Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:11

Slavyanka sakini: «30-40 illik əmlaklar dağıdılır, əlimizdən alınır»


-
«Slavyanka kəndi son 10 ildə coğrafi relyefinə, infrastrukturuna görə inkişaf edib. Ona görə də rayon icra hakimiyyəti və başqa məmurların maraq dairəsindədir. Rayonumuzda elə bir məmur yoxdur ki, onun Slavyankada əmlak marağı olmasın. Vətəndaşların 30-40 illik əmlakları sökülür, dağıdılır, min bir hiyləgərliklə əllərindən alınır».
19 İLDİR ÜSTÜNDƏ EV TİKDİYİ TORPAĞI SƏNƏDLƏŞDİRƏ BİLMİR
Bunu «Qaynar xətt»ə Gədəbəyin Slavyanka kəndinin sakini Tamara Hünbətova deyib. Onun sözlərinə görə, 1994-cü ildə aldıqları 40 sot torpaq sahəsi və torpaqda tikdikləri ev-eşik əllərindən alınır:
«1998-2000-ci illərdə Slavyankada aqrar islahatlar gedərkən islahat komissiyasının üzvləri həyat yoldaşımdan rüşvət istəmişdilər ki, islahat vaxtı bizi də qeydiyyata alıb, pay torpağı versinlər. Rüşvət vermədik, qeydiyyata alınmadıq. İndi də rayon məmurları mənimkimilərə qarşı haqsızlıq edərək əmlaklarımızı talayırlar. 1994-cü ildə Slavyanka sakini Ellaz Hünbətovla ailə qurmuşam. Həmin ildə atamın və qaynatamın köməyi ilə kənddə 120 kvadratmetr sahədə ev tikmişik. Həyat yoldaşım 2005-ci ildə vəfat etdi. İki uşağı təkbaşına böyüdürəm. İndi də üstündə ev tikdiyim torpağa sənəd ala bilmirəm».
TORPAĞA HƏRRAC YOLU İLƏ SAHİB OLA BİLƏR
Slavyanka bələdiyyəsindən «Qaynar xətt»ə Tamara Hünbətovanın iddiasının əsassız olduğunu deyiblər. Bələdiyyədən bildirilib ki, Tamara Hünbətova ailə üzvləri ilə 19 il əvvəl 41 sot torpaq sahəsini zəbt edib. İndi həmin torpaq sahələri bələdiyyə fonduna aiddir. Hazırda Tamara Hünbətovanın istifadəsindədir və bələdiyyə torpaq sahəsini ondan tələb etmir. Sənədləşməyə gəlincə isə, bələdiyyə ona torpaq sahəsini yalnız hərrac yolu ilə sata bilər. Yalnız bundan sonra torpaq sahəsi rəsmən və həmişəlik Tamara Hünbətovanın ola bilər. Bələdiyyədən bildiriblər ki, Tamara Hünbətovaya bunu təklif edəndə o, razılaşmayıb.
Tamara Hünbətovanın istəyi budur ki, tikdikləri ev və 40 sot torpaq sahəsindən 12 sot norma torpağı, qalan hissəsi isə pay torpağı kimi qeydiyayta alınsın, onun adına sənədləşdirilsin.
Hüquqşünas Namizəd Səfərov Tamara Hünbətovaya bu iddia ilə məhkəməyə müraciət etməyi məsləhət görür.
XS
SM
MD
LG