Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:30

Nilufər Muğantürkün 20-liyə düşməyən hekayəsi: "Əllərini sevdiyim"


Nilufər Muğantürk
Nilufər Muğantürk
-

Yollar tıxaclı, narahat olsa da, AZADLIQa gedən ən qısa yol İNQİLABdan keçir. Buna o vaxt da bugünki kimi əmin idim!..


Bu hekayə "Ədəbi Azadlıq-2013" Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Nilufər Muğantürk


ƏLLƏRİNİ SEVDİYİM...


Saat: 23:55

Sevgililərimlə həmişə eyni yerdə görüş təyin edirəm. Həyatıma soxulan, bəzən də özüm sevdiyim sandığım bütün kişilərlə. Amma heç vaxt axırıncı görüşdüyümdən əvvəlkilərlə o yerdə rastlaşmamışam. O alçaqlardan heç olmasa biri məni həqiqətən sevmiş olsaydı, bircə dəfə o yerə gəlib məni xatırlayardı...

Ləpələrin şappıltıyla betona çırpılıb əcaib səs çıxarmağına qulaq asıram. Qağayıların qlamur fahişələr kimi ciyiltili səsi əsəblərimə toxunur. Xoşbəxt olmadığımı bütün şəhər bağıraraq üzümə vurur.

Balaca gəmi sərt ləpələrə çırpıldıqca möhkəm yırğalanır. Bu mənə eyni musiqi sədaları altında eyni hərəkətləri təkrar edərək saatlarla rəqs eləyə bilən, bir-birini o qədər də yaxından tanımayan insanları xatırladır.

Ürəyim bulanır. Yarım saatdı arxa oturacaqdakı iki türkiyəli tələbə - bir qız, bir oğlan - problemlərindən danışır. Tətilə gec buraxılacaqlarından, bu vaxt ərzində qalmağa yerlərinin olmayacağından narahatdırlar. Bu məni qətiyyən maraqlandırmır. Onsuz da ikicə gün sonra rayona gedirəm.

Baharın təravəti sevdiyim adamın siqaret, içki qoxusa belə, mənə çox xoş olan isti nəfəsini xatırladır. Hava gözəl, günəşlidi... Bu gözəl günü yarıqaranlıq otaqda, kompüterin arxasında keçirməyə məcbur olduğuma görə kapitalizmi söyürəm. Bu Xırdalanın yollarında avtobusun hər “latok”a düşməsindən sonra yolun çəkilməsində əməyi keçən fəhlələri söymək qədər mənasız işdi. Sinifdə 10 adam var, rəngbərəng paltarlar geyinən, alnına xoş sözlər yazılmış gözəl insanların arasında özümü qara kölgə kimi hiss edirəm. Bəlkə də, mənzərə tam əksinədir...

Avtomobil sirenaları, bir-birini söyən “azıxantroplar”ın fonunda səki boyu yanan parlaq fənərlər sabah gözəl günəş çıxacağını göstərir.

Etiraf etməyə çəkinsəm də, mən onlardan deyiləm. İçlərində yaşamağa məhkum edilsəm də, onlarla olan yalnız cismimdi, ürəyim və ruhum heç vaxt onlarla olmayıb.
Fəvvarələr meydanı boyunca bağıra-bağıra qaçışan insanların nə istədiyini təsəvvür belə eləmirəm. Yəqin istədiklərinə ya mənim ehtiyacım yoxdu, ya da istədikləri haqqında təsəvvürüm. Deyəsən, hər ikisidi... Haqqında təsəvvürün olmadığı bir şeyə ehtiyac duymaq absurd olardı...

Demək olar, bütün tələbəlik dövrü “Azadlıq”da yaşamışam. Universitetdən “Tbilisi”yə çıxıb 113 nömrəli marşrutla “İnqilab”dan keçib “Azadlıq”a çıxırdım. Yollar tıxaclı, narahat olsa da, AZADLIQa gedən ən qısa yol İNQİLABdan keçir. Buna o vaxt da bugünki kimi əmin idim!

Bu adamlar arasına necə düşdüyümü dumanlı xatırlayıram. Universiteti bitirəndən sonra 1 ilə yaxın kənddə yaşamağa məcbur olmuşdum. Boğulduğumun fərqindəydim, ən optimal çıxış yolu - həm iç dünyam, həm də gələcəyim baxımından - təhsilimin davam etdirilməsi idi. Həə, bu məni kiçik görən, bəzən qaradinməz, sıxıcı, darıxdırıcı, bəzi vaxtlar hətta “demaqoq” sayan adamların arasına özümü “böyük adam” olmaqdan ötrü atmışdım.

Içki adamı bohem həyata sürükləyir. Bunu bilirəm, amma bildiyim bir şey də var ki, bəzən bilə-bilə özünü incitmək, əzab vermək, acıtmaq, göz-görə bohem həyatın ən tənha küçələrinə sürüklənmək istəyir adam...

Mənə dünyanın ən gözəl hissinin dadını öyrədən adam, eyni zamanda ən pis vərdişlərini, ən iyrənc içkilərinin dadını da öyrətmişdi.

Gərginliyi aradan qalxır. Bütün əzələlər boşalır... On dəqiqəyə yaxındır ki, isti duşun altında səssiz dayanıb aram-aram nəfəs alıram. Suyu bağlayıb aynanın qarşısına keçirəm, bədənimdə sevginin nişanələrini axtarmağa başlayıram... Qollarımda, boynumdakı göyərmiş yerlərə xəfifcə toxunuram. Sevgi nişanələri budur mu? Sevginin sübutu, dəlili öpüşmək, sevişməkdirmi??? Hisslərin, duyğuların istefa verib ucqar zirvələrə qalxdığı, ya da dərin çökəkliklərə endiyi dövrdə yaşamaqdayıq...

Boynunu qucaqlayıb dərindən nəfəs alıram. Yanağından öpüb qulağına onu sevdiyimi pıçıldayıram. Bu gün də həmişə olduğu kimi şokoladlı qəhvəmizi içib parka gəzməyə gedəcəyik. İlk gündən mənə tanış və doğma gələn əllərini sevirəm, həmişə isti olur. Onun yanında heç üşümürəm, hüzurlu və rahatam.
XS
SM
MD
LG