Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:38

Thomas Melia: «Milli Demokratiya İnstitutu bağlanmaq istəmir»


Thomas Melia
Thomas Melia
-

ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Thomas Melia AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:
- Xoş gəlmisiniz! AzadlıqRadiosunun studiyasına gəldiyiniz üçün təşəkkürlər! Ümid edirəm bu müsahibə dinləyicilərimizə ABŞ-la Azərbaycan arasındakı insan haqları dialoqu barədə daha çox məlumat almaq imkanı verəcək.

– Burda olmağıma çox şadam. AzadlıqRadiosu mənim dünyada ən çox sevdiyim media qurumlarından biridir. Buraya təkcə AzadlıqRadiosunun pərəstişkarı olduğumu nümayiş etdirməyə gəlməmişəm, həm də AzadlıqRadiosunun azad və müstəqil media kimi onlayn və efirdə olmasının vacibliyini vurğulamaqdan məmnunluq duyuram. Burda olmağıma şadam.

- Azərbaycan hökuməti ilə insan haqları mövzusunda dialoq necə keçir? Qaldırdığınız məsələlər nə dərəcədə anlayışla qarşılanır?

- Əminəm ki, daha çox anlayış üçün hər zaman imkan var. Mən son üç ayyarımda ikinci dəfədir ki, ölkənizi ziyarət edirəm. Qismən ona görə ki, Azərbaycan önəmli ölkədir və burada baş verənlər, proseslərin inkişaf xətti Vaşinqton üçün çox maraqlıdır. Birləşmiş Ştatlarda siyasətimiz belədir ki, biz Azərbaycanın 21-ci əsrdə uğurlu, müstəqil, suveren və demokratik ölkə olmasını istəyirik. Azərbaycan xalqı və hökuməti ilə müxtəlif sahələrdə gözəl əməkdaşlığımız var. Prosesi irəli aparmaq üçün hökumət və vətəndaşlarla əlaqələrimizdən yararlanmaq istəyirik. İstəyirik ki, burada işlər bir çox baxımdan yaxşılaşsın.

- Əsas narahatlıq doğuran məqamlar hansılardır?

- Düşünürük ki, Azərbaycan bir çox məsələlərdə özünün təməl azadlıqlar və demokratik proseslə bağlı öhdəliklərinə daha çox sadiqlik göstərə bilərdi. Bu ilin sonunda keçiriləcək seçkilər bir çox məsələlərdə istinad nöqtəsinə çevrilə bilər. İfadə azadlığı burada basqı altındadır, bunu bilirik. Bəzi jurnalistlər, o cümlədən AzadlıqRadiosunun jurnalistləri basqı altındadırlar və təzyiqlərə məruz qalırlar. Başqa media qurumları və jurnalistlər də təzyiq altındadırlar. Belə təzyiqlər, bəzən, qarayaxma səciyyəli məhkəmə işləri, bəzən də vergi yoxlamaları vasitəsilə həyata keçirilir. Hökumət və hakimiyyət nümayəndələrinin özəlliklə seçki ilində mətbuat azadlığını gücləndirmək yerinə onu məhdudlaşdırmağa çalışması çox pis haldır. Biz bu həftə həmin məsələləri bir çox görüşlərdə qaldırdıq. Təkcə hökumətlə deyil, müxalifətlə də, müstəqil qruplarla, QHT-lərlə, jurnalistlərlə də görüşmək istədik.

- Həbsxanadakı insanlarla görüşməyə cəhd etdiniz?

Thomas Melia AzadlıqRadiosunun studiyasında
Thomas Melia AzadlıqRadiosunun studiyasında
- Bəli. Amma təəssüf ki, bəzi görüşlərimizə imkan olmadı. Düzdür, haqqında həbs-qətimkan tədbiri uzadılmış bəzi məhbusların ailələri ilə görüşə bildik. Bəzi belə ailə və hallarla birbaşa ilgilənməyə çalışdıq.

- Məhbuslarla görüşə bilməməyinizin səbəbi nədir?

- Həbsxana rəhbərliyi mənim görüş haqqında xahişimə rədd cavabı verdi.

- Son həbslər barədə nə düşünürsünüz? Gənc fəalların, ReAL sədri və başqalarının həbsindən söhbət gedir...

- Bu, çox narahatedicidir. Dediyim kimi, seçki ilində bu yaxşı hal deyil ki, prezidentliyə namizədliyini elan etmiş adam həbsə düşsün və onun haqqında həqiqiliyi suallar doğuran ittihamlar qaldırılsın. Biz istintaq prosesinə müdaxilə edə bilmərik, amma prezidentliyə namizədin həbs olunması və ittihamlarla üzləşməsinin özü çox narahatlıq doğurur və bu, seçki prosesinin özünə kölgə salır.

- Zorakılıq hallarına hələ rastlanmasa da, gənc fəallara qarşı ittiham irəli sürülür ki, onlar mitinqlərdə zorakılıq planlaşdırıblar. Bu həbslər barədə nə deyə bilərsiniz?

- Bostonda baş verən dəhşətli faciədən də gördük ki, dünyada ekstremizm var, günahsız dinc sakinlərə və ictimai asayişə ziyan vurmaq istəyən adamlar var. Ekstremistlərin müxtəlif siyasi məqsədləri ola bilər, amma çox vacibdir ki, siyasi ekstremizm problemini çözməyə çalışarkən, hökumət ekstremistlər və zorakılığa meylli adamlarla dinc siyasi nümayişçilər, zorakılığa əl atmadan narazılığını dilə gətirənlər arasında fərq qoysun. Onlar bir-birinə qarışdırılacaqsa və dinc nümayişlə zorakı metod seçənlər arasında fərq qoyulmayacaqsa, heç zaman ictimai asayiş ola bilməz. Bu fərqi Azərbaycanın da gözdən qaçırmaması çox önəmlidir.

- Sizcə, gənclərin həbsi indiyədək seçilən dinc metodlardan imtinaya və demokratik proses üçün başqa metodların seçilməsinə yol aça bilər?

Bakıda 10 mart aksiyası
Bakıda 10 mart aksiyası
- Bütün dünyada gənc nəsil azadlığa daha çox meyllidir. Bir daha görürük ki, özəlliklə 21-ci əsrdə insanlar yeni kommunikasiya imkanları sayəsində dünyanın necə gəlişdiyini görür. Azad və demokratik cəmiyyətlərin daha irəli getdiyini və daha çox uğur qazandığını da görürük. Demokratik dəyişikliklər istəyən adamların dinc üsullara sadiqliyini qoruyub-saxlaması çox vacibdir.

- Sizdən bağlı qapılar arxasındakı görüşlərinizin detallarını soruşmayacağam. Amma təəssüratınız necədir – Qərb demokratik dəyişikliklər tələb edəndə Azərbaycan hökuməti onları ölkədə islam radikalizminin baş qaldıracağı ilə təhdid edir?

- Daha geniş coğrafi məkanda real problemlər var ki, onları Azərbaycanla bölüşürük. Biz terror və ekstremizmlə mübarizə aparmalıyıq, Əfqanıstandakı situasiya ilə məşğul olmalıyıq və Azərbaycana təhlükə yarada bilən qonşularla bağlı məsələlərlə də məşğuluq. Cənubda İran, şimalda Rusiya və qərbdə Ermənistan var və Azərbaycan təhlükəsizlik baxımından çox mürəkkəb şəraitdədir. Biz bu şəraitdə olan Azərbaycanın əməkdaşlığını yüksək qiymətləndiririk. Minsk Qrupu vasitəsilə Ermənistanla olan problemi yoluna qoymağa çalışır, İrana qarşı BMT sanksiyaları məsələsində Azərbaycanla əməkdaşlıq edir və Azərbaycanın Mərkəzi Asiya və regiondakı tərəfdaşlığına yüksək dəyər veririk. Dediyim kimi, çağdaş ölkə real problemlərini çözməyə çalışarkən, professional davranmalı, çətinlikləri uydurma problemlərlə qarışıq salmamalıdır və bu vacib məsələdir. Dinc nümayişlərin qarışıq salınmaması da həmçinin. Biz tələb etmirik. Biz Azərbaycanı özünün demokratik istəklərinə doğru addım atmağa dəvət edirik.

ATƏT-ə üzv olarkən və illər ərzində demokratiya, azad və ədalətli seçkilər kimi məsələlərdə formalaşmış konsensus prosesinin bir hissəsinə çevrilməklə Azərbaycan hökuməti üzərinə öhdəliklər götürüb. Hökuməti bu standartlara uyğunlaşmağa çağıranda, Azərbaycan xalqının özünün arzuladığından və hökumətin artıq razılaşdığından fərqli bir şey tələb etmirik.

- Öhdəlik öz yerində, amma sizcə, Azərbaycan hökumətini bu öhdəlikləri gerçəkləşdirməyə təşviq etmək üçün yetərli təzyiq və ya həvəsləndirmə mexanizmi varmı?

ATƏT
ATƏT
– Azərbaycanın nə edəcəyini Azərbaycan xalqı və Azərbaycan hökuməti müəyyənləşdirəcək. Biz onları nəsə etməyə məcbur edə, təzyiq göstərə bilmərik. Suveren Azərbaycan ölkəsi öz gələcəyi barədə özü qərar verir. Bu ölkə, BMT və ATƏT də daxil, beynəlxalq təşkilatların üzvüdür və müəyyən standartlara cavab verəcəyinə dair öhdəlik götürüb. Biz nə edirik? Azərbaycanı özünün öhdəlik götürdüyü standartlara uyğun olmağa dəvət edirik. Ümid edirik ki, o, məhz bu istiqamətdə inkişaf edəcək. Bu seçki ili də bir imkandır ki, ölkənin məhz bu istiqamətdə – ümidvarıq ki, belə də olacaq – inkişaf etdiyini göstərsin. Odur ki, bu il həmin məsələlərə daha çox diqqət yetirəcəyik. Bu işi dostcasına və Azərbaycanın beynəlxalq aləmdəki başqa dostları ilə əlaqəli şəkildə görməyə ümid bəsləyirik. Bu baxımdan ATƏT açar istinad nöqtəsi və əsas çərçivə olacaq.

– Belə gözləntilər var ki, hökumət ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunu bu seçkilərə müşahidəçi kimi çağırmayacaq. Sizcə, belə bir davranış dünya və o sıradan ABŞ üçün nə demək olardı?

– Hökumətlərin ATƏT-dən uzun və ya qısamüddətli müşahidəçilər dəvət etməsi yetərincə yayılmış təcrübədir. Həm ümidvaram, həm də əminəm ki, bu dəfə də məhz belə olacaq. Düzdür, Azərbaycan hökuməti seçkiöncəsi müşahidə missiyası ilə bağlı bu dəvəti hələ Varşavaya göndərməyib. İndi bununla bağlı qızğın müzakirələr gedir. Hökumət ATƏT-lə bu mövzuda təmasdadır və dəvətin tezliklə göndəriləcəyinə gerçəkdən ümid edirəm.

– Bəs ATƏT nümayəndəliyinin statusunu layihə koordinatoru səviyyəsinə endirməklə bağlı rəsmi Bakının müraciətini də nəzərə alsaq, onda necə?

– İndi bununla da bağlı müzakirələr gedir. Ümidvarıq ki, Bakıdakı ofis əvvəlki statusuna uyğun mandatla işini davam etdirəcək. Bir çox ölkə ATƏT nümayəndəliyinin olmasını üstünlük sayır. Axı bu təşkilatın təcrübəsindən faydalanmaq olur, çünki bu təşkilatın hökumətə və vətəndaş cəmiyyətinə daha yaxşı qərarların qəbulunda köməyi çatır. Müzakirələr sürür və ümid edirik ki, ATƏT nümayəndəliyi öz fəaliyyətini indiki mandatı ilə davam etdirəcək.
Parlament seçkiləri - 7 noyabr 2010
Parlament seçkiləri - 7 noyabr 2010

– Amma təkcə ümiddən söhbət getmir. ABŞ-ın ATƏT-də bu qərarlarla bağlı səsi var və hər bir səs də həlledicidir...

– ATƏT-də maraqlı bir qərar qəbulu mexanizmi var – konsensus. Ayrıca bir ölkənin konsensusu əngəlləmək imkanı çoxluğun qərar qəbuletmə imkanından artıqdır. Bizim orada bəlli təsir imkanımız var, amma söhbət 47 suveren ölkənin birliyindən gedir.

– Biz əminliklə deyə bilərikmi ki, ABŞ mandatın dəyişməsinin əleyhinə səs verəcək?

– Biz mandatın indiki şəkildə saxlanmasının ciddi tərəfdarıyıq.

– Milli Demokratiya İnstitutu ilə bağlı dialoq nə yerdədir?

– Xatırlatmalıyam ki, uzun müddət MDİ-nin vitse-prezidenti olmuş və həmin təşkilatda on ildən artıq çalışmışam. İşlədiyim vaxtdan xeyli ötsə də, bu təşkilatı yetərincə yaxşı tanıyıram. Məncə, burada bəzi media qurumlarında onlara qarşı irəli sürülən ittihamlar yalnız təxəyyül məhsuludur. ABŞ hökuməti MDİ-nin burada mövcudluğunu ciddi şəkildə dəstəkləyir. Həmin təşkilatın başlıca maliyyə qaynağı ABŞ dövlətidir və məncə, MDİ burada çox müsbət rol oynayır. Bəzi KİV-lərdə yazılanlardan fərqli olaraq, MDİ demokratiya siyasəti barədə məlumat şəbəkəsidir. Qurum seçkilər, demokratiya, parlament işi, vətəndaş cəmiyyəti ilə bağlı təcrübəni yayır. MDİ yaxşı bir resursdur və onu itirmək Azərbaycana başucalığı gətirməz. Son illərdə hökumət Azərbaycanda bir neçə beynəlxalq tədbir keçirib. O tədbirlərin iştirakçıları şəhəri gəziblər, burada beynəlxalq konfranslara qatılıblar. Dünya da dəvəti qəbul edib. Bu tədbirlər vətəndaş cəmiyyəti və medianı da ölkəyə gətirib. Biz, əlbəttə, hesab edirik ki, dünyaya qapısını açmaq Azərbaycan üçün önəmlidir və Azərbaycan xalqı bu resurslardan yararlanmaqda, dünyanın başqa xalqları ilə əlaqə saxlamaqda maraqlıdır. MDİ bunun üçün yaxşı bir vasitədir. Ümid edirik ki, MDİ-nin ətrafında yaranan qarışıqlıq tezliklə aydınlaşacaq. Bilirəm ki, MDİ rəhbərliyi bu həftə burada olub və buradakı fəaliyyətləri və maliyyə məsələləri ilə bağlı anlaşılmazlıqları yoluna qoymağa çalışıb. Ümid edirik ki, məsələ aydınlaşacaq və MDİ öz faydalı fəaliyyətini davam etdirə biləcək.

– MDİ bağlanmayacaq?
– MDİ bağlanmaq istəmir. Qurum burada beynəlxalq ictimaiyyətə məlumat və çatım imkanının açıq olmasını istəyir. Ümidvarıq ki, belə də davam edəcək.

– Amma buna dair hökumətdən vəd almamısınız?

– Danışıqlar davam edir.

– Başqa bir məsələ də var. MDİ-nin problemləri bu təşkilatı, eləcə də ABŞ Beynəlxalq İnkişaf Agentliyini hökumətyönümlü təşkilatlarla çox yaxın əməkdaşlıqda günahlandıran adamlar üçün bir sürpriz oldu. Onların fikrincə, ABŞ-ın iriməbləğli demokratiya yardımları məhz hökumətə yaxın çevrələrə yönəldilirdi. İndi MDİ hökumətin tənqid hədəfindədir. O baxımdan bu qurumun fəaliyyətinə tənqidi yanaşanlara nə cavab verərdiniz?

Thomas Melia
Thomas Melia
– MDİ-nin və əlbəttə, ABŞ-ın məqsədi siyasi mübarizədə hansısa tərəfi tutmaq deyil. «Məhz bu partiya və yaxud bu namizəd seçkini udmalıdır» – demək bizim işimiz deyil. Biz prosesə dəstək vermək istəyirik. İstəyirik ki, Azərbaycan vətəndaşları öz qərarlarını özləri verə bilsinlər. Elə vətəndaş cəmiyyəti qrupları, elə media qurumları var ki, onlar tərəf tutmurlar. Onlar müstəqil informasiya və analiz ötürücüsü olmaq istəyirlər. Məqsəd də Azərbaycanda elə bir cəmiyyətin qurulmasına nail olmaqdır ki, burada, sadəcə, hökumətyönümlü, yaxud hökumət əleyhinə qruplar deyil, öz ideyalarına malik müstəqil vətəndaş cəmiyyəti qrupları mövcud olsun – vətəndaş cəmiyyəti və media həqiqətən müstəqilləşsin. Qütblərə bölünmüş cəmiyyətdə geniş spektrlə işləmək vacibdir və USAID bunu etməyə çalışır. MDİ də bunu edir.

– Amma sual doğuran qərarlardan biri də YAP-çı deputatın rəhbərlik etdiyi QHT-yə USAID-nin 1,5 milyon dollarlıq demokratiyaya dəstək qrantı ayırması idi. ABŞ vergi ödəyicilərinin demokratiya üçün ayrılan pulları bu istiqamətə xərclənməlidirmi?

– Məncə, imkan verək təcrübə öz sözünü desin. Həmin proqram indi gerçəkləşməyə başlayır. Bir neçə aydan sonra biz proqramın necə reallaşdırıldığını və cəmiyyət üçün faydalı olub-olmadığını görə biləcəyik.

– Seçkilərə qayıdaq. Sizcə, seçkiöncəsi şərait azad və ədalətli seçkilərin keçiriləcəyinə əminlik yaradırmı?

– Yəqin ki, indi hələ seçkiöncəsinin öncəsindəyik. Ümid edirik ki, ATƏT missiyası tezliklə burada olacaq. Başqa beynəlxalq müşahidəçilər də gələcək. Azərbaycanda yerli müşahidəçilərin də bu prosesi əvvəldən axıradək izləmək imkanı olmalıdır və bu, önəmli məsələdir. Odur ki, biz SMDT və başqa qrupların fəaliyyətinə imkan yaradılacağına ümid bəsləyirik.

– Və nəhayət, gələk prezidentin opponentləri tərəfindən kəskin tənqid olunan üçüncü müddətə seçilmək iddiasına. Sizcə, 3-cü müddət prezidentliklə demokratiya bir araya sığır?

– Müddət sayı əsas deyil. Əsas olan seçki prosesinin keyfiyyəti və mahiyyətidir. ATƏT, eləcə də yerli müşahidəçilər ötən seçkilərlə bağlı rəylərini açıqlamışdılar. Ümid edirik ki, onların rəyi nəzərə alınacaq və bu dəfə seçki prosesində yaxşıya doğru keyfiyyət dəyişikliyi olacaq.

– Təşəkkür edirəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG