Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 12:38

54 günlük komadan sonra ölən əsgər


Toğrul Abdullazadənin yas mərasimi
Toğrul Abdullazadənin yas mərasimi
-

Lənkəranın Sarı adasında Balıqçılar qəsəbəsindəyik. Sonuncu dəfə qəsəbədə 2011-ci ilin dekabrında olmuşduq.

O vaxt balıqçılarla sərhədçilər arasında narazılıq yaranmışdı. Sərhədçilər balıqçıları dənizə buraxmırdılar.

Bu dəfə 54 günlük komadan sonra vəfat edən əsgər Toğrul Abdullazadənin yas mərasimindəyik.

Toğrul martın 30-da Goranboydakı «N» saylı hərbi hissədə yaralanıb, mayın 24-də Bakıda hərbi hospitalda vəfat edib.

ƏSGƏR ÖLÜMÜNDƏ ŞÜBHƏLİ HALLAR

Yas mərasiminə təkcə qəsəbədən yox qonşu rayonlardan da gələnlər var idi.

Toğrulun əsgər yoldaşları və komandiri də məclisdə iştirak edirdi. Onlarla söhbət etmək istəsək də razılaşmırlar.

Cavid Cabbarlı
Cavid Cabbarlı
Mərhumun yaxın qohumu Cavid Cabbarlı Toğrulun ölümü ilə bağlı rəsmi orqanların verdiyi rəylərlə razılaşmır. O, bu hadisə ilə bağlı xeyli sualın açıq qaldığını bildirir:

«Hadisə mart ayının 30-na keçən gecə baş verib. Hadisənin baş verməsi barədə müxtəlif ehtimallar deyilsə də, həqiqət hələ bizə məlum deyil. Hadisəyə görə əsgər yoldaşı Samir Əliyev saxlanıb. Hazırda istintaq gedir. İlkin izahatında o, ifadə vermişdi ki, əlimdə güllə açılıb. Darağı çöldə çıxarıb, amma güllə daraqda qalıb. Tətiyi çəkib və əsgər yoldaşını yaralayıb. Amma növbəti ifadəsində deyib ki, onu qəsdən, bilərəkdən etmişəm».

O, Samir Əliyevin Toğrulla yaxın dost olduqlarını əsas gətirərək, deyilənlərə inanmadıqlarını bildirir:

«Bunlar mehriban olublar. Hər ikisi iki aydan sonra əsgəri xidmətini başa vururdu. Vuran adam nişanlıdır. Bütün bunlara görə inandırıcı görünmür. Verilən ifadə bizi narahat edir».

«BÜTÜN KOMANDİRLƏR ONDAN RAZILIQ EDİRDİLƏR»

Bəymirzə Abdulov
Bəymirzə Abdulov
Əmisi Bəymirzə Abdulov Toğrulu olduqca təmkinli bir gənc kimi xarakterizə edir. Deyir, çox gənc olmasına baxmayaraq qəsəbədə hörmət sahibi olub:

«Namaz qılan ailədə böyüyüb. Çox sakit, mehriban uşaq olub. Hərbi hissədə özüm olmuşam, bütün komandirlər ondan razılıq edirdilər. Özü də deyirdilər çox zirək əsgərdir. Ailədə iki uşaqdır - bir oğlan, bir qız».

Bəymirzə Abdulov göz yaşını saxlaya bilmir. Bir qədər sonra sözünə davam edir. Deyir, ona yer eləyən Toğrulu öz əsgər yoldaşlarının vurmasıdır:

«Tərəfimizdən vurulduğuna görə pis qiymətləndirirəm. Öz əsgərimiz vurubsa, yəqin öz içərimizdə olan düşmənlərdir. Araşdırmaq müstəntiqin işidir. Yəqin məlumat verərlər bizə».

JURNALİSTLƏRƏ MANEƏ MÜBAHİSƏYƏ SƏBƏB OLUB

Yas mərasimində bizi görüb, uzaqlaşanlar da olurdu. Sonradan öyrəndik ki, bizdən əvvəl icra nümayəndəsi mərhumun dəfn mərasimini çəkən jurnalistə mane olmaq istəyib. Yerli sakinlər işə qarışandan sonra mübahisə yaranıb. Ona görə də adamlar jurnalistlərdən uzaq durmağa çalışırlar.

«NAZİR HARA BAXIR?»

Əsgərin yas mərasimi
Əsgərin yas mərasimi
Yas mərasimini tərk edəndə Toğrulun daha bir əmisi, Gülmirzə Abdulov bizə yaxınlaşdı:

«Döyüşdə olsaydı biz deyərdik vətən yolundadır, eybi yox. Şəhid olardı, bir təskinlik tapardıq. Bizi yandıran odur ki, onu özümüzünkülər vurub. 54 gün komada ağzını açıb bir kəlmə belə deyə bilmədi. Söz yox ki, araşdırılır, bizə də məlumat çatır. Bunlar bizim üçün yersizdir. Şəxsən mənim narazılığım odur ki, müdafiə naziri hara baxır? Bir deyil, iki deyil, hospitalda mən olanda belə yaralılar çox gəlirdi. Mən gözümün şahidiyəm. Nazir hara baxır? Hara gedəcək bunun axırı?».

«BİR YERDƏ ETİRAZ EDƏCƏYİK»

Mərhumun qohumu Cavid Cabbarlı deyilənlərə əlavə olaraq bildirdi ki, qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri bir yerdə etirazlarını bildirəcəklər:

«Biz də məclisi yola verəndən sonra istintaq işi ilə ciddi maraqlanacağıq. Bu ölən 33-cü əsgərdir. Qeyri-döyüş şəraitində bu, çox anormal haldır. Biz də başa düşürük hərbidə təlim zamanı itki olur, amma bu qədər də yox».

Toğrul Abdullazadə hərbi hissədə yaralanandan sonra aprelin 5-nə qədər Gəncə hospitalında müalicə olunub. Daha sonra hərbi helikopterlə Bakıya gətirilib. İlk gündən komada olan əsgər mayın 24-də vəfat edib.

Müdafiə Nazirliyi (MN) hadisənin silahla ehtiyatsız davranma nəticəsində baş verdiyini bildirib.

2013-ÜN İTKİ STATİSTİKASI

Müstəqil qurumların hesablamalarına görə, 2013-cü ildə Azərbaycan ordusu 32 nəfər itki verib. Onlardan 5-i döyüş, 27-si qeyri-döyüş şəraitində həlak olub.

Hərbi Prokurorluq indiyədək əsgər ölümlərinə görə həbs olunub-cəzalandırılanların statistikasını açıqlamır və belə bilgilərin gizli saxlanmalı olduğunu bildirir.
XS
SM
MD
LG