Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:50

Azərbaycanı birləşdirmək istəyirlər


Əlirza Amanbəyli
Əlirza Amanbəyli
-
«Fars» xəbər agentliyin məlumatına görə, İran parlamentinin bir qrup deputatı Azərbaycanın İrana birləşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayırlar

Deputatların etnik azərbaycanlı olduğu bildirilir. Onlar 1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycanın İrana birləşdirilməsini istəyirlər. Bir başqa deyimlə, Azərbaycanın cənubla şimalı bir bütövə çevrilə bilər, amma İran dövlətinin tərkibində.

Bakıda yaşayan İranlı mühacir Əlirza Amanbəyli bunu İranın Azərbaycan dövlətinə qarşı təzyiqi sayır. O, bu məsələnin, nə qədər sırf təbliğati addım kimi görünsə də, İrana ciddi təhlükə törədə biləcəyini düşünür:

«Bir baxaq görək, Türkmənçay müqaviləsi imzalananda İran adlı dövlət vardımı? İkincisi, baxaq görək, həmin dövrdə İranı farslar idarə edirdi, yoxsa türklər? Qərar qəbul olunsa ki, Türkmənçay müqaviləsi ləğv olunsun, onda İran bütövlükdə türk dövlətinə çevrilməli, bütöv Azərbaycan yaranmalıdır».

Türkmənçay müqaviləsi


Tarixi arayış

Türkmənçay sülh müqaviləsi İkinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il fevralın 10-da Türkmənçay kəndində bağlanıb. Bu müqaviləyə əsasən, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyaya, cənubdakı əraziləri İrana aid edilib.

Müqavilənin imzalanma mərasiminə rus yazıçısı A.S.Qriboyedovla yanaşı, Azərbaycan mütəffəkiri A.A.Bakıxanov da qatılıb. (Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak edib).

Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən Mirzə Əbdül Həsən xan imzalayıb.

Əlirza Amanbəyliyə görə, əslində bu kimi məsələləri qaldırmaqla İran Azərbaycana təzyiq etmək istəyir. Onun fikrincə, belə davranışların arxasında bu ölkədə öz müqəddəratını müəyyənləşdirmək istəyən azərbaycanlıların günü-gündən çoxalması da durur.

İranın Azərbaycandakı səfirliyi, hələ ki, məsələyə münasibətini açıqlamayıb. Səfirliyin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, səfir hazırda İranda olduğu üçün bu məsələyə münasibət onun Azərbaycana qayıdışından sonra açıqlanacaq.

«AZƏRBAYCAN DÖVLƏTİ BUNA ANCAQ SEVİNİR»

Deputat Sabir Rüstəmxanlı iranlı həmkarlarının belə bir təkliflə çıxışını Azərbaycanın iç işlərinə qarışmaq kimi dəyərləndirir.
Siyavuş Novruzov
Siyavuş Novruzov
düşünür ki, sözügedən müqavilə azərbaycanlıların yaşadığı tarixi torpaqları ikiyə böldüyündən, yalnız azərbaycanlılar belə iddia irəli sürə bilər. Sabir Rüstəmxanlı da, iranlı mühacir Əlirza Amanbəyli kimi, uzun illərdən sonra qonşu ölkə deputatlarının belə bir xəyala hüquqi don geydirmək istəyini İranda yaşayan Azərbaycan türklərinin get-gedə yüksələn azadlıq mübarizəsi ilə izah edir.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bu məsələyə münasibətini apa-ya müsahibəsində dilə gətirib:

«İran parlamentində Türkmənçay müqaviləsinə yenidən baxılması ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasına Azərbaycan dövləti ancaq sevinir».

Deputata görə, Azərbaycanəsilli Abbas Mirzə də həmin müqaviləni imzaladığından bu sənəd hüquqi baxımdan farslara deyil, azərbaycanlılara məxsusdur. YAP-çı deputatın fikrincə, sözügedən müqaviləyə yenidən baxılmasının yeganə hüquqi səbəbi İranın azərbaycanlılar yaşayan torpaqlarının Azərbaycana birləşdirilərək vahid Azərbaycan dövlətinin yaradılması ola bilər.

«BOŞ ƏZİYYƏT»

Azərbaycan tarixçiləri iranlı deputatların Türkmənçay müqaviləsinin ləğvi barədə təşəbbüsünü səmərəsiz sayırlar. Tarixçi alim Cəmil Həsənliyə görə, Azərbaycan xanlıqları Gülüstan (1813-cü il oktyabrın 12-də Rusiya İmperiyası ilə Qacar İran dövləti arasında imzalanmış və tarixi Azərbaycan ərazisini Rusiya ilə İran arasında bölən birinci müqavilə) və ürkmənçay müqavilələri ilə öz müstəqilliklərini itirib və Rusiya dağılandan sonra yenidən müstəqilliklərini elan ediblər:
Cəmil Həsənli
Cəmil Həsənli

«Bundan sonrakı prosesin İrana heç bir dəxli yoxdur. Onlar bir yox, lap 10 layihə də hazırlasalar, bu, boş yerə çəkilmiş əziyyətdən başqa bir şey deyil».

«YAXŞI OLAR Kİ…»

Bakının sadə sakinləri Azərbaycanın İrana birləşdirilməsi barədə İran deputat qrupunun hazırlayacağı qanun layihəsi barədə nə düşündüklərini AzadlıqRadiosunun müxbiriylə paylaşıblar:

- Mən razı deyiləm, niyə birləşməlidir ki?

- Mən iranlıyam. Azərbaycan İrana birləşsə, lap yaxşı olar.

- Bu, qeyri-mümkün məsələdir.

- Bu, Azərbaycanın müstəqilliyinin itirilməsi deməkdir. Biz ora birləşsək, azərbaycanlılar o feodal hakimiyyətdə yaşamağa məcbur olacaq. Mən buna etiraz edirəm.

Nəsib Nəsibli
Nəsib Nəsibli
- Yaxşı olar, elə İranın Azərbaycan hissəsi bizə birləşsin.

- Bu, orta əsr düşüncəsidir. Müasir dünyanın prinsipləri hələ onlara gedib çatmayıb. Bunlar elə can atırlar ki, daha çox konflikt olsun...

- Mən bu məsələyə qarışa bilmərəm...

«1921-Cİ İL MÜQAVİLƏSİ...»

Azərbaycanın İranda səfiri olmuş tarixçi alim Nəsib Nəsibli Türkmənçay müqaviləsinin ləğvini istəyən iranlı deputatlara tarixi diqqətlə oxumağı məsləhət görür:

«Azərbaycan türkü olaraq biz heç də bu müqavilədən məmnun deyilik. Müqavilə vətənimizi iki hissəyə bölüb. Bu müqaviləni lənətləməyə, ona küfr etməyə haqqımız var. Amma bu o demək deyil ki, deputatlar bu məsələyə ciddi-ciddi münasibət bildirməli və buna uyğun təkliflər irəli sürməlidirlər. Bu müqavilə, onsuz da, çoxdan ləğv olunub. Ən azından 1921-ci ildə imzalanan Sovet-İran müqaviləsi özündən əvvəlki müqavilələrin üstündən xətt çəkib. Daha öncə – 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması və İranın onunla əlaqələr qurması o deməkdir ki, həmin müqavilə çoxdan qüvvəsini itirib. İndi bunu ciddi şəkildə müzakirə etmək və onun ləğvi haqqında düşünmək gülməlidir».
Cənubi Qafqaz 1809-1817-ci illərdə
Cənubi Qafqaz 1809-1817-ci illərdə

«BU, BAKIDA KEÇİRİLƏN TƏDBİRƏ CAVABDIR»

Nəsib Nəsibliyə görə, İran millətçiləri hətta sovet dövründə də Azərbaycan respublikasının varlığına qısqanc yanaşıblar:

«Sovetlər dönəmində «Keyhan» qəzetində Ermənistan və Gürcüstan cümhuriyyəti yazılsa da, Azərbaycanın adı «Qafqaz cümhuriyyəti» şəklində gedirdi. Bunun da səbəbi İranda haqqı tapdanan milyonlarla Azərbaycan türkünün olması və onların asılı durumlarından çıxış yolu axtarmasıdır. Onlar üçün təbii çıxış yolu Azərbaycan Respublikasıdır».

Nəsib Nəsibli məsələnin indi qaldırılmasını martın 30-da «Çağdaş Güney Azərbaycanın sabahı» mövzusunda Bakıda keçirilən konfransa cavab sayır.

Həmin konfransdan bir gün sonra İranın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirinə etiraz məktubu təqdim etmişdi. Məktubda konfransın İranın ərazi bütövlüyünə və Tehran hakimiyyətinə qarşı yönəldiyinə, Azərbaycan dövlətinin bu tədbirin qarşısını almamasına diqqət çəkilmişdi.

Bakı buna cavab olaraq bildirmişdi ki, sözügedən konfransda səslənən bəyanatlar Azərbaycanın rəsmi mövqeyini əks etdirmir.
XS
SM
MD
LG