Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:59

Əlilə oğru da qıydı, nisyəçi də...


Arxiv foto
Arxiv foto
-

«Qaynar xətt»ə zəng vuran Ədalət Heybətov gözdən 1-ci qrup əlildir. Yaşadığı Müşfiq qəsəbəsində kiçik bir ərzaq mağazası açıb, özü kimi gözdən əlil həyat yoldaşı ilə başını dolandırırmış. Deməsinə görə, keçən il mağazanın yaxınlığında köçkünlər üçün tikilən binaların fəhlələri ondan nisyə ərzaq alıblar. Borc 650 manatı keçəndə nisyə götürən müştərilərin ayağı mağazadan kəsilib.

«BİLƏNDƏ Kİ, BORCLARI 650 MANATI KEÇİB, YOXA ÇIXDILAR»

«Deyirdilər günəmuzd işləyirik, pulumuzu ala bilmirik, ac qalırıq. Mənim də yazığım gəlirdi, bir-iki dəfə pulla aldılar, sonra başladılar nisyə ərzaq istəməyə. Bir dəftər açdım, başladım gündəlik aldıqları ərzaqları ora qeyd etməyə. Dekabrın 20-də bildirdim ki, borcunuz 650 manatı keçib. Həmin gündən yoxa çıxdılar».

Ədalət Heybətov borclu müştərilərin tapılması üçün Qaradağ rayon polis idarəsinin 10-cu bölməsinə ərizə ilə şikayət edib. Amma...

Şikayətçi: «Mən onlardan birinin Cəlilabad rayonunun Dələli kəndində yaşayan Savad adlı şəxs olduğunu yazdım. Bölmədən isə işə baxmaq istəmədilər, dedilər ki, get Cəlilabad rayon polisinə şikayət et. Bildirdim ki, hər iki gözdən koram. Burdan Cəlilabada necə gedim? Hadisə burda baş veribsə, mən nəyə görə Cəlilabad polisinə şikayət etməliyəm?».

ƏRZAQ KÖŞKÜNÜ KİM YARIB?

Arxiv foto
Arxiv foto
Əlilin problemi bununla bitmir. Bu il martın 30-dan 31-nə keçən gecə onun ərzaq köşkü oğruların hədəfinə tuş gəlib. Ədalət Heybətov danışır ki, martın 31-də həyat yoldaşı Cəmilə Heybətova səhər mağazanı açmağa gələndə qıfılın sındırıldığını aşkarlayıb və DİN 102 xidmətinə zəng vurub. Tezliklə əraziyə nəzarət edən Qaradağ rayon 10-cu polis bölməsinin əməliyyatçıları gəlib. Hadisəni sənədləşdirərək, çıxıb gediblər. Ədalət Heybətovun sözlərinə görə, 2 həftədir şübhələri barədə məlumat vermək üçün 10-cu polis bölməsinə gedib-gəlir, ancaq onu heç kəs dinləmək istəmir:

«Mağazadan ən azı 1000 manatlıq ərzaq, siqaret və spirtli içki aparılıb. Həyat yoldaşımla ikimiz də gözdən 1-ci qrup əlilik, indi bilmirik ki, o oğurlanan malların pullarını sahiblərinə necə qaytaracağıq. Polis isə araşdırmaya həvəssiz yanaşır. Heç olmasa oğruları tez tapaydılar, zərər ödəniləydi ki, bizim də fikirdən bağrımız yarılmayaydı».

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qaynar xətt»ə bildirib ki, Ədalət Heybətovun birinci şikayəti ilə bağlı Qaradağ RPİ 10-cu bölməsində araşdırma aparılıb. Hadisə mülki xarakterli olduğuna görə təhqiqat orqanı tərəfindən Ədalət Heybətova məsələ ilə bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq tövsiyə olunub.

«ŞÜBHƏLƏRİ VARSA, YAZILI VƏ ŞİFAHİ BİLDİRSİN»

Orxan Mansurzadə
Orxan Mansurzadə
«Oğurluq faktına gəlincə, həqiqətən də bu il martın 30-dan 31-nə keçən gecə Ədalət Heybətova məxsus mağazanın qıfılını sındırmaqla, ordan 110 manat nağd pul və təqribən 840 manatlıq ərzaq, tütün və digər gündəlik tələbat malları oğurlanıb. Bu barədə 10-cu polis bölməsinə məlumat verildikdən sonra hadisə yerinə istintaq-əməliyyat qrupu çıxıb. Oğurluğun baş verdiyi mağaza ətraflı müayinə edilib, mağazadan tapılmış dəmir alət maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Ədalət Heybətovun həyat yoldaşı - mağazanı işlədən Cəmilə Heybətovanın ifadəsi alınıb və o, istintaq orqanı tərəfindən zərərçəkən şəxs qismində tanınıb. Cinayət işinin başlanıb-başlanmaması, istintaq barədə zərərçəkən tərəfə məlumat verilməməsi ilə bağlı müraciətdə deyilənlərin hüquqi əsası yoxdur. Göründüyü kimi, sözügedən oğurluğun açılması istiqamətində zəruri olan istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri həyata keçirilir».
XS
SM
MD
LG