Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:30

Şərəfov çantanı erməni əsgərinə uzatdı: "Novruz payıdı. Sizə gətirmişəm"


Sahilə İbrahimova
Sahilə İbrahimova
-

...Elə bil onu ildırım vurdu, işıq sürəti ilə dumanlı yolda azıb düşmən tərəfə keçdiyini anladı. Şərəfov qırıq-qırıq nəfəs alsa da, elə bildi artıq ölüb...


Sahilə İbrahimova


MƏN NİYƏ SAĞ QALDIM


Tağım komandiri çəlimsiz Akifin qolundan yapışıb otağa tullayanda əsgərlər şkaf düzəldirdi.

- Gir görüm içəri, qoduq.

Hamı əmr almış kimi başını qapıya tərəf yönəltdi.

- İndi mən sənə neyləyim? De görüm mən sənə neyləyim?

Komandir əllərini ovuşdura-ovuşdura bağırdı.

- Ürəyim sıxılırdı. - Akif pıçıldadı.

- Yalan danışma. Əəə, heç olmasa, yalan danışma.

Komandir nərildədi.

- Nə olub yenə? - Əsgərlərdən biri soruşdu.

- Əəə, nə olacaq əəə? Boğaza yığılmışam. Xəstəlikdən dünən durub, gedib yıxılıb qarın üstünə ki, pnevmaniya olsun, qospitala göndərək. Əəə, niyə belə eləyirsən? Əəə vallah ciyərlərin sıradan çıxacaq. Pnevmaniya hasand işdi?

- Mən...

- Yum ağzını...

- Bunun valideynləri bayram payı göndərib. Rayonda Sabir dayıya verib gediblər. Göndər getsin gətirsin. Manqa komandiri xırıltılı səslə bildirdi.

- Hara göndərim? Bunun pay götürməyə ləyağı var? Qaçar eləyər. Başqasın göndərək.

- Qaçmaram...

- Yum ağzını. Əzizov, sən get. Get gətir görək bu fərsizə nə göndəriblər.

- Mən gedərəm. Gəzmək istəyirəm.

Hərbi həkim Şərəfov Əzizovdan tez tərpənib ayağa qalxdı. O, motor yağına bulaşmış əllərini əskiyə silib papağını və gödəkçəsini geyindi. Çölə çıxan kimi şaxtalı hava üzünə ərkyana sillə vurdu. Gödəkçəsinin boynunu qaldırıb həmişəki kimi belini azca əydi, əllərini cibinə dürtdü.

Şərəfov iyirmi dörd yaşlı orta statistik həkim oğlandı. Nə laqeyd, nə fədakar, nə sevincli, nə kədərli, nə əliaçıq, nə xəsisdi. Onun yaşadığı üçmərtəbəli villa arxasını kasıb məhəlləyə çevirib. Kasıb məhəllədə qonşular aralarında qibtə edilməli adamı güclə tapır. Hamının evinə, həyətinə təxminən eyni miqdarda sevinc damızdırılıb. Kasıbdılar. Axşamlar şəhərin daha yaraşıqlı yerlərində dəbdəbəli binalar tikən fəhlələr gecələmək üçün özlərini əlacsız-əlacsız kasıb məhəllənin dar küçələrinə sürüyürlər. Məhəllənin sakinləri insanlıqları korlaşmağa doğru gedən kimi onu itiləyirlər. Görürsən birinin ayağına paslı mismar batır, yığışıb gedirlər, birinin qayınatası ölür, hamılıqla özlərini atırlar mərhumun evinə. Demək olmaz ki, onlar ancaq can deyib, can eşidir. Niyə ki, dalaşdıqları da olur. İnsanlar yagış damlaları deyil. O yagış damlalarıdı qarşı-qarşıya gəlmədən növbəni gözləyib bir-birlərinin ardınca yol qət edirlər. İnsanlar eyni yola müxtəlif istiqamətlərdən çıxdıqlarından tez-tez toqquşurlar.

xxx

Şərəfov rayon mərkəzinə çatıb Novruz payını aldı. Əsgər paltarının qollarını azca yuxarı qaldırıb sarı tüklü barmaqları ilə qart setka qulplarından yapışdı.
“Dedilər hər şey qoymuşuq, dolma, şəkərbura, paxlava, ləbləbi, balaca səməni…” Sabir dayı mina partlamasında itirdiyi qolunun boş qalmış köynək hissəsini sol əli ilə bura-bura bildirdi. Şərəfov qocaya pencəyini geyməkdə kömək eləyib sağollaşdı.

xxx

Hərbi hissəyə gedən yola çıxanda Şərəfov balaca bir oğlan uşağının daşa ilişmiş əlil arabasını qırağa çəkdi.

- Erməni vurub.

Oğlan tənzifli ayağını göstərib dedi. Uşağın yanında duran anası təsdiq əlaməti olaraq başını tərpətdi. Onlar bunu elə dedilər ki, Şərifova elə gəldi, nə ana, nə də uşaq olanlardan məyusdur. Onlar həyatdan nə razı, nə də narazı görünürdülər.

Hərbi həkim yenidən əllərini cibinə soxdu. Gözləri şaxtadan yaşarmışdı. Ağ bənizi soyuqdan qızarmış, burnundan su axmağa başlamışdı. Lakin o, ərinmədən cibində saxladığı kağızı çıxarıb yenidən ona baxmaqdan özünü saxlaya bilmədi. Onun bir müddət sevgilisi olmuşdu. Amaliya Seyidzadə. Onlar ayrılanda qız sevgilisinə balaca kağız verdi, (keçmə onun intellektual hoqqabazlığından) bir də “sən aydınsan” dedi. Heç nə aydın olmadı. Qızın nə demək istədiyi anlaşılmadı. Əlindəki kağıza çaşqın-çaşqın baxıb siqaret yandırdı Şərəfov. Sonra uzun müddət kitab-kitab, qəzet-qəzet keçmiş sevgilisinin imzasını gəzdi. Bir gün qızın hekayələrinin birində özünü tapıb tamam dilxor oldu. Qız həyat qəhrəmanımı əsərimə qəhrəman etmərəm - demişdi. Şərəfovun qızın əsas qəhrəmanı olmaq istəyi gözündə qalmışdı. Qız onu adi bir hekayəsində Telman adlı obrazın əyninə geyindirmişdi:

“Sıx kirpikləri gözlərini çəpərləyib, vətən haqqında danışanda qaşları aramsız qalxıb-enir. Deyir vətən uğrunda ölməyə hazırdı. Onun bütün dostları belə deyir: günü sabah müharibə olsun, hamımız gedib ölərik. Sol əlində qüsur olsa da, bu, onun dərman düzəltməsinə, bahalı maşın sürməsinə, nazik siqaret çəkməsinə mane olmur. Onun məqsəd və məramı bəlli deyil. Çox güman, məqsədsiz, məramsızdı. Savadlıdı, danılmazdı. Yaxşı həkimdi. Lakin o, xəstələri sevmir, haqsızlığa üsyan edənləri lağa qoyur. “Əşi, hamısı bir bezin qırağıdı, pul alıb hoqqa çıxardırlar” deyir. Bəlkə hardasa haqlıdı. Lakin o, özü başqa cür qəhrəman olmağa təşəbbüs göstərmir. Mən hərdən onu dilənçilər haqqında əsər yazıb küçədə onlara təpik atan yazıçılara bənzədirəm. Yəqin şişirdirəm. O, pis adam deyil. Ən pisi də elə budu. Məsələ burasındadı ki, o, heç yaxşı da deyil. Adi adamdı. Adi də deyirəm. Yəni doğrudanmı adam məhz belə olmalıdı? Etirazsız, üsyansız. Adi həkim, adi müəllim, adi Əhməd, Məmməd…”
Qız yazmışdı.

Bu hekayədən sonra Şərəfov çiyninə qədər uzanan pivə rəngli saçlarını qırxmağa, sırf keçmiş sevgilisinə aydın olmamaq üçün hərbi həkim olaraq ön cəbhəyə getməyə qərar verdi.

xxx

Şərəfov adəti üzrə özü ilə tək qalan kimi keçmiş sevgilisi barədə düşünməyə başlamışdı. Göydən yağan iri-iri damlalar sanki onun içinə dolurdu. O, qəhərlənmişdi. Di gəl, daxili orqanlarını, içində var olanları sıxıb nəfəsini kəsən seldən bir damla ağlayıb yüngülləşə bilmirdi.

Birdən o, qarşısında özündən on-on beş santım hündür, əli avtomatlı bir adam gördü. Elə bil onu ildırım vurdu, işıq sürəti ilə dumanlı yolda azıb düşmən tərəfə keçdiyini anladı. Şərəfov qırıq-qırıq nəfəs alsa da, elə bildi artıq ölüb, orqanları fəaliyyətini dayandırıb. O, qeyri-iradi əlindəki çantalardan bərk-bərk yapışdı. Sanki bununla yıxılmamağa çalışdı. Və sanki kimsə kənarda durub ona rişxənd elədi: vətən uğrunda ölməyə hazırsansa, buyur, öl.

İki dəqiqə sonra Şərəfov əlindəki çantanı erməniyə uzadıb səlis ruscası ilə dilləndi:

- Paydı. Novruz payı. Sizə gətirmişəm. Dedik bayramdı. Novruz bizim bahar bayramımızdı...

Erməni çaşqın-çaşqın çantalara baxdı, silahı “düşmən”inə tuşlayıb polietilen torbanın içindəkiləri nəm torpağa dağıtdı, səmənini, qazançaları göz nəzarətindən keçirməyə başladı.

Erməni rəngli şamları əlləyəndə Şərəfov xeyli uzaqlaşmışdı. Avtomatın ağzı sakit-sakit onun arxasınca baxırdı...

xxx

Şərəfov kimsənin diqqətini çəkmədən tibbi məntəqəyə girib qapını bağladı. Əlində tutduğu balaca kağızı açdı. Hər şeyi ordan oxuyacağına əmin idi. Ona rahatlıq gətirə biləcək sözlər orda – o şəkildə yazılmalı idi. Keçmiş sevgilisi bu kağızı ona boş yerə verməzdi. Düyünlü ip şəkli... Nəhayət, kağızı oxuya bildi:

“Bir başlanğıc, bir son nöqtə var. Doğulandan ölənə kimi hər şey bir ipə düzülür. Lakin ipə başqa iplər də calaq edə bilərsən. Son nöqtəyə başqa yolla getməkdən çəkinmə - bir ömür uzadacaqsansa, bir günahsızın vəkili olacaqsansa, həqiqət xilas edəcəksənsə...” Deyirdi qızın kağızı.

6-a 10 dəqiqə qalırdı. Şərəfov generatoru yandırdı. Dəftərçəsini nəzərdən keçirdi:

Əsgər Seyidov - bit zəhərlənməsi
Əsgər Xurşudov - vərəm
Əsgər Turabov - qida zəhərlənməsi
Əsgər Mehdiyev - beyin silkələnməsi
Əsgər Səlimov - İntihar
Əsgər Teyyubov -
Əsgər Xıdırov -

Xxx

- Ölüm səbəbi intihar deyil… və mən daha boş qrafalara intihar yazmayacam… və mən məhz bunu demək üçün sağ qaldım…. və mən təklif edirəm, ölüb həqiqəti basdırmayaq, yaşayıb onu xilas edək.

Şərəfov hərbi məhkəmələrdən birində bunları demişdi. Zaldakılar pıçıldaşmışdı. Qalstuklu bir kişi “erməniyə pay verən… dili də var danışmağa demişdi” bərkdən-bərkdən. Bir tələbə uzun-uzun düşünmüş, zalı tərk edəndə çaşqın və dalğın görünmüşdü.

PS: Qalstuklu kişinin Süleyman Əhmədzadəyə göndərəcəyi pulların büküldüyü qəzetdə Amaliya Pənahzadənin məqaləsi də pıçıldamışdı:

“Son nöqtəyə başqa yolla getməkdən çəkinmə - bir ömür uzadacaqsansa, günahsızın vəkili olacaqsansa, həqiqət xilas edəcəksənsə...”
XS
SM
MD
LG