Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:58

Qafqazı işğal etmiş general Yermolovun müsəlman arvadları


General Yermolov
General Yermolov

Yermolov qızın böyükləri ilə pul-para (başlıq) söhbətini həll etdi, onlar da molla və şahidlər çağırıb kəbin kəsdirdilər.

-

…1816-cı ilin sonlarında Qafqazda Baş Komandan və Çar Canişini təyin olunduqdan sonra general Aleksey Yermolov ailə qurub dolandırmaq üçün yetərli qədər məvacib alırdı.

Çar canişininin subay olması yerli knyazlarda və bəylərdə müvəqqətilik, gəldi-gedərlik duyğusu oyada bilərdi.

Qafqaza gəlişi ilə o, buradakı ağalara və qonşu Tehranla İstanbula başa saldı ki, Rusiya burada həmişəlik yerləşib.

Üstəlik, bundan belə Rusiya İmperiyasının siyasəti təkcə Qafqazla məhdudlaşmayacaq,

Yaxın və Orta Şərqə də uzanacaq. Hakimiyyətə də, paytaxtdakı əyanlara da tutarlı şəkildə sübut etdi ki, Qafqazın fəthini yalnız hücumlarla gerçəkləşdirmək mümkün deyil.

Kuban və Terek boyunca rus əhali məskunlaşıb yaşamalı, sərhəd xəttində daimi qoşunlar yerləşdirilməlidir.

Qafqazdakı adlı-sanlı ailələrin bir çoxu bunu anladıqları üçün Çar Canişini ilə yaxınlıq qurmağı arzulayır, generalla hər söhbətdə mütləq onun evlilik məsələsini qaldırırdılar.

Kilsə nikahından çəkinən Yermolov yerli müsəlman əhali arasında hakim olan adətlərə ciddi şəkildə əməl edirdi, bununla da dağlıların hörmətini qazanmışdı.

1819-cu ilin noyabrında Avar xanı Əhmədin qüvvələrini Baltuqay yaxınlığında darmadağın edəndən sonra Yermolov Rusiyaya xoş münasibət bəslənilən Tərkə mahalına getdi.

Tərkə Şamxalı (hakimi) Yermolova pərəstiş edirdi, özünü də, camaatını da hər cəhətdən Rusiya Çarına və rus əsgərinə borclu bilirdi: «And içmişəm ki, nahar elədiyim vaxt ətrafda rus əsgəri görsəm, özümdən əvvəl ona yemək verdirim».

Şamxal, Çar Canişininə və gələcəyin nüfuzlu adaxlısına yarınmaq üçün, yerli gözəlləri ona tanıdırdı.

Bu arada gənc bir çərkəz – Söyda Abdulla qızı generalın xoşuna gəldi.

Yermolov qızın böyükləri ilə pul-para (başlıq) söhbətini həll etdi, onlar da molla və şahidlər çağırıb kəbin kəsdirdilər.

General ümidvar idi ki, gələcəkdə arvadına pravoslavlığı qəbul etdirə, nikahını xristian kəbini ilə qanuniləşdirə biləcək.

Yermolov özü Tiflisə getməzdən qabaq cavan çərkəz qızını Tərkə Şamxalının arvadı Pircam xanımın himayəsinə verdi…

…Söyda bir oğlan doğdu, adını Bəxtiyar qoydular, xaç suyuna çəkəndə isə ona Viktor adı verildi.

Yermolovun müsəlman arvadlarından olan öğulları
Yermolovun müsəlman arvadlarından olan öğulları


Altı aydan sonra Söyda Tiflisə, Yermolovun evinə köçdü. Vəzifə, xidmət üzündən generalın başı daima qarışıq olurdu, tez-tez ora-bura gedirdi, bu səbəbdən də çərkəz qızı çox zaman tək qalır, ata ocağının xiffətini çəkirdi.

Söyda xristianlığı qəbul etmək istəmirdi, üstəlik yalnız bəzi rus sözlərini, həm də çox çətinliklə başa düşə bilirdi, bu səbəbdən elə ilk fürsətdəcə atası evinə qayıtdı.

Yermolov ona yaxşı nəfəqə verib yola saldı, ancaq - razılaşmaya əsasən - oğlunu öz yanında saxladı. Söyda Abdulla qızı çox keçmədən Sultanəli adlı bir nəfərə ərə getdi, ondan Çəri adlı oğlu, Cənsa və Əlta adında qızları oldu.

Balaca Bəxtiyar atasının yanında, batalyon komandiri, serbiyalı qraf Simoniç başda olmaqla, hərbçi dayələrin himayəsində qaldı və Yermolovun yaxın silahdaşlarının sevimlisinə çevrildi.

Oğlunun qeyri-qanuni nikahdan olduğunu nəzərə alan Aleksey Petroviç bundan çox adamın xəbər tutmasını istəmirdi. Hətta generalın atası – Pyotr Alekseyeviç də nəvəsinin sorağını Qafqazda xidmət edən hərbçilərin valideynlərindən eşitmişdi…

… Yermolov sonrakı kəbinli arvadını Aquşaya - Qaqaşura obasına səfər vaxtı almışdı.

Aquşa Şamxalının müşayiətilə oraya gedərkən Qaqaşura uzdeyi (hakimi) Əkənin qızını görmüşdü, Totay adlı bu qız misilsiz gözəl idi.

Totayı generala təqdim etdilər və qız onda dərin təəssürat oyatdı.

General geriyə, Tiflisə qayıdanda onu özüylə aparmaq arzusunda olduğunu söylədi, çünki qız da ondan xoşu gəldiyini bildirmişdi.

Valideynlər razılaşsalar da, general obanı tərk etcək, qızı kiminsə təhriki ilə İsgəndər adlı həmyerlilərinə tez-tələsik ərə verdilər.

Ancaq Yermolovun fikri qəti idi, Aquşadan qayıdanbaş Tərkə Şamxalının oğlu Alıboru Qaqaşuraya göndərib, hər necə olursa olsun, Totayı onun yanına gətirməyi tapşırdı.

Qızı rus hərbi bölməsinin qərar tutduğu Yengiyurda gətirdilər.

Yermolov qızın həmin adama könlü olmadığını öyrəndi, buna görə də onu öz yanında saxladı.

Tezliklə atası – Əkə oraya, qızının dalınca gəldi, amma onu Yermolovun yanına buraxmadılar...

Tiflisə qayıdanda Yermolov qızın pravoslavlığı qəbul edib onunla qanuni nikaha girməsini istədi, ancaq əvvəlcə, valideynlərinin xətrinə dəyməmək üçün, molla kəbini ilə evləndilər.
General Yermolovun portreti, 1843. Rəssam P.Zaxarov
General Yermolovun portreti, 1843. Rəssam P.Zaxarov

Kəbin kəsdirəndə Yermolov həm Totayla, həm də onun valideynləri ilə belə razılığa gəldi ki, oğlu olarsa, öz yanında saxlayacaq, qızı isə ona verəcək. Müsəlman ailələrində qız valideynlərə yük olmur, onu ərə verəndə başlıq pulu alırlar, üstəlik, əgər oğlanları yoxdursa, gələcəkdə kürəkən onların qayğısına qalır.

Totay, Yermolovla birlikdə, yeddi ilə yaxın Tiflisdə yaşadı, ondan Umar (Klavdi), Allahyar (Sever) adlı iki oğul, həmçinin çox erkən tələf olmuş bir oğlan, daha sonra isə Sapinat (Satiat – Səfiyəxanım) adlı bir qız doğdu.

Atası Əkə və qardaşı Cankişi Totaya baş çəkmək üçün Tiflisə gəlib-gedirdilər.

Yermolov Qafqazda xidmətdən çıxandan sonra Totay pravoslavlığı
Yermolov qocalıqda
Yermolov qocalıqda
qəbul etməkdən və Rusiyaya getməkdən boyun qaçıraraq qızıyla birgə vətəninə qayıtdı.

Orada Gili aulundan olan Gebeyə ərə getdi, ondan Göygöz adında oğlu və Nisəxanım adlı qızı oldu, sonralar o qız Gili sakinlərindən Surxay Davud oğlu ilə evləndi.

Yermolovun ölümündən sonra Totaya oğlanları Klavdi və Sever qayğı göstərirdilər. Totay 1875-ci ilin iyununda vəfat etdi.

Səfiyəxanım isə Gilidən olan Paşa Mahay oğluna ərə getdi, üç oğul, dörd qız doğdu. O, 1870-ci ilin payızında öldü.

Yeri gəlmişkən, Yermolovun qızının evi Qafqazdakı rus zabitlərinə ata əvəzi olmuş bu komandirin xatirəsinin anıldığı ziyarətgaha çevrilmişdi.

Səfiyəxanıma hətta atasının düşmənləri, o cümlədən məşhur Şamilin özü də ehtiram göstərirdi.

Onun övladları bir çox qafqazlı və rus ailələrlə qaynayıb-qarışıblar.

Məlumdur ki, qızı Üşhəyat, əmisi oğluna nişanlı olsa da, onunla evlənməkdən imtina edib, çünki gilili Qazax bəy Murtuz oğlunu dəlicəsinə sevirmiş, onu sevdiyinə vermələri üçün valideynlərini israrla dilə tuturmuş.

Səfiyəxanımın qardaşı - həm anasıyla, həm də Qafqazdakı doğmalarıyla sıx əlaqə saxlayan Sever (Allahyar) Alekseyeviç qohumlarından bəzilərini Rusiyaya aparıb. Onun Moskva yaxınlığında, Pestovoda yerləşən malikanəsində müsəlman məzarlığı varmış, orada Qafqazdan gətirilən qəbirüstü daşlar qoyulubmuş.

Tarixçilər dönə-dönə qeyd edirlər ki, Yermolovun daha bir kəbinli müsəlman arvadı olub: Sultanım Bamət qızı Böyük Qazaniçiyə səfər əsnasında onun rastına çıxıb.

Guya bu kəbindən İsfəndiyar adlı oğlu olub (deyilənə görə, hələ uşaq ikən Tiflis yolunda, Çervlena obasında ölüb), bundan sonra Sultanım öz yurduna dönüb (əslən Buğlendən imiş) və Şeyxəkə adlı bir nəfərə ərə gedib.

Ancaq bu, sadəcə, Yermolovun adıyla bağlı saysız rəvayətlərdən biri də ola bilər.

Oğlanları da Yermolovun özü kimi erkən yaşlarından hərbi xidmətə bağlanıblar… Aleksey Petroviç onları evləndirib, mal-mülk sahibi edib və bütün rus babalar kimi, o da balaca nəvələrini əzizləyib, onların nazını çəkib.

Viktor (Bəxtiyar) Alekseyeviç artilleriyada xidmətə başlayıb, general-leytenantlığa qədər yüksəlib, bu isə «Rütbələr cədvəli» üzrə “məxfi mülki müşavir” rütbəsinə bərabər tutulur və «əlahəzrət» titulu qazandırır. General-leytenant rütbəsi ona xidmət müddətinə görə yox, Çarın şəxsi sərəncamı ilə verilib… Viktor Alekseyeviç Yermolov 1892-ci ilin yanvarında Smolenskdəki Rjeva məzarlığında dəfn olunub…
Klavdi Alekseyeviç Yermolov
Klavdi Alekseyeviç Yermolov

Klavdi (Umar) Alekseyeviç (1823-1895) qvardiya artilleriyasında xidmət edib, general-mayor rütbəsi alıb. Krım müharibəsinin iştirakçısı olub, Qafqazda da döyüşüb. Əlahiddə Qafqaz Korpusunun Baş Komandanı general-adyutant knyaz Vorontsovun yavəri təyin edilib… Klavdi Alekseyeviçlə arvadının nəşi Vilensk kilsə qəbiristanından Yermolovların Oryoldakı ailə məzarlığına köçürülüb …

Sever (Allahyar) Alekseyeviç 20 mart 1824-cü ildə doğulub, Qafqazda, Dağıstanda atlı qvardiya artilleriyasında xidmətdə olub, qvardiya polkovniki rütbəsi alıb. 1894-cü ilin 20 noyabrında Moskvada vəfat edib…

Nikolay Alekseyeviç 1836-cı il təvəllüdlüdür. Qafqazda, daha sonra Polşada xidmət edib, general-mayor olub. Atasının dini vəsiyyətinə əsasən ona zəngin şəkillər, portretlər kolleksiyası miras qalıb. 1890-cı ildə Vilna şəhərindəki Lüteran məzarlığında dəfn olunub.

Yermolovun bütün övladları zadəganlığa yüksəliblər, halbuki onlar yalnız qəyyumluğa götürülmüş uşaqlar idi və kökü Böyük Knyaz Vasili İvanoviçin dövründə, 1506-cı ildə Qızıl Ordadan gəlmiş, xüsusi gerbə malik tatar əyanı Arslan Mirzə-Yermola gedib çıxan qədim Yermolovlar nəslinin birbaşa varisləri deyildilər…

Sonralar II Aleksandr, Yermolovun vətən qarşısındakı xidmətlərinə ehtiram əlaməti olaraq, generalın oğlanlarının əsil zadəgan və qanuni övladlar kimi tanınmaları barədə sərəncam verdi.

Yermolovun nəslindən olanlar bizim dövrümüzdə də yaşamaqdadırlar: onlar Yermolovlar, Kapitsalar, Bobrinskilər, Qalitsınlar və başqa soyadlarla tanınırlar.

(S.Hüseynli çevirib)
Oryol şəhərindəki kilsədə Yermolovların ailə məzarı
Oryol şəhərindəki kilsədə Yermolovların ailə məzarı


Yermolov həm də Borodino döyüşünün qəhrəmanı idi. Onun Rayevskinin fransızlar tərəfindən ələ keçirilmiş batareyasını geri almaq üçün əks-həmləsini əks etdirən rəsm. 19-cu əsrin əvvəli
Yermolov həm də Borodino döyüşünün qəhrəmanı idi. Onun Rayevskinin fransızlar tərəfindən ələ keçirilmiş batareyasını geri almaq üçün əks-həmləsini əks etdirən rəsm. 19-cu əsrin əvvəli


Frans Rubonun rəsmlərindən. 1832-ci ildə rus qoşunlarının Qafqazda Gimri auluna (qalasına) hücumu
Frans Rubonun rəsmlərindən. 1832-ci ildə rus qoşunlarının Qafqazda Gimri auluna (qalasına) hücumu
XS
SM
MD
LG