Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 01:55

Avropa Birliyi Azərbaycanı tənqid etdi


Avropa Birliyinin Genişlənmə Komissarı Stefan Fuele
Avropa Birliyinin Genişlənmə Komissarı Stefan Fuele

Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Stefan Fuele Avropa Parlamentinin Xarici İşlər Komitəsinə Qonşuluq Siyasətinin vəziyyəti haqda illik hesabat verib.

Hesabatda o cümlədən, Qonşuluq Siyasətinin əhatə etdiyi 6 dövlətdə görülən işlərə qiymət verilir. Hər bir ölkə üzrə Tərəqqi Hesabatı adlanan sənəd hazırlanıb.

Son bir ildə gördüyü işlərə görə Gürcüstan, Moldova və müəyyən istisna ilə Ermənistan təriflənir, Azərbaycan, Ukrayna, Belarus isə tənqid olunur.

Fuele deyib: “ Biz Moldova, Gürcüstan və Ermənistanla danışıqlarda tərəqqi əldə etmişik. Assosiasiya sazişi ilə bağlı Azərbaycanla danışıqlar davam edir. Ukrayna ilə danışıqlar yekunlaşıb. Ancaq sazişi imzalamamışdan qabaq biz islahatlarda, ədliyyənin ayrı-seçkiliklə tətbiq olunması və seçki çatışmazlıqları ilə bağlı atılan addımları və tərəqqini görmək istəyirik”.

Üzünü Avropa Birliyinə tutan Fuele deyib ki, “Şərq Tərəfdaşlığı ölkələrinin Avropa Birliyinin dayağına ehtiyacı var. ...Mən əminəm ki, onlar ambisiyalı gələcəyə layiqdirlər.”

Belə gələcəyin şərtini də Fuele xatırladıb: “Ölkənin perspektivi Avropa Birliyinin müqaviləsinin 49-cu maddəsində təsbit olunub, əgər həmin ölkə bizim azadlıq, demokratiya və qanunun aliliyi prinsiplərimizi bölüşürsə”.

(Xatırladaq ki, həmin 49-cu maddə Avropa Birliyinə üzvlük haqdadır).

AZƏRBAYCAN FUELENİN DEDİYİ DEMOKRATİYA PRİNSİPLƏRİNİ BÖLÜŞÜRMÜ?

Azərbaycan haqda Tərəqqi Hesabatında deyilir ki, “keçmiş dövrlə müqayisədə inkişafa baxmayaraq Azərbaycan özünün demokratiya öhdəliklərinə cavab vermək üçün səylərini davam etdirməlidir”.

Hesabatda “demokratiya öhdəlikləri” deyəndə nəyin nəzərdə tutulduğu sadalanır. Deyilir ki, buna , “o cümlədən seçki prosesi, insan haqlarının müdafiəsi və fundamental azadlıqlar, ədliyyə sistemi daxildir.”

Hesabatda daha sonra bildirilir ki, “Azərbaycan keçən ilki hesabatda göstərilən tövsiyyələrin yalnız bir neçəsi ilə bağlı işlər görüb.

Azərbaycan İnsan Haqları Fəaliyyət Planını həyata keçirməyə başlayıb, ədliyyə islahatını davam etdirib, söküntülər və zorla köçürmə probleminə münasibətdə bəzi addımlar atıb.”

“Azərbaycan Avropa Şurasının Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçişi ilə əməkdaşlıq etmədi.”

Azərbaycan “digər vacib tövsiyələrdə də tərəqqi etməlidir”.

Bu deyilənlərlə bağlı Azərbaycana yeni tövsiyələr verilir:

TÖVSİYƏLƏR

Azərbaycanın öz öhdəliklərinə və vəzifələrinə riayət etməsi haqda AŞPA-nın 13 yanvar 2013-cü il qətnaməsinin həyata keçirilməsi təmin etsin.

2011-ci ildə qəbul olunmuş İnsan Haqları Fəaliyyət Planını həyata keçirməkdə davam etsin.

Madrid Prinsipləri üzrə sazişə gəlinməsində Ermənistanla birgə səylərini artırsın.

Münaqişənin nizamlanması ilə bağlı Avropa Birliyi təmsilçilərinin Dağlıq Qarabağ və ətraf regionlara maneəsiz çıxışını təmin etsin.

Münaqişənin nizamlanmasında tərəqqi üçün ətraf mühitlə bağlı işləri dəstəkləsin, sülh yaratma fəallığını həvəsləndirsin.

Defamasiya haqda Qanunu qəbul etsin. Bu qanun defamasiyaya və təhqirə görə cinayət məsuliyyətini ləğv edir.

Seçki qanunverciliyini ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin tövsiyələrinə uyğunlaşdırsın və bunun effektiv tətbiqini təmin etsin

Sərbəst toplaşmaq azadlığı, təşkilatlanma azadlığı və media haqda qanunvercilikləri beynəlxalq standartlara uyğunlaşdırmağı davam etdirsin və bunun tətbiqini təmin etsin.

Jurnalistlərə və fəallara qarşı sıxışdırmaların istintaqlarında səylərini artırsın.

Ədliyyəni müstəqil etməkdə səylərini artırsın.

İctimai maliyyə idarəçiliyinin vacib məsələlərinə, xüsusilə büdcə ilə bağlı aşkarlığa və cavabdehliyə diqqət yetirsin.

“QARABAĞ DANIŞIQLARI YAVAŞIDI”

Hesabatda daha sonra deyilir ki, “Azərbaycan ikinci anti-korrupsiya strategiyasını yekunlaşdırıb. Vətəndaşlardan xahiş olunur ki, korrupsiya barədə qaynar xətlə hakimiyyətə xəbər versinlər. Azərbaycanda korrupsiya sahibkarlığın inkişafı və iqtisadiyyatın diversifikasiyası yolunda ən böyük əngəldir.”

“Pul yuma və insan alveri ilə mübarizədə tərəqqi müşahidə olunur. “

“Təhsil sahəsində artan sayda azərbaycanlı tələbələr və araşdırmaçılar müxtəlif Avropa proqramlarından yararlanırlar”

Və nəhayət, Dağlıq Qarabağ haqda hesabatda deyilir:

“Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Azərbaycanla Ermənistan arasında danışqlar, təəssüf ki, 2012-ci ildə yavaşıdı. “

Ancaq Fuele Dağlıq Qarabağ barədə ayrıca deyib ki : “Münaqişənin həllini qonşuluq siyasətinin tərkib hissəsi etməyimiz Qonşuluq Siyasətində yeni elementdir” və
bunun sayəsində, Fuelenin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflər arasında qarşılıqlı etimad yaratma tədbirlərinə Avropa Birliyinin dayağı güclənmiş olur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG