indi: arşınla, səhifəylə ölçülür. Və yazıçı seçim qarşısında qalır: ya Boşboğaz Boşboğazov olmaq, ya da susmaq. Əsl yazıçı, əsl şair üçün seçim aydındır!

Ancaq məsələnin məğzi bunda deyil: rus yazıçıları korluq çəkməyə öyrəncəlidirlər. Heç kağızlıq da bir iş yoxdur: sükutun əsas səbəbi çörək, kağız deyil, qat-qat ağırdır, sərtdir, dəmir kimidir. Əsas məsələ bundadır ki, gerçək ədəbiyyat işgüzar, intizamlı məmurların yox, dəlisovların, zahidlərin, mürtədlərin, xəyalpərəstlərin, asilərin, şübhəbazların olduğu məkanda yarana bilər. Əgər yazıçı ağlıbaşında, mömin katolik kimi davranacaqsa, əl-ayaq işinə yüyürəcəksə, yan-yörəsindəkiləri Svift kimi qamçılamayacaqsa, Anatol Frans kimi lağa qoymayacaqsa, onda “tunc üzərində ədəbiyyat” yox, yalnız bugün oxunan, sabah isə arasına gil sabunlar bükülən “kağız-qəzet ədəbiyyatı” yaranacaq.

Bizim bu qəribə zəmanəmizdə yeni mədəniyyət yaratmağa çalışanlar tez-tez qayıdıb uzaq keçmişə – Afina xalqının meydanlarına, teatrlarına, tamaşalarına boylanırlar. Retrospektivin səmti doğrudur. Ancaq unutmayaq ki, Afina xalqı təkcə mədhiyyələri dinləmirdi, o, Aristofanın amansız qamçılarından da çəkinmirdi. Biz isə…

Əgər Qorkinin məsum “Zəhmətkeş Sözçüyev”i, guya rus xalqını – bu “balaca ərgən”i yolunu azmaqdan qorumaq adıyla, repertuardan çıxarılırsa, onda biz hara, Aristofan hara!

Nə qədər ki, rus xalqına bəkarəti qorunmalı bir yeniyetmə kimi baxırıq, qorxuram, bizdə əsl ədəbiyyat olmaya. Nə qədər ki, hər cür inkarçılıqdan - eynilə əvvəlki kimi- ehtiyatlanan hansısa yeni katolikçilik azarından qurtula bilməmişik, qorxuram, bizdə əsl ədəbiyyat yaranmaya. Əgər bu xəstəlik sağalmazdırsa, qorxuram, rus ədəbiyyatını yalnız bir gələcək qarşılaya – onun keçmişi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG