Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:48

Tokay və Manana (Seçmə hekayələrdən)


Batumidə "Sevgi" ("Əli və Nino") abidəsi
Batumidə "Sevgi" ("Əli və Nino") abidəsi
-

...- Acarsan?

- Yox, azərbaycanlıyam! Sarpidə yaşayıram... SOKAR -ın arxasındakı qalanın yanında...

- Hmmm... Deyirəm axı, qəribə adın var! Bizlərdə belə ad yoxdu!..



Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Kamran Nəzirli


AXTARIŞ

(hekayə)

Sarpi* qəsəbəsindəki turistlərlə dolu olan "Kameo" hotelinin vestibülündə sakitlik hökm sürürdü; yay səhərinin gözü açılmamışdı, alatoranlıq idi; arabir magistral yoldan ötən minik və yük maşınlarının səsi gəlirdi, amma bu, bütün günü yaxındakı çimərlikdə özünü günə verən, Qara dənizin şəffaf suları qoynunda doyunca çimən, gecələr isə gürcü mətbəxi və şərabının ləzzətindən yorğunluq çıxaran hotel sakinlərinin şirin yuxusuna mane olmurdu.

Subtropik qəsəbənin ətirli və gurultulu havası bahalı, parlaq tünd mavi şüşəli açıq qapıdan içəri dolurdu.

Vestibülün ayaq tərəfində İtaliya istehsalı olan üzü gön dərili, enli, süd rəngli divan və dörd kreslo qoyulmuşdu, kresloların arasındakı dairəvi şüşə stolun üstündə rəngli moda jurnalları vardı.

Kreslolardan birində oturan yaşlı qapıçı yuxulu gözlərini ovuşdura-ovuşdura tez-tez həyətə baxırdı; üzündən yorğunluq tökülürdü, əsnəyirdi; o, nəsə mızıldadı, sonra sol əlinin barmaqlarını şüşə stolun üstünə taqqıldadaraq, sağ əli ilə cibindən çıxartdığı xırda pulları saymağa başladı.

Vestibülün baş tərəfində pardaqlanmış çəhrayı lövhənin üstündə "hotel inzibatçısı" sözləri yazılmışdı; üstü şüşəli enli arakəsmədən səliqə ilə daranmış qısa, şabalıdı qız saçları görünürdü; qızın başı aşağı əyilmişdi, o da nəsə hesablayır, yazıb-pozur, sonra gərgin və narahat halda başını qaldırıb qapıya tərəf, hotelin qabağındakı baxçada üstüörtülü çardaqda oturub dalğın-dalğın xəyallar quran nimdaş köynəkli oğlana göz qoyurdu; sonra başını yenə aşağı sallayıb kompüterdə nəsə yazırdı; adama elə gəlirdi ki, bu qız da yaşlı qapıçı və bayırdakı cavan oğlan kimi həyat adlı amansız mübarizə xəzinəsindən nəsə axtarır.

Batumun hər hansı bir özəl hotelinə gələn adam bu qızın bitib-tükənməyən enerjisini, yüksək xidmət mədəniyyətini, namuslu əmək səyini görüb dərhal başa düşərdi ki, qıraqdan kimsə ona göz qoyur!

Yox, yox, hotel sahibinin otağında müasir monitorlar olsa da, gözqoyan sahibkar deyildi!

Bütün gecəni dirigözlü açan, gah vestibülə girib qızla laqqırtı vuran, sonra deyingən qapıçının təkidiylə çölə çıxıb rütubətli gecə havasını udan, gah hotelin qarşısındakı bahalı minik maşınlarına söykənən, gah da gedib yenidən çardağa mıxlanan cavan oğlan idi!

Alatoranın nəsimi üzündə uşaq məsumluğu oynayan cavan oğlanın qara tellərini xəfif-xəfif yellədirdi. O da qayğılı və yuxulu görünürdü, müəlliminin çətin sualına cavab vermək zorunda qalan məktəblini xatırladırdı.

Oğlan qəflətən ayağa durdu, hotelin nəmli pilləkənlərinə tərəf yeridi, içəriyə girmədi, qıza əli ilə işarə elədi, sonra hotelin əlli metrliyində uzanan magistral yolun kənarına çıxdı; yolu keçib o biri tərəfə, dəniz sahilinə düşdü.

Oğlan hoteldən təxminən yüz əlli-iki yüz metr aralıda yerləşən çimərlikdə soyunub suya girdi. Sahildə günəmuzd işləyən yerli cavanlar, tələbələr orda-burda gözə dəyirdi, sağ tərəfdəki qayalıqların dibində kimsə çimirdi; çimərlik xidmətçilərindən biri cərgə ilə düzülmüş, üst-üstə yığılmış stol-stulları təmizləyirdi.

Cavan oğlan bir qədər üzüb sudan çıxdı, daşlı-çınqıllı tərtəmiz sahildə durub günəşi qarşılamaq üçün üfüqlərə baxdı. Uzaqdan yalnız qaraltılar görünürdü.

Daşlı sahillərə çırpılan ləpələrə qulaq verdi, sonra geriyə, hotelə sarı boylandı; duzlu su onun yuxusunu qovmuşdu, amma narahatlığı hələ də üzündən tökülürdü.

Cins şalvarının cibindən qol saatını çıxartdı, vaxt getmirdi, səhər də açılmırdı ki, açılmırdı.

Qızın ilk iş günüydü; demək olar ki, üç aylıq sınaq müddətindən sonra qızı işə götürdülər.

Özü də belə bir mötəbər hoteldə! Hər ikisi sevindi, hər ikisi məmnun oldu; hotel sahibi Nodar Canidze dünən dedi ki, bu gecə növbədə Manana qalacaq; növbə səhər saat səkkizə kimi olurdu; səkkizdə növbəni başqa inzibatçı təhvil alırdı.

Nodar Canidze oğlanı qızın yanında, özü də əyin-başı pis kökdə görəndə əvvəlcə üz-gözünü turşutdu, yəqin düşündü ki, bu subay oğlan lap mitil yorğan kimidi; biləndə ki, xarici gökəmləri tərs mütənasib olan iki gənc sevgilidi, bir qədər təəccüb elədi, nəsə demək üçün ətli dodaqlarını qabağa uzatmışdı ki, qız aman vermədi, dedi:

- Biz Tokayla nişanlı kimiyik! Bir az pul toplayan kimi toyumuzu edəcəyik!

Tokay utana-utana gözlərini aşağı dikdi, Nodar Canidze oğlanı bir də başdan-ayağa süzüb "hımmm" elədi, sonra nə düşündüsə:

- Nə işlə məşğulsan?-soruşdu.

- Üzürəm!

- Üzürsən? - Nodar oğlanın arıq vücuduna baxıb duruxan kimi oldu.

- Hə, hə, o, yaxşı üzür!- Manana elə vəcdlə söylədi ki, elə bil təzə bir şey kəşf eləyirdi, - Dalğıclara kömək edir bütün günü. Az- maz pul da verirlər! Amma fərli iş axtarır!

- Hımmm.- Nodar Canidze yenə ətli dodaqlarını kipləşdirdi. - Axtaran tapır... Əsas odur ki itirməyəsən...- deyə əlavə etdi, sonra heç nə olmayıbmış kimi iri cüssəli bədənini döndərib kabinetinə açılan qapıya tərəf yeridi; birdən yenə nə fikirləşdisə, dərhal geri dönüb üzünü oğlana tutdu:

- Acarsan?

-Yox, azərbaycanlıyam! Sarpidə yaşayıram... SOKAR -ın** arxasındakı qalanın yanında...

- Hmmm... Deyirəm axı, qəribə adın var! Bizlərdə belə ad yoxdu!

- Türk adıdır, rəhmətlik babam qoyub. Zəngin və igid deməkdir!- bunu elə qürurla söylədi ki, Nodar Canidzenin üzünə ilıq bir təbəssüm qondu, sahibkar iri gözlərini oğlanın düz solğun bənizinə tuşlayıb hökmlü, lakin bir qədər kinayəli tərzdə dilləndi:

- Bura bax, zəngin və igid oğlan, bəlkə sən mənə lazım oldun! Sabah axşamüstü yanıma gəl, bir şey fikirləşərəm...

Manana növbəyə başlayandan Tokay bir yerdə qərar tuta bilmədi; evə getdi, tez də qayıdıb gəldi; gah sahilə baş çəkir, gah hotelin böyründə durur, gəlib-gedən turistlərə baxır, gah da qızın müştərilərlə necə mehriban və nəzakətlə davranmasına tamaşa edir, bu möhtəşəm hoteldə bir gün o da işləyə biləcəyinə, sevgilisi ilə bərabər pul qazanacağına, xoşbəxt günlər yaşayacaqlarına inanıb xəyallar qururdu. Bayaq ikiotaqlı darısqal mənzillərinə baş çəkib anası Dilrubəyə Manananın işə başladığını, daha sonra Nodarla söhbətin ucundan-qulağından danışdı; dedi ki, Manananın yanında olacaq, evə gəlməyəcək...

Səhər səkkizə iyirmi dəqiqə qalmış hotelin qabağında taksi dayandı; maşından bir qadın, iki uşaq düşdü, xaricdən gəlmişdilər. Manana onların gələcəyini bilirdi, beşinci mərtəbədəki 19 nömrəli otaq onlar üçün hazırlanmışdı. Qız taksidən düşən xariciləri görən kimi qapıçıya səsləndi:

- Aşot əmi, almanlar gəldi, bayıra çıxın...

Aşot elə bil yuxudaydı, kreslodan dik atılıb qapıya sarı cumdu. Qadın taksidən düşəndə Tokay artıq sahildən qayıtmış, yenə gəlib çardaqda bitmişdi. O, ayağa durub taksiyə yaxınlaşanda qadın onun arıq vücuduna, nimdaş əyin-başına baxıb istehzayla gülümsədi, sonra uşaqlara nəsə pıçıldadı. Tokay bunu duydu, bir qədər üzüldü; Aşot özünü yetirib irişə-irişə canfəşanlıq göstərəndə Tokay dinməzcə kənara çəkildi. Qapıçı qadının təkərli çamadanlarını götürüb hıqqana-hıqqana pilləkənləri qalxdı, liftin qabağına qədər sürüdü. Vestibüldə Manana ilə almaniyalı qadın üz-üzə qarşılaşdı, ikisi də gülümsədi. Manana alman dilində xanım Şraynerə dedi ki, onların hər ikisinin eyni adı daşımalarını biləndə çox sevinib.

Qonaq təbəssümlə cavab verdi, nə barədəsə bir qədər danışdılar; qız qaimə kağızlarını printerdən çıxartdı, qadına verdi, əlavə bir sənəd də uzatdı, qadın hər iki sənədi imazalayandan sonra uşaqları ilə bərabər (uşaqlardan biri qız, o biri oğlan idi) ətrafı maraqla seyr etməyə başladı.

Xanım Şraynerin təxminən qırx-qırx beş yaşı olardı; o, iyirmi beş il bundan qabaq qoyub getdiyi Gürcüstanı tanıya bilmirdi; günəş şəfəqlərinin oxşadığı tünd-mavi hotel şüşələrindən görünən dənizin mürgülü sularına, ətrafdakı dağ-dəniz mənzərələrinə heyrətlə tamaşa edirdi; bir tərəfi dəniz, bir tərəfi zümrüd meşəli dağlar, təpəliklər, güllər, çiçəklər, şam ağacları, limon, portağal, narıngi bağları, cır meyvəliklər, qayalıqların üstündəki restoran və istirahət guşələri, dağətəyi çəmənliklər, bir qədər yuxarılarda gözoxşayan qırmızı, sarı, çəhrayı, yaşıl örtüklü yaşayış evləri, kotteclər, şüşə kimi asfalt magistral yollar, səliqə-səhman... Burda möcüzələr yaratmışdılar! "Gürcü xalqı axır ki ağ günə çıxdı!" Qadın düşündü. "Çimərliklər qaynaşır! Gör nə qədər adam var? Hələ saat səkkiz deyil!"

Xanım Şrayner o tərəf bu tərəfə yüyürən, əsrarəngiz təbiət mənzərələrindən vəcdə gəlib almanca bir-birlərinə ucadan nəsə qışqıran, sonra da əlləri ilə artıq adamla dolu çimərliyi göstərən uşaqlarına qayğısız-qayğısız nəzər yetirirdi. Qadın otağın açarını alanda barmağındakı iri qaşlı üzük Manananın diqqətindən yayınmadı. Üzüyün üstünə düşən gün işığı qızın gözlərini qamaşdırdı. "Kaş mənim də belə bir üzüyüm olaydı!" deyə ürəyindən keçirtdi. Bu, təbii qadın arzusu idi! Amma belə bir üzüyü almaq üçün o, gərək əlli il fasiləsiz işləyəydi və heç nə yeməyəydi! Əlbəttə, qız burasını bilmirdi.
Xanım Şrayner şəstlə liftin düyməsini basdı və uşaqlarla birgə beşinci mərtəbəyə qalxdı.

Manananı əvəz edəcək növbəti inzibatçı qız gəlmişdi, qızlar bir-birlərinə gürcü dilində nəyisə başa saldılar. Bir azdan Manana hoteldən çıxdı və Tokayla bərabər sahil boyunca evə yollandı.

- Sən bütün gecəni yatmadın!- Manana dedi.- Keşik çəkirdin?

- Əlbəttə! Səni qoruyurdum da...- Tokay güldü.

- Nədən qoruyursan məni, ay dəli?

- Qurd-quşdan... Sən axı qorxaq pişiksən...

- Mən qorxaq deyiləm... Sənsən qorxaq. Qorxursan ki...- Manana bir qədər susdu, sözünün dalını deyə bilmədi.

- Nəsə demək istəyirsən, amma demirsən... Mənsə, sənin ürəyindən keçənləri
bilirəm.

- Nə bilirsən?

- Deyim?

- De!

- Demirəm!

- Yaxşı da, Tokay! De görüm mənim ürəyimdən nə keçir?

- Nişan üzüyü!

....İkisi də susdu. Tokay davam etdi:

- Mən pul yığıram, səninçün mütləq üzük alacam. Yüz əlli larim*** var. Anama demişəm ki, bu pullara dəyməyin... Hotelə işə girsəm bəlkə də tez alaram. Bu dalğıclar xəsis şeydilər. Günə beş lari verirlər... Görəsən Nodar məni işə götürəcək? Lap Aşot kimi qapıçı da olmağa razıyam. Təki bir yerdə işləyək...

- Tokay!..

Oğlan qıza baxdı, baxışları toqquşdu. Manana o baxışların alovuna tab gətirə bilmədi, gözlərini daşlı-çınqıllı sahilə dikdi. Yenə susdu.

- Tokay, sən məni... qısqanırsan?- soruşdu.

-Bu nə sözdür? Hardan ağlına gəldi?

- Elə bil məni qısqanırsan. Nəsə ürəyimə damıb. Yoxsa bütün gecəni yuxusuz..

- Dəlisən, nədir?- oğlan qızın sözünü kəsdi,- Sən özün də yuxusuz qaldın... Bir halda ki, sən yatmırsan, işləyirsən... mən nə üçün yatmalıydım, hə?

Qız susdu. Gözünə düşən açıq şabalıdı tellərini əliylə geri itələdi, dalğın-dalğın dənizi seyr etdi, sanki orda əsrarlı, nazlı gözləriylə nəyisə axtarırdı; birdən mövzunu dəyişmək qərarına gəldi.

- Bilirsən bayaq gələn o qadın kim idi? Frankfurtda yaşayan gürcü qadın. İyirmi beş ildi köçüb ora, almana ərə gedib. Deyir, bu iyirmi beş ildə birinci dəfədi gəlir buralara. Gözlərinə inanmır. Hər şey dəyişib. Adı da Mananadır. Almanca danışır...

- Bəlkə heç gürcü dilini bilmir?

-Soruşdum, bilir. Özü danışmır. Deyir, Yurgenlə Klara gürcü dilində danışa bilmirlər. Ona görə də məcburdu almanca danışsın... On günlük istirahətə gəliblər.

- Nə əcəb ərsiz gəlib?

- Soruşmaq ayıbdı! Sən də ki, əməlli-başlı qısqancsanmış! Nəyinə lazımdır axı, ərsiz, ya ərli gəlib! Bir də ki, onlarda bunun əhəmiyyəti bir o qədər yoxdur. Ər də, arvad da ayrı-ayrı istirahət edir. Ruslar da belədir də! Amma siz... Allah eləməsin... Qoyma, vay, birdən yeyərlər! Kişilər arvadlarını, arvadlar da kişilərini gözlərindən qırağa qoymurlar!

- Bu pisdi ki?

- Pisdi, əlbəttə! İndi hansı dövrdü? Mən bax, dünən gecə Nodarın yanında biabır oldum! Bunu sənə demədim! Axı o, nə fikirləşər, hə?

- Heç nə!

- Necə yəni heç nə! Hələ o, bilsə ki, sən səhərədək hotelin qabağında keşik çəkmisən, nə düşünər? Aşot əmi xəbərləməsə yaxşıdı!

- Xəbərləsin də! Uzaqbaşı məni bu gün qəbul etməyəcək, vəssalam! Mən də yaxşı iş tapan kimi səni ordan...

- Nə? Nə dedin?-qız püskürdü,- Tokay, bu nə sözdür danışırsan? Səni tanıya bilmirəm!

- Zarafat edirəm, əzizim! - Tokay ucadan güldü. - Qaşqabağını sallama!

- Necə yəni zarafat edirsən! Belə də zarafat olar? Heç bir gün deyil işləyirəm! Axı mən də işləməliyəm! Toyumuza pul yığmalıyam... Belə çıxır ki, sən mənə inanmırsan, hə?

- İnanıram, əzizim, inanıram! Neyləyim, ürəyimi dəyişə bilmərəm ki!

- Ürəyini yox, düşüncəni dəyişməlisən...

- Düşüncəmə nə olub görəsən?

- O olub ki...hotelin keşiyini niyə çəkirsən? Nə itirmisən o çardaqda? ...Gecəni də dirigözlü açdın...

- Səni sevirəm də... çox sevirəm... Sevgidi də bu! Bir də... Bilirsən, Manana, mən... hər gün öz xoşbəxtliyimi axtarıram...

- Tapmamısan ki?

-Həm tapmışam... həm də yox!

- Başa düşmədim! Məgər məni tapdığına sevinmirsən?

- Sevinirəm, əzizim, sevinirəm. Amma bu sevinci itirməkdən də qorxuram. Çünki...

Oğlan susdu. Onun canını soyuq bir gizilti bürüdü; lakin özündə güc toplayıb ürəyindən keçənləri dilinə gətirdi:

- Bilirsən... kişilər pul qazana bilməyəndə qadınların gözündə miskin görünürlər. Dünyada miskin görünməkdən pis şey yoxdur.

- Sən mənim gözümdə miskin görünmürsən axı! Tokay, de görüm nə demək istəyirsən e!

- Mən səni xoşbəxt etmək istəyirəm!

- Elə də! Kim mane olur ki?-dodaqucu dedi.

- Dalğıc!

Qız şaqqanaq çəkib güldü. O, Tokayın zarafatlarını çox eşitmişdi, onun yumor hissini qiymətləndirirdi; Tokay söz üçün əlini cibinə salan oğlan deyildi. Manana hərdən Tokayın özünü filosoflar kimi aparmasına da öyrəşmişdi; ona bəzən saatlarla maraqla qulaq asırdı. Qız bu dəfə də oğlanın filosofluğuna rəğbətini gizlətmədi, düşündü: görünür, bütün sevənlər belə olur; o, bu ilıq duyğularla söhbətə yekun vurmağa çalışdı.

- Cənab dalğıc! Məni xoşbəxt etmək üçün Tokay olmaq lazımdır! Həm də unutma ki, söz sandığa girmir...

Qızın ikibaşlı sözləri Tokayı uzun müddət düşünməyə məcbur etdi; o, Manananı evə ötürəndən sonra da bu barədə xeyli götür-qoy elədi. Əvvəllər Tokaya elə gəlirdi ki, sevmək, sevdiyin qızla evlənib ailə qurmaq, oğul-qız atası olmaq su içmək kimi bir şeydir.

Əvvəllər o, hər şeyə beləcə sadə və bəsit baxırdı. Onun üçün də, elə Manana üçün də həyat hoteldən ibarət idi; hotelin içi, çölü, yaşıl bağ-bağat, hava, yağış, günəş, ay, gecə-gündüz, Qara dənizin adamla dolu sahilləri, vəssalam!

O, Mananaya aşiq olmuşdu, hər şeyə onun gözüylə baxırdı! Amma tale onu öz sevgisi ilə təkbaşına buraxandan sonra oğlan anladı ki, sən demə, həyatda nə qədər anlaşılmaz, mürəkkəb və müəmmalı şeylər var!

O, daha xəyalpərəst adamlar kimi saatlarla düşüncələrə qərq olmadı, reallıqla yaşamağa başladı; daha yaxşı üzməyi öyrəndi! Tokay düşünürdü ki, onun dünyası ilə Sarpinin həyatı arasında bir elə fərq yoxdur, ikisi də eyni şeydir.

Lakin o, öz şəxsi həyatının fərəhini dadmaq üçün bütün bunların az olduğunu da başa düşürdü. O, həyatdakı yerini daha yaxşı görmək istəyirdi, Manana ilə birgə məqbul hesab elədiyi aləmdə yaşamaq istəyirdi.

Tokay özü də bilmədən yeni quracağı ailənin yaşam tərzi, hədəfi və vəzifəsini anlamağa çalışırdı; sevən gənclər çox vaxt bu barədə düşünmürlər!

Tokay əlli yaşdan sonra Aşot kimi qapıçı olmaq istəmirdi; o, düşünürdü ki, kişi gərək hər şeyi- təhsilini, evini, ailəsini, məişətini, rahatlığını otuz beş yaşa qədər təmin eləsin!

Gözləməyə vaxt yoxdur! Lakin o, elə bu anlarda qəti əmin oldu ki, kişini səadətə aparan yol axtarmaqdan başlanır; bəli, bəli, kişi gərək daim axtarsın!

Ölənədək axtarsın! Axtarmaq hər zaman yaxşı şeydi! Əslində biz hamımız axtarışdayıq! Kimi tapır, kimi tapdığını itirir, kimi itirdiyini tapır, kimi tapmır, heç vaxt tapmır! Çünki axtarmır! Mən onu xoşbəxt etmək üçün axtarmalıyam! İlk növbədə iş axtarmalıyam!

Axşamüstü Nodar Canidzenin yanından çıxan Tokay çox ürəkli görünürdü; sahibkar ona hələlik hotelin həyətindəki bağçaya baxmağı tapşırmışdı; o, sabahdan gündə üç dəfə gülləri suvarmalı, ağacların dibini yumşaltmalı, dağın ətəyində salınan ekzotik bağın qeydinə qalmalı, yaşıllıqları göz bəbəyi kimi qorumalı idi. Bunun müqabilində həftəlik yetmiş beş lari alacaqdı. On beş həftə işləsə 1125 lari qazanacaq! Bir qədər qənaət eləsələr, min lariyə Mananaya nişan üzüyü də ala bilər! Əlbəttə, bu, müvəqqəti iş idi, yaxşı bağban tapan kimi Nodar onu başqa işə keçirəcək. Məsələn, onu hotelin maşın qarajına verə bilər; maşınlardan başı çıxır, vaxtilə tələbəlik illərində yay tətilləri zamanı rəhmətlik atasının gürcü dostlarının avtomobil təmiri emalatxanalarında motorçu işləmişdi.

Hotel sahibinin ona iş təklifini Mananaya çatdırmaq üçün tələsirdi. Yolu keçib sahilə düşdü. Yekəpər dalğıc dostları günəmuzd işə götürdükləri cavan oğlanı görüb onunla zarafat eləməyə başladılar:

- Deyəsən daha gündəlik beş lari qazanmaq istəmirsən, oğlan?!

- Səni bir-iki dəfə qızla görmüşəm... Adama salam da vermirsən!

- Hey bico****, sən gözəl üzgüçüsən, sənin əsl yerin bax buradır. Gəl danışaq bizim xilasedicilər cəmiyyəti ilə, səni götürək, rəsmi müqaviləylə bizdə işlə də...

- Nə deyirsən, hə? Günəmuzd yaxşıdı, yoxsa?...

Bütün bunlara Tokay yalnız utancaq təbəssümlə cavab verdi. Sonra gündən qoruyan iri qırmızı güllü çətirin altında oturub pivə içən dostları onu stola dəvət etdilər.

Doğrudur, dalğıcların yanına qayıtmışdı desin ki, sabahdan hotelə işə gedəcək.

Amma dalğıclar onu qabaqladılar, zarafata saldılar, onu pivə və isti xaçapuriyə***** qonaq elədilər. Tokay da təzə işi barədə onlara heç nə demədi.

O, adəti üzrə çimərlikdə qaynayan adamlara baxırdı. Birdən səhər gələn alman qadının uşaqları gözünə dəydi. Çimirdilər. Dəniz sakit idi. Tokay soyundu. Birdən-birə üzmək istədi. Dalğıclardan biri zarafatla:

- Nədir, gözünə qızıl balıq dəyib?

- Yox, buralarda qızıl balıq nə gəzir? Qızıl balıq Xəzərdə olur! - Tokay də zarafata həvəslə cavab verdi. - Üzmək istəyirəm!- Bunu elə şövqlə dedi ki, elə bil təntənəli yürüşə hazırlaşırdı. Doğurdan da o, üzmək istəyirdi, uzağa getmək, bir qədər də özünü təzə gələn turistlərə göstərmək həvəsinə düşmüşdü.

Sahildə, ləpədöyəndə oynayan alman uşaqları bir-birlərinin üstünə su çiləyirdilər, oğlan qızı qovur, qız qışqırır, yalın çiyinlərinə yapışan islanmış uzun saçlarını bağlamaq üçün qardaşından möhlət istəyirdi. Tokay uşaqların anasını aradı, qadın gözə dəymirdi; oğlan qeyri-ixtiyari suda boyverən ərazilərdə çimən adamlara göz yetirdi, xanım Şrayneri tanıya bilmədi, ya da qadın onların arasında deyildi. Birdən sahildən təxminən əlli metr aralıdakı ərazidə qadını gördü; xanım Şrayner suyun üzündə uzanıb sakitcə göyləri seyr edirdi. "Deməli üzə bilir! Yoxsa bu qədər uzağa gedə bilməzdi!" düşündü.

Tokay suya girməkdən vaz keçdi. Ondan yaşca böyük dalğıcların təklif etdiyi pivə şüşəsini başına çəkdi, xaçapuridən bir tikə ağzına saldı.

Bir az öncə quzu kimi görünən dəniz qəflətən nərildəməyə, dalğalar bir an içində böyüməyə başladı. Su ilə odun imanı yoxdur!

Dalğalar getdikcə daha sürətlə daşlı sahilə çırpılırdı; boyverən ərazidə çimən adamlar yavaş-yavaş sudan çıxmağa başladılar. Uşaqlar yenə çığırışa-çığırışa oyanyırdılar. Havanın üzü birdən-birə dönmüşdü;

Tokay gördü ki, xanım Şrayner üzə-üzə sahilə gəlir. Dalğıclar narahat olmağa başladılar: tufan qopa bilərdi. Sağ və sol tərəflərdəki qadağan olunmuş ərazilərdə də iki-üç nəfər gözə dəyirdi; dalğıclar səsgücləndirici götürüb dizəcən suya girdilər, uzaqda görunən adamlara xəbərdarlıq elədilər; sahilə iyirmi-otuz metr qalmış Tokay gördü ki, xanım Şraynerin başı itdi.

Arxadan isə nəhəng dalğa gəlirdi; dənizçilər bəzən buna "ölüm dalğası" da deyirlər. Dalğa o qədər güclü oldu ki, qadının ayaqları suyun üzündə oynamağa başladı, əl-qolu görünmədi. Uşaqlar onların yanında duran adamlarla bərabər qorxa-qorxa "ana!" deyə çağırır, qız ağlayır, oğlan isə həyəcan keçirə-keçirə almanca nəsə deyirdi. Tokay bir andaca suya şığıdı, növbəti dalğanın içinə baş vurdu; dalğıclar onun dalınca nəsə qışqırıb motorlu qayığı işə saldılar; qadın batıb-çıxır, arası kəsilməyən dalğalar ona əl-qol atmağa imkan vermirdi...

Tokay bir əli ilə Şraynerin saçlarından tutub dartır, o biri əli ilə amansız dalğaların caynaqları arasında sahilə can atırdı. Çimərlikdəki rus, türk, gürcü, azərbaycanlı, erməni turistləri bu səhnəni təşvişlə izləyir, yaşlı qadınlar özündən iki dəfə ağır olan alman turistini sahilə dartan oğlanı göstərib deyirdilər:

- Uşaqda cəsarətə bax e!

- Şir ürəyi yeyib bu uşaq! Vallah, indi özü də boğulacaq!

- Görmürsən dalğıcdır? Onun vəzifəsidir! Bəs onlar nə üçündür? Hökumət onlara bir ətək pul verir!

- Müqəddəs Məryəm! Sən özün hər ikisinə kömək ol!

Müqəddəs Məryəm deyəsən sonuncu qadın səsini eşitdi; Tokay sahilə çatanda daha bir nəhəng dalğa gəlib onların ikisini də kəllə-mayallaq sahilə vurdu; o biri dalğıclar, ətrafdakı kişilər qadını və Tokayı sudan çıxartdılar. Qadın boğulmuş, üz-gözü, əl-ayağı gömgöy olmuşdu. Tokay taqətdən düşüb ayaq üstə güclə dayanırdı. Hamı qadının başına yığışdı, dalğıclar ilk yardım göstərir, qadının buza dönmüş bədənini başı aşağı sallayır, ona nəfəs verməyə çalışırdılar. Tokay bir qədər aralıda daşların üstündə oturub camaata tamaşa edirdi; uşaqlar ağlaşa-ağlaşa bir-birlərinə baxır, şiddətli dalğaların qərib ölkə qayalıqlarına çırpdığı gəminin sərnişinlərini xatırladırdılar. Qadının ağzından ağ köpüklər gəlməyə başladı; kimsə dedi:

- Uzadın yerə! Sinəsindən basın!

- Bax belə! Bir də! Bir də!

- Nəfəsi gəlir! Dilini çıxart! Nəfəs ver! Ay oğlan, niyə çəkinirsən, dodaqlarını arala, ağzınla nəfəs ver! Hə, bax belə!

- Rəngi özünə gəlir!

Hamı xilas olunanı düşünürdü, xilas edəni düşünən yox idi! Qadın özünə gələndən sonra Tokay qalxıb yavaş-yavaş sahildən uzaqlaşdı; şoseyə çatanda artıq təcili yardım maşını hadisə yerinə tələsirdi. Tokay geri boylandı, adamların arxayın hərəkətləri xanım Şraynerin tamam özünə gəldiyini xəbər verirdi; uşaqlar analarını yelpikləyirdilər...

Növbəti gün qəsəbədə bu hadisəni hərə bir cür yozmağa başladı: yaşlı arvadlar deyirdilər ki, bir turist qadın iki uşağı ilə birgə dənizdə batıb, hava da elə buna görə açılmır. Kimsə bildirirdi ki, yox, elə olmayıb, hadisəni qonşusu öz gözləriylə görüb: həmin turist alman qadınıymış, az qala boğulacaqmış, bizim dalğıclar onu xilas ediblər. Hoteldə, yaxındakı çimərlik ərazilərində dincələnlər isə danışırdılar ki, turist qadını arıq bir cavan oğlan sudan çıxarıb, özü də hardasa buralarda işləyir..
Səhər çağı Tokay Nodar Canidzenin kabinetinə girəndə sahibkar ayağa durdu, Tokayın qabağına yeriyib gülərüzlə onun boynunu qucaqladı, dedi:

- Tokaycan, sən çox böyük igidlik eləmisən! Afərin! Belə bir müştərinin həyatını xilas etmək bilirsən nə deməkdir? İmicdir, imic!

Tokay məsumanə gülümsədi, dedi:

- Mən sadəcə üzə bilirdim! Vəssalam!

- Sadəcə yox! Sən əsl igidsən! Sarpi səninlə fəxr edir! Biz səni dünənki tarixlə işə götürdük! Qoy sənin şücaətin "Kameo"nun tarixinə yazılsın! Bilirsən nə baş verib?
Tokay sahibkarı tanıya bilmirdi. O, təəccüblə çiyinlərini çəkib gözlərini Nodara zillədi.

- Dünən alman səfirliyindən zəng vurmuşdular, xanım Şraynerin səhhəti ilə maraqlandılar; biləndə ki, xanım Şrayneri bizim hotelin işçisi xilas edib, təşəkkür elədilər. Almanlar öz vətəndaşları üçün gör necə narahat olurlar?! Dövlət belə olar e! Hə, Tokaycan, xanım Şrayner dünən gecədən səni axtarır. Gecə zəng eləmədim Mananaya! Yəqin onun xəbəri var? Bax belə, zəngin və igid oğlan! İndi get işini gör! Al, bu da sənin avansın!- deyə hotel sahibi əvvəlcədən hazırladığı paketi Tokaya uzatdı.

İnsanın həyatı hər an dəyişə bilər; gərək yaşadığın hər anı gözləməyi bacarasan! Gərək hər zaman hər ana hazır ola biləsən! Tokay bu düşüncələrin qanadı altında bayıra çıxdı və qəflətən onun içini elə bir sevinc hissi bürüdü ki, quş olsaydı uçardı. Onun üçün adi görünən bu hadisəyə gör nə qədər önəm vermişdilər! "Gürcülərin xasiyyətidi, onlara iynənin ucu boyda olsa da xidmət göstərsən, onu dağ boyda görürlər! Bu Nodar çox yaxşı adamdı! Dünən nahaq onun barəsində pis fikrə düşmüşdüm!"

Manana növbəni təhvil alanda Aşot ona yaxınlaşıb gülə-gülə dedi:

- Xanım Şrayner bayaq səni axtarırdı!

- Bilirəm, bilirəm, Aşot əmi, zəng vururam, otaqda heç kim yoxdu!

- Çimərliyə getdilər! Nəsə narahat görünürdü!

- Görünür dünənki hadisədən sonra özünə hələ də gəlməyib!- Manana kompüteri
yoxlaya-yoxlaya cavab verdi. Bu vaxt Tokay içəri girdi, Aşot bu dəfə onunla çox ehtiramla salamlaşdı və dinməzcə gedib qapıda durdu.

Manananın ikinci iş günü başlamışdı; qız elə bil su sonası idi, Tokay onun qulağına nəsə pıçıldadı, qız bərkdən güldü. Tokay dedi ki, o, çimərliyə, dalğıc dostlarıyla xudahafizləşməyə gedir. Oğlan qapıya sarı boylanıb Aşotun onlara baxmadığından arxayın olandan sonra qəflətən qızın yanağından öpdü. Manana qızardı, canına istilik gəldi və pıçıltıyla nəsə deyib iş yerinə keçdi.

Tokay çimərliyə çatanda gördü ki, xanım Şrayner uşaqlarıyla birgə yenə həminki ərazidədir, onlar boy verən yerdə çimirlər. Bir qədər yaxına gəlib dalğıclarla salamlaşdı; dalğıclar Tokayı görən kimi sanki canlandılar, çətirin altındakı stolun üstündə boş pivə bakallarını doldurdular; Tokayı da içməyə məcbur etdilər! Tokay qürrələnə-qürrələnə əlini cibinə salıb dedi:

- Mənim pulum var! Bu gün mən qonaqlıq verəcəm!

Dalğıclardan biri bic-bic onu süzdü, sınayıcı nəzərlərini Tokayın bütün vücudunda gəzdirib soruşdu:

- Varlanmısan deyəsən?

- Yox! Avans almışam! Hotelə işə girmişəm!

- Əladı ki!

- Deməli bizi bəyənmədin?

- Yox, niyə ki? Bəyənməsəydim bura gəlməzdim!

- Yaxşı, onda get ordan xəngəl sifariş ver! Bir şüşə də rus arağı! Sənin təzə işini yuyaq, - deyə nisbətən iri əzələli dalğıc əli ilə sahildəki səyyar restoranı göstərdi.

Tokay sözə baxan uşaqlar kimi çimərlikdə dəniz çarpayılarında uzanıb özlərini günə verən adamların arasıyla restorana tərəf getdi. Birdən xanım Şrayner onu görüb səslədi, əli ilə işarə elədi ki, onların yanına gəlsin. Tokay sevincək qadının yanına qaçdı; uşaqlar ona maraq və heyrətlə baxırdılar, qadın doğurdan da narahat görünürdü. Xanım Şrayner gürcü dilində danışdı, dedi:

- Dünənki əhvalata görə məni bağışlayın! Az qala sizi də... Sizə təşəkkür eləmək istəyirəm, uşaqlarım hələ də sizin igidliyinizdən danışırlar,- deyə oğlana iltifatlı və mehriban baxışlarını tuşlayan Yurgenlə Klaranı göstərdi.

- Xanım Şrayner, təşəkkür eləməyə dəyməz. Xahiş edirəm, özünüzü rahat hiss edin. Mən başqa cür hərəkət edə bilməzdim! Siz Allah, bunu unudun getsin!

- Heç bilmirəm bu necə baş verdi!- deyə xanım Şrayner qayğılı-qayğılı sakit sulara baxdı. - Bilirsiz, mən çox qiymətli bir üzüyümü itirmişəm. Deyəsən suya düşüb! Hər halda, dalğalar böyük idi... İndi biz uşaqlarla birlikdə səhərdən suyun altına baş vururuq, bəlkə gözümüzə sataşdı?

- Çətin tapılsın!- Tokay təəssüflə bildirdi.- Bu sular o qədər qiymətli şeylər udub ki!

- Hə...- qadın kövrəldi, - Biz həmişə itirəndə axtarırıq. Qorumaq barədə düşünmürük. O üzük çox qiymətliydi, ərimdən mənə toy hədiyyəsi idi... Heyf!

Qadın başını bulaya-bulaya Tokayı süzdü; oğlan onun bu dəfəki baxışlarında istehza sezmədi, orda sanki minnətdarlıq və yalvarış bir-birinə qarışmışdı. Tokay o baxışların mənasını anlamadı, o da başını buladı və xudahafizləşib geriyə, restorana tərəf yeridi.

Xanım Şrayner oğlu və qızı ilə birlikdə üzüyü qaranlıq düşənə kimi axtardı; ana tez-tez suya baş vurur, nəfəsi çatanadək dibdəki daşların arasına baxırdı. Dünən çimdiyi su ərazisini arayırdı; təxminən səkkiz-on yaşlarında olan qızı Klara ləpədöyəndə o tərəf bu tərəfə gedir, ləpələrin yuduğu daşları aralayıb altına baxırdı; oğlu Yurgen (onun da on iki yaşı olardı!) su eynəyi taxmışdı, o da anası kimi tez-tez suyun altına girir, dərhal da çıxırdı, sonra yerini dəyişir, eyni hərəkətlər edirdi. Çimərlikdə dincələnlərin heç biri ana və oğulun bu hərəkətinə əhəmiyyət vermirdi; hərə bir cür dincəlirdi, görünür, ana-oğul da belə dincəlir!

Sahildən əl-ayaq kəsilsə də ətraf restoranlardan musiqi səsləri eşidilirdi; istirahətə gələnlər əylənirdilər; Türkiyəyə gedib-gələn iri yük maşınlarının sürücüləri, yerli adamlar üçün yay gecəsində dənizin həzin laylası altında bir qədər dincəlmək, gürcü şərabından dadıb elə dənizin qırağındaca mürgüləmək nəyə desən dəyər!

Bu gecə Tokay üçün də əyləncəli və nəşəli oldu; o, yalın ayaqlarını dənizin ləpələrinə şappıldada-şappıldada yenə şirin xəyallar alımindəydi; bayaq dalğıc dostlarıyla bir qədər vurmuşdu, sevincini köhnə iş yoldaşları ilə bölüşmüşdü, onların şərəfinə yaxşıca tostlar söyləmişdi, özü barədə də təzə şeylər eşitmişdi, əvvəllər heç vaxt eşitmədiyi tostlara qulaq asmışdı.

Sonra Mananaya zəng vurmuşdu, qısa danışmışdılar, sonra yenə zəng vurmuşdu, onu sevdiyini söyləmişdi; Manana yenə məşğul olduğunu bildirmişdi; sonra Manana özü zəng vurmuşdu ona, o da Tokayı sevdiyini demişdi; beləcə gənc sevgililər gecə yarıyadək hər yarım saatdan bir telefonda qısa fasilələrlə danışır, sonra da qapadırdılar. Gənclərin sevgisi də, sevinci də, əyləncəsi də, kədəri də şıltaq olur; gənclərin qayğıları da özləri kimi çevik, bərkgedən və coşğun olur. Nə olur-olsun, o, tezliklə Mananaya toy edəcək, onu evinə gəlin gətirəcək; o, düşünürdü, gülürdü, suya təpik vurur, dənizin qaralmış üzünə dişlərini ağardıb ucadan deyirdi:

- Sən məni xoşbəxt etdin, dəniz! Mən səni necə xoşbəxt edə bilərəm?

Qeyri-ixtiyari ağlına gələn rabitəsiz sözləri ürəkdən deməsi özünə də ləzzət verirdi; o, söyünür, fərəhlənir, sanki bu sevincinə ləpələrin şırıltısını də şərik qoşmaq istəyirdi.

Birdən yadına xanım Şraynerin bayaqkı sözləri düşdü. "Qiymətli, əziz... itki... üzük..." Doğurdan da itki pis şeydi! Adam beş lari itirəndə bütün günü narahat olur.

Yüz lari qazananda narahat olmursan, əksinə, sevinirsən, onu ehtiyaclarına xərcləyəndə də uf demirsən! Amma itirəndə... O ki qaldı yadigar üzük ola... Qadının barmağındakı üzüyün qaşı zeytun rəngində idi, günəş şüası düşən kimi qırmızıya çalır və yanırdı; daşın qıraqlarında xırda beşguşəli darçın rəngli yaqut və sapfirlər vardı; onu qadının əri Erix toy günündə arvadına bağışlamışdı.

Üzüyün təxminən iki əsr yaşı vardı, Erixin nənəsinə məxsus idi; ərinin dediyinə görə, vaxtilə nənəsi ailənin nəsildən nəslə ötürülən bu qiymətli üzüyü barmağına taxıb bal gecələrinə gedəndə Frankfurtda bütün kübar qadınlar ona həsəd aparırlarmış; üzüyün ortasındakı iri dairəvi qaş almaz idi; Erixin nənəsi deyirmiş ki, bu daş qəzəbi söndürür, insanın ruhunu sakitləşdirir.

Bəli, bəli, bunu gürcü qızı Mananaya hədiyyə verəndə əri, Erix Şrayner söyləmişdi! Qadın bayaq bunları Tokaya danışanda kövrəldi, gözləri doldu! Oğlan bütün bunların nə demək olduğunu anlamasa da, zənn etdi ki, bu üzük elə belə şey deyil! Görünür, üzükdə qeyri-adi nəsə bir cazibə qüvvəsi var!

İçində sanki gözəgörünməz bir qüdrət, güc duydu; düşündü ki, bəlkə suya baş vursun, bəlkə o qadının üzyünü axtarsın? Bəlkə?... Onun içində xeyirxahlıq duyğuları aşıb-daşdı; o duyğular qəlbini təntənəli ehtirasla doldurmuşdu, onu dənizə çağırırdı!

O duyğular çılğın idi, şücaətli idi; o duyğularda qorxu, hürkü, riyakarlıq, yalan, yaltaqlıq və namussuzluq yox idi! O duyğular qeyrətli, mərd, bir qədər də xudbin və dikbaş duyğular idi!

Onu dənizə səsləyirdilər! Ayın birdən-birə batması ona mane olmadı. Adətən Ay batanda təzə işə başlamırlar; deyirlər, Ayın xeyir-duası mütləq lazımdır, gərək ona üzünü tutasan, salavat çevirəsən, sonra işə başlayasan, ya da yatasan... Bunu nənəsindən eşitmişdi. Gecənin bürküsü də onun vecinə deyildi! O, sevgilisinin işə girdiyi hoteldə işləyirdi! Öz halal əməyi ilə pul qazanırdı!

Bütün sahilboyu ağ köpüklü dalğalar işıldayan müxtəlif rəngli və ölçülü daşların üzünü yalayırdı; sular geri çəkiləndə daşlardan qəribə, adamın ruhunu sakitləşdirə biləcək ecazkar harmonik səslər çıxırdı, sanki daşlar xorla hansısa bir simfonik musiqi əsərinin nəqarətini oxuyurdular. Dənizin ortası qaralmışdı, sahil suları dupduru, gözyaşı rəngində idi; qayalıqlarda bitən sidr, şam, həmişəyaşıl ağacları sulara əl edir, onların üstünə yaşıl kölgələr salırdılar. Ay yenə könülsüz-könülsüz buludların arxasından çıxdı, sanki sevgilisi göylərlə gizlənpaç oynayırdı.

Tokay dənizi sevirdi; o, Manana ilə məhz bu dənizin sahilində tanış olmuşdu, ona öz ürəyini bu ləpələrin yuduğu daşlı sahillərdə açmışdı. Dəniz onun qəlbinin ən təmiz hisslərini dilə gətirmişdi və indi o, bu qara, mavi, ağ köpüklü sulara minnətdarlıq hissilə baxırdı.

Gərək hər şeyi bax beləcə sevəsən! Dəniz hətta nəhəng, qara, ucsuz-bucaqsız, amansız olsa belə, onu sevəsən!

Bu sular milyon illərdi gah qudurur, amansız olur, qan çanağına dönür, gah da sakitləşir, quzuya dönür; amma yerindədir! Yellənir, yırğalanır, çalxalanır, uzanır...uzanır şərqə, Türkiyəyə doğru gedir, ordan da axıb gedir lap uzaqlara, qurtarmır ki, qurtarmır! Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna, Rumıniya... bu dəniz gör neçə ölkənin sahillərini yuyur!

Gör neçə xalq bu sulardan faydalanır! İlahi, kaş mən də onun kimi olaydım! Əbədi! Möhtəşəm! Xeyirxah!

Qoy mənim bakirə arzularımın beşiyi daim sənin qoynunda yırğalansın, dəniz! Qoy mənim sevgimin ömrü sənin kimi daimi olsun! Kaş mən də sənin kimi bütün qiymətli sərvətləri öz qoynumda daşıya biləydim! Kaş mənim bu sərvətləri insanlara paylamaq ixtiyarım olaydı! Mən də sənin kimi ölkələrin sahillərini yumaq istəyirəm! Mən də sənin kimi torpağı qucaqlamaq istəyirəm! Mən də sənin kimi məmləkətləri, insanları birləşdirmək, yaxınlaşdırmaq istəyirəm, dəniz! Mən sənin ilahi mərhəmətinə sidq-ürəkdən inanıram!

Sevən könüllər coşqun dəniz kimidir, çağlayır, gurlayır, aşıb-daşır, durulurlar! Görünür, Tokayın yerində kim olsaydı beləcə dənizlə gah şirin-şirin pıçıldaşar, gah ucadan danışar, gah qışqırar, gah da haray salardı; bu dəniz çox cazibəlidir! Hansısa gözəgörünməz ilahi qüvvə ona dil verir; ləpələr də sanki nağıl danışır, sənə nəsə pıçıldayır, nəsə qışqırır! Görünür, o da mənim sevgilim kimidir, deyir, məni sev, mənə xəyanət eləmə! Mən səni xoşbəxt edə bilərəm! Bizim axtardığımız və həyati vacib hesab elədiyimiz dəyərlər də bəlkə elə bu dənizin dibində yatır? Oğlan bu qarışıq və ehtiras dolu düşüncələr qanadında soyunub suya baş vurdu; suyun altında xanım Şraynerin təsvir etdiyi üzüyü axtarmağa başladı. O, təxminən bir saata kimi axtardı, üzüyü tapa bilmədi!..

Turist qadın demək olar ki, hər gün səhərdən axşamadək uşaqlarıyla bərabər üzüyü axtarırdı; Tokay da işdən sonra onlara qoşulurdu, hətta dalğıc dostlarından su eynəyi və suyun altını yaxşı görmək üçün gecə lampası almışdı. Doğrudur, bunu nə məqsədlə aldığını onlara bildirmədi. Qadın Tokayın axtarışa qoşulduğunu görüb ürəklənmişdi; artıq o da gecədən xeyli keçmiş yenidən dəniz qırağına qayıdır, Tokayla birlikdə suyun dibini alt-üst edirdi. Üzük tapılmadı ki, tapılmadı!

...Xanım Şrayner Almaniyaya yola düşən gün hotelin foyesində Manana və Tokayla çox səmimi görüşdü, elə bil bu gəncləri yüz ildi tanıyırdı. Bu on gündə o, uşaqlarıyla birgə həm Tokaygildə, həm də Mananagildə iki dəfə oldu; Tokayın anası Dilrubə xanım qonaqlara təzə yarpaq dolması bişirdi, Mananagildə anası Nino xanımın bişirdiyi yeddi cür xaçapuridən yedilər. Hər iki qonaqlıq xüsusilə uşaqlara unudulmaz təəssürat bağışladı.

Xanım Şrayner oğlana bir daha təşəkkür elədi, qızı qucaqlayıb öpdü. Aşot çamadanları taksiyə daşıyıb yerləşdirəndən sonra qadın əl çantasını eşələyib ordan iyirmi lari çıxartdı, qapıçıya uzadıb təbəssümlə başını tərpətdi. Aşot pulu alıb təzim elədi, sonra şüşəli qapının ağzında əmr gözləyən əsgər kimi durub qadını yola salan gənclərin dalınca baxdı.

Xanım Şrayner taksiyə minəndə ani olaraq dönüb Qara dənizin günəş şəfəqlərindən bərq vuran mirvari sularına baxdı; onun iri, ala gözləri doluxsunmuşdu, baxışlarında həzin və bir qədər də təəssüf dolu kədər vardı. Qadın gənclərə yenə gülümsədi, bu təbəssüm Sarpinin yay səhəri kimi istiydi, ürəkli və iltifatlı idi, astadan dedi:

- Toydan sonra "bal ayını" bizim şəhərdə keçirsəniz pis olmaz! Narahat olmayın, Erix yaxşı adamdır, bütün xərclərinizi ödəyər!..

Bir aydan sonra Tokay axşamüstü üzüyü tapdı; dəniz gün işığında xumar-xumar sakitcə ləpələnirdi. Suyun dibi, daşların rəngi apaydın görünürdü. Tokay şəffaf suya baş vuranda parlaq, işıldayan bir şey gözünə dəydi. Üzük idi.

Tokay çox qarışıq, həyəcanlı hisslər yaşadı, cəld geyinib hotelə, Manananın yanına qaçdı; qız üzüyü görən kimi gözləri bərəldi; az qaldı qışqırsın! Amma Aşotun qəflətən vestibülə daxil olması gəncləri ehtiyatlı olmağa məcbur etdi.

O gecə heç biri yatmadı; Tokay da, Manana da yalnız üzük barədə düşünürdü. Onlar bu üzüklə bəlkə də dünyanın ən varlı adamı ola bilərlər! Bəlkə də bu üzüyün heç on larilik dəyəri yoxdur! Bəlkə elə onu satıb özlərinə toy eləsinlər? Burdan Almaniyaya üzük göndərmək olar? Bəlkə elə xanım Şrayner bu üzüyü çoxdan unudub? Bəlkə elə üzüyü Manana taxsın? Barmağına taxdı, bir qədər böyükdür, amma elə yaraşır ki! Nə etməli?

Əlbəttə, üzüyü qadın itirmişdi, Tokay tapmışdı! Burda Tokayın haqqı daha çoxdu! Qapılan qapanın, tapılan tapanındır! Tanrı verən dövləti bəndə ala bilməz! Bütün gecəni qız da, oğlan da təxminən eyni şeylər barədə düşündü.

Növbə bitər-bitməz Manana tələsik bayıra çıxdı; Tokay onu evə yola salmalı, saat doqquza qədər təzədən işə qayıtmalıydı. Onlar dənizdən bir qədər aralıda yerləşən yaxındakı kafelərin birinə getdilər; səhər yeməyi sifariş verdilər və bir küncə çəkilib oturdular. Qəhvə gəlməmiş Tokay dedi:

- Bu, bizim qismətimizdi! Nənəm həmişə deyərdi ki, qismətdən qaçmaq olmaz!
Manana üzüyü Tokaydan alıb yenə barmağına taxdı, əlini qabağa uzatdı, barmaqlarını o tərəf bu tərəfə çevirdi, üzüyün qaşları gün işığında müxtəlif rənglərə çaldı. Qız üzüyə yuxu kimi baxırdı. Amma bu, həyat idi, dünya idi, aləm idi; dünyayi-aləm onun barmağında idi. Qız dedi:

- Mən elə ilk dəfə bunu görəndə ürəyimdən keçdi ki... Kaş mənim də belə bir üzüyüm olaydı...

- O, indi sənindi, əzizim!

- Axı bu, çox qiymətlidir?

- Sən ondan da qiymətlisən!

- Doğru deyirsən?

- Əlbəttə!

Sonra hər ikisi susdu; qəhvə gəldi, hərəsi bir qurtum vurdu. Qız oğlanın fikrə getdiyini görüb soruşdu:

- Nə düşünürsən?

- Düşünürəm ki, bu üzüyü yiyəsinə qaytarsaq necə olar?

....Qız dinmədi, sonra barmağına taxdığı iri qaşlı üzüyə bir də baxıb çıxartdı, yavaşca pıçıldadı:

-Bu, mənimki deyil! Həddən artıq iridir. Barmağımdan sürüşüb düşə bilər. Gəl onu hotelə təhvil verək, qoy onlar göndərsinlər Frankfurta.

- Mən o qadının göz yaşlarını unuda bilmirəm. İçim çox narahatdır. Bəlkə özümüz göndərək?

- Necə?

Yenə uzun sükut çökdü; Manana ipək kimi yumşalmışdı, sanki birdən-birə içində elə bir səadət hissi doğulmağa başladı ki, bunu yalnız sevən adamlar anlaya bilərdi; onun Tokaya olan inamı məhəbbəti kimi həlimləşdi; Tokayın xeyirxah və mülayim qəlbi var; o, yaxşı ər olacaq, ədalətini heç bir halda itirməyəcək! Özgə malı, özgəyə məxsus olan üzük onların hər ikisinə yaddır! Qız düşünürdü. Lakin insanın təbiətində elə istisnalar olur ki, ən namuslu adam belə yoldan çıxa bilir, ya tamah, ya nəsə şirnikləndirici həvəs, ehtiras, ya da ayrı bir şey güc gəlir, adamın nəfsini darmadağın edir. O zaman heç nə eləmək mümkün olmur, illah da ki, o şeydə sənin zəhmətin ola! Dünya yaranandan gözəl qadının əsas iki şeyə - ehtirama və daş-qaşa haqqı çatıb! İndiki vəziyyət isə qəribə hal almışdı; gənclər tamam fərqli hal yaşayırdılar! Nə etsinlər, necə etsinlər? (İki şeydən biri seçilməliydi!)...

... Bir necə həftədən sonra "Kameo" hotelinin sahibi Nodar Canidze Almaniyadan belə bir məktub aldı: "Ailəmiz üçün çox qiymətli üzüyü tapdığınıza və yolladığınıza görə sizə dərin minnətdarlığımızı bildiririk. Xahiş edirik üzüyü tapan əməkdaşınıza bizim adımızdan təşəkkür elan edin. Hörmətlə, Erix Şrayner, Frankfurt."

P.S.

...Bu hadisədən düz bir il ötdü;Tokay Manana ilə evlənmişdi. Manananı hotelə baş inzibatçı qoymuşdular; Tokay hotelin bütün təsərrüfat, texniki-təşkilati işləri üzrə menecer təyin edilmişdi.

Gənclər Batumda ipoteka ilə (mənzilin dəyərinin əlli faizini hotel ödədi, özü də faizsiz!) üçotaqlı mənzil də almışdılar; ailədə artım gözlənilirdi. Manananın bətnində səkkiz aylıq uşağı vardı.

Bir neçə gün bundan qabaq hər ikisi məzuniyyətə çıxdı; hotel bu gənclərə öz hesabına putyovka aldı, onların sığorta məsələlərini həll etdi və rəhbərlik qərara gəldi ki, namusla işləyən bu gəncləri Frankfurta bir həftəlik turist səyahətinə göndərsin: həm gəzərlər, həm də Manana özünü həkimə göstərər. Əslində isə Manananın könlündən keçirdi ki, uşaq orda doğulsun. Hər ehtimala qarşı Frankfurtda yaşayan xanım Şraynerin də ünvan və telefonunu götürdülər. Alman uşaqlarına hədiyyə də alındı...

Onlar bütün həftəni Frankfurtu gəzib dolandılar. Bazarlıq elədilər. Manana özünü həkimə göstərdi. Hər şey rahat və öz qaydasınca getdi. Uşaq sağlam idi, lakin həkim dedi ki, doğuşa təxminən dörd-beş həftə var. Manana çox istəyirdi ki, körpə burda doğulsun, alman vətəndaşı olsun. Görünür, qismət deyilmiş, neyləmək olar? Evə qayıtmağa bir gün qalmış Manana dedi:

- Köhnə dostlarımıza zəng vursaq və görüş təyin eləsək pis olmaz!

- Çox yaxşı olar. Gəl arayaq, görüşə bilsək, uşaqların hədiyyəsini də verərik...

Manana qadının vizit kartındakı nömrəni yığdı. Kişi səsi gəldi.

- Alo! - Manana sevincək qulağının dibinə yapışan Tokaya göz vurdu.- Alooo! Cənab Şrayner? Erix Şrayner? Mən Mananayam, Gürcüstandan, Batumdan gəlmişik... Xanım Şraynerin... Necə? Nə dediniz? Biz Tokayla Batumdan gəlmişik, "Hilton" hotelindən zəng vururam... Cənab Erix Şrayner...

Dəstək Manananın əlində qaldı; gənc qadın qurumuşdu. Telefon dəstəyini çarpayının üstünə tulladı. Tokay heç nə başa düşmədi, heyrətlə soruşdu:

- Nooldu? Bir şey baş verib? Nə dedi?

Manana pörtmüş halda qabağa çıxmış qarnını tutdu, ehmalca çarpayının üstünə əyləşdi, sonra bir əli ilə Tokayın qolundan yapışıb qəhərlənmiş qara gözlərini qarnında tərpənən və görünür, işıqlı dünyaya gəlmək üçün darıxan o əziz varlığa dikdi, sanki Tokayla yox, onunla danışırdı, dedi:

- Tələsmə! Mən səni Sarpidə doğacam!

Tokay yenə heç nə başa düşmədi və qadınının qarşısında diz çöküb onun qarnını qucaqladı, pıçıltıyla dedi:

- Əzizim, sakit ol! Sənə həyəcanlanmaq olmaz! Erix nə dedi, Mananaya bir şey olub?

- Yox! O, bizi tanımadı!

- Tanımadı?

-Yox, tanımadı! Dedi yadıma gəlmir!

Hər ikisi susdu, sonra Tokay:

- Ehhhh! Canın sağ olsun! Buna görə qanını qaraltma!- deyə qətiyyətlə bildirdi.

-Doğurdan, o, bizi tanımadı... Gərək heç zəng vurmayaydım!

...Gənc ər-arvad Frankfurtdakı hoteldə sonuncu gecəni yatmadı. Manana bir neçə həftədən sonra dünyaya gətirəcəyi körpəsi barədə düşünürdü. Tokay isə düşünürdü ki, axtarmaq heç də hər zaman yaxşı şey deyilmiş. Oğlan onların yolunu intizarla gözləyən doğma anası üçün, Sarpi üçün, "Kameo" üçün darıxmışdı.

Sübh tezdən taksi onları Frankfurt aeroportuna gətirdi.

Bir azdan Lufthanza beynəlxalq Hava Şirkətinə məxsus təyyarə havaya qalxıb Tbilisiyə uçacaqdı. Sərnişinlər bir-bir gəlib qeydiyyatdan keçir, salona getmək üçün nəzarətçilərin işarəsini gözləyirdilər. Elə bu vaxt Tokay uzaqdan adamları yara-yara onların uçuş qapısına tərəf tələsən xanım Şrayneri və uşaqlarını görüb tanıdı; başını onun çiyninə qoyub dünyanın ən gözəl mürgüsünü vuran boylu qadınını dümsüklədi.

- Ora bax, gör bizə tərəf kimlər gəlir?..

Batum, iyul, 2012-ci il.

________


*Sarpi- Gürcüstanın Türkiyə ilə sərhəd qəsəbəsi, Batum şəhərinin on kilometrliyində Qara Dənizin sahilində yerləşir.
**SOCAR (State Oil Company of Azerbaijan Republic)- Azərbaycan Dövlət Neft şirkətinin Gürcüstanda fəaliyyət göstərən yanacaqdoldurma stansiyaları nəzərdə tutulur.
***Lari- gürcü pul vahidi
****bico- oğlan (gürcü dilində)
*****Xaçapuri- gürcülərin milli yemək növü; un, yağ, pendir, ədviyyat, bəzi bölgələrdə isə yumurta ilə hazırlanan xəmir xörəyi

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG