Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:47

«Gənc kinematoqraflar özlərini tək hiss etməsin»


Əlisa Cabbarov
Əlisa Cabbarov
-
Gənc Film İstehsalçıları Assosiasiyası 8 il bundan qabaq Asif Rüstəmov, Feyruz Şamıyev və Əlisa Cabbarov tərəfindən yaradılıb.

Assosiasiya hazırda «Fokus» Yaradıcı Gənclərin Kino Evi layihəsini həyata keçirir.

Kinorejissor Əlisa Cabbarov deyir ki, kino evindən başqa onlar analitik formatda kinojurnal da çap edirlər:

«Əsas layihəmiz «Fokus» kino evidir, onun daxilində analitik formatda kinojurnal çap edirik, filmlərin baxışlarını keçiririk, sənətlə maraqlananlar üçün master-klaslar təşkil edirik. Bundan əvvəl isə Assosiasiya beynəlxalq yay məktəbləri də təşkil edib. Gənc tələbə kinematoqrafların debüt filmlərini də çəkmişik. İstəyimiz odur ki, gənc kinematoqraflar özlərini tək hiss etməsinlər».

Gənclər Fondunun maliyyələşdirdiyi Yaradıcı Gənclərin Kino Evində ilk mühazirəni Aydın Talıbzadə deyib.

Kinoşünas Aygün Aslanlı deyir ki, mühazirələr informativ, istiqamət vermək xarakteri daşıyır:

«Gəlib dinləyənlər hərə özü üçün maraqlı olanı götürür. Birinci mühazirəmiz Aydın Talıbzadənin idi. O, kinoda və teatrda müharibə mövzusunun işıqlandırılmasından danışırdı. Bununla kimsə razılaşdı, kimsə razılaşmadı, kimsə yazısı üçün məlumat aldı, kiminsə fikrinin formalaşmasına kömək etdi».

Aygün Aslanlı
Aygün Aslanlı
«ALICI ALMIRSA, BU, SATICININ PROBLEMİDİR»

Əlisa Cabbarov düşünür ki, cəmiyyətdə kino tarixi, elmi ilə bağlı məlumat azlığı var. Bunun əsasında isə ideal olmayan 11 illik məktəb və 4 illik universitet təhsili durur:

«Gördüm ki, bu, kitab və «Vikipediya» ilə mümkün deyil. Müəyyən geriləmə var, istəyirik bunu bərpa edək. Mən kino tarixini yaxşı bilirəm, amma hətta mənim də nə qədər bilmədiyim məlumatlar var. Bizdə kino tarixi yaxşı təhqiq edilməyib. Biz mühazirələr təşkil edirik, amma ora az adam gələndə, mən gəncləri günahlandırmıram, təşkilatçıların günahı kimi qiymətləndirirəm bunu. Alıcı almırsa, satıcının problemidir bu. Təbliğatı, piarı elə qurmaq lazımdır ki, insanlar gəlsin».

Kinoşünaslar gənclərdən Elvin Adıgözəl, Emin Əfəndiyev, Ələkbər Əliyev və İmamverdi Həsənovun işlərini bəyəndiklərini deyirlər. Bununla belə, qeyd edirlər ki, hazırda Azərbaycan gənclərinin çəkdiyi filmlər texniki imkan və ssenari baxımından xaricdə istehsal olunan filmlərdən geri qalır.


Verilişi tam olaraq burdan dinlə:


XS
SM
MD
LG