Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:53

Nazirlik 39 müəllimi bağından çıxarıb


Foto: Arxiv
Foto: Arxiv
-
«Qaynar xətt»ə Sumqayıt müəllimlərinin adından məktub gəlib. 39 müəllimin imzası ilə daxil olan məktubda qeyd olunur ki, dövlət tərəfindən onlara Yaşma ərazisində bağçılıq təsərrüfatı üçün ayrılmış torpaq sahələri əllərindən alınıb. İndi müəllimlər ya torpaq sahələrinin, ya da həmin torpaqların əvəzinin ödənilməsini tələb edirlər.

«SU, YOL ÇƏKDİK, YAŞILLAŞDIRDIQ, ƏLİMİZDƏN ALDILAR»

Məktuba imza atanlardan biri də Sumqayıtdakı orta məktəblərdən birində müəllimə işləyən Nüşabə Əşrəfovadır. O, «Qaynar xətt»ə şikayətini həm də telefon vasitəsilə çatdırıb:

«Həmin torpaq sahələri Bakı-Rostov yolu boyunca kollektiv bağçılıq təsərrüfatını inkişaf etdirmək üçün ayrılmışdı. Ümumilikdə 750 hektar olan sahənin 72.76 hektarı Sumqayıt şəhər İcraiyyə Komitəsinin 22 iyun 1989-cu il tarixli qərarı ilə Sumqayıt şəhər Təhsil şöbəsinə ayrılmışdı. Bu torpaqlar xüsusi komissiyanın qərarı ilə hər birinə 6 sot olmaqla 1000 nəfərdən çox təhsil işçilərinin istifadəsinə verilmişdi. 1980-ci illərinin sonlarında ölkədə baş verən hadisələr, təhsil işçilərinin maddi vəziyyətinin ağır olması, sahənin infrastrukturunun inkişafdan geri qalması bağçılıq təsərrüfatından istifadəni zəiflətmişdi. 1990-cı illərin sonundan isə bağçılıq sahələrinə işçilərin öz hesabına su çəkildi, yol salındı, bir çox sahələr yaşıllaşdırıldı, bəzi sahələrdə isə bağ evləri tikildi. Bağçılıq təsərrüfatının bütün üzvləri 2001-ci ildən 2008-ci ilədək bələdiyyə idarəsinə dövlət rüsumları da ödəyiblər».

«İNDİ ORDA HƏRBİ HİSSƏ TİKİBLƏR»

Nüşabə Əşrəfova deyir ki, 2010-cu ilin may ayında Yaşma bağçılıq təsərrüfatının ərazisində, torpaq sahiblərinə xəbərdarlıq edilmədən Müdafiə Nazirliyinin hərbi hissəsi yaradılıb. Sumqayıt şəhərində yaşayan və işləyən 39 müəllimin haqqı pozulub. Onların bağçılıq təsərrüfatına ayrılan torpaq sahələri Yaşma «N» saylı hərbi hissəsi tərəfindən zəbt edilib:

«Yaşma «N» saylı hərbi hissənin hərbiçiləri bağ sahiblərini öz sahələrinə buraxmırlar. Hökumət tərəfindən bu bağ sahələri bizə vəziyyətimizi yaxşılaşdırmaq üçün ömürlük istifadəyə verilmişdi. Torpaq sahələrinin özümüzə qaytarılmasını tələb edirik».

Nüşabə Əşrəfova torpaq sahələrinin qaytarılması, ya da həmin sahələrin əvəzinin onlara verilməsi üçün aidiyyəti orqanlara müraciət etdiklərini, ancaq cavab almadıqlarını bildirir:

«Müdafiə Nazirliyinə, bələdiyyə sədrinə, Həmkarlar İttifaqının sədrinə, icra başçısına və başqa idarələrə yazmışıq, gedib-gəlmişik. Yazdığımız şikayət məktublarının qəbzləri də bizdə var, ancaq 5 ildir ki, cavab vermirlər».

Şikayətçinin dediyinə görə, məktublarına cavab almadıqlarına görə məhkəməyə müraciət edə bilmirlər:

«Gərək bir cavab alaq ki, həmin cavabdan da məhkəməyə müraciət edək».

Müdafiə Nazirliyinin mətbuat xidməti isə ittihamlarla razılaşmır. Xidmətin əməkdaşı Teymur Abdullayev «Qaynar xətt»də məsələyə bir cümlə ilə münasibət bildirdi:

«Müdafiə Nazirliyi qanundankənar heç bir addım atmır».

«İDDİALARINI HÜQUQİ MÜSTƏVİYƏ ÇIXARSINLAR»

Hüquqşünas Namizəd Səfərov isə torpaqlarının zəbt olunduğunu iddia edənlərə bu iddiaları hüquqi müstəviyə çıxarmağı məsləhət görür:

«Müəllimlər özləri də bildirirlər ki, 5 il ərzində müxtəlif qurumlara çoxsaylı məktublar göndəriblər və cavab almayıblar. Məktubların göndərildiyini təsdiqləyən qəbzlər varsa, məhkəməyə müraciət etmək üçün bu da kifayət edir. Məktuba cavab gözləməyə ehtiyac qalmır. Ərizə yazmalı, vaxtilə onlara bağ sahələrinin ayrılmasını təsdiqləyən sənədləri, bağ sahələri Nazirlər Kabinetinin hansı qərarına əsasən verilibsə, həmin qərarı və 5 ildə rəsmi qurumlara yazdıqları məktubların qəbzlərini ərizəyə əlavə edib məhkəməyə təqdim etməlidirlər. Yaxşı olar ki, onlar iddialarını məhkəmədə kütləvi şəkildə qaldırsınlar. Bu zaman iddialarının təmin olunması daha realdır».
XS
SM
MD
LG