Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:08

DİN Göyçayda baş verən hadisəyə aydınlıq gətirir


FotoI Arxiv
FotoI Arxiv
-
Daxili İşlər Nazirliyi Mətbuat Xidməti Göyçay rayonunun Çərəkə kəndində baş verən hadisə ilə bağlı mayın 18-də AzadlıqRadiosunda gedən yazıda bəzi məqamlarla razılaşmır.

Mayın 20-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin AzadlıqRadiosuna göndərdiyi açıqlamada bildirilir ki, Bakı sakini Vaqif Bədirov mayın 16-da axşam saatlarında Göyçayın Çərəkə kəndi ərazisində avtomobilini sərxoş halda idarə edərkən onun arxa hissəsini ağaca vurub.

Bu barədə «102» xidmətinə daxil olan məlumatdan sonra yol polisi əməkdaşları hadisə yerində olublar:

«Bu zaman Çərəkə kənd sakinləri Ruslan Səmədovla sərxoş vəziyyətdə olan Mikayıl Rzayev Vaqif Bədirovun guya qonaqları olduğunu bəhanə edərək polis əməkdaşlarının öz qanuni vəzifə borclarını yerinə yetirmələrinə mane olublar. Polis tərəfindən onların belə qanunsuz hərəkətlərinin qarşısı alınıb. Məsələnin aydınlaşdırılması üçün adları çəkilən şəxslərin polis şöbəsinə aparılması zərurəti yaranıb».

Açıqlamada Vaqif Bədirovun Ruslan Səmədovun avtomobilinə mindirilmədiyi qeyd edilir. Bildirilir ki, həmin avtomobildə içkili vəziyyətdə olan onun həmyerlisi Mikayıl Rzayev imiş və:

«Ruslan Səmədov avtomaşını yaşadığı ünvana yaxın bir yerdə saxlayaraq qaçmağa cəhd göstərib. Onun bu hərəkətinin qarşısı alınarkən, anası Zəkəriyyə Səmədova, bacısı və həyat yoldaşı buna maneçilik törədib, lakin polis əməkdaşları təmkin nümayiş etdirərək R.Səmədovun polis şöbəsinə gətirilməsini təmin edib».

Açıqlamada polisin qanuni tələblərinə tabe olmadıqları üçün Ruslan Səmədovla Mikayıl Rzayev barəsində 3 günlük həbs qərarı verildiyi, Vaqif Bədirov barəsində İnzibati Xətalar Məcəlləsinin 152-1.1 maddəsi ilə protokol tərtib olunaraq işin məhkəməyə göndərildiyi bildirilir.
XS
SM
MD
LG