Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:24

İ. Əliyev: «Cəmiyyətimizin demokratikləşməsi bizim üçün prioritet məsələdir»


İlham Əliyev
İlham Əliyev
-

«Biz siyasi islahatlar həyata keçiririk, cəmiyyətimizin demokratikləşməsi bizim üçün prioritet məsələdir».

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxışında deyib. Prezidentin sözlərinə görə, siyasi və iqtisadi islahatlar paralel həyata keçirilməlidir ki, bir-birini dəstəkləsin, qarşıya qoyulan məqsədlərə nail olunsun.

Prezident enerji sahəsinin Azərbaycan iqtisadiyyatı üçün əsas hissə olduğunu deyib:

«Çünki uzun əsrlər boyu Azərbaycan neft ölkəsi olaraq tanınıb. Biz indi qaz hasil edən ölkə kimi də tanınırıq. Enerji sektoruna yatırılan sərmayələr bizə çox müsbət investisiya iqlimi yaratmaq imkanı verdi. Birbaşa xarici sərmayələrə görə biz regionda ilk yerdəyik. Bu da xarici şirkətlərin ölkəmizə gəlməsini şərtləndirir. Ağır fəsadları, bəzi ölkələrin üzləşdiyi problemləri təkrarlamamaq məqsədilə Dövlət Neft Fondu kimi mexanizm yaratdıq. Dövlət Neft Fondu dünyada ən şəffaf fondlardan biri kimi tanınıb. Biz bununla çətin vəziyyətə düşməkdən özümüzü sığortaladıq. Biz kasıbların daha da kasıblaşması, varlıların daha da varlanması kimi haldan yan keçdik».

İ. Əliyev bu gün Azərbaycanın tam olaraq öz resurslarına, güclü maliyyə imkanlarına malik ölkə olduğunu qeyd edib:

«Bu da o deməkdir ki, iqtisadi böhran bizə təsir göstərmədi. Təbii ki, bütün bunlar ölkənin gələcək inkişafında öz rolunu oynayacaq. Biz bu gün öz dostlarımızla, tərəfdaşlarımızla enerji təhlükəsizliyi sahəsində fəal çalışırıq. Avropa ölkələri ilə, qonşularımızla bunu ona görə edirik ki, öz enerji potensialımızdan yaxşı yararlanaq».

Dövlət başçısı Azərbaycanın enerji resurslarının bundan sonra daha 100 il ölkəyə kifayət edəcəyini qeyd edib.

JURNALİSTLƏR TƏDBİRƏ BURAXILMADI

Yerli jurnalistlər Bakıda keçirilən Cənubi Qafqaz forumunun 1-ci hissəsinə buraxılmayıblar. Bu barədə tədbirə bir gün əvvəl akkreditə olunmuş «Yeni Müsavat» qəzetinin əməkdaşı Fərəhim İlqaroğlu məlumat verib:

«Forumun əsas hissəsi Bakıda keçirilir və tədbirə yerli media nümayəndələri buraxılmır. Diaspora Komitəsi tərəfindən tədbirə akkreditə olunan jurnalistlərə bildirildi ki, onlar yalnız forumun ikinci hissəsini işıqlandıra bilərlər. Prezident Administrasiyasının mühafizəçiləri buna etiraz edən jurnalistləri ərazidən uzaqlaşdırdı».

Mayın 7-də Bakıda «Four Seasons» hotelində Cənubi Qafqaz Forumu öz işinə başlayıb. Forumda Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Micheil Saakashvili ilə yanaşı, «Madrid Klubu»nun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri və 400-dən artıq yüksək səviyyəli mütəxəssislər, alimlər iştirak edirlər.

İştirakçılar arasında çoxsaylı Nobel və Oskar mükafatçıları var. Ümumilikdə, foruma dünyanın 60 ölkəsindən hökumət və dövlət başçıları, 70 ölkədən alimlər qatılıb.

İki gün davam edəcək forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunacaq.

Forumun təşkilatçıları Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və «Madrid Klubu»dur. Onun əsas tərəfdaşları Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Fondu və Gəncə şəhər İcra Hakimiyyətidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG