Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:16

«Gürcüstanda istirahət Türkiyədən bahadır»


Anakliyada hotel
Anakliyada hotel
-
«Gürcüstanın bütün turizm bölgələri qonaq qəbul etməyə hazırdır» -- Gürcüstan Turizm Assosiasiyasının sədri Nata Kvachantiradze belə deyir. O, bildirir ki, son illər Gürcüstanda turizm infrastrukturunun yaxşılaşdırılmasına xüsusi diqqət var. Borjomi, Sairme və Çxaltubo kimi kurortlarda rekonstruksiya işləri aparılıb. Ancaq Nata Kvachantiradze hesab edir ki, hələlik arzu olunan nəticəni gözləmək tezdir. Hərçənd, otel və mehmanxana tipli evlərdə xidmətin səviyyəsi xeyli yüksəlib. Assosiasiya sədri bildirir ki, mehmanxana tipli evlərdə qiymətlər 20 laridən (12 dollar) başlayır və bu qiymətə bir dəfəlik yemək daxildir:

«Kurort mövsümü artıq açılıb və regionlar müştərilərini gözləyir. Mehmanxanaların əksəriyyətində iyul və avqust ayları üçün yerlər artıq indidən dolub. Qeyd etmək lazımdır ki, hələ də servis və xidmətin keyfiyyəti problemi qalır. Özəl sektor və dövlət üçün bu amil mühüm əhəmiyyət kəsb edir. Bizim assosiasiya bu qəbil problemlərin həllində iştirak edir və bu günlərdə layihələrimizi təqdim edəcəyik».

Nata Kvachantiradze-nin dediyinə görə, Gürcüstanın turizm bölgələrində istirahət edənlərin əksəriyyəti ölkə vətəndaşlarıdır. Xarici turistlərin sayı artsa da, onların 67 faizi Gürcüstana işgüzar məqsədlərlə gələnlərdir.

İKİNCİ DƏFƏ QAYITMIRLAR

«Gürcüstana rekreasiya –istirahət məqsədilə gələn turistlərin sayı cəmi 12 faizdir».

Bunu «Global Star» şirkətinin icraçı direktoru David Sarjveladze deyir. 2010-cu ildə fəaliyyətə başlayan «Global Star» şirkəti mehmanxanaların və mehmanxana tipli evlərin təsnifatını aparır. David Sarjveladze hesab edir ki, Gürcüstanda müalicəvi turizm zonalarını inkişaf etdirmək üçün potensial var. Ancaq hazırda bu potensialdan cəmi 1 faiz istifadə olunur. Səbəbsə,
Turistlər Batumidə
Turistlər Batumidə
Sarjveladze-nin fikrincə, mehmanxanaların biznes-planlarının olmamasıdır.

«Global Star» rəsmisi hesab edir ki, Gürcüstanda infrastrukturun keyfiyyəti ilə xidmətin qiyməti arasında uyğunsuzluq var. Bu isə həm xarici, həm də yerli turistlərin narazılığına səbəb olur:

«Standart yanaşma olanda, mehmanxanaya üz tutan adam orada təklif olunan xidmətin keyfiyyətini, qidanın növünü əvvəlcədən təxmin edə bilir. Ancaq qiymət beşulduzlu otel qiymətində olanda, xarici turistlərin narazılığı ilə qarşılanır. Turist həmin dəqiqə mehmanxananı tərk etməyibsə belə, onun ikinci dəfə qayıtmayacağı gün kimi aydındır. Təcrübəmizdə belə nümunələr çox olub».

«SUXUMİNİ BİZDƏN ALIBLAR...»

AzadlıqRadiosu Tbilisi sakinləri arasında sorğu keçirib və məlum olub ki, şəhər əhalisi əsasən dəniz kənarında istirahət etməyə üstünlük verir, xüsusən də Batumidə. Ancaq sakinlər də aşağı xidmətdən və yüksək qiymətlərdən şikayətçidir:

- «Son zamanlar Batumidə tez-tez oluram. Ancaq su orada çirklidir, dənizə girib üzmək olmur. Qalan şeylər zövq məsələdir, kiminsə xoşuna gələ bilər, kiminsə yox. Hesab edirəm ki, ən yaxşısı Sarpi tərəfə getməkdir».

Batumi çimərliyi
Batumi çimərliyi
- «Batumi və Kobuletidə istirahət etmək yaxşıdır. Suxumini bizdən alıblar... Hamı dincəlmək istəyir, ancaq baha başa gəlir, işsiz adam ora gedə bilməz».

- «Çoxları dincəlməyə Batumi, Kvartiati, Qonioya gedir. Kobuletiyə də gedənlər var. Ancaq daha ucuz istirahət Türkiyədədir, orda xidmət bizdən yüksəkdir. Bizdə istirahət xaricdən bahadır».

SU PROBLEMİ

Tbilisi sakinləri paytaxt yaxınlığındakı qəsəbələrə üstünlük verir. Məsələn, Çkneti, Saquramo, Kiketi və Kodcoriyə gedənlər az deyil. Ancaq bu qəsəbələrin su problemi var. 22 yaşlı Lika və dostları son illər Kodcoridə mənzil kirayələyir və iki aya 2 min lari (1200 dollar) ödəyirlər. Mənzil seçərkən isə əsas suyun olub-olmamasına diqqət edirlər:

«Kodcori nisbətən bahalı yerdir. Biz elə ev seçirik ki, bütün rahatlığı olsun. Ötən mövsümdə ev üçün 1200 dollar ödədik».

Kurort üçün pulları olmayanlar isə kəndlərə üz tutular:

«Dəniz və dağları sevirəm, imkan düşdükcə özümü bunlardan məhrum etmirəm. Kaxetidə evim var və yay aylarını orada keçirirəm».
XS
SM
MD
LG