Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:27

Qala bələdiyyəsi eyni torpağı iki nəfərə necə satıb


-
«Qala bələdiyyəsindən 2005-ci ildə sərəncamla torpaq almışam. İl yarım əvvəl təsadüfən torpağıma gedəndə gördüm ki, orda başqası ev tikir. Yaxınlaşıb səs-küy saldım ki, bura mənim torpağımdır, sizə kim ixtiyar verib ki, başqasının torpağında mülk tikəsiniz? Dedilər, torpağı bir ilə yaxındır almışıq. Mən bələdiyyəyə getdim, soruşdum ki, mənim torpağımı başqasına kim satıb?»
Qala sakini Tural Hacıyev «Qaynar xətt»ə Qala bələdiyyəsindən şikayət edib. Deyir, vaxtilə ona qanuni sənədlə satılmış torpaqda bir də xəbər tutub ki başqası ev tikir. Araşdıranda isə üzə çıxıb ki, necə deyərlər bir qızın iki adaxlısı var. Eyni torpaq sahəsi Tural Hacıyevdən sonra bir başqasına da satılıb.
«ELƏ YERDƏN TORPAQ SAHƏSİ TƏKLİF ETDİLƏR Kİ...»
«Getdim bələdiyyəyə, araşdırmağa çalışdım ki mənim torpağım başqasına necə satılıb. Dedilər, orda sənin torpağın yoxdur. Mən sənədlərimi təqdim etdim. Bələdiyyə dedi ki, bu sənəddən hazırda torpaqda ev tikəndə də var. Sonra da dedilər ki, torpaq sənə saxta sənədlə satılıb. Sübut edə bilmirəm ki, məndəki qanuni sənəddir, onların ikinci alqı-satqı üçün verdikləri sənəd saxtadır».
Tural Hacıyevin sözlərinə görə, bələdiyyə sədri ona vaxtilə aldığı torpağın pulunu ödəmək istəyib. O isə razılaşmayıb:
«Mən 8 il əvvəl 6 sot olan həmin torpağa cəmi 2500 manat vermişdim. İndi isə orda torpağın 1 sotu ən aşağısı 3000 manatdır. Bələdiyyə sədri deyir gəl sənə 2500 manat verək, əl çək. Mən razılaşmadım. Sonra dedi, bir az gözlə, sənə başqa yerdən torpaq verərəm. Bir neçə ay get-gəl etdim, axırda mənə elə yerdən torpaq təklif etdi ki, ən tezi 10 ildən sonra bəlkə o yerlərə insan ayağı dəyə. Təbii ki, buna da razılaşmadım».
Tural Hacıyev deyir, nə başqa yerdən torpaq istəmir, nə də pul. O, 8 il əvvəl sənədlə aldığı torpağındakı tikilinin sökülməsini, torpağın özünə qaytarılmasını tələb edir.
Qala bələdiyyəsindən “Qaynar xətt”ə bildirdilər ki, Tural Hacıyevə torpaq sahəsi əvvəlki bələdiyyə sədri tərəfindən qeyri-qanuni satılıb. Sonradan onun müqaviləsi ləğv edilib və torpaq sahəsi başqasına satılıb. Bələdiyyədən Tural Hacıyevə məhkəmə qapısı göstərilir. Məsləhət görülür ki, əgər həmin torpağa sahiblik iddiası varsa, bunu hüquqi müstəvidə həll etsin. Elə Tural Hacıyev də yaxın vaxtlarda sənədlərini toplayıb Qala bələdiyyəsini məhkəməyə verəcəyini deyir.
XS
SM
MD
LG