Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:09

Yusif Şükürlünün 20-liyə düşməyən hekayəsi


Yusif Şükürlü
Yusif Şükürlü
-

Düz yeriməyə çalışırdım, dizlərim sözümə baxmırdı, ayağım ayağıma dolaşır – yeriyə bilmirdim. Bir məhəllə də keçəndən sonra ürəyim bulanmağa, sonra da başımın arxası zoqqultu ilə ağrımağa başladı...


Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Yusif Şükürlü


Çanta əhvalatı


Universitetin sonuncu kursunda oxuyurdum və diplom işi yerinə yetirmək üçün Moskva şəhərinə ezam olunmuşdum. Aprel ayının əvvəlləri idi.

Buralarda yazın nəfəsi təzə-təzə duyulmağa başlamışdı. Küçələrin kənarlarında, həyətlərin gündəyməyən yerlərində qar qalaqları hələ də qalır, insanlar da yavaş-yavaş öz isti kürklərini, dəri yaxalıqlı paltolarını yüngül gödəkçələrə və plaşlara dəyişirdilər.

Mənə qərib olan yerlərdə yazın belə yaxınlaşmasını duymaq daha təsiredici idi. Axı yazın sonuna və ya yayın əvvəlinə işimi yekunlaşdıracaq, Azərbaycana qayıdacaqdım. Əslində, tələsməyim dolanacaq sarıdan idi. İşlədiyim elmi-tədqiqat institutunun yataqxanası təmirə verildiyi üçün mənə yataqxanada yer vermədilər. Məcbur olub özümə kirayə mənzil tapdım və bu mənzil üçün hər ay 40 manat (SSRİ pulu ilə) pul ödəmək məcburiyyətində idim. Tələbəliyə görə təqaüdüm 35 manat, son kursda əlaçı olduğuma və ezamiyyətimə görə universitetdən hər ay 100 manata yaxın pul göndəriridilər. Yemək, paltar, ayaqqabı, yol pulu – bütün bu xərcləri 100 manatla ödəmək olmur, evdən də ayda 20-30 manat alırdım.

O zamanlar pulu iki üsulla - poçt göndərişi və teleqamla yollamaq mümkün idi. Teleqramla pul göndərmək baha başa gəldiyindən pulu mənə poçt göndərişi ilə yollayırdılar, onun da gəlib çatması həftələrlə vaxt aparırdı. Bu dəfə də belə oldu. Pulum qurtarmış, 1 manatım qalmışdı və son iki gün idi ki, çox böyük qənaətlə yaşayırdım. Demək olar ki, yavan çörək və şirin çaydan başqa heç nə ala bilmirdim. Hadisənin başıma gəldiyi həmin gün institutdan çıxıb metronun “Sokol” stansiyasına qədər piyada gəldim. Bir saatdan çox vaxt itirsəm də, 5 qəpiyə qənaət etmiş oldum. Metronun “Universitet” stansiyasından çıxıb “Cənub” mehmanxanasının yanında yerləşən yaşayış binasındakı mənzilimə də piyada getmək qərarına gəldim.

Ara yollarla gedir, həyətlərdən keçməklə yolu qısaldırdım. Həyətlərin birindən keçəndə gördüm iki nəfər yaşlı kişi ağacların arasında qoyulmuş masanın kənarında üzə-üzə oturub söhbət edirlər. Mən onlara əhəmiyyət verməyib yanlarından keçmək istədim. Kişinin biri məni çağırdı:

- Ey, oğlan!.. Ayaq saxla!.. Bura gəl!

Mən qayıdıb onlara yaxınlaşdım. Üzü mənə tərəf oturan qırmızıburun kişi xırıldaya-xırıldaya soruşdu:

- Niyə salam vermədin?

- Bağışlayın, - dedim. – Salam...

O, daha heç nə demədi və paltosunun yan cibindən iri bir “tilli” stəkan çıxarıb masanın üstünə qoydu. Sonra paltonun döş cibindən qəzetə bükülmüş yarımlitrlik araq şüşəsini çıxarıb stəkanı ağzına qədər doldurdu. Bu arada o biri kişi cibindən iri bir bıçaq çıxarıb tiyəsini açdı və masanın üstündəki qəzet bükməsini aralayıb turşuya qoyulmuş xiyar parçasından nazik bir dilim kəsdi. Dilimi bıçağın tiyəsinin ucuna keçirib araq süzən kişinin üzünə baxdı. Araq süzən, stəkanı ehmalca götürüb mənim qarşıma qoydu. Hiss elədim ki, onun əlləri əsir. O, amiranə səslə:

- İç! – dedi.

Etiraza yer yox idi və dinməz-söyləməz stəkanı qaldırıb - nəfəsim kəsilə-kəsilə arağı içib boş stəkanı masanın üstünə qoydum. Yenə hiss etdim ki, mənim bu hərəkətim kişilərin xoşuna gəldi. Qırmızıburun başını yelləməklə razılığını bildirdi. O biri kişi bıçağın ucundakı xiyar dilimini mənə tərəf uzadıb:

- Götür! – dedi.

Xiyar dilimi o qədər nazik idi ki, onu yemək yox, yalnız sormaq olardı və mən onunla ağzımın acısını azaltmağa çalışdım. Gözlərim yaşarmışdı. Xiyar dilimini verən kişi mənə baxıb başını buladı və o birinə dedi:

- Hələ uşaqdır.

Qırmızıburun etiraz etdi:

- Bu boyda uşaq olur?!. Bir nəfəsə içdi, ona görə boğuldu...

Mən onlara təşəkkür edib gelmək istəyəndə onlar etiraz etdilər. Qırmızıburun dedi:

- Hara?!

Mən karıxmış halda dayandım və onlara baxdım. Bu dəfə əlində bıçaq tutan kişi
dilləndi:

- Manatı ver!

Elə bil başıma yumruq dəydi:

– Cəmi bir manatım var idi, onu da bunlara verməli idim... Bu alkaş kişilərlə “saabrazim” oyununun iştirakçısı olmalı idim...

Daha neyləmək olardı, manatı çıxarıb masanın üstünə qoydum. Yenə üzrxahlıq edib getmək üçün icazə istədim. Qırmızıburun:

- Get! – dedi.

O biri əlavə etdi:

– Səni sabah da gözləyəcəyik, gələrsən...

Onlardan uzaqlaşdım. İki gündür doyunca yemək yeməyən tələbəni bir tilli stəkan araq öz ağuşuna almışdı. Əvvəlcə arağın təsirini bir o qədər də hiss etmədim. Bir məhəllə keçəndən sonra yer ayağımın altından qaçmağa başladı.

Birtəhər – demək olar ki, sürünə-sürünə yaşadığım həyətə çatdım.
Həyətdə oturan və məni tanıyan qonşu qadınların bu halıma necə nifrətlə baxdıqları hələ indiyədək yadımdadır. Yaxşı ki, kirayədə qalıdığım mənzil ikinci mərtəbədə idi. Pilləkənləri bir təhər dırmaşdım. Açarı itirməyim deyə həmişə ipə taxıb boynumdan asirdım. Qalın paltar geydiyimə görə o ipi gizlədə bilirdim. İndi də bir təhər yaxamı açıb açarı çıxardım, qapını açıb özümü icəri saldım. Yaxşı ki o gün işə çanta aparmamışdım. Yəqin çantamı da itirəcəkdim. Birtəhər özümü çarpayıya çatdırıb paltar-papaqla üzüqoylu yatağa uzandım.

Onsuz da mən evə gələndə axşam idi, ayılanda gecənin yarıdan keçdiyini bildim. Durdum. Bərk başım ağrıyırdı, susuzluqdan dilim-ağzım qup-quru qurumuşdu. Birtəhər paltarlarımı soyunub yerindən asdım və mətbəxə keçdim. Çaydandan bir stəkan su süzüb içdim, susuzluğum azalsa da, elə bil yenidən “keflənməyə” başladım. Ora-buranı axtardım, bir tikə quru çörək tapdım və onu su ilə isladıb çeynədim. Bir az toxtadım. Oturub sabah nə edəcəyimi düşünməyə başladım:

- Tərs kimi səhəri bazar günü idi və iş yox idi. Yenə işə getsəydim, qəpik-quruş borc tapar, heç olmazsa, yavan çörək alardım. Axı bu şəhərdə kimim var idi ki, bərkə düşəndə kömək istəyim...

Ürəyim sıxıldı və qəhər boğazımı tutdu. Bir xeyli ağladım. Sakitləşəndən sonra üzümü yuyub yatağıma girdim.

Səhərin çoxdan açıldığını bilirdim amma yerimdən qalxmırdım. Qalxıb neyləyəcəkdim ki?!. Bir saat da belə - düşünə-düşünə o yan-bu yana çevrildim.

Birdən qapının zəngi çaılndı.

- Kim ola bilər? – deyə düşündüm. – Bəlkə İsmayıldır... O olsa, yaxşı olar... Dadıma çatar... Biz İsmayılla üçüncü kursun ortalarına qədər bir qrupda oxumuşduq. O digər ixtisası almaq üçün bura – bir kurs aşağıya göndərilmişdi və universitetin yataqxanasında yaşayırdı...

Durub barmaqlarımın ucunda qapıya yaxınlaşdım. Gözlükdən baxanda qapının qarşısındakının İsmayıl yox, qonşu tyotya Vera olduğunu gördüm. Yavaş-yavaş geri çəkildim və yatağıma qayıtdım. Düşündüm ki, yəqin dünən məni “piyan” görüb, indi danlamağa çağırır... Hələ yatağa uzanmamışdım ki, yenə qapının zəngi səsləndi və tyotya Vera məni dəhlizdən səsləməyə başladı:

- Qapını aç, oğlum... Bilirəm içəridəsən...

- Bu dəqiqə! – deyə səsləndim və durub tez-tez şalvar-köynəyimi geyməyə başladım.

Gedib qapını açanda gördüm qarı mənə məzəmmətlə yox, şəfqətlə baxır.

– Noolub, tyotya Vera?

- Sabahın xeyir, oğlum... Mənim sənə işim düşüb...

- Buyurun tyotya Vera!..

- Larisam ölüb... İtciyəzimi deyirəm, doğa bilmədi, öldü...

- Mən neyləməliyəm, tyotya Vera?

- Onun ölüsünü zibil qabına atmaq istəmirəm... Deyirəm, bəlkə sən onu aparıb şəhər kənarındakı meşəliklərin birində torpağa basdırasan... Bu gün istirahət günüdür, yəqin vaxtın olacaq...

Mən nə deyəcəyimi bilmədim və bir az duruxdum. Qarı davam etdi:

- Hər şeyi hazırlamışam. Özün bilirsən ki, Larisa balaca idi. Yaxşıca büküb çantaya yerləşdirmişəm, torpağı qazmaq üçün yanına, bükülən əskər kürəyi də qoymuşam...
Bu da sənin zəhməthaqqın! – deyə tyotya Vera mənə bir göy 25-lik uzatdı. Pulu görəndə gözlərim işıqlandı, amma özümü o yerə qoymadım, dedim:

- Heç nə lazım deyil, tyotya Vera! Larisanı aparıb basdıraram, narahat olmayın... Bunu pulla etməyəcəyəm ki!..

- Yox, yox oğlum! Xahiş edirəm pulu götür...

Onun pul tutan əli uzanıqlı vəziyyətdə qalmışdı. Mən pulu götürdüm və dedim:

- Tyotya Vera, əynimi dəyişib gəlirəm.

- Buyur, buyur, oğlum! – dedi və o öz mənzilinə getdi.

Mən də içəri qayıdıb qapını ortdüm. Sevindiyimdən qanadım olsa, uçardım. Bu dar günümdə bu iş göydən düşmə oldu. Palto-papağımı geyinib, ayaqqabılarımı ayağıma keçrib mənzildən çıxdım. Qapını bağlayıb açarı boynumdan asdım və tyotya Veranın qapısının zəngini basdım. Qarı qapını açdı və məni içəri dəvət etdi. İçəridən qızardılmış “bilincik” (bizim südqoğalı) ətri gəldi. “Ac adamın imanı olmaz” - deyiblər, gözlədim ki, bəlkə tyotya Vera məni qoğala qonaq edəcək. Balam, elədi də! O, mənim qolumdan tutub mətbəxə tərəf çəkdi və kətili göstərib dedi:

- Əyləş, səni yuxudan oyatdım, yəqin hələ səhər yeməyi yeməmisən...

- Lazım deyil, toxam, – desəm də, dörd qoğal yedim. Daha acgözlük də etmədim və ayağa qalxıb: - Vaxtında getsəm yaxşıdır, - dedim.

Qarı da mənimlə razılaşdı və vanna otağına qoyduğu çantanı gətirib mənə verdi. Gördüm qarı ağlayır. Daha ona heç nə demədən qapıdan çıxdım və avtobus dayanacağına yollandım.

Fikrim Domodedovo istiqamətinə gedən avtobuslardan birinə minmək, şəhərdən xeyli uzaqlaşmaq, sonra tyota Veranın tapşırığını vicdanla yerinə yetirmək idi. Çox gözləmədim, qabağına “Domodedovo aerovağzalı” yazılmış avtobus gəldi və mən avtobusa mindim. Qabaq oturacaqlar adamlarla dolu olduğundan arxaya keçdim və boş bir oturacaq tapdım. O oturacağın arxası avtobusun arxa təkərinin üstü idi və orada əşya qoymaq üçün nəzərdə tutulan balaca meydanca boş idi. Çantanı ora qoyub oturdum.

Avtobusun içi isti və yerim rahat, qarnım nisbətən tox olduğundan, həm də dünənki yorğunluqdan məni yuxu aparmağa başlayırdı. Yatıb çox da uzaqlaşmayım deyə narahat olurdum və tez-tez ayılıb yola baxırdım. Yolun harasındasa avtobus yenə dayandı və düşəndən çox minən oldu. Avtobus adamlarla doldu, hələ ayaq üstə dayananlar da var idi. Bu dəfə minənlər rusa oxşamırdılar. Mən onlara fikir vermədim və mürgüləməyə davam etdim.

Nəhayət, məni kimsə çağırdı. Gözümü açıb gördüm sürücüdür. O, dedi:

- Çatmışıq, avtobusdan enmək lazımdır.

Sürücü bilet pulunu istədi. İyirmibeşliyi ona verdim, xırdalayıb iyirmi dörd manat əlli qəpik pul qaytardı. Ayağa qalxdım və ətrafa boylandım. Aerovağzala çatmışdıq. Düşündüm ki:

- Geri qayıdan avtobusa minər, yolda işimi görüb şəhərə qayıdaram...
Çevrildim çantanı götürməyə, gördüm çanta yerində yoxdur. Ora-bura döyükdüm, oturacaqların altına baxdım, çanta yox idi. Sürücü də narahat oldu, dedi:

- Nə itirmisən?

İstədim deyəm çantamı itirmişəm, onda soruşacaqdı ki, bəs içində nələrin vardı, onda nə deyim?!.

- Siz verən pulun 20 qəpiyi əlimdən düşdü, - dedim.

Sürücü:

- Yəqin diyirlənib oturacaqların altına gedib. Tapmaq çətin olacaq, mənim də gözləməyə vaxtım yoxdur... Gəl mən sənə 20 qəpik verim, düş, - dedi.

- Heç nə olmaz, sağ olun, - deyə sürücünün mənə uzatdığı pulu götürməyib avtobusdan düşdüm.

Öz-özümə fikirləşdim ki:

- Çantanı sonradan avtobusa minən sərnişinlər götürmüş olacaqlar... Deyəsən onlar başqa millət idi... Hə, hə, - qaraçılardı!.. Yəqin düşünüblər ki, mən olan-qalanımı çantaya yığıb vətənə uçmağa gedirəm... Daha nə bilsinlər ki, çantanı açanda içindən nə çıxacaq!.. Bir dəfə köynək almağa getdiyim univermağın dəhlizində mənə cins köynək əvəzinə, demək olar ki, zorla - düymələrinin üstünə mis folqadan yalançı yarlıq yapışdırımış köynək satıb, 10 manatımı aparan bu qaraçılara qoy dərs olsun! - deyə düşünür, düşündükcə də öz-özümə gülürdüm. Həm də bu sevincimi xalqdan gizlətməyə çalışırdım. Kənardan baxan məni dəli hasab edərdi. Yoxsa kim oz-özünə belə gülər axı?!

Domodedovodan şəhərə - Paveletski vağzalına elektrik qatarı ilə qayıtdım. Vağzalda 1001 xırdavat dükanindan tyotya Veranın çantasına bənzər çanta, həyətdəki alverçilərdən də bir işlənmiş əsgər kürəyi aldım. Vağzalın yeməkxanasında nahar edib evə qayıtdım.

Evə - tyotya Veranın qapısına çatanda aldığım çanta və kürəyi ona qaytarmağa ürəyim gəlmədi. Düşündüm ki, əşyaları tanıyacaq. Bir onu etdim ki, qayıdıb həyətə endim və bir əlimdə balaca əsgər kürəyi, o birində boş çanta - bunları həyətdə oturan qarılara göstərə-göstərə zibil qutusuna atdım. Sonra mənzilimə qayıtdım. Paltarımı dəyişib tyotya Veranın qapısını döydüm. İstəyirdim ona deyim ki, bəs, tapşırığını yerinə yetirmişəm. Amma qarı qapını açmadı, yəqin evdə yox idi. Bu da mənə bir bəhanə oldu və bir də onunla bir həftədən sonra rastlaşdıq - sadəcə salamlaşdıq, vəssalam.

Bakı, mart 2013-cü il.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG