Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:52

Gəncə üsyanının qəhrəmanı Cahangir Kazımbəylinin imzalı fotosu tapıldı


-
Mayın sonlarında AzadlıqRadiosu «İz» proqramının Gəncə üsyanına həsr etdiyi buraxılışına bələdçilik edən gəncəli jurnalist Zakir Murad verilişdə səsləndirdiyi vədinə əməl edib – arxivini araşdıraraq polkovnik Cahangir Kazımbəylinin fotosunu tapıb.

O, təkcə fotonu yetərli saymayıb, 1955-ci ildə mühacirətdə çıxan bir dərgidə Cahangir bəyə həsr olunmuş yazının da fotosurətini göndərib.

Bu yazını Zakir Murada Gəncə üsyanının araşdırıcısı mərhum Xanlar Bayramov verib. Zakir bəy onun hansı dərgidə çıxdığını dəqiq bilmir. Güman ki, bu, «Azərbaycan» dərgisidir.

Foto 6x4 ölçüdədir. Arxasında eninə yazı var. Cahangir bəyin şəklin arxasında rusca yazdığı qeyddən görünür ki, o, bu fotonu Mehparə xanıma (ad aydın oxunmur--S.İ.) yadigar verib. «Mənim sevimli Mehparəmə--daha gənc olduğumuz illərdən xatirə kimi. Cahangir». Özü də tarix qoyub – 1938-ci il.

Dərgidəki yazını da diqqətinizə yetiririk:

«Albay Cahangir Bəyin Berlində ani ölümü.

Təəssüflə xəbər aldığımıza görə, iki ay əvvəl Almaniyaya bir xanım tərəfindən uçaqla gediş-dönüş surətiylə dəvət edilən albay Cahangir Kazım bəy də 17 ocaq günü ani olaraq ölmüşdür. Mərhum albay, milli Azərbaycan ordusu üçüncü Gəncə alayı komandiri qızıl rus sürüləri Azərbaycana girdikdən 29 gün sonra Gəncə qiyamını tərtib etmişdir. Daha sonra Türkiyəyə və buradan da Polşaya keçərək milli Polşa ordusunda albay rütbəsiylə vəzifə almışdır. Müharibədən sonra İtaliyaya və daha sonra Türkiyəyə gəlmişdir. Onun bu şəkildə əsrarlı ölümü azərbaycanlıları mütəəssir etmişdir. Onun da yenə bir rus tuzağına («tələyə salınmaq» anlamında –S.İ.) qurban getmiş olduğuna şübhə edənlər çoxdur.

Oğullarına və qohum-əqrəbalarına dərin təziyyələrimizi bildiririk».

AzadlıqRadiosunun «İz» proqramı gəncəli jurnalist Zakir Murada təşəkkürlərini bildirir.

XS
SM
MD
LG