Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:44

Həbsxanada pulunu nəzarətçilərlə bölüşməyən dustağın aqibəti


Foto: Arxiv
Foto: Arxiv
-
«Qaynar xətt»ə 6 saylı cəzaçəkmə müəssisəsindən şikayət var. Aidə Şahverdiyeva 7 illik həbsə məhkum edilmiş 33 yaşlı oğlu Fərid Əbdül Hadiyə həmin müəssisədə işgəncə verilməsindən danışır:

«Oğlum 2 il 4 aydır ki, həbsdədir. Əvvəllər cəzasını 2 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 6 aya yaxındır ki, ordan 6 saylı müəssisəyə etap olunub. Həmin müəssisəyə daxil olan gündən işgəncə altındadır. Əvvəl bir həftə karantində saxladılar. Karantindən dərhal sonra isə 15 günlük karsa salıblarmış. Həyat yoldaşı onunla görüşə gedəndə oğlum başına gələnlərdən ona danışıb. Deyib ki, «məni burda hər gün soyundurub lüt vəziyyətdə hovuza salıb saxlayırlar. Anama de, baş idarəyə getsin, şikayət eləsin». Mən də yanvarın 9-da Penitensiar Xidmətə getdim. Rəis işdə olmadığına görə köməkçisi İmran müəllimə oğlumun vəziyyəti barədə məlumat verdim. Yarım saatdan sonra oğlum zəng vurdu, bildirdi ki, «rəis yanına çağırmışdı, dedi ki, idarədən zəng vurmuşdular, anan idarəyə şikayət edibmiş, bundan sonra sənə dəyib-dolaşan olmayacaq»».

«MÜƏSSİSƏ RƏİSİ DEDİ Kİ, OĞLUN ÖZÜNÜ ÖLDÜRMƏK İSTƏYİR»

Aidə Şahverdiyevanın dediyinə görə, yanvar ayından ta martadək həqiqətən də dustaq oğluna dəyib-dolaşan olmayıb. Ancaq Novruz ərəfəsində ailə üzvləri ilə görüş zamanı cibinə qoyulan 50 manat nəzarətçilərlə onun arasında münaqişə predmetinə çevrilib:

«Dustağa həbsxanada dəlləyə, hamama, nə bilim, ərzağa xərcləməyə həmişə pul lazım olur. Həyat yoldaşı oğluma bayram payı aparanda pul da verib. Görüşdən sonra nəzarətçilər əllərini cibinə atıb 50-liyi çıxaranda, oğlumla aralarında mübahisə düşüb. Oğlum rəisin üstünə şikayətə gedib ki, «niyə görə nəzarətçi mənim cibimə əl atmalıdır, mənə məxsus pulu götürməlidir?». Nəzarətçilər rəisə nə deyiblərsə, rəis dustağın özünü 10 günlük karsa saldırıb».

Aidə Şahverdiyeva deyir ki, 6 saylı cəzaçəkmə müəssisəsindən zəng edən bir dustaq ondan təcili oğluna baş çəkməsini istəyib:

«Aprelin 18-də müəssisəyə getdim. Görüş vermək istəmirdilər. Hay-küy salandan sonra rəis özü müəssisənin qarşısına çıxdı. Dedim Fəridin anasıyam, eşitmişəm vəziyyəti ağırdır, baş çəkməyə gəlmişəm. Dedi ki, Fərid karsdadır. Nəzarətçiləri də yaxına buraxmır ki, qollarını qandallasınlar, hamını hədələyir ki, yaxın gəlsəniz özümü öldürəcəyəm. Dedim, görün dustağı nə vəziyyətə çatdırmısınız ki, özünü öldürmək fikrinə düşüb. Birtəhər görüş aldım. Oğlum danışdı ki, 10 günlük kars bitəndən sonra nəzarətçilər ona protokola imza atdırmaq istəyiblər. Oğlum da baxıb ki, baş vermiş hadisə protokolda saxtalaşdırılıb. Orda yazıblarmış ki, guya, dustaq çarpayısının qarşısına pərdə vurmaq istəyib, nəzarətçilər onu daxili qaydalara riayətə dəvət edəndə, nəzarətçiləri təhqir edib. Oğlum da protokola imza atmayıb. Yenə döyüb karsa atıblar».

«DEDİ AIDS, «HEPATİT C» XƏSTƏLƏRİ İLƏ BİR QABDAN YEYİRƏM»

Aidə Şahverdiyeva deyir ki, dustaq oğlu karserdə AIDS və «Hepatit C» xəstəlikləri olan dustaqlarla birlikdə saxlanır:

«Oğlum dedi, 1 aydır ki, bilərəkdən yoluxucu xəstəliyi olan dustaqlarla eyni karsa salırlar ki, xəstəliyə yoluxsun. Bir qabdan yeyirlər. Dedi ki, bir çəkiliş qrupu lazımdır ki, gəlib 8, 9, 10-cu kameraları çəksin, aparıb göstərsin. Görsünlər ki, burda dustaqların başına nə oyunlar gətirirlər. Sağlam dustaqları qəsdən necə xəstəliklərə yoluxdururlar».

Aidə Şahverdiyevanın dediyinə görə, müəssisə rəisi ona dustaq oğlunu karserdən azad edəcəyini desə də, aprelin 19-da ana oğlunun hələ də karserdə saxlandığını öyrənib:

«CƏRİMƏ TƏCRİDXANASINA SALINIBSA, DEMƏLİ, QAYDALARI POZUB»

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov «Qaynar xətt»də məsələyə münasibətini belə bildirdi:
Mehman Sadıqov
Mehman Sadıqov

- Nə danışırsınız, nə işgəncə? Dustağa niyə işgəncə verilməlidir. Cərimə təcridxanasına salınıbsa, deməli, qaydaları pozub. Heç kəsi şikayət etdiyinə görə cərimə təcridxanasına salmırlar. Şikayət etmək hər bir məhkumun hüququdur. Penitensiar Xidmətin də, cəzaçəkmə müəssisələrinin də rəhbərləri məhkumlara şərait yaradırlar ki, hüquqları pozularsa, şikayət etsinlər.

- Şikayətçi iddia edir ki, nəzarətçilər məhkumun pulunu əlindən aldıqlarına görə münaqişə yaranıb. O vaxtdan da karserdən çıxan kimi yenidən bəhanə tapıb ora salırlar.

- Pul qadağan olunmuş əşyalar siyahısına daxildir. Hər bir məhkuma cəzaçəkmə müəssisəsinə daxil olarkən daxili qaydalar izah olunur və qadağan olunmuş əşyalar sadalanır. Nəzarətçilər məhkumdan pul götürüblərsə, yəqin ki, onu dövlət nəfinə keçirəcəklər.

- Məhkum yoluxucu xəstəliyi olan başqa məhkumlarla eyni kamerada saxlanmasından da narazılıq edib.

- Qanunvericilik deyir ki, bütün məhkumlar birlikdə saxlanmalıdır. AIDS, yaxud «Hepatit C» xəstəliyi olan məhkumlar arasında da yoluxucusu olanı və olmayanı var. Onların hamısı daim həkim nəzarətində olurlar və müalicə kursları keçirlər. Yoluxucu xəstəliyi olan məhkumlar isə sağlam məhkumlarla bir kamerada saxlana bilməzlər. Onlar ayrı kameralarda saxlanırlar.

- Məhkumun anası deyir ki, müəssisə rəisi ona oğlunun karserdən azad olunacağını vəd edib. Ancaq hələ də azad edilməyib.

- Rəisin vəd etməyi ilə deyil ki. Məhkum cərimə təcridxanasına salınıbsa, yaxud kamera tipli otağa keçirilibsə, müddət başa çatmamış ordan azad edilə bilməz.

Fərid Əbdül Hadi 2 il yarım əvvəl Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ) maddəsi ilə təqsirləndirilərək 7 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG