Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

«Bir neçə ay əvvəl çəkdikləri asfalt örtüyünü dağıdıb, yenisini çəkirlər»


Arxiv foto
Arxiv foto
-

«Şəmkirin yollarını bir neçə ay əvvəl düzəltmişdilər. İndi yenə həmin yolları ağır texnika ilə dağıdıb, təzədən düzəldirlər».

Bunu «Qaynar xətt»ə zəng vuran dinləyici Səyyaf Musayev deyib. Onun sözlərinə görə, həmin yollar bir neçə ay əvvəl təmir olunmuşdu:

«Dediyim o yol Gədəbəy-Bakı yolunun Şəmkir hissəsinə düşür. Şəhərin içərisindən keçən asfalt örtüyü bir neçə ay əvvəl dəyişdirilmişdi. Yolun kənarına daş plitələr, səki düzəldilmişdi. İndi həmin yolları söküb-dağıdıb təzədən bərpa edirlər. Təmirə görə yolu da bağlayıblar, maşınların hərəkətini də məhdudlaşdırıblar. Sürücülər yolu min əziyyətlə keçib gedir. Əməlli-başlı qəza şəraiti yaranıb».

«BÜDCƏNİN PULLARINI CİBLƏRİNƏ SOVURURLAR»

Səyyaf Musayev hesab edir ki, yeni təmirdən çıxan yolun sökülüb, yenidən təmir olunması yerli icra orqanları üçün pul mənbəyidir:

«Yolları bir dağıdanda pul silirlər, bir də bərpa edəndə. Asan qazanc yolu tapıblar. Büdcənin pullarını ciblərinə sovururlar».

Şəmkir rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, qeyd olunan yolda bir neçə ay əvvəl çəkilmiş asfalt örtüyü dağıdılmayıb. Hazırda görülən işlər isə bir neçə ay əvvəl başlanmış bərpa işlərinin davamıdır. Həmin yolda sürücülərin təhlükəsizliyi üçün lazımi işarələr qoyulub.

İcra hakimiyyətindən təmir-bərpa işlərinin yaxın günlərdə yekunlaşacağını bildiriblər.
XS
SM
MD
LG