Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:30

Lombasıyla tüpürdü meyitin sifətinə...


Jalə İsmayıl
Jalə İsmayıl
-

Gülüş ortadakı nəşə yaxınlaşıb, ayaq tərəfində durub lombasıyla tüpürüb meyitin sifətinə. Bir adam bir söz deyə bilməyib.


Jalə İsmayıl


SEVGİ

(Hekayə)


...Uşaqlar qorxub qışqırdılar. Böyüklər gözlərində yaş bir-birlərinin üzünə baxdılar. Təəccübdən donmuşdu hamı...

...Səksən yaşlı Gülüş nənə can verirdi. Həyətdə çadır da qurulmuşdu. Oğlu bütün hazırlığını görmüşdü. “Arvadı urvatlı götürək – deyirdi, qaçqınçılıq olanda nolar...”. Bircə mollanı çağırmaq qalırdı. Bu neçənci dəfə idi. Anasının vəziyyəti ağırlaşan kimi əl-ayağa düşürdü yazıq kişi. Gəlib-gedən də çox olurdu. İndi də ev, həyət dolmuşdu adamla. Arvadlar Gülüşün bu dəfə öləcəyini dəqiq bilirmişlər kimi yerlərini rahatlayıb oturmuşdular. Gülüşsə ölümlə vuruşurdu hələ. Arvadlar öz aralarında narazı-narazı pıçıldaşırdılar ki, az, day həştad yaşı var, kötücələrini də görüb, bu arvad niyə Əzrayıla can vermir, nə istəyir bu dünyadan? Kimsə də dedi ki, yəqin, öz torpağında ölmək istəyir də.

Oğlu, altı qızı, böyük nəvələri Gülüş nənənin başına yığışmışdılar. Ağlaya bilən ağlayırdı. Nəsə sayıqlayırdı arvad, amma eşidilmirdi. Gözləri qapalı idi. Bir müddət rabitəsiz sözlər pıçıldayandan sonra başını qaldırıb bircə dəfə: “Eldaaar” – qışqırdı və huşunu itirdi.

Anasının son sözünü eşidən oğlu hirslə otaqdan çıxdı. Qızları donub qaldılar. Dünəndən gəlib onlarda gecələyən Səfər həkim arvadın nəbzini tutub başını buladı. Əyilib üzünü örtüm deyəndə qarının hələ nəfəs aldığını gördü. Kişinin tükləri biz-biz oldu. Ürpəndi. “Arvad sağdı hələ...” dedi. Xəbər qonşu otağa da gedib çatdı. Ağı deməyə hazırlaşan arvadlar səslərini xırp kəsdilər. Gülüş arvad bu dəfə də ölmədi...

Nəvələri çaşmışdı. Kimiydi bu Eldar? Nəvə-nəticə, qohum-əqraba arasında bu adda adam yoxuydu. Gülüşün böyük qızı Zəhra oğul-uşağın suallarından başını itirmişdi. Axırda: “Mən nə bilim, qoca arvaddı da, sayıqlayır” – deyib, həyətə qovdu onları. Şəhərciyin ağıçı arvadları da kor-peşman evlərinə qayıtdılar.

Axşam nənə yatandan sonra hamı Zəhranı sorğu-suala tutdu. Anasının halından hələ də özünə gəlməyən arvad nələr danışdı, nələr...

...Kəndin yox e, bütün rayonun adla deyilən gözəli Gülüş öz yaraşığı, igidliyilə ondan az məşhur olmayan Eldarla nişanlı imiş. Onların sevgisi, hesab edin, bir məhəbbət dastanı. Hamının gözü onlarda, onlar öz aləmlərində. Gülüşü sevənlər də çox idi, fürsət güdənlər də. Toya sanılı günlər qalmış müharibə başlayır. Hamı kimi Eldar da müharibəyə getməli olur. Gülüşlə əhd-peyman bağlayır, lap o kitablarda deyilən kimi: “Sən məni sevdiyin qədər yaşayacam, məni gözlə” – deyir Eldar. Gülüş də söz verir.

Dörd il məktublaşırlar. Nə aldığı yaralar Eldarı öldürə bilir, nə də kənddə edilən şirnikləndirici təkliflər Gülüşü yoldan çıxarır. Müharibə qurtarır. Evə dönmək məqamında öz kəndlərindən olan bir nadürüst Eldara deyir ki, evdən məktub almışam. Gülüş səni gözləməyib, çoxdan ərə gedib, səni də məktublarında aldadıb bu vaxta qədər. Bu alçağın da Gülüşdə gözü varmış. Eldar inanır cəbhə dostuna. Əli yerdən-göydən üzülür. Qayıtmır kəndə. Elə haradasa Avropada ilişib qalır. Gülüş onu çox gözləyir. İllərlə gözləyir. Axır bu alçaq gəlib deyir ki, səndən ötrü ölürəm, gəl mənə. Eldar qayıtmayacaq, orada evlənib qalıb. Gülüş başa düşür ki, ziyanlıq bundan keçib. Söyüb qovur onu.

Bir müddət də keçir. Gülüşü ailəsi ərə verir. Bir oğlu, altı qızı olur. Əri rəhmətə gedir 20 ildən sonra. Ahıl vaxtında da böyük külfətilə bərabər qaçqın düşür arvad. Uşaqları onun gənclik məhəbbəti haqqında qohum-əqrabadan eşitmişdilər. Özü heç vaxt danışmazdı bu barədə. Amma axşamlar kənd yoluna qəribə bir həsrətlə baxdığını gizlədə bilmirdi. Eldardan xəbər gətirən o alçaqla da ölənə qədər danışmayıb Gülüş. Ölüm ayağında halallıq da verməyib. Öldüyünü eşidəndən sonra da vurub gedib onlara. Hamı onu görüb təəccüblənib. Gülüş ortadakı nəşə yaxınlaşıb, ayaq tərəfində durub lombasıyla tüpürüb meyitin sifətinə. Bir adam bir söz deyə bilməyib. Kişinin oğul-uşağı da xəbərdarmış bunların haqq-hesabından. Hamı arvadın illərdi içində gəzdirdiyi kinin şahidi olub. “Nakam məhəbbət yanğısı” deyək biz buna...

...Zəhranı dinləyənlər qeyri-ixtiyari Gülüş arvadın yatdığı otağa tərəf boylandılar – onların nə nənələri varmış! Demək, son nəfəsində Gülüş nənə ərini, bircə oğlunu, Türkiyədə oxuyan əziz Vüqar nəvəsini deyil, müharibədən qayıtmayan nişanlısı Eldarı haraylayırmış...

...Bu dəfə də ölüm aparmadı onu. Möhlət verdi. Özünə gələndən sonra yorğanı başına çəkib gənc qız kimi saatlarla ağladı Gülüş nənə. O, belə sevmişdi sevdiyini.

Arvad ayağa durmamış çadırı, samovar-qazanı yığışdırdılar həyətdən. Sonralar da heç kim arvadın üzünə vurmadı onun sayıqlamasını. Altmış ildi qaysaq bağlamayan yaraya nə çarə? Gedə bilmirdi Gülüş nənə bu dünyadan. Gözlədiyi vardı...

*

İş yoldaşım danışmışdı bu əhvalatı. Hamı təsirlənmişdi. Naharda yediyimiz bir tikə çörək boğazımızda qalmışdı. Təəccüblənmişdik həm də. İlin-günün bu vaxtı məhəbbət haqqında daha təəccüblü bir şey eşitmək olmazdı.

O vaxtdan bütün “sevgi ölürmü?” müzakirələrinin ən haqlı görünən iştirakçısı mənəm. Deyirəm ki, ölmür...
XS
SM
MD
LG