Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:47

Gəncə üsyanının başçısı danışır (2-ci yazı)


Qafqaz İslam Ordusu Şamaxıda - 1918
Qafqaz İslam Ordusu Şamaxıda - 1918

«Ağlagəlməz dərəcədə gözəl bir 28 may gəlmişdi... Qoy yenilək, amma düşmən yüzlərcə, minlərcə ölümüzün üstündən keçərək qələbə çalsın. Qoy 28 may günü vətən uğrunda canından keçən möhtəşəm qurbanlar günü kimi tariximizə yazılsın. Qoy 28 mayda düşmən qəddar və amansız dirənişlə, dişə-diş, qana-qan mübarizəylə üzləşsin. Qoy 28 may günü layiqli dirəniş möhtəşəm ruhumuzun, mənəvi qələbəmizin rəmzinə çevrilsin!..».

-
Azərbaycan Cümhuriyyətinin 95 illik yubileyinə sayılı günlər qaldı... AzadlıqRadiosu ölkədə sanki gözardı edilən bu yubileyi bacardıqca xatırlatmağa çalışır. İndi sizə təqdim edəcəyimiz bu çıxış 1953-cü il mayın 27-də – Cümhuriyyətin qurulmasının 35 illiyində «Radio Osvobojdeniye»də (AzadlıqRadiosunun da ilk adı «Qurtuluş» olub) efirə gedib. Gəncə üsyanının rəhbəri polkovnik Cahangir bəy Kazımbəylinin AzadlıqRadiosunun arxivində saxlanan çıxışının tərcüməsini diqqətinizə yetiririk.

Polkovnik Cahangir Kazım bəy
Gəncə üsyanı haqqında xatirələr (efirə gedib: 27 may 1953-cü il) (Davamı)


Yazının 1-ci hissəsini burada oxuya bilərsən

ÜSYAN

Düz axşam saat 8-də öhdələrinə düşən yerlərdəki komissarları həbs edən və tam döyüş gücüylə hücuma keçən taborlar sürətli həmləylə öncədən müəyyənləşdirilən yerləri tutdular və öz tapşırıqlarını gerçəkləşdirməyə başladılar. İlk atəş səslərini eşidincə, əlinə nəgəldi silahlanan az qala bütün kişi əhali küçələrə axışdı. Onların bir qismi Qırmızı Ordu hissələriylə - diviziyayla döyüşə girən alayın köməyinə tələsdi, bir qismi də kiçik hissələri və bu hissələrin komanda heyətini tərksilah etdi.

Artıq axşam saat 11-də, demək olar, tam komanda heyəti və artilleriyasıyla birgə bütün qırmızı diviziya və «Şəriət Alayı» tərksilah olunmuş və şəhər həbsxanasına salınmışdı. Beləcə, mayın 24-dən 25-ə keçən gecə şəhər üsyançıların əlinə keçdi. Əməliyyatların birinci mərhələsi parlaq şəkildə gerçəkləşdirildi. İkinci mərhələdə tədricən yerli milli hakimiyyət, bolşeviklərlə savaşan Gürcüstan ordusuyla bağlantılar bərpa və təşkil edilməli, partizan dəstələri yaradılmalı, şəhərin müdafiəsi qurulmalıydı.

Mayın 25-də səhər saat 6-da daha sonrakı əməliyyat və birgə fəaliyyət planını müəyyənləşdirmək üçün şəhərdə olan 1-ci Azərbaycan diviziyasının rəisi general Cavad bəy Şıxlinskini, Azərbaycan ordusunun baş intendantı general Məhəmməd Mirzə Qacarı və süvari diviziyasının rəisi general Teymur bəy Novruzovu müşavirəyə çağırdım. İlk iki general onların ardınca yollanmış alay yavərinin müşayiətiylə gəldi. General Novruzov evdə olmayıbmış. Küçələrə axışmış əhalinin sevinc və şadyanalığını ayrıca söyləməyə dəyər. Onlar alay qərargahına gələn hər iki generalı «yaşasın» nidalarıyla qarşıladılar və qərargaha əllərində apardılar. Küçələrdən sevinc çığırtıları kəsilmək bilmirdi və yalnız dağılışmaq barədə israrlı xahişlərimdən sonra camaat sakitləşdi.

Həmin müşavirədə general Məhəmməd Mirzə Qacar yerli hakimiyyətin ümumi rəhbəri və təşkilatçısı seçildi. General Şıxlinski topçu olduğu üçün həm bolşeviklərdən alınan artilleriyanı, həm də onların korladığı Azərbaycan toplarını yığıb qurmalıydı.

Mən öz alayımın əməliyyatlarına və partizan dəstələrinə başçılıq etməliydim. Mayın 25 və 26-da yorulub-usanmaq bilmədən ikinci mərhələ üçün nəzərdə tutulan tədbirlər həyata keçirilməyə başlandı. Eyni zamanda nisbətən təhlükəli istiqamətlərə kəşfiyyatçılar göndərildi və şəhərin güvənliyini təmin etməkdən ötrü hər cür ölçü götürüldü. Mayın 25-də səhər saat 10 radələrində alayın qərargahına Yelendorf icması (Azərbaycandakı alman icmasının 1919-cu il aprelin 22-də saldığı Helenendorf qəsəbəsi nəzərdə tutulur. Söhbətin rusların Yelendorf kimi tələffüz etdiyi və sovetlər dönəmində Xanlar adlanan indiki Göygöl qəsəbəsindən - eyniadlı ¬ rayonun mərkəzindən gedir – tərc.) səmtindən bolşeviklərin hücuma başlaması barədə məlumat çatdırıldı. Alayın həmin istiqamətdə olan 1-ci taboru və gücləndirilmiş 1-ci topçu taboru hücumu dayandıraraq, daha sonra əks-hücuma keçdilər və düşməni ağır itki verməyə məcbur etdilər.

BOLŞEVİK HÜCUMU

Bu arada alayın qərargahına məlumat gəldi ki, Şamxor (Şəmkir-tərc.) tərəfdən şəhərə doğru döyüşə hazır vəziyyətdə hərəkət edən xeyli piyada hissələri gözə dəyib. Gəncənin şimal-qərbindən yarım verst-bir verst uzaqlıqdakı təpələrdə mövqelərini möhkəmlətmiş 2-ci tabor iki pulemyot bölüyü ilə yaxınlaşan düşmən səflərini pulemyot atəşiylə qarşılayaraq ona ağır zərbə vurdu və başıpozuq şəkildə geri çəkilməyə məcbur etdi.

Axşam saat 5 radələrində düşmən şəhərə və 2-ci taborun mövqelərinə top mərmiləri yağdırmağa başladı. Bizim artilleriya dəqiq cavab atəşiylə bolşevik toplarını susdurdu. Axşam təxminən saat 7-də döyüşlər hər yanda səngidi.

Elə həmin gün general Məhəmməd Mirzə xəstələndi.

Mayın 27-də, dan ağararkən, bolşeviklər təkrar hücum başlatsalar da, döyüş meydanında çox sayda ölü və yaralı buraxaraq yenə geri çəkilməyə məcbur qaldılar. O gün üsyançılar gün boyunca bolşeviklərin 7 qızğın həmləsini dəf etdilər.

Sübh tezdən, az qala bir gün sürən çox şiddətli top atəşi başlandı.

İstər Gürcüstandan, istərsə Qarabağ dəstəsindən gözlənilən kömək gəlməmişdi. Bolşeviklərin fəallığı getdikcə güclənir, üsyançıların durumu gündən-günə pisləşirdi. Hər nə bahasına olur-olsun, üsyançıları ruhlandırmaq, gələcək mübarizə və qurbanlara həvəsləndirmək gərək idi. Bu məqsədlə əhali və əsgərlərə uyğun müraciət hazırlayıb çap etdirdim və gecə-gündüz bilmədən, at belində ən təhlükəli mövqeləri dolaşdım.

QƏHRƏMAN MÜBARİZƏ

Ağlagəlməz dərəcədə gözəl bir 28 may gəlmişdi. Elə bil, ana təbiət də bu gündən dolayı sevinir və bərabər olmayan döyüşdə əldən düşən üsyançı xalqa təskinlik verirdi. Dan yeri ağarandan bəri ayrı-ayrı cəbhələrdə top, pulemyot və tüfəng atəşləri eşidilirdi. Zaman-zaman orada-burada mərmilər partlayırdı.

Həmin gün Azərbaycanın istiqlalı münasibətilə Dairə Məhkəməsinin binasında axşam saat 8-də Şeyxülislam başda olmaqla ən hörmətli şəxslər toplaşmışdı. Ümumi durumla tanışlıqdan sonra, demək olar ki, toplaşanların hər biri öz fikrini söylədi. Hamı sonacan mübarizəyə səsləyirdi. Qoy yenilək, amma düşmən yüzlərcə, minlərcə ölümüzün üstündən keçərək qələbə çalsın. Qoy 28 may günü vətən uğrunda canından keçən möhtəşəm qurbanlar günü kimi tariximizə yazılsın. Qoy 28 mayda düşmən qəddar və amansız dirənişlə, dişə-diş, qana-qan mübarizəylə üzləşsin. Qoy 28 may günü layiqli dirəniş möhtəşəm ruhumuzun, mənəvi qələbəmizin rəmzinə çevrilsin!..

Səhər saat 10 radələrində alayın qərargahına 2-ci taborun komandirindən xəbər çatdırıldı. Xəbərdə deyilirdi ki, şəhərin 6-7 verst şimalından, yəni Şamxor istiqamətindən Gəncəyə doğru irəliləyən xeyli sayda süvari dəstəsi qeydə alınıb. Mən 2-ci taborun mövqeyinə getdim və tabor komandiri kapitan Mirizadə ilə birgə qarşıdakı döyüş meydanında düşmənin mövqeləri ilə şəxsən tanış olub, bizim topların hədəfindəki süvari qruplaşmalarını görüb-dəqiqləşdirdim. Daha sonrakı müşahidələr bu qruplaşmaların yer dəyişərək hücuma hazırlaşdıqlarını üzə çıxardı. Mən dərhal əmr verdim ki, atəşi kəsib, mövqelərdə tam sakitliyi gözləsinlər və əldə olan pulemyotların hamısını bu məntəqədə cəmləşdirərək düşməni atəş tufanına tutmağa hazırlaşsınlar. Doğrudan da səhər saat 11 radələrində, sanki vaşaqsayağı yorğa yerişlə, hərəsində təxminən 2 eskadron olan 4 süvari qolunun mövqeyimizə doğru hərəkətləndiyi açıq görünürdü. Mən, müavinim polkovnik Qauzen və kapitan Mirizadə bölük və taborlar arasında atəş vasitələrini bölüşdürdük. Hamı atəşin açılacağı anı gözlədi. Həyəcanlandıqları da görünürdü. Süvari qolları get-gedə yaxınlaşırdı. Budur, 800 metr aralıqdadırlar... artıq 700 metr qaldı... İndi 600 metr oldu... Atəş! Bu atəşin əks-sədası bütün mövqeyə yayıldı.

6 topdan, 22 pulemyotdan, nişançı və partizanlardan ibarət tabordan hüçuma keçən süvarilərə açılan çox şiddətli cinah atəşi onları elə bir günə qoydu ki, buna tam darmadağın edilmək demək olardı. Mövqelərimizin önündəki sahə büsbütün ölü və yaralılarla örtülmüşdü. Sağ qalan tək-tək süvarilər geri dönür və atəş altında haragəldi dağılışırdılar. Gündüz saat 12 civarında süvarilərin – sonradan dəqiqləşdirildiyi kimi, süvari diviziyasının hücumu boşa çıxmış və itkilərin sayı nəzərə alınsa, əslində, məhv edilmişdi.

Gündüz saat 2 radələrində bir xəbər də gəldi ki, bolşeviklər Yelendorf səmtindən hücuma keçirlər. 1-ci pulemyot bölüyü Gəncənin ermənilər yaşayan hissəsində olan taboru və partizanları gücləndirmək üçün ayrıldı. Həmin tabor və partizanlar birgə dirənişlə bolşeviklərin o istiqamətdəki həmlələrini dəf edir, onları çox ağır itkiyə uğradırdı.

Gündüz saat 4 radələrində bolşeviklər aciz bir qəzəblə şəhəri ağır və yüngül silahlardan atəşə tutmağa başladılar. Biz o atəşlərə cavab verir, amma getdikcə tükənən mərmilərimizə də qənaət etməyə çalışırdıq. Təxminən axşam saat 8-də, az-çox, sakitlik çökdü. Usanıb-yorulan, əldən düşən döyüşçülər bir az nəfəs dərməyə və özlərinə gəlməyə macal tapdılar. Günboyu qızışdırıcı fəaliyyətinə, telefon məftillərini korladığına və təbliğat vərəqləri yaydığına görə həbsə atılmış bir neçə nəfər güllənəndi. Qanlı və qızmar 28 may günü belə keçdi.

O günü bütün üsyan boyunca ən ağır gün saymaq olardı. Gəncə qədim ənənəsinə sadiq qaldı və göstərdi ki, müstəqillik və azadlığın keşiyində həm möhkəm, həm də dönmədən dayanır. Şəhərin çevrəsinə səpələnmiş çoxsaylı düşmən cəsədi və igid müdafiəçilərin sel kimi axan qanı, mübarizə necə bitsə də, Gəncənin mənəvi qələbə rəmzi sayılacaqdı!..

Bütün bu müddətdə nə Gürcüstan cəbhəsindən, nə də Azərbaycan qoşunlarından soraq vardı. Güllə və mərmilər get-gedə lap tükənirdi. Gün keçdikcə bolşeviklər daha da canlanırdılar. Ardı-arası kəsilmədən onlara kömək üçün yeni qüvvələr gətirilirdi. Üsyançılar çoxsaylı hücumları dəf etsələr də, açıq-aydın görünürdü ki, bolşeviklər yenə yeni qüvvələrlə hüçuma keçəcəklər. Bir yerdən yardımımıza çatmasalar, çox dirənməyə daha gücümüz yetməyəcəkdi.

Mayın 29-da, dan yeri ağaranda, şəhər çox şiddətli top atəşinə tutuldu. Səhər saat 8 radələrində Yelendorf icması səmtindəki 1-ci taborun mövqelərinə güclü hücuma keçdilər. Topçuların, iki pulemyot bölüyünün və partizan dəstələrinin birgə səyləriylə həmin tabor günboyu düşmənin amansız həmlələrinin qarşısını aldı. Bu döyüşlərdə taborun komandiri kapitan Mirizadə qəhrəmanlıqla həlak oldu.

İndən belə hədəfim qələbə deyildi. Gəncə həndəvərlərində cəmləşdirilən və daim yeni qüvvələrlə möhkəmləndirilən 11-ci ordunu darmadağın etmək daha boş xəyal sayılardı. Tək məqsədim – düşməni daha çox itkiyə uğratmaq və bundan ötrü nəfəsimiz kəsilməyincə döyüşmək idi.

Mayın 30-31-də və iyunun 1-də qəhrəman müdafiəçilər hər gün bir neçə dəfə qırmızıların hücumunu dəf edərək, onları geri oturdur və çox böyük itkilərə uğradırdı. Həmin günlər lap ağır keçdi. Mövqelərdə silahlı qadınların görünməsi və onların heydən düşüb üzülmüş döyüşçüləri ruhlandıraraq mübarizəni davam etdirməyə çağırması insanı titrədir və unudulmaz təəssürat oyadırdı.

İyunun 3-də, dan ağaran kimi, bolşeviklər hər cür çaplı toplardan şəhərə mərmi yağdırmağa başladılar. Təxminən gündüz saat 12-də vəziyyətimiz lap dözülməz oldu. Geri çəkilmək lazım idi. Amma bundan ötrü düşmənin mühasirəsini yarmalıydın.

İyunun 4-də, dan doğarkən, yarımçıq taborla özümüzü toplayıb hücuma keçdik və mühasirəni yardıq. Tabor irəliləyərək şəhərin şimal-qərbindəki yüksəkliyə çatdı və orada möhkəmlənib düşmənin cinahlarını atəşə tutdu. Mühasirənin yarıldığı istiqamətdə bir neçə saat boyunca şəhəri tərk edən əhalinin gediş-gəlişi kəsilmədi.

İyunun 4-dən 5-ə keçən gecə 3-cü Gəncə alayından və yurdsevərlərdən sağ qalanları sərbəst buraxdım. Beləcə, Azərbaycan xalqının silahlı üsyanı başa çatdı. Azərbaycan milli qoşunlarının və əhalinin apardığı qəhrəmanca mübarizə və axıtdığı qan, öz canlarını belə Vətənə əsirgəməmələri Azərbaycan xalqının əzəmətli ruhunu üzə çıxardı. Tarix bu qurbanları unutmayacaq. Onlar gələcək milli AZƏRBAYCANIN sementi və təməlidir.

Saytımızı izləyin. Yaxınlarda Gəncə üsyanının qəhrəmanı polkovnik Cahangir Kazımbəylinin 1953-cü il mayın 28-də QURTULUŞ Radiosu ilə (AzadlıqRadiosunun ilk adı -S.İ.) Azərbaycan xalqına Müraciətini də oxuyacaqsınız.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG