Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

İlham Əliyev: «Bundan sonra da inkişaf yolumuz həmişə açıq olacaq»


İlham Əliyev
İlham Əliyev
-

«Son illər ərzində Bakının abadlaşdırılması üçün çox böyük işlər görülüb. 2011-ci ildə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib. Proqram bu ilin sonuna qədər başa çatmalıdır və qəsəbələrdə mövcud olan bütün infrastruktur məsələləri öz həllini tapacaq».

Prezident İlham Əliyev martın 19-da Novruz bayramı ilə bağlı Bakıda keçirilən şənlikdə çıxış edərkən belə deyib. Və vurğulayıb ki, hər bir vətəndaş Bakının abadlaşması, gözəlləşməsi üçün çalışmalıdır. O, həmçinin paytaxtda yeni parkların salınmasından, ictimai yerlərin yaradılmasından söz açıb:

«Bu günə qədər bizim 23 metrostansiyamız var. Son bir neçə il ərzində üç stansiya istismara verilib. Ancaq qəbul edilmiş master-plan əsasında 2030-cu ilə qədər Bakıda 70 metro stansiyası olmalıdır. Bu işlər ardıcıllıqla aparılır. Böyük istirahət zonaları, parklar salınır, avtomaşın parkinqləri tikilir. Buna da böyük ehtiyac vardır. Çünki hər il ölkəmizə 100 minlərlə avtomaşın idxal edilir. Azadlıq meydanının altında böyük parkinq tikilir, yaxın aylarda istifadəyə veriləcək. Ən böyük parkinq isə Heydər Əliyev Sarayının arxasında tikilir. Orada təqribən dörd minə qədər avtomaşının saxlanması üçün imkan olacaq. Eyni zamanda, parkinqin üstündə gözəl park salınır. Onun uzunluğu bir kilometr, eni isə 150 metrdir. Yəni, şəhərimizin ən böyük istirahət zonası olacaq, əlbəttə ki, bulvardan sonra».

«BÜTÜN KÖÇÜRMƏLƏR APARILIR, YÜKSƏK KOMPENSASİYA ÖDƏNİLİR»

İ. Əliyev Bakı bulvarının Zığ istiqamətinə uzadılmasından da danışıb və bildirib ki, artıq ilkin işlər görülüb:

«Bulvarın uzunluğu artıq 15 kilometrdən çox olacaq və yaxın aylarda o yerlər də vətəndaşlar üçün açılacaq. Eyni zamanda, bu ildən başlayaraq dəniz vağzalından Zığ istiqamətinə bulvarın uzadılması layihəsi artıq icra edilməyə başlayıb. İlkin işlər görülüb. Orada da çoxsaylı köhnəlmiş müəssisələr, binalar var. Orada da təmizlik işləri görülür, bütün köçürmələr aparılır, yüksək kompensasiya ödənilir. Beləliklə, Bakı bulvarı daha da böyüyəcək, uzanacaq. Bu da əlbəttə ki, şəhərimizi daha da gözəlləşdirəcək, insanların istirahəti üçün daha da yaxşı şərait yaradacaq».

«AZƏRBAYCAN İNKİŞAF VƏ TƏRƏQQİ YOLU İLƏ UĞURLA GEDİR»

İ. Əliyev ölkədə keçiriləcək beynəlxalq tədbirlər barədə də danışıb:

«Hər həftə, demək olar ki, beynəlxalq konfrans, hansısa tədbir, yaxud da idman yarışı keçirilir. Ötən il «Eurovision» mahnı müsabiqəsi böyük uğurla keçirilib. Bu il Davos İqtisadi Forumunun Bakıda keçirilməsi gözlənilir. Bu da ölkəmizə və şəhərimizə göstərilən böyük etimaddır. Əlbəttə, biz hamımız 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına hazırlaşırıq. Hazırlıq işləri başlayıb və dünya tarixində ilk Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bunun da çox böyük rəmzi mənası var. Bir sözlə, hər bir vətəndaş yaşadığı yerdə öz səylərini göstərməlidir ki, ölkəmiz daha da inkişaf etsin, çiçəklənsin, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycan uğurla irəliyə getsin. Mən əminəm ki, bundan sonra da bizim inkişaf yolumuz həmişə açıq olacaq. Azərbaycan inkişaf və tərəqqi yolu ilə uğurla gedir. Əminəm ki, bundan sonra da uğurla gedəcək».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG