Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:11

Günəşi əvəz eləyən qız


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 10-luğundan


Aslan Quliyev


GÜNƏŞİ ƏVƏZ ELƏYƏN QIZ


Günəş batdımı, kor olurdu, sanki günəş ətrafda nə varsa, hamısının neqativini çıxardır, əşyalar, adamlar qara kölgələrə, siluetlərə dönürdülər.

Yalnız günəş doğandan sonra adi adamlar kimi görməyə başlayırdı. Əvəzində isə gecələr gündüzlər olduğundan güclü hiss eləyir, duyur, eşidirdi.

Az qala şəhərdəki bütün göz həkimlərinin yanına getmişdi, hərəsi bir söz deyirdi. Bəziləri ona inanmırdılar, deyirdilər, «toyuq korluğu» deyilən bir xəstəlik var, belə xəstələr qaranlıqda toyuqlar kimi görmürlər, amma işıqlandırılan hər yerdə görürlər. Səninsə görməyin qaranlıqla yox, günəşlə bağlıdır. Günəş doğdumu, qaranlıq da olsa, görürsən, günəş batdımı, kor olursan. Hava işıqlıdısa, gecə işıqları yanırsa, sən niyə də görməyəsən?

Yaşlı bir həkim isə dedi: «Qədimilərdə bir tayfa var imiş, yarasalar kimi gündüzlər görməzmişlər, gündüzlər yatar, gecələr ova çıxarmışlar. Günəş çıxanda görən, batanda kor olan insan tayfası olmayıb. Özünü günəşə köklə. Günəş batdımı, uzan, yat, doğdumu, oyan. Özünü qoru, gecələr çölə çıxma».

Ömrünün ən gözəl, qaynar çağlarıydı, gecələr evdə otura bilmir, şəhərə çıxırdı. Küçədə bir çətinliyi olurdusa, yanından keçən kölgələri səsləyib kömək istəyirdi.
Yenə də gecə gəzməyə çıxmışdı, yaxınlıqdakı kafeyə getmək istəyirdi, amma ora düşən pilləkəndə yıxılacağından ehtiyat eləyirdi. Kömək istəməli oldu, yanından keçən kölgəni səslədi:

- Sizi bir dəqiqə olarmı?
- Olar, - kölgə dayandı. Qız imiş, səsi cingildəyirdi.
- Məni kafeyə apara bilərsən?
- Özün gedə bilmirsən?
- Bilmirəm, -dedi. – Mən gecələr görmürəm.

Qız onun əlindən yapışdı, gecələr güclü olan duyğuları artıq hərəkətdəydi, bu qara obyekt haqdakı məlumatlar onun beyninə yuvasından taxıl zəmisinə axın eləyən qarışqa sürüsü kimi axışımağa başladı.

Saçının, dərisinin, paltarının qoxusunu duyurdu. Qız hələ ərə getməmişdi, ərə gedənlərin qoxusu başqa cür olur, kasıb ailədən idi, saçlarını ucuz şampunlarla yuyurdu. Dərisinin isə gözəl qoxusu var idi.

- Adın nədir? – kölgə -qızdan soruşdu.
- Demirəm! - qız sərt cavab verdi.
- Heyf, yoxsa sənə evlənmək təklif eləyəcəkdim, - zarafat eləmək istədi.
- Nahaq yerə! - qızın səsi cingildəyirdi, ciddi danışırdı. – Təklif eləyəcəkdin, dərhal da yox cavabı alacaqdın!

Qızın əlinin titrəyişindən, səsinin tonundan hirsləndiyini hiss olunurdu. Ancaq əlini çəkmir, çıxıb getmirdi. Yəqin ona yazığı gəlir, yarı yolda qoymaq istəmirdi. Qız deyirdi: «Gecələr gündüzlərdən uzun olur, sən gecələr görmürsənsə, ömrünün yarıdan çoxunu görməyəcəksən. Bizim onsuz da problemlərimiz çoxdur, kənardan bir problem də gətirməyə ehtiyacımız yoxdur. Anladınmı?» «Anladım», - boğuq səslə dedi.

Qız qara pərdəni aralayaraq onu qara kölgələrin dolaşdığı geniş otağa saldı və çıxıb getdi. Əl havasına arxasında qara kölgələrin oturduğu qara stolların arasından keçib boş stol tapdı. Qara stulu geri çəkdi və oturdu. Baxışlarını qara tavana dikib, ucadan səsləndi:

- Mənə bir bakal pivə gətir.

Pivəsini gətirdilər, kölgənin qara əli havada qövs cızaraq pivə bakalını stolun üstünə qoydu.

Sərin pivədən kiçik qurtumlarla, tələsmədən içirdi Gözlərini yummuşdu, onsuz da görmürdülər, açıq qalmaqlarının bir mənası yox idi. Belədə daha rahat idi, indi gözlərinin önündə kölgələr dolaşmırdı, bütöv bir zülmət var idi, bu zülmətin içindən yalnız səsləri eşidirdi.

Kofedən çıxandan sonra əl havasına gedirdi, təsadüfi toqquşmadan qaçmaq üçün bir əlini qabağa uzatmışdı, addımlarını ehtiyatla atırdı. İşıqlandırılmayan döngələrdə, tinlərdə, kölgələrin birləşib bir tam yaratdıqları yerlərdə bütün diqqətini toplayırdı. Amma bəzən ehtiyatlı olmaq kara gəlmirdi, ayağı hardansa peyda olmuş çuxura düşür, nəyəsə ilişir, yıxılırdı. Bəzənsə heç gözləmədiyi yerdən çıxan kölgəylə toqquşurdu.

Hələlik ciddi zədələr almamışdı, amma üzü, alnı sıyrılır, əlini, qıçını əzirdi. Özü bacarmazdı, evlərinin yaxınlığındakı aptekdə gecə növbəsində işləyən qonşu qız onun yaralarını yuyur, sarıyır, həmişə də məzəmmətləyirdi. «Gecə görmürsənsə, küçədə nə işin var, evində otura bilməzsən?»

- Otura bilmirəm! – o da pərt halda mızıldanırdı.

Bir dəfə isə itlə toqquşdu, evlərin tinindən qaçaraq çıxan it ayaqlarına dolaşdı və özünü saxlaya bilməyib itin üstünə yıxıldı. İt zingildəyir, çapalayırdı. Ayaqlarını, qolunu, alnını dişləmişdi.

Qonşu qız yaralarını yuyub sarısa da, onu məcbur eləyirdi ki, xəstəxanaya getsin. «İt quduzmuş, - qız göz yaşları içində deyirdi. - Sənə mütləq quduzluğa qarşı zərdab vurulmalıdır. Alnından tutması lap qorxuludu, yeddi-səkkiz saat içində quduz ola bilərsən». «İt quduz deyildi, - qızı inandırmağa çalışırdı. – Axı mən gecələr itləri və adamları daha yaxşı tanıyıram. Canını qurtarmaq üçün dişləyirdi».

Doğrudan da quduz olmadı, yaraları da tezliklə sağaldı, amma itin dişlərinin yeri alnında aypara şəkilli çapıq buraxmışdı.

Yaşadığı binanın həyətinə dönüb dalana girdi, dördüncü mərtəbədə olurdu. Elə bil ayaqları pillələri, meydançaları sayırdı, həmişə bir qayda olaraq yeddinci meydançada dayanırdı və hələ indiyə kimi mərtəbəni səhv saldığı olmamışdı.
Qapısının qabağında dayanıb açarı çıxartdı, bir əliylə axtarıb açarın deşiyini tapdı və qapını açdı. Qapının sol tərəfindəki düyməni basan kimi də qaranlıq diksinərək geri sıçradı, evi, içəridəki əşyaları tor arxasından görürmüş kimi seçməyə başladı. Günəş işığına oxşar işıq salan elektrik lampaları almışdı və bu işıqlarda aydın da olmasa, görə bilirdi.

Yatağına girəndə səhərin tez açılmasını, günəşin doğmasını arzulayırdı.

***

İllərin o üzündən anası ona deyirdi: «Oğlum sənin ruhun günəşdədir, günəş çıxdımı, sən də çıxırsan, günəş batdımı, sən də batırsan».

- Ana, batmıram! – etiraz elədi. – Yalnız görmürəm. Günəş doğacaq və mən yenə də görəcəyəm.

***

Sevda adlı bir iş yoldaşı var idi, xurmayı saçları, asiyalılar kimi qıyıq gözləri, günəşdə yanmış, tunc rənginə çalan sifəti ona xüsusi yaraşıq verirdi. Tanış olduqları ilk gündən özündə qıza qarşı rəğbət hiss eləmişdi. Qız da ona biganə deyildi, onun yanında olmaq, onunla söhbət eləmək üçün bəhanə axtarırdı.

Tezliklə işdən sonra görüşməyə başladılar, şəhərdə gəzir, söhbət eləyir, parklarda, bağlarda öpüşürdülər. Həmişə də günəş batana yaxın evə qayıdırdı, qıza günəş batandan sonra görmədiyini demişdi, amma qızın onun qaranlıqda necə köməksiz olduğunu görməsini istəmirdi.

Qız onu tələsdirirdi, daha nə gözləyirsən, elçilərini göndər, evlənək, yoxsa qardaşlarım xəbər tutar, başımıza oyun açarlar. Küçədə təsadüfən ona kömək eləmiş qıza zarafatla da olsa evlənmək təklif eləmək istəyəndə tərəddüd eləməmişdi, Sevdaya isə evlilik təklifi eləyə bilmirdi. Hər dəfə də qız bu mövzuda söz salanda mızıldanırdı:

- Axı mən səni əməlli tanımıram.

- Tanımağın üçün neyləməliyəm? – bir dəfə də belə deyəndə qız soruşdu.

- Bilmirəm, - dedi.

Birdən yadına gecə qoxuları necə duyması düşdü, sifəti işıqlandı, gecə görüşək, dedi, onda mən səni əməlli tanıyacağam. Qız ona heyrətlə baxırdı, gündüzlər görüşəndə, nə qədər təkid eləsə də, gün batana yaxın qalmır, evə tələsirdi, indi isə gecə görüşməyi təklif eləyirdi. Bununla belə daha bir söz demədən razılıq verdi.

İşdən çıxanda çiçək dükanından bir dəstə ağ qızılgül aldı. Gözəl güllərdi, amma qoxuları hiss olunmurdu. Ən çox sevdiyi qoxu yasəmən qoxusu idi. Aprelin ortalarında kənddəki evlərinin həyətində gur çiçəkləyən yasəmən kollarını xatırlayırdı. Anası səhər tezdən otağın pəncərələrini açar, səhər mehi sübhün yasəmən qoxulu havasını içəri doldurardı. Saf, təmiz hava saçlarını, üz-gözünü sığalladıqca, boyun-boğazına dolduqca, o ixtiyarsız halda gülümsəyərdi.

Gur çiçəkləyən yasəmənləri xatırlayıb gülümsədi.

Evdə üzünü qırxdı, duş qəbul elədi, mavi zolaqlı köynəyini, təzə aldığı şalvarını ütülədi, çay dəmlədi, bir stəkan çay içib geyindi. Oturub günəşin batmasını gözlədi. Pəncərədən baxmadan da günəşin batdığını hiss eləyirdi, əşyalar tədricən kölgələrə dönməyə başlayırdı.

Günəş batandan sonra evdən çıxdı. Qızılgülləri qucağına sıxmışdı, gündüz çiçəklərin qoxusunu hiss eləməmişdi, amma günün batmasıyla çiçəklərdən gələn tünd qoxu başını hərləndirirdi.

Aptekin qabağında görüşdülər. Çiçəkləri qıza bağışladı. Qız qolundan yapışan kimi də qızın bədənindən duyğular, qoxular qarışqa sürüsü kimi axışmağa başladı, qoluyla üzü yuxarı dırmaşaraq beyninə daxil olur, bütün yatmış hisslərini oyadırdı. Qız bahalı sabunlarla, şampunlarla yuyunurdu, amma onu çaşdıran qızın bədəninin qoxusu idi. Bu qoxu ərli, kişilərlə birlikdə yatan qadınlarda olurdu. Əyər qız artıq kişilərlə yatırdısa, onunla niyə evlənmək istəyirdi? Yatdığı kişiylə evlənə bilməzdimi?
Küçəni keçib ağacların arasındakı boş stolun arxasında oturdular. Bir qədər tərəddüd eləyəndən sonra boğuq səslə qızdan soruşdu:

- Çoxdan kişilərlə olursan?
- Necə? – qızın səsində qəzəb və heyrət var idi.
- Kişilərlə çoxdan…
- Alçaq!

Qızın əlinin havada qövs cızdığını görsə də, başını aşağı əymədi, sillə qulağının dibindən necə dəydisə, gözlərindən qığılcım çıxdı. Qız ayağa qalxdı, əli təzədən havada qövs cızaraq stolun üstündəki qızılgülləri götürdü. Gülləri hirslə onun baş-gözünə çırpırdı, sonra da bir tərəfə atıb, digər kölgələrə qarışaraq yox oldu.
Ayağa qalxdı. Ayağının altında qalan qızılgüllərin tünd qoxusu bir daha başını hərləndirdi, çiçəklərə hədsiz heyfi gəldi. Yolu kömək olmadan keçə bilməzdi, yanından keçən kölgədən kömək istədi və kölgə qoluna girib onu yolu keçirtməyə başladı.

Bu gecə nələr olurdu, bunca təsadüf ola bilməzdi axı! Qarışqa sürüsü kimi beyninə doğru axışan duyğuları artıq onu məlumatlandırmışdı, bu həmən qız idi, dünən onu kafeyə aparan.

- Mən sizi tanıdım, - dedi.
- Tanıdın? – qız soruşdu.
- Hə. Problemli qızsınız.
- Bəs gecələr görmürdün? – qızın cingiltili səsindən qəzəb yağırdı.
- Elədi, görmürəm. Amma duyuram.

Qız səkidə onunla yanaşı addımlayırdı. Qıza təklif eləyirdi, sabah iş günü deyil, gəl bu parkda görüşək, danışaq. Bir-birimizi görəndə söhbətimizin alınacağına əminəm. İkimiz də eyni vəziyyətdə olanda bir-birimizi başa düşəcəyik. Mən adamları əməlli tanımaq üçün onları həm gündüz, həm də gecə görməliyəm. Gündüz gördüyümü gecə, gecə gördüyümü də gündəz görəndə əməlli tanıya bilirəm.

Qız onun dediklərini ciddiyə almırdı, qəribə adamsan, məni görmürsənsə, görüşə niyə çağırırsan? Bəlkə eybəcər, çirkin qızam? O isə etiraz eləyirdi, yox, sənin kimi qızlar çirkin ola bilməzlər.

Düşünür, qızın necə olduğunu təsəvvür eləyirdi. Ona elə gəlirdi, qızın gur, qıvrım saçları, iri, qara gözləri var. Çənəsi də yumrudu.

- Dünən soruşdum, demədin. Adın nədir? – qızdan soruşdu.
- Dünən demədim, bu gün də deməyəcəyəm.
- Amma mən yenə də sənə evlənmək təklif eləmək istəyirdim…
- Təklif eləyəcəkdin, yenə də yox deyəcəkdim, - qız gülürdü.

Qız onunla birlikdə döngədəki şam ağacına kimi getdi, ağacın yanında dayandılar. Heç gözləmədiyi halda qız birdən fikrini dəyişdi, yaxşı, dedi, sən mənə maraqlı birisi gəldin, sabah görüşək.

Səhər saat 10-da burda görüşməyi razılaşıb ayrıldılar.

Qız çıxıb getdi, digər addım səslərinin içində qızın uzaqlaşan addım səslərini belə eşidirdi.

***

Ondan soruşurdular:
- Gecə gözəldir, ya gündüz?
O belə cavab verirdi:
- Gündüz, günəşi və çoxlu rəngləri var. Gecənin isə bircə qara rəngi var.

***

Səhər bir dəstə gül alıb qızın görüşünə tələsdi, günəş doğmuşdu, o da hamı kimi görürdü. Gecələr kölgələr dolaşan, qara rənglər içində boğulan, indi isə işığa və əlvan rənglərə qərq olmuş küçəylə gedirdi. Qəlbi sevinc və fərəh içində çırpınır, kölgəsini gördüyü qızı olduğu kimi görmək üçün tələsirdi. Qız onun üçün bir foto şəkil idi, bu şəklin yalnız neqativini görmüşdü, özünü də görməyə səbirsizlənirdi.
Həyəcanlanmışdı, bəlkə elə duyğuları onu aldatmışdı, qız doğrudan da çirkin, eybəcərin birisiydi, onda necə olacaqdı? Belə qızı sevə biləcəkdimi? Ya dilə tutub görüşə razı salandan sonra əslində necə olduğunu görüb yox deməyə gücü çatacaqdımı?

Uzaqdan qızı görən kimi tanıdı, duyğuları onu aldatmamışdı, necə təsəvvür eləyirdisə, eləydi. Gur qıvrım saçları, iri qara gözləri, yumru sifəti, burnu, qarayanız sifəti var idi. Qara, dar şalvar, ağ kofta geymişdi, gülümsəyirdi.

Tərəddüd eləmədən qıza yaxınlaşıb çiçəkləri ona uzatdı. Qız çiçəkləri aldı, heyrətlənmişdi.

- Məni necə tanıdın?

- Sən elə mənim təsəvvür elədiyim kimisən, - qızararaq dedi.

Qızın sifətinə yayılan təbəssüm üz-gözünü işığa boyayırdı, qız gülümsəyəndə daha da gözəl olurdu. Sonra ağacların arasındakı kafeyə getdilər. Burda dondurma yeyir, söhbət eləyirdilər.

Qız ona inamsızlıqla, bir qədər çaşqınlıqla baxır, hərəkətlərini diqqətlə izləyirdi. Hələ də onun günəş batandan sonra görmədiyinə, günəş doğandan sonra isə adi adamlar kimi gördüyünə inana bilmirdi.

Birdən qız gülərək dedi:
- Adımı soruşmursan axı?
- Soruşuram, amma sən demirsən, - qızararaq etiraz elədi.
- O dünən idi. Soruş.
- Soruşum da. Adın nədir?
- Günəş! – qız gülümsəyərək dedi.
- Necə? – heyrətlə səsləndi. – Sən bilirsənmi, mənim ruhum günəşdədir.
Anasının dediklərini qıza danışır, qız isə ona inamsızlıqla qulaq asırdı.
Mən istəyirəm sən əsl günəş olasan, - qıza dedi.
- Cavan oğlan, - qız dodaqlarını büzdü, - yer üzündə hər şeyin saxtası olur, bircə günəşdən başqa. Mən elə əsl Günəşəm!

Qız başını arxaya əyərək gülməyə başladı, qulağının üstündəki qıvrım saçları titrəşir, təbəssüm sifətini işıqlandırdıqca ona elə gəlirdi, doğrudan da günəş doğur.
Bu gündən başlayaraq tez-tez görüşməyə başladılar, yenə də bir qayda olaraq qızla gündüzlər görüşür, günəş batmağa az qalmış evə qayıdırdı. Qız təkid eləyirdi, qal, mən səni evinizə apararam, amma razılaşmırdı.

Getdikcə bu qıza bağlanır, onu daha çox sevirdi. Qızın da artıq ona münasibəti dəyişmişdi, ona inanırdı, evlilik təklifini də qəbul eləmişdi, payızda toylarını eləməyi qərara almışdılar. Daha hansısa problemdən söhbət salmırdı, əksinə, onun günəş batandan sonra görmədiyindən söz düşəndə gülümsəyərək deyirdi:

- Günəş batandan sonra sənin günəşin mən olacağam, sən günəşin batdığını hiss eləməyəcəksən. Mən sənin üçün günəşi əvəz eləyəcəyəm.

***

Ondan soruşurdular:
- Gecə yaxşıdır, ya gündüz?
O belə cavab verirdi:
- Hər ikisi. Hər ikisində Günəş var.

***

Hər şey yaxşıydı. Günlər yay istisi və bürküsü içində ilğımlanır, onun qəlbi yenə də sevgi və həyəcanla döyünürdü.

Sevda ilə münasibətləri korlanmışdı, qız onunla danışmır, ondan uzaq gəzirdi.
Bir gün iş yerinə üç nəfər idmançı bədənli, sir-sifətlərindən zəhər yağan cavan oğlan gəldi, onu çölə çağırdılar. Sevdanın qardaşlarıymışlar. Ona qulaq asmadan, heç danışmasına imkan vermədən qısaca dedilər: «Bacımızı aldadıbsan, tezliklə evlənməlisiniz. Sənə bir ay vaxt veririk, ya elçilərini göndərirsən, ya da öləcəksən».
Sözlərini deyən kimi də çıxıb getdilər. Ağzı açıla qalmışdı, bu adamlar nə danışırdılar? Hansı əsrdi? Yuxu gördüyünü zənn eləyirdi, amma stolunun üzərinə əyilib xısın-xısın gülən Sevdanı görəndə bunun heç də yuxu olmadığını başa düşürdü.

Bu qız nəyə gülürdü, niyə kefi belə kökəlmişdi, oğlanlarla min oyundan çıxmış, sonda onu şərə salmışdı. Başını qaldırıb hələ də özünə gələ bilməyən onu səslədi. «Hə, elçilərini haçan göndərirsən? Bax işinə, ya elçilər gələcək, ya sən öləcəksən! Hə, bilirəm, bura dağ başı deyil, amma adamları dağların başındansa, şəhərin ortasında daha çox öldürürlər».

- Mən yaşamaq istəyirəm, - çaşqın halda dilləndi.

- Mən də! – qız etinasız halda çiyinlərini çəkdi.

- Sənin yaşamağın üçün mən mütləqmi ölməliyəm?

Yox, qız deyirdi, başını işlətməlisən. Sənə yazığım gəlir, ölməyini istəmirəm. Elçilərini göndər, evlənək, uzağı bir-iki aydan sonra mən səni qovaram, deyərəm, beləsi ilə birlikdə yaşaya bilmirəm.

Razılaşmadı, bu nə axmaq zarafatdı? Bir kimsə onu zorla evləndirə bilməzdi. Elçilərini də göndərməyəcəkdi! Günəşi sevirdi, onunla da evlənəcəkdi!

İşdən tez çıxıb polis idarəsinə getdi. Bir qayda olaraq bu idarəyə girmək istəmirdi, elə bilirdi görkəmindən sünilik, yadlıq yağan bu binaya girərsə, paqonlu, binanın özü kimi yad adamlar bir daha heç vaxt onu buraxmayacaqlar və ömrünün sonuna kimi burda qalacaq.

İndisə məcburdu, binaya girdi və onu tosqun, sifəti işıldayan bir kapitanın yanına göndərdilər. Kapitan işıqlı, rəngləri və əşyaları ilə göz qamaşdıran otaqda oturmuşdu, ona qulaq asdıqca kreslosunda yırğalanırdı. «Narahat olma, - dedi, - onları bir sıxarıq, yolarıq! Heç sənin həndəvərinə də fırlanmağa cürət eləməzlər!»

- Öldürməyəcəklər? – çəkinə-çəkinə soruşdu.
- Öldürməzlər! – kapitan dedi
- Qoruyacaqsınız…
- Qoruyacağıq! - kapitan dedi və əliylə qapını göstərdi.

Söhbət bitmişdi.

Səhərisi işdə qız yenidən onun üstünə düşdü, polisə nahaq deyibsən, qardaşlarım polisə görə heç vaxt səni öldürmək niyətlərindən əl çəkməzlər.

Ölməyəcəkdi, qoymayacaqdılar, yad binadakı, işıqlı otaqdakı kapitan onu arxayın eləmişdi. Qoruyacağına söz vermişdi. Bu adamlar nəinki onu öldürəcəkdilər, heç həndəvərinə də fırlana bilməyəcəkdilər!

Axşamçağı işdən çıxanda qız ona qəribə sual verdi.

- Ölüm ayağında nə arzularsan?
- Günəşin doğmasını, - fikirləşmədən dedi.
- Niyə? – qız heyrətləndi.
- Günəş doğanda hər şeyi olduğu kimi görürəm.
- Mən sənin gündüz ölməyin üçün Allaha dua elərəm, - qız dedi, onun səsində canıyananlıq, səmimilik var idi.

Lazım deyil, o da əlini yellədi, dua eləmə, mən ölmək istəmirəm, nə günəş batanda, nə də doğanda.

***

Axır çərşənbənin səhərisi anası çaydan bir səhəng yeni su gətirib otaqlara, onların üz-gözünə çiləyərdi. Hava soyuq olardı, su da bumbuz, üzünə su çiləndikcə büzüşər, tir-tir əsərdi. Bir dəfə anasından xahiş elədi:

- Ana, üşüyürəm, mənə su çiləmə.

- Yox, - anası razılaşmadı, - çiləməsəm, gündüzlər də görməzsən.

Bundan sonra isə axır çərşənbələrin səhərisi özü birinci olaraq irəli keçirdi:

- Ana, üzümə yeni su çilə!

***

Bu haqda Günəşə danışmağı lazım bilmədi. Qızı narahat eləmək, qorxutmaq istəmirdi. Amma daima səksəkə içindəydi, oğlanların elə-belə söz demədiklərini bilirdi.

Yenə də əvvəlki kimi görüşür, parkda dolaşır, dənizin sahilinə gedir, dükanları gəzir, kafelərdə vaxt keçirirdilər. Günlər keçdikcə də arxayınlaşır, oğlanların onu unutduqlarını zənn eləyirdi. Sevda da daha bu haqda söz salmırdı.

Həftənin sonunda günəş batana yaxın yenə də evə qayıtmaq istəyəndə qız qoymadı, bu gün qal, dedi, niyə narahat olursan, daha sənin üçün günəşin batmasının qorxusu yoxdu, günəşi mən əvəz eləyəcəyəm.

- Eləyə biləcəksən? – cəsarətsiz halda soruşdu.

- Biləcəyəm, - qız əminliklə dedi, - axı mən də günəşəm.

«Günəşsən, - ürəyində təsdiq elədi, - amma yerdəki günəşisən. Yerin günəşi isə göyün günəşini əvəz eləyə bilməz».

İstəməsə də, qalmalı oldu. Şam ağacının dibindəki oturacaqda oturub günəşin batmasını gözləyirdilər.

Günəş batdı. Bircə anda işıqlı dünya, adamlar, yaşıl yarpaqlar, ağacların və evlərin üzərində ilğımlanan yay havası yoxa çıxdı. Ətrafında hər şey kölgələrə, neqativlərə çevrildi.

Qız onun qolundan yapışdı, ağacların arasındakı kafeyə getdilər. Boş stol tapıb oturdular, dondurma sifariş verdilər.

- Günəşi əvəz eləyə bilirəmmi? – qız soruşdu.

- Yox, - həqiqəti deməli oldu.

Qızın incidiyini hiss elədi, qız belə cavab cözləmirdi. Axı əvəz elədiyini də deyə bilməzdi, qız sadəcə olaraq ona kömək eləmişdi, günəşi əvəz eləyə bilməmiş, günəş ola bilməmişdi.

Bu gündən başlayaraq daha gün batana yaxın evə tələsmirdi, qızla birlikdə qalır, kölgələrin arasında gəzib dolaşırdılar. Qız çox istəsə də, günəşi onun üçün əvəz eləyə bilmir, yalnız gün batandan sonra onun gözləri olurdu.

***

- Səni günəş doğanda öldürsünlər deyə dua eləyirəm, – Sevda ona dedi.
- Olmazmı məni öldürməsinlər deyə dua eləyəsən?
- Olmaz, - qız başını yırğaladı.

***

Üç kölgənin onların stoluna nə vaxt yaxınlaşdığını hiss eləmədi, gəlib stolun yanında dayandılar. Ortadakı, digərlərinə nisbətən uzun kölgə dilləndi, sənin vaxtın bu gün tamam oldu, biz istəməzdik, ancaq ölümü sən özün seçdin.

Kölgələr ona toxunmasalar belə bu kölgələrdən ona doğru qarışqa sürüsü axışırdı, o hər nəyi duyur, hiss eləyirdi. Bu adamlarda rəhm, insaf yox idi, lap elə ayaqlarına düşüb yalvarsaydı da, rəhm eləməyəcək, onu öldürəcəkdilər.

Tosqun əclaf yalan yerə onu qoruyacağına söz vermişdi.

Uzun kölgə təzədən dilləndi:

-Son bir arzun varmı?
- Hə, - dedi.
- Nədir?
- Günəşin doğmasını istərdim.
- Niyə?
- Son dəfə hər şeyi olduğu kimi görmək istəyirəm.
- Günəş bizlik deyil. Başqa arzun varmı?
- Yox.
- Onda gülə-gülə!

Atəş səslərini eşitmədi, sanki birdən sinəsinə qızmar közlər sancılmağa başladı. Qurğuşun parçaları sinəsinin sümüklərini qıraraq bədəninə daxil olur, ciyərini, ürəyini parçalayırdı. Qız qışqırır, köməyə çağırırdı.

Sürüşərək stuldan yıxıldı, qız çox çalışsa da, onu saxlaya bilmədi. Arxası üstə yasəmən kolunun dibinə yıxılmışdı. Yenidən həyətlərindəki gur çiçəkləmiş yasəmən kollarını xatırlayır, illərin o tayından hətta yasəmənlərin qoxusunu belə duyurdu.
Gözlərini açıb baxanda hər şeyi olduğu kimi gördüyünü hiss elədi. Qız üzərinə əyilmişdi, yanaqları ilə göz yaşları süzülürdü, gur saçları yumru sifətinə yaraşıq verirdi. Dəniz tərəfdən əsən külək ağacların yaşıl yarpaqlarını xışıldadırdı, küçə işıqları sayrışırdı.

İnana bilmirdi. Aman Allah, o görürdü!

Son gücünü toplayıb:

- Mən görürəm! – dedi. - Sən günəşi əvəz elədin!

***

- Ana, deyirdin sənin ruhun günəşdədir. Mən yalnız günəş batanda görmürdüm, indi isə günəş çıxanda da görmürəm.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG