Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:02

Naxçıvanda müxalifətçi anasının işığı 1 aydır söndürülüb ...


Foto: Arxiv
Foto: Arxiv
-
Naxçıvanda müxalifət fəalları ailə üzvlərinə də təzyiqlərdən şikayətlənirlər. Müsavat Partiyası Naxçıvan təşkilatının sədri Sabir Vəliyevin anası Şövkət Vəliyevanın evinə gələn elektrik xəttinin kəsilməsi də belə təzyiqlərdən sayılır.

«MONTYOR DEYİR Kİ, BİZLİK DEYİL, MÜXALİFƏTÇİSİNİZ DEYƏ, YUXARININ GÖSTƏRİŞİ İLƏ KƏSİLİB»

Şövkət Vəliyevanın digər oğlu, müsavatçı fəal Hidayət Vəliyevin dediyinə görə, birinci qrup əlil olan anası artıq bir aydan artıqdır ki, işıqsız qalıb. O deyir ki, anasının Babək rayon Nehrəm kəndində yaşadığı evinə gələn elektrik xətti heç bir xəbərdarlıq olunmadan kəsilib:

«Həmin evdə anamdan başqa ikinci qrup əlil olan digər qardaşım da yaşayır. Hər ay təqaüdlərini alanda, işıq pullarını vaxtında ödəyiblər. Babək rayon işıq idarəsinin işçilərinə dəfələrlə müraciətlər etsək də, elektrik xəttinin hansı səbəbdən kəsildiyi haqda məlumat vermirlər. Artıq bir aydan artıq vaxt keçməsinə baxmayaraq, gəlib bağlamaq da istəmirlər. Montyor deyir ki, bizlik deyil, müxalifətçisiniz deyə, yuxarının göstərişi ilə kəsilib, icazə versinlər gələk bağlayaq. Mənim böyük qardaşım Müsavat partiyasının Naxçıvandakı təşkilatının sədridir. Bu yaxınlarda ona hücum edib başını yarmışdılar. Bizi susdura bilmirlər deyə, qisaslarını yaşlı, əlil ailə üzvlərimizdən alırlar».

BABƏK RAYON İŞIQ İDARƏSİ XƏBƏRSİZ OLDUĞUNUN DEYİR...

Babək rayon işıq idarəsindən isə bu haqda məlumatsız olduqlarını, siyasi sifarişlə heç kimin elektrik xəttini kəsmədiklərini bildirdilər.

Şövkət Vəliyevanın Müsavat Partiyası Naxçıvan təşkilatının sədri olan oğlu Sabir Vəliyevə bu il mart ayının 14-də naməlum şəxslər Babək qəsəbəsində hücum etmişdilər. Həmin vaxt Sabir Vəliyev başından ağır xəsarət almışdı. Babək rayon xəstəxanasının həkimi Elman Əliyev də Sabir Vəliyevin döyüldüyünü, ikinci dərəcəli beyin silkələnməsi aldığını təsdiqləmişdi. Sonradan gedib İranda müalicə olunan Sabir Vəliyev özünə qarşı təşkil edilən hücumu siyasi sifariş sayırdı.
XS
SM
MD
LG