Keçid linkləri

2024, 12 May, bazar, Bakı vaxtı 16:33

Elmar Məmmədyarovun Fələstin və İsrail səfəri (VİDEO)


Azərbaycanın Xarici İşlər nazirinin Fələstin və İsrailə ilk səfəri
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Azərbaycanın Xarici İşlər nazirinin Fələstin və İsrailə ilk səfəri

-
Aprelin 21-də Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti həm Fələstin (Ramalla) və İsraildə görüşlər keçirir. Bu səfər Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həyata keçirilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyir ki, Azərbaycan Yaxın Şərq regionunda baş verənləri yaxından izləyir və orda baş verənlərə biganə qala bilməz:

«Azərbaycan istər Fələstin, istərsə İsraillə müxtəlif sahələrdə əməkdaşlıq edir. Hər iki ölkənin Azərbaycanda səfirliyi var. Səfərin gedişində iqtisadi, ticarət, mədəniyyət və başqa sahələrdə əməkdaşlığın perspektivləri, eyni zamanda Yaxın Şərqdə gedən proseslər müzakirə olunacaq».

Elman Abdullayevin dediyinə görə, Azərbaycan Fələstini dəstəkləyən və İsraillə əməkdaşlıq edən ölkədir:

«Azərbaycan daim Fələstinə yardım göstərir və yardımlarını davam etdirir. Ölkəmiz fələstinli tələbələrin Azərbaycanda təhsil almasını maliyyələşdirir, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardımlarını əsirgəmir».

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri səfərin gedişində hər-hansı sənədin imzalanmasının və diplomatik nümayəndəliklərin açılmasının nəzərdə tutulmadığını bildirir.

«BİR DƏ GÖRƏRİK Kİ, AZƏRBAYCANIN İSRAİLDƏ SƏFİRLİYİ AÇILDI»

Bakıdakı Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İhilov yəhudi icmanın Azərbaycan xarici işlər nazirinin İsrailə ilk səfərini alqışladığını bildirir. Onun dediyinə görə, yəhudi icmasının ən böyük arzusu – İsraildə də Azərbaycan səfirliyinin açılmasıdır:
Fərhad Mehdiyev
Fərhad Mehdiyev
«İndiki əlaqələr belə səfərlərin vacib olduğunu göstərir. Bu səfərlər çox lazımdır. Düzdür, İsraildən gəlirlər, ancaq buradan gedənlər yoxdur. Fikrimcə, bu səfərlər əlaqələri daha da inkişaf etdirəcək. Səfərlərin sayı çoxalsa, daha yaxşı əlaqələr qurular və bir də görərik ki, Azərbaycanın İsraildə səfirliyi açıldı. Belə səfərlər nəticəsində ölkə və xalqlarımız daha da yaxınlaşacaq».

«SƏFİRLİK OLMASA DA...»

Politoloq Fərhad Mehdiyevin fikrincə, Azərbaycanın İsraildə səfirliyi olmasa da, iki ölkə arasındakı əlaqələr yüksək səviyyədədir:

«Azərbaycan xarici işlər nazirinin Fələstinə səfərini daha çox Azərbaycan - ərəb dünyası münasibətləri kontekstindən qiymətləndirmək lazımdır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında da bəlli bir yerə sahibdir. Amma regionda strateji tərəfdaşlığa gəlincə, əlbəttə, Azərbaycanın İsraillə münasibətləri daha sıx və daha vacibdir. İsrailin enerji ehtiyaclarının çox önəmli hissəsini Azərbaycan qarşılayır. Eyni zamanda, Azərbaycan İsraildən çox müasir silahlar alır. Məncə, nə indiyədək İsrailə xarici işlər naziri səviyyəsində səfərin olmaması, nə də İsraildə Azərbaycanın səfirliyin açılıb-açılmaması vacib məsələ deyil. Ölkələr var ki, Azərbaycanın orada səfirliyi var, amma münasibətlər bu qədər önəm qazanmayıb».

Fikrət Sadıqov
Fikrət Sadıqov
Başqa bir politoloq Fikrət Sadıqova görə də, Azərbaycan xarici işlər nazirinin İsrailə səfəri çox əhəmiyyətlidir. Birincisi ona görə ki, bu ilk səfərdir. Azərbaycanın İsraildə səfirliyin olmamasına gəlincə, Fikrət Sadıqov bunun da gözləndiyini söyləyir:

«Düşünürəm ki, bu, müvəqqəti haldır. Təbii ki, hələlik, hesablaşmaq məcburiyyətində qaldığımız bir sıra amillər var. Amma belə bir səfərin olması ona işarə edir ki, biz artıq bəzi bağlılıqlardan əl çəkirik və əl çəkməliyik də. Diplomatik nümayəndəliklərin açılması o demək deyil ki, biz kiməsə qarşı nəsə təhlükə yaradırıq. O ki qaldı Fələstin dövlətinə, onun BMT-dəki statusunun əldə olunmasına Azərbaycanın da köməyi çatıb. İndən belə də münasibətlər inkişaf etməlidir. Bu səfərin özü Yaxın Şərq ölkələri ilə əlaqələrin inkişafında yeni bir addım kimi qiymətləndirilə bilər».

AZƏRBAYCANIN MÖVQEYİ: İKİ DÖVLƏT +ŞƏRQİ QÜDS

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Elmar Məmmədyarov Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad al-Maliki və Fələstinin Baş naziri Salam Fayyad-la görüşüb.
Elmar Məmmədyarov Avigdor Liberman-la görüşür - 22 aprel 2013
Elmar Məmmədyarov Avigdor Liberman-la görüşür - 22 aprel 2013

Elmar Məmmədyarov bildirib ki, Fələstininin beynəlxalq birliyin tamhüquqlu üzvü olmağa haqqı var və Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Fələstini dəstəkləyir.

Azərbaycanın xarici işlər naziri iki dövlət prinsipinə dayanaraq və Şərqi Qüdsün Fələstinin paytaxtı olması şərtilə münaqişənin həllinə tərəfdar olduğunu dilə gətirib və deyib ki, Azərbaycan bundan sonra da Fələstini dəstəkləyəcək.

Elmar Məmmədyarov aprelin 22-də İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri Avigdor Liberman-la da görüşüb. İki ölkə arasındakı münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Avigdor Liberman Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib və Azərbaycan tərəfi ilə turizm və parlamentlərarası münasibətlərin perspektivlərini müzakirə edib.

Azərbaycan nümayəndə heyətinin səfəri aprelin 24-dək sürəcək.
XS
SM
MD
LG