Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 20:43

Qazaxlı ziyalılar Səməd Vurğunun müdafiəsinə qalxdı


Foto: "Olaylar"
Foto: "Olaylar"
-

"Bəzi insanların səviyyəsiz çıxışlarına qarşı hər bir Azərbaycan vətəndaşı təpki göstərməlidir".


"Olaylar" xəbər verir ki, Qazax Xeyriyyə Cəmiyyətinin üzvləri, ziyalıların iştirakı ilə Bakıda 20-ci əsr Azərbaycan şairi Səməd Vurğunun Fəxri xiyabandakı məzarı başında tədbir keçirilib.

Tədbir son zamanlar Səməd Vurğuna xoşagəlməz ifadələr söyləyən şəxslərə cavab vermək məqsədi daşıyıb. (S.Vurğun barəsində xoşagəlməz ifadələr Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu tərəfindən səsləndirilib - red.)

Toplantıda Zaməddin Ziyadoğlu ziyalılara "Səməd Vurğunun ölməz ruhu naminə yağışlı bir gündə yığışdıqlarına görə" minnətdarlıq edib.

Öncə akademik Teymur Bünyadov Azərbaycan dahilərinin əzəməti haqqında danışıb. Nizami böyüklüyündən ötürülən dühalıq tacının sıra ilə Nəsimiyə, Füzuliyə onlaradan isə dahi Üzeyirə və Səməd Vurğuna ötürüldüyünü deyib. O, bildirib ki, bu gün Səməd Vurğuna qarşı söylənən qara fikirlər həm də xalqa qarşı yönəlib:

“Buna görə də bəzi insanların səviyyəsiz çıxışlarına qarşı hər bir Azərbaycan vətəndaşı təpki göstərməlidir. Çünki Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi uca zirvədir. Mən həyatımı Səməd Vurğunsuz təsəvvür edə bilməmişəm heç zaman”.

Tarixi araşdırmalar müəllifi, tədqiqatçı alim Şəmistan Nəzirli Səməd Vurğuna qarşı qısqanc münasibətlərin haradan qaynaqlandığını dəqiq bildiyini söyləyib. Bütün bunlara baxmayaraq, həmin qaragüruh qüvvələrin arzularına çata bilməyəcəklərini və son anda özlərinin tamamilə biabır olaraq, olan-qalan nüfuzlarının da ayaq altına düşəcəyinə əminliyini bildirib.

“Səməd Vurğun haqqında iftira və böhtan danışılması milyonları təhqir etmək deməkdir. Axı iddiaların da bir əsası olmalıdır. İddialardan biri Səməd Vurğunun Şaumyanı “baba”, digəri isə 31 mart hadisələrini “inqilab” adlandırmasıdır. Mən Səməd Vurğunun oxuduğum əsərlərini yenidən vərəqlədim. Amma bu deyilənlərə rast gəlmədim. Şaumyanın adını ancaq “komissar” olaraq qeyd edib”, – deyə Ş.Nəzirli bildirib.

Ş.Nəzirli qeyd edib ki, S.Vurğunu ləkələmək istəyən şəxslərin əməllərinə nə ad vermək lazım olduğunu xalq gözəl bilir:

“Səməd Vurğun haqqında danışarkən əvvəlcə onun şəxsiyyəti, poeziyası haqqında bilgi əldə etmək gərəkdir. Səməd Vurğunun həyatı haqqında Xavər xanımın xatirələrini dinlədikcə, sanki insanın ürəyi bu an dayanacaq kimi olur. Səməd Vurğuna atılan çamur Vurğun dağı qarşısında gözəgörünməz bir nöqtədir”.
Səməd Vurğun
Səməd Vurğun

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı öz çıxışında belə yağışlı bir gündə vurğunsevərlərin Vürğun nurunun ətrafında toplaşmasını yüksək dəyərləndirib. Səməd Vurğunu repressiya dönəminin ən çox acılar çəkmiş şairi adlandıran A.Aşırlı Mikayıl Müşviqin, Hüseyn Cavidin, Əhməd Cavadın itkisinin şairə böyük əzab verdiyini bildirib:

"Səməd Vurğunun Azərbaycan tarixində müstəsna xidmətləri olan hökmdarları – Nadir şahı, Qacarı alçaltdığı iddia olunur. Amma bir şeyin unudurlar ki, şairin əsərlərində adları çəkilən tarixi şəxsiyyətlərin hakimiyyətləri deyil, törətdikləri qeyri-insani əməlləri obrazlı şəkildə ifadə olunub. Səməd Vurğun Azərbaycan xalqının qəlbində yaşamış və yaşayacaq dahi şairdir. Səməd Vurğuna qarşı söylənən böhtan və iftiralar etik və mədəni baxımdan heç bir məntiqə söykənmir”-deyə Akif Aşırlı bildirib.

Daha sonra isə bir neçə natiq də Səməd Vurğun haqqında öz düşüncə və xatirələrini danışaraq, Vurğuna nalayiq sözlər ünvanlayan insanlara sərt münasibətlərini sərgiləyərək, onlara düşünüb danışmalarını tövsiyə ediblər. Sonda S.Vurğunun ruhuna Fatihə verilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG