Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:25

Asiman Eyniyevin 20-liyə düşməyən hekayəsi


Asiman Eyniyev
Asiman Eyniyev
-

İlahi, axı uşaqların günahı nədir? Bir sehrli qüvvə yetərdi ki, o qızcığaz soyuqda donmasın. İlahi, niyə belə edirsən?


Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Asiman Eyniyev


Barbarosa


Uzun pəncərənin tülündən axşam günəşinin öləzimiş şüaları içəri süzülürdü.

Yaşlı qadın siqaretini yandırıb kibrit qutusunu kağız yığınının üstünə atdı. Şeirini tamamlaya bilmirdi. O, hündür kreslodan ayağa qalxdı. Sol ayağını birtəhər arxasınca sürüyüb mətbəxə keçdi. Qaz sobasının üstündəki qəhvədan daşmışdı. O, siqareti dişlərilə möhkəm sıxdı. Sonra:

- Lənətə gələsən! -dedi.

Siqaretin maviyə çalan tüstüsü onun sol gözünü göynətdi. Gözünü qıyıb qazı söndürdü. Əski parçasıyla sobanın ətrafını sildi. Qəhvəni fincana süzüb yenidən otağa qayıtdı. Əlindəkini stolun üstünə qoyub pəncərəyə yaxınlaşdı. Ağ, nəmli tülü çəkdi, pəncərəni açıb başını bayıra çıxartdı. Havadan yanmış rezin iyi gəlirdi. Hansısa zibil yeşiyinə od vurmuşdular. O, yanaşı binanın divarına çəkilmiş qraffitiyə baxdı. Nədənsə o şəklin silinməsini istədi. “Bu, küçə uşaqlarının işi deyil, bunu kim çəkibsə, öz məqsədi var”- dedi qadın əsəbiləşərək.

Şəklin üstündə “postmodern arxitektura” yazılmışdı. Dar küçədə futbol oynayan uşaqların səsi aləmi başına götürmüşdü. Qadın əlindəki siqaret kötüyünü həyətə tolazladı. Futbol oynayan uşaqların içində qız uşağı da vardı. Qadın ayaqyalın topun arxasınca qaçan qızı görüb həyəcanlandı. Bayaq oxuduğu nağıl yenə yadına düşdü. “Kibritsatan Qız”ın nağılı. Qəfil isteriya onu əhatələdi. O, pəncərəni azca yuxarı qaldırıb yerinə oturtdu. Pəncərənin taxtası şişmişdi və onu bağlamaq bir az çətin alınırdı.

Qəhvədən bir qurtum götürüb fikrini dağıtmaqdan ötrü yenidən masa başında - kresloda oturdu. Vərəq üzərinə düzdüyü sözləri yerbəyer edə bilmirdi. “Qağayı, dəniz, liman, qayıq, çərpələng, qəhvə, külqabı, mavi çiçəklər” və s. sözləri toplayıb nəsə yazmaq istəyirdi. Alınmırdı. Kibritsatan qızın əksi gözlərinin önündə canlandı. Qarda ayaqyalın dolaşan qızın aqibəti onu dərindən sarsıtmışdı. Qadın ürəyində özünü söydü. Axı niyə oxudu o nağılı, niyə ? Bir nağılın təsirinə bu qədər düşmək olarmı? Bu ki bir nağıldır, sonu faciəylə bitən adi bir nağıl...

Danimarkalı bir yazıçının uşaqlar üçün qələmə aldığı nağılda kibritsatan dilənçi bir qız təzə ilin ilk axşamında kibrit satmağa yollanır. O, yolda ayaqqabılarını itirir və qızcığaz qarda ayaqyalın gəzməli olur. Soyuğa tab gətirməyən qızcığaz bir evin tinində daldalanacaq yer tapır. Divarın küncünə qısılır. Yazıçının dediyinə görə qızcığazın atası zülmkar olur, qızına tapşırıq verir ki, kibrit qutularını satmasan, evə gəlmə.
Qızcığaz kibrit qutusundan bir kibrit çıxarıb yandırır. Xəyalında olan dadlı xörəkləri kibritin işığında görür. Kibrit sönəndən sonra onun kiçik arzuları da puç olur. O, bu minvalla bir neçə kibrit yandırır və xəyallara dalır. Sonda qızcığaz onu ən çox sevən bir adamı – təzəcə ölmüş nənəsini kibritin işığında görür. Nənəsindən ayrılmamaq üçün qutudakı kibritlərin hamısını birdən yandırır. Ətraf işıqlanır. Qızcığaz görür ki, nənəsi onun əlindən tutdu, onlar birlikdə harasa yollandılar...

Səhəri gün evin tinindən qızın ölüsünü tapırlar. Onu tapanlar belə qərara gəlirlər ki, qızcığaz isinmək istəyirmiş və yanında nə qədər kibrit varsa hamısını yandırıb.
- İlahi, bu dəhşətdir! Axı niyə? -deyə yaşlı Barbarosa beynini ovuşdura-ovuşdura masanın üstündən kibrit qutusunu götürdü. Əlində oynada-oynada yenidən ayağa qalxdı. Otağın küncünə qoyulmuş telefon zəng çaldı. Zırıldayan telefona yaxınlaşan Barbarosanın fikri dağınıq idi.

- Eşidirəm! -dedi Barbarosa.

- Bağışlayın, almanlar tərəfindən hazırlanan əməliyyat planı – Barbarossayla danışıram? - deyə dəstəyin o biri tərəfindən kimsə qəhqəhə çəkdi.

- Xeyr, siz şairə Barbarosanın evinə zəng vurmusunuz. Bir də o əməliyyat planı iki “s”-lə yazılır - deyə Barbarosa əlavə etdi: “Qızım, sənə ehtiyacım var. Bu gün bizə gəl. Nədənsə ürəyim darıxır -ürəyində danimarkalı yazıçını söydü - özümü pis hiss edirəm” - deyə Barbarosa kibrit qutusunu barmaqları arasında gəzdirdi.

- Yaxşı, gözləyirəm, mütləq gəl.

Barbarosa dəstəyi yerinə qoydu. O, qələmi əlinə alıb divara vurulan təqvimə yaxınlaşdı. Bu günkü tarixi qaraladı. Nədənsə bu günü beynində uğursuz bir gün kimi qiymətləndirdi. Kreslonu pəncərənin qarşısına çəkib oturdu, əlindəki kibrit qutusunu barmaqlarının arasında gəzdirə-gəzdirə dərindən ah çəkdi.

- Bu cür hadisələr baş verir, bilirəm. Nağıllar uydurma deyil, olmuş əhvalatlardır. İllər ötdükcə nağıla çevrilirlər. İlahi, axı uşaqların günahı nədir? Bir sehrli qüvvə yetərdi ki, o qızcığaz soyuqda donmasın. İlahi, niyə belə edirsən?

Barbarosa bir neçə dəfə dərindən nəfəs aldı. O, rahatlanmaqdan ötrü gözlərini yumdu.
Binanın qarşısında dayanan maşından qara parçadan kostyum geyinən bir qadın düşdü. O, ehmalca binanın ikinci blokuna girdi. Pillələri qalxdı. Qapılarına çatanda dayandı. Bir az gözlədi, sonra zəngi basıb qapının böyründə gizləndi. O, gəlişini anasına surpriz etmək istəyirdi. Bir neçə saniyə gözlədi. Qapı zəngini təkrar bir neçə dəfə basdı. Qapını açan olmadı. O, hövlnak sumkasından ehtiyat açarı tapdı. Qapını açdı.

Kresloda oturan Barbarosa gözlərini yummuşdu. Qız, çığıraraq anasının üstünə atıldı. Bu vaxt Barbarosanın əlindən yerə nəsə düşdü. Qızı buna fikir vermədi. Hətta ayağı ilə onu tapdaladı da. Kibrit qutusu əzilmişdi...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG