Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:05

Putin-in «boz kardinal»ı getdi


Vladislav Surkov və Vladimir Putin
Vladislav Surkov və Vladimir Putin
-

«Boz kardinal» ayamasını qazanmış Vladislav Surkov Rusiyada «idarə olunan demokratiya» sisteminin qurucusu sayılır.

Bu sistem sərt idarə üsulunu demokratik təsisatların yamsılanması ilə pərdələyir.
Surkov dövlətin nəzarət etdiyi telekanallarda da güclü təbliğat maşınının hərəkətverici qüvvəsi olub.

Britaniyanın, az qala, bütün qəzetləri onun Kremldən gedişindən yazır.

Deyilənə görə, Vladimir Putin-in prezidentliyə ikinci gəlişindən bəri Vladislav-ın ulduzu sönməyə başlayıb.

Putin-in açıq-aşkar repressiyaları xatırladan yeni siyasətində artıq idarə olunan demokratiyaya yer qalmırdı.

Mətbuat yazır ki, Surkov-un işdən qovulması və ya öz ərizəsi ilə getməsi barədə dəqiq məlumat yoxdur, ancaq Kremldəki mənbələr birinci variantın daha real olduğunu bildirib.

Hər şey Surkov-un Kreml «sakinliyindən» baş nazirin müavini vəzifəsinə sürüşdürülməsindən başlayıb.

PUTİN-MEDVEDEV SAVAŞININ QURBANI

Dmitry Medvedev və Vladislav Surkov
Dmitry Medvedev və Vladislav Surkov
Ehtimallara görə, Vladislav Surkov Dmitry Medvedev-ə prezidentlik üçün ikinci müddətin verilməsinin qızğın tərəfdarlarından olub.

Kremlin yaydığı rəsmi bəyanatda bildirilir ki, Vladimir Putin Surkov-un istefa ərizəsini mayın 8-də imzalayıb.

Prezidentin sözçüsü Dmitry Peskov deyib ki, bir gün əvvəlki müşavirədə Putin hökumət kabinetinin zəif işini kəskin tənqid edəndən dərhal sonra cənab Surkov ərizəsini yazıb.

Amma Surkov-un özü «Kommersant» qəzetinə müsahibəsində istefa ərizəsini hələ aprelin 28-də yazdığını dilə gətirib.

Vladislav Surkov-un hökumətdən çıxması xəbərindən bir gün əvvəl Kremlin aparıcı qəzetlərindən olan «İzvestiya»da birbaşa Vladimir Putin-ə tabe İstintaq Komitəsinin sözçüsü Vladimir Markin-in məqaləsi dərc edilmişdi.

Bu komitə, müxalifət də daxil olmaqla, Kremlin iddia edilən düşmənlərinin işlərini araşdırır.

Məqalədə Markin Surkov-u bu yaxınlarda London İqtisadiyyat Məktəbindəki çıxışında İstintaq Komitəsini tənqidə tutması kəskin pislənirdi.

Moskva ətrafında Amerikanın «Silikon Vadisi»nə bənzər kompleks salınmasına dair Dmitry Medvedev-in layihəsində İstintaq Komitəsinin korrupsiya izləri axtarması həmin çıxışda ittiham edilmişdi.

Ekspertlər bu korrupsiya istintaqını xeyli güclənmiş baş nazirə qarşı Vladimir Putin-in hücumu kimi qiymətləndirirlər.

Markin öz məqaləsində Surkov-un simasında ölkədəki problemləri hökumətin müxalifəti təqib etməsinin nəticəsi kimi qələmə verənləri günahlandırırdı:

«İndi siyasi məhbus olmaq dəbə minib. Bu, dərhal BBC-nin diqqətini çəkəcək və Amnesty İnternational səni müdafiə edəcək».

Alexei Navalny
Alexei Navalny
Müşahidəçilər diqqəti belə bir məqama çəkirdilər ki, korrupsiyaya qarşı mübarizə aparan Alexei Navalny və iğtişaşlarda ittiham edilən başqa, daha az nüfuzlu müxalifətçilərin istintaqını Baş Prokurorluq yox, məhz İstintaq Komitəsi aparır.

Vladislav Surkov Markin-in məqaləsinə şərh verməkdən boyun qaçıraraq deyib ki, mən «söz ishalı»na şərh etmirəm.

BALIQ BAŞDAN İYLƏNƏR

Peskov iddia edir ki, Surkov-un Markov-la çəkişməsi Putin-in onu hökumətdən kənarlaşdırmaq qərarına təsir etməyib.

Bununla belə, şərhçilər bu qənaətdədirlər ki, Surkov-un hökumətdən gedişi Medvedev kimi mötədil liberallara güclü zərbədir.

Kremlin icazəsi ilə müxalifətçilik edən oliqarx Mikhail Prokhorov öz bloqunda yazırdı ki, Rusiya bir il hökumətsiz yaşayıb:

«İndi Putin nazirləri bir-bir işdən qova bilər, amma bunun çətin ki, xeyri olsun.
Vəzifəsindən uzaqlaşdırılmış baş nazir müavini, Londonda demişkən, «balıq başdan iylənər». Balığı zibilliyə tullamağın vaxtı çatıb».

Az sonra Prokhorov bu bloqu internetdən silib.

«The Guardian» yazır ki, bir vaxtlar Putin-in rejiminə qarşı çıxanlar Surkov-u hədəf seçmişdilər, amma indi bəziləri onun daxili siyasəti yönləndirdiyi vaxtların xiffətini çəkirlər.

Bununla belə, təməlini Surkov-un atdığı dövlət telekanalları və kremlçi gənclərin qruplaşmaları Putin hakimiyyətinin atributları olaraq qalır.

VAXT MÜNASİB OLANDA

Mikhail Khodorkovsky
Mikhail Khodorkovsky
​48 yaşlı Surkov Rusiyanın ən əsrarəngiz siyasətçilərindən biri kimi tanınır.

O, 1990-cı illərdə indi Rusiyanın bir nömrəli siyasi məhbusu olan Mikhail Khodorkovsky ilə birgə çalışıb.

Kremlə dəvət olunandan sonra da təxəllüslə pyeslər və rok mahnıları üçün mətnlər yazıb və üstəlik, məşhur repçi Tupac Shakur-un sənət heyranlarından sayılıb.

Bir çoxları Surkov-un indən belə nə edəcəyi barədə düşünür.

Onun özü «Russki Pioner» məcmuəsinə müsahibəsində deyib ki, planları çoxdur və onlardan biri də real tarixçəyə dayanaraq, siyasi komediyanı qələmə almasıdır.

Bununla belə, «Bu barədə sonra danışacağam, vaxt uyğun olanda» deyən Vladislav Surkov, «Kommersant» qəzetinə müsahibəsində vəzifədən getməsinin səbəblərindən söz açmaq istəməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG