Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:25

Obama Boston partlayışlarının terror olduğunu deyir


Bostonda marafonda partlayış anları
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00

Bostonda marafonda partlayış anları

-
Federal Təhqiqat Bürosu (FBİ) Boston marafonundakı partlayışlara görə hələ də məsuliyyəti heç kimin götürmədiyini deyib.

İstintaqı aparanlar güman edir ki, Bostondakı marafonun sonunda işə düşən partlayıcı qurğular kəsici-deşici elementlərlə dolu tavalardan ibarətmiş.

Aprelin 15-də finiş xətti yaxınlığında baş verən 2 ardıcıl partlayış nəticəsində azı 3 nəfər ölüb, 170-dən çox adam xəsarət alıb.

Rəsmilər ölənlərin - 8 yaşlı oğlan və iki 29 yaşlı qadının olduğunu bildirib. Qadınlardan biri Çin vətəndaşıdır.

FBİ-ın rəsmisi Rick DesLauriers bildirib ki, hər iki partlayıcı idman çantası ya da tünd rəngli bel çantasında olub.

FBİ-nın rəsmisi Richard Deslauriers mətbuat konfransinda çıxışı edir
FBİ-nın rəsmisi Richard Deslauriers mətbuat konfransinda çıxışı edir
Əl-Qaidə 2010-cu ildə İnternetdə kəsici-deşici elementlərlə dolu tavalarda hazırlanan partlayıcıların düzəldilməsini təsvir edən məqalə dərc edib. Belə partlayıcılar əvvəllər Pakistan, Əfqanıstan, Hindistan və Nepalda istifadə olunub.

Ancaq İnternetdəki bu təlimatdan istənilən şəxs, o cümlədən ölkə içindəki terrorçular da yararlana bilərdi.

Prezident Barack Obama bildirib ki, istintaq terror aktı kimi araşdırılır, ancaq rəsmilər bunun xarici ya yerli terror təşkilatı tərəfindən, ya da hansısa şəxs tərəfindən planlaşdırılıb, icra edildiyini bilmir.

Bu arada aprelin 18-də Obama-nın Bostona səfər edəcəyi gözlənilir.

BOSTONDA PARTLAYIŞ ANI YAŞANANLAR (16.04.2013)

Onlarla ölkədən 23 minə yaxın adamın qatıldığı Boston marafonunda qaliblər 12.10-da finiş xəttini keçir. Ancaq yarışçıların yarısının hələ qaçdığı bir vaxtda finiş xəttinin yanında, saat 2.50-də ilk partlayış baş verdi. Ardınca da ikincisi….

Partlayıcılardan birinin olduğu güman edilən bel çantasının qalıqları. Bosto
Partlayıcılardan birinin olduğu güman edilən bel çantasının qalıqları. Bosto
Şahidlərin sözlərinə görə, partlayışın toz dumanı çəkiləndən sonra ətrafda əllərini-ayaqlarını itirən yaralılar və qan vardı. Partlayış nəticəsində azı 3 nəfər hadisə yerində həlak olub. Onlardan biri 8 yaşlı oğlan uşağıdır. O, finiş xəttinin yanında anası və bacısıyla birgə yarışda iştirak edən atasını gözləyirmiş. Oğlanın anası və bacısı da partlayışda yaralanıblar. Ümumilikdə, polis 147-ə yaxın yaralı olduğunu bildirib. Onlardan 20-yə yaxının vəziyyəti ağırdır, əllərini və ayaqlarını itiriblər….


PARTLAYIŞDAN SONRA XAOS

Boston Globe qəzetinin reportyoru David Abel partlayış anında hadisə yerində olub:

Partlayış qurbanlarından biri, 8 yaşlı Martin Richard finiş xəttində marafon iştirakçlsl olan atasını qarşılayırdı.
Partlayış qurbanlarından biri, 8 yaşlı Martin Richard finiş xəttində marafon iştirakçlsl olan atasını qarşılayırdı.
“Mən xətdə dayanıb finişə çatanların videosunu çəkirdim. Birdən məndən təxminən 5-6 metr aralıda, səki tərəfdən güclü partlayış səsi duydum, ağ tüstü-duman ətrafı bürüdü. Gözlərimi açanda həyatımda görmədiyim dəhşəti gördüm. Yerdə uzanmış, şikəst olmuş adamlar, qan, şüşə qırıntıları, əsl xaos idi”.

Yarışda iştirak edən keçmiş əsgər Roupen Bastajian isə AP-yə deyib ki, yarışı yenicə bitirsə də, partlayış səsini eşidən kimi ora qaçmağa başlayıb. Və olay yerinə çatanda əli, ayağı qopmuş insanları görüb.


TALİBAN OLAYLA BAĞLI BƏYANAT VERİB

Bəzi məlumatlarda polisin hadisə yeri yaxınlığında azı bir bombanı da aşkarlayıb zərərsizləşdirdiyini bildirib.

Olaya görə kimsə məsuliyyəti üzərinə götürməyib. Ancaq polis partlayışları öncədən düşünülmüş planla törədildiyini açıqlayandan sonra terror şübhələri açıqca səslənməyə başlayıb.

Daha öncə ABŞ-ı hücumlarla təhdid edən Pakistan Talibanının sözçüsü
Ahsanullah Ahsan Associated Press agentliyinə müsahibəsində olayla heç bir bağlarının olmadığını bəyan edib.


OBAMA VƏD EDİR

ABŞ prezidenti Barack Obama partlayışların terror hücumu olub-olmaması ilə bağlı ehtiyatlı danışsa da bildirib ki, hadisəni törədənləri tapmaq və məsuliyyətə cəlb etmək üçün çalışırlar:

“Istintaq hələ davam edir, amma bir daha təkrarlamaq istəyirəm: biz hadisəni törədənləri tapacağıq və məsuliyyətə cəlb edəcəyik”.

Təhlükəsizlik qüvvələri hadisə yerində.
Təhlükəsizlik qüvvələri hadisə yerində.
ABŞ Federal Aviasiya İdarəsi Boston üzərindən uçuşa qapalı zona elan edib. Nyu York, Vaşinqton, Los Anceles, San Fransisko və başqa şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.


BEYNƏLXALQ REAKSİYALAR

Bir çox qurumlar və dövlətlərin rəsmiləri terror aktını pisləyib. BMT Baş katibi Ban Ki-moondan tutmuş Rusiya prezident Vladimir Putinə qədər bir çox siyasətçilər olayı vəhşicə cinayət adlandırıblar.


FOX TV-NİN APARICISI MÜSƏLMANLARI İTTİHAM EDİR

Hadisədən sonra Fox News kanalının aparıcısı Erik Rush twitterdə yazdığı cümlələr indi ABŞ-da social şəbəkələrdə ən çox müzakirə edilən mövzudur. Rush yazışmasında olaya görə müsəlmanları ittiham edib və sonra da yazıb ki, bütün müsəlmanları öldürmək lazımdır.


NÖVBƏTİ MARAFON LONDONDA OLACAQ...

TəhlükəsizLik tədbirləri Britaniya və ABŞ-ın müttəfiqi olan digər ölkələrdə də yenidən gözdən keçirilir. Aprelin 21-də Marafon keçirməyə hazırlaşan hazırlaşan London şəhər rəsmiləri deyiblər ki, təhlükəsizlik tədbirlərini yenidən gözdən keçirəcəklər, ancaq terror qarşısında əyilib yarışı ləğv etmək fikirləri yoxdur.


Boston marafonu dünyada ən qədim və nüfuzlu yarışlardan biri hesab olunur. 1897-ci ildən bəri hər il aprelin üçüncü bazar ertəsi keçirilir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG