Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:19

İlham Əliyev: «Deyirdilər Azərbaycanı «neft lənəti» gözləyir»


İlham Əliyev
İlham Əliyev
-

Bakıda XX Xəzər Neft-Qaz Sərgisi keçirilir. Prezident İlham Əliyev sərginin açılış mərasiminə qatılıb.

O, bildirib ki, 20 il öncə keçirilməsinə başlanan bu sərgi hər il daha çox iştirakçı şirkət cəlb edir.

APA-nın məlumatına görə, İlham Əliyev qeyd edib ki, Azərbaycan ilk dəfə Xəzər dənizini xarici şirkətlərə açdı: «Bizim beynəlxalq əməkdaşlıqda gözəl təcrübəmiz var. Gözəl investisiya iqlimi yaratmışıq. Neft kapitalını insan kapitalına yönəldə bilmişik. Bəziləri deyirdilər ki, Azərbaycanı «Holland sindromu», «neft lənəti» gözləyir. Bunların heç biri baş vermədi».

İlham Əliyevin sözlərinə görə, 17 il əvvəl «Şahdəniz» layihəsinə imza atmaqla Azərbaycan qaz ölkəsinə çevrilib: «Bu gün «Şahdəniz» qaz yatağı bölgədə enerji təhlükəsizliyi proseslərinə ciddi təsir göstərir. Bu, dünya miqyaslı bir layihədir. Artıq ikinci fazasının başlanmasına yaxınıq».

Prezident çıxışında ARDNŞ-in fəaliyyətini təqdir edib, eyni zamanda BP şirkəti ilə Azərbaycan hökumətinin əməkdaşlığından danışıb: «BP bizim strateji tərəfdaşımızdır. SOCAR-la BP arasında gözəl, strateji səviyyədə tərəfdaşlıq yaranıb. Əməkdaşlığımız daha iki onillik də davam edəcək».

Dövlət başçısı bildirib ki, hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trln. kubmetrdir: «Yeni məlumatlar bu rəqəmi daha da artıracaq».

«ENERJİ SİYASƏTİ DÖYÜŞ MEYDANINA ÇEVRİLMƏMƏLİDİR»

İlham Əliyev TANAP-ın (Trans-Anadolu boru kəməri) tarixi əhəmiyyət daşıyan bir layihə olduğunu da vurğulayıb və deyib ki, bu layihə üzrə əsas maliyyə yükünü Azərbaycan öz üzərinə götürüb: «Bu layihənin reallaşdırılması üçün bütün imkanlar var. TANAP Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsidir. Böyük maliyyə tələb edir. Biz burada imkanlarımızdan istifadə edəcəyik».

Prezident CQD ilə bağlı bir sıra problemlərin olduğunu da deyib: «İndiyə qədər müzakirələr getsə də, nəticə yoxdur. Gördük ki, Azərbaycan məsuliyyəti üzərinə götürməsə layihə yubanacaq».

Azərbaycan prezidenti TANAP-ın Avropanın enerji təhlükəsizliyi üçün vacib bir layihə olduğunu da qeyd edib:

«Qaz ehtiyatlarımız bizə 100 il və daha çox müddətə bəs edər. Bu gün bizim aramızda heç bir anlaşılmazlıqlar yoxdur. İstəyimiz odur ki, enerji siyasəti döyüş meydanına çevrilməməlidir. Biz Avropanın enerji xəritəsini birgə tərtib edirik», deyə prezident əlavə edib.

Azərbaycanın CQD-də israrlı olduğunu bir daha vurğulayan dövlət başçısı adıçəkilən layihənin geosiyasi və iqtisadi əhəmiyyət daşıdığını qeyd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG