Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:18

DİN AXCP-nin Şəkidəki tədbirinə müdaxiləyə münasibət bildirib


AXCP-nin Şəkidəki üzvlərindən birinin həyətində keçirilən tədbirə müdaxilə olunmasına Daxili İşlər Nazirliyi aydınlıq gətirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadisouna bildirib ki, mayın 5-də Şəki polisinə qonşuluqda hay-küy olması ilə bağlı müraciət edilib:

«Müraciət edənlər hay-küydən narahat olduqlarını bildiriblər. Polis də bu müraciəti araşdırmaq üçün deyilən ünvana gedib».

Orxan Mansurzadənin sözlərinə görə, polis həmin ünvanda siyasi xarakterli toplantı keçilməsini görüb və razılaşdırılmamış aksiyanın qarşısını alıb: «Polis şöbəsində iki nəfər dəvət edilib və onlar da sonradan sərbəst buraxılıblar».

DİN rəsmisi keçirilən siyasi toplantının razılaşdırılmamış aksiya sayıldığını deyir. O, əlavə edir ki, toplantıya müdaxilə zamanı polis heç bir kobudluğa və zorakılığa yol verməyib.

AXCP bildirib ki, mayın 5-də Şəkidə partiyanın şöbə sədri Əli Abdullayevin həyətində tədbir keçirmək istəyib. Tədbir başlayan kimi polislər ora daxil olaraq yığıncağı dağıdıb. Partiya 10 cəbhəçinin polisə aparıldığını iddia edib.

Oxşar hadisə bundan öncə də baş verib. AXCP-nin aprelin 20-də Sabirabad rayonunda keçirdiyi tədbirə də polis müdaxilə edib.
XS
SM
MD
LG