Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:26

Sosial reklama ayrılan pullar


Foto: Arxiv
Foto: Arxiv
-
– Tikinti və digər sahələrdə işləyən insanlarla əmək müqaviləsi bağlansın, əmək haqları dəqiqləşdirilsin, qanunvericilikdə nəzərdə tutulmuş qaydada sosial müavinətlər verilsin.

Bu, bir ay əvvəl Qəbələdə etiraz aksiyasına çıxmış fəhlələrin tələbi idi. Son illər ölkədə yayılan və müqaviləsiz işləməməyə çağıran sosial reklamlar nəzərə alınmasa, əmək müqaviləsi tələbi etiraz aksiyalarında yeni sayıla bilərdi.

SOSİAL REKLAM

«Mən əmək müqaviləsi bağladım, bəs sən?» – Tez-taz rastlaşdığınız bu tip maarifləndirici reklamlar sosial reklam adlanır.

1997-ci ildə qəbul olunmuş «Reklam haqqında» qanunda deyilir ki, «sosial reklam» – qeyri-kommersiya xarakteri daşıyan, ... siyasi, sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət orqanları, ictimai institutlar tərəfindən sifariş olunan informasiyadır. Kütləvi informasiya vasitələri efir vaxtının və reklam sahəsinin 5 faizi həcmində yer ayırmağa borcludurlar. Reklam istehsalçısı isə illik reklam istehsalının 5 faizi həcmində sosial reklam hazırlamalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən İlham Məmmədov AzadlıqRadiosuna deyir ki, ötən il nazirliyin sifarişi ilə əmək təhlükəsizliyi və əmək müqaviləsinə dair 3 sosial reklam çarxı hazırlanıb:

Vergilər Nazirliyinin AzadlıqRadiosunun sorğusuna cavabı
Vergilər Nazirliyinin AzadlıqRadiosunun sorğusuna cavabı
«Məsələn, tikintidə işləyən insanlara təhlükəsizlik kəmərindən istifadə tövsiyə olunur. Yaxud bir reklamda deyilir ki, «işə düzəlmisən, ancaq əmək müqavilən yoxdursa, bu müqaviləni tələb etmək sənin hüququndur»».

«ƏHALİNİN SAĞLAMLIĞINA DAİR REKLAMLAR»

Vergilər Nazirliyi AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirir ki, ötən il müxtəlif reklam, videoçarx və reklam lövhələrinin hazırlanması, quraşdırılması və təmirinə 52700 manat xərclənib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ölkədə sosial reklamların faizinin aşağı olduğunu düşünür və əhalinin sağlamlığı ilə bağlı məsələlərdə daha çox sosial reklama ehtiyac görür. Məsələn, ölkədə duzun yodlaşdırılması məcburi sayılsa da, qanunun tam qadağan etdiyi mallar satılır:

«Bazarın 15-20 faizini yodsuz duzlar tutub. Əhalinin sağlamlığı üçün bu sahədə maarifləndirməyə ehtiyac var. Bazardakı spirtli içkilərin də 95 faizinin buraxılma tarixi və yararlılıq müddəti göstərilmir. Əhalinin sağlamlığını sarsıdacaq belə məhsulları almaqdan çəkindirən reklamlara ehtiyac var».

5 MİLYONUN 250 MİNİ

Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev təbiəti qorumaq, yaxud Dağlıq Qarabağ münaqişəsinə dair sosial reklamın olmamasına diqqət çəkir. O, bu işləri hər bir dövlət qurumu nəzdində və xüsusi layihə ilə gerçəkləşdirməyin önəmini vurğulayır. Məsələn, onun dediyinə görə, 5 milyonluq büdcəsi olan bir qurum üçün 5 faiz 250 min edir ki, bu da birillik sosial reklam üçün az məbləğ deyil:
Foto: Arxiv
Foto: Arxiv

– Elə turizmdən, abidələrdən danışırıq. Şəhərə reydə çıxsaq, görərik turizm yerlərini və abidələri heç kim tanımır. Həm öz əhalimiz, həm də xarici qonaqlar bu barədə məlumatlandırılmalıdır.

– Vergilər Nazirliyi ötən il sosial reklama 52 min manat xərclədiyini deyir. Bu rəqəm sizə nə deyir?

– 52 mini bölün 90 rayona. Hər rayona 500 manat düşür. 500 manata nə reklam etmək olar? Nə deyim vallah? Heç bir reklam lövhəsi də qoymaq olmaz bu pula. Bir reklam lövhəsi 1500-2500 manata başa gəlir.

Bir müddət əvvəl sosial reklam barədə ayrıca qanun hazırlanması təklif olunurdu. Hacıəmi Atakişiyev belə bir sənədə ehtiyac görmür və reklam haqqında qanunun indi hazırlanan yeni versiyasında da sosial reklama dair ayrıca bəndin olacağını deyir. Onun fikrincə, təxminən 2 səhifəlik qanun qəbul olunandan sonra sosial reklam məcəlləsi də ayrıca işlənə bilər.
XS
SM
MD
LG