Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:34

Ermənistanda xaricdə təhsilin üstünlüyü


Erməni tələbələr
Erməni tələbələr
-
«Yaşıdlarımla müqayisədə daha çox iş və həyat təcrübəm var. Mən 17 yaşımdan – Amerikadan qayıdandan bir il sonra işləməyə başlamışam. Məhz ingilis dilini bilməyim iş tapmağıma kömək edib».
21 yaşlı Anna Ovakimyan deyir ki, bütün bunlara ABŞ-da aldığı 1 illik təhsil köməklik edib. O, 2007-ci ildə məktəblilər üçün FLEX mübadilə proqramı çərçivəsində Amerikada oxuyub:
«Bu proqram həyata başqa cür baxmağa yardım etdi və ingilis dilimi yaxşılaşdırdı. Həmçinin yeni dostlar qazandım və maraqlı insanlarla tanış oldum».
Annanın sözlərinə görə, xaricdə təhsilin üstünlüyünü sonralar dərk edirsən, ilk vaxtlar isə çoxsaylı çətinlikləri, həmçinin mədəni baryeri aşmalı olursan:
«Mən bir meksikalının ailəsində yaşayırdım, 5 uşaqları vardı. Mənə təəccüblü gəlirdi ki, ailə nahar vaxtı bir yerdə masa arxasında əyləşmir. Ailənin hər bir üzvü nə vaxt gəldi, yeməklərini götürüb, öz otaqlarında yeyirdi. Bu məni heyrətləndirmişdi – erməni adətlərindən tamamilə fərqlənirdi. Sonralar anladım ki, bu, onların mədəniyyətinin xüsusiyyətidir. Proqramın digər iştirakçıları da eyni mədəni şok yaşayır, əvvəl-əvvəl ailələri üçün darıxırlar. Ancaq qayıtmağa yaxın heç kim geri dönmək istəmir. Bu dəfə də dostları üçün darıxırlar».
XARİCDƏ TƏHSİL ALANLARIN DƏQİQ SAYI BİLİNMİR
Hər il Ermənistandan müxtəlif proqramlarla xaricə təhsil almağa gedənlərin dəqiq sayı bəlli deyil. Bununla belə Amerika-Ermənistan məzunları assosiasiyasının direktoru Xaçik Qevorqyanın fikrincə, bu rəqəm mindən artıqdır:
«Əsasən iki növ proqram var – elmi və inzibati. Müqayisə edəndə görürsən ki, Ermənistanda inzibati proqramlar daha populyardır, onlar həm sərfəli, həm də gələcəkdə iş tapmaq imkanı verirlər».
Xaçik Qevorqyanın fikrincə, seçilən proqramdan tələbənin gələcəkdə ölkəyə qayıdıb-qayıtmayacağını təxmin etmək mümkündür:
«Elmi proqramlar seçən tələbələr adətən vətənə qayıtmırlar, çünki elm sahəsi bizdə zəif maliyyələşir. İnzibati proqramlarla gedənlər isə qayıdır və beynəlxalq təşkilatlar və banklarda işə düzəlirlər. Onlar Ermənistanda aktiv fəaliyyət göstərirlər. Qeyd etmək lazımdır ki, inzibati proqramlara müraciət edənlərin sayı daha çoxdur».
TƏHSİL ÜÇÜN MÜRACİƏT EDƏNLƏRİN SAYI ARTIB
Ermənistanda Amerika Universitetinin məzunları
Ermənistanda Amerika Universitetinin məzunları
Təhsil və elm nazirliyinin proqramlar çərçivəsində Ermənistanda yaşayan tələbələrin xaricdə təhsil almaq imkanı da var. Ölkələrarası proqram 10 ölkədə həyata keçirilir. Təhsil və elm nazirliyinin nümayəndəsi Tiqran Saakyan bu barədə danışır:
«Biz əsasən Rusiya, Çin, Bolqarıstan, Rumıniya, Gürcüstan, İran, Suriya və Misirlə əməkdaşlıq edirik. Ölkə iqtisadiyyatını inkişafına yardım edə biləcək mütəxəssislərə üstünlük veririk. Məsələn, kənd təsərrüfatı və tibb sahəsi, nano texnologiyalar və s. sahələr hökumətin qərarına görə iqtisadiyyatımız üçün vacibdir».
Tiqran Saakyanın sözlərinə görə, müraciət edənlərin sayı ilbəil artır.
«Ərizələrin sayı 2 dəfə artıb. Məsələn, ötən il Çin universitetlərinin 20 yeri üçün 50 nəfər ərizə vermişdisə, bu il 5 yer üçün biz 70 ərizə almışıq. Keçən il Gürcüstan universitetlərinin 10 yeri üçün 12 müraciət varıydısa, bu il təzəcə elan etdiyimizi müsabiqəyə artıq 7 nəfər ərizə verib. Hesab edirəm ki, bu say 15-20 nəfər olacaq. Ancaq elə ölkə və proqramlar var ki, ora heç kim getmək istəmir. Məsələn bu il Polşa və Rumıniyada aspirantura təhsili üçün müraciət edən bir nəfər belə yoxdur».
Xaçik Qevorkyanın sözlərinə görə, xaricdə təhsil almaq istəyənlərin sayı ilbəil artır: Bu, onun fikrincə məlumatın sürətlə yayılması, bir də xaricdə hazırlanmış mütəxəssislərə tələbatın artması ilə şərtlənir.
«Təqaüd və ya magistr dərəcəsi almaq imkanları barədə məlumat sürətlə yayılır.
Məsələn, 5 il əvvəl elektron poçtla göndərdiyimiz elanla daha az adamın tanış olmaq imkanı vardı. Bu günsə Ermənistanda hər şey inkişaf edib və tələbələr tez-tez beynəlxalq proqramlara müraciət edirlər. Xaricdə oxumaq istəyənlər artır, çünki yaxşı təhsilə tələbat artır və şirkətlər də bu cür mütəxəssislərə üstünlük verirlər. Buna görə də xaricdə təhsilə tələbat artmaqda davam edəcək».
XS
SM
MD
LG