Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Fəttah Heydərov: «Belə bir şəxsiyyət yenə də rəhbərimiz olmalıdır»


Fəttah Heydərov
Fəttah Heydərov
-

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov yap.org.az-a müsahibə verib. Müsahibəni qısa ixtisarla təqdim edirik:

- Fəttah müəllim, bu yaxınlarda Azərbaycan Ağsaqqallar Şurasının növbəti qurultayı keçirildi və qurultayda müvafiq qərarlar qəbul olundu. Təşkilatın qarşıda duran əsas vəzifələri nədən ibarətdir?

- Ümumiyyətlə, Azərbaycan Ağsaqqallar Şurası xeyli müddətdir ki, fəaliyyət göstərən təşkilatdır. Bu təşkilatda birləşən ağsaqqallar ölkəmizin nüfuzlu ziyalıları, siyasi, ictimai, mədəniyyət, elm xadimləridir. Yəni bu şura əsas etibarilə nüfuzu olan, sözü eşidilən, öz məsləhətləri ilə cəmiyyətə təsir edən insanların cəmiyyətidir. İş elə gətirdi ki, Azərbaycan Ağsaqqallar Şurasının son qurultayında təşkilatın sədr seçkisi zamanı mənə etimad göstərildi. Buna görə də, mən təşkilatın üzvlərinə, xüsusilə ölkə Prezidentinə təşəkkürümü bildirirəm. Çünki bu etimad həm xalqın, həm də xalqı ilə həmişə bir olan ölkə başçısının etimadıdır.

Bilirsiniz ki, qurultayda ölkədəki vəziyyət, inkişaf prosesləri və qarşıda duran vəzifələr barədə müzakirələr, fikir mübadilələri aparıldı. Doğma vətənimiz olan Azərbaycanın müstəqillik yaşı o qədər də çox deyil. Amma buna baxmayaraq, dövlətimiz çətin sınaqlarla üz-üzə qalıb, keşməkeşli yol keçib və bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Təbii ki, bu inkişaf prosesində ağsaqqal məsləhəti də böyük rol oynayıb. Bu yerdə mən ümummilli liderimiz Heydər Əliyevin ən böyük ağsaqqalımız olduğunu söyləmək istəyirəm. Çünki məhz onun rəhbər olaraq müəyyənləşdirdiyi xətt Azərbaycanı inkişaf yoluna çıxardı...

Azərbaycan ağsaqqallarının da bu gün qarşısında duran əsas vəzifə ümummilli liderimizin bizə ərməğan etdiyi dövlətimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməkdən ibarətdir. Bu təbəqə cəmiyyətimizin dəyərlər sisteminə daxil olduğu üçün ağsaqqal sözü daim insanlar tərəfindən ehtiramla qarşılanır. Ona görə də, cəmiyyətin sağlam ruhda inkişafı, gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün ağsaqqallarımız bundan sonra da üzərlərinə düşən missiyalarını davam etdirməlidirlər.

- Qurultayda qarşıdan gələn prezident seçkilərində ağsaqqalların cənab İlham Əliyevin namizədliyini dəstəklədiyi vurğulandı. Ağsaqqalların bu mövqeyinin əsasında hansı amillər dayanır?

- Prezident İlham Əliyev təkcə Heydər Əliyevin siyasi məktəbinin deyil, bütövlükdə həyat məktəbinin yetirməsidir. Nə yaxşı ki, ulu öndərimizin Azərbaycan üçün gördüyü işlər onun varisi olan cənab İlham Əliyev rəhbərliyi ilə 10 ildir ki, davam edir. Son 10 ilin nailiyyətləri sübut edir ki, ulu öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün bütün nəzərdə tutduğu işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə, zəfərlərə ruhlandırır.

Dünyanı iqtisadi böhran bürüdüyü bir şəraitdə, bir çox ölkələrdə daxili sabitliyin pozulması və bunun nəticəsində çox böyük insan itkisi ilə nəticələnən münaqişələrin yaranması, dünyanın müxtəlif nöqtələrində siyasi və iqtisadi mühitin böhrana uğradığı dövrdə müstəqil Azərbaycanımızın dinamik inkişaf etməsi, əhalinin maddi rifahının günü gündən yaxşılaşması çox fərəhləndiricidir. Eyni zamanda, iqtisadiyyatımızın dinamik inkişaf etməsi, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, Prezident İlham Əliyev Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir. Bu yol Azərbaycan insanına xidmət etmək yoludur, bu yol Azərbaycan vətəndaşının maddi rifahına xidmət edən yoldur. Heydər Əliyev yolu Azərbaycanı firavan, xoşbəxt gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf üçün həyata keçirilən siyasət bu yolun əsas qayəsidir ki, Prezident İlham Əliyev bunu layiqli səviyyədə həyata keçirir...

Mən Prezidentimizin insanlara, torpağımıza olan xüsusi münasibətini də vurğulamaq istəyirəm.

Hər hansı yerdə məktəb, tibb ocağı tikilirsə, yeni yollar çəkilirsə Prezident İlham Əliyev orada açılışları ifadə edən qırmızı lentləri kəsir və bununla da, həmin insanların sevincinə qoşulur. Lent kəsmək rəmzi məna daşıyır. Amma belə mərasimlərin həyata keçirilməsi Prezidentlə xalqın arasındakı qarşılıqlı münasibətin xüsusi etimada əsaslandığını göstərir. Dövlətimizin başçısı yorulmadan bu quruculuq işlərini həyata keçirir. Buna görə də, o, həmişə xalqın rəğbətini, məhəbbətini qazanır. Həqiqətən də, Prezidentimiz bu işləri xalqımızın, torpağımızın naminə reallaşdırır və insanlar öz liderləri ilə fəxr edirlər. Azərbaycan insanları da bütün bunları görür, qiymətləndirir və ürəklərində yalnız bu düşüncə formalaşır ki, bizim qayğımıza qalan belə bir şəxsiyyət yenə də rəhbərimiz olmalıdır.

Onu da demək istəyirəm ki, xalqın bu cür münasibəti hər kəsə müyəssər olmur. O adama müyəssər olur ki, həmişə xalqın içərisindədir, xalqın düşündüyünü ifadə edir, xalqın arzu və istəklərini həyata keçirir. Cənab İlham Əliyev də belə şəxsiyyətlərdəndir.
Bütün bunların hamısı bir gerçəkliyi diktə edir: Xalqa onun sevdiyi, etimad göstərdiyi, etibar etdiyi, qayğısına qaldığı, insanların təhlükəsizliyini təmin edən, cəmiyyətin mənafeyini və dövlətin müstəqilliyini qoruyan Prezident gərəkdir. Bu sadaladıqlarım sübut edir ki, Prezident İlham Əliyev qarşıdakı beş illiklərdə də Azərbaycan xalqı və dövlətçiliyi üçün çox gərəkli və əvəzolunmaz şəxsiyyətdir.

Bütün bunları nəzərə alan Azərbaycan Ağsaqqallar Şurası bu il keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan etdi.

- Fəttah müəllim, siz həmçinin, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavinisiniz. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafını necə qiymətləndirirsiniz?

- Paytaxtımız Bakının inkişafı göz qabağındadır, şəhərimiz tamamilə dəyişir. Yeni Bakı gözümüzün önündə canlanır. Cəsarətlə deyə bilərəm ki, bu inkişaf bölgələrdə də çox böyük vüsət alıb. Biz Milli Məclisdə bu məsələlərin hüquqi-qanunverici tərəfi ilə məşğuluq. Komitəmizə bölgələrimizin inkişafını əks etdirən faktlar daxil olur və bu inkişafın nəticəsi olaraq Regional məsələlər komitəsinin tövsiyəsi ilə parlamentdə yüzlərlə kəndə qəsəbə statusu verilib, qəsəbələr isə şəhər status alıb. Biz inanırıq ki, növbəti beş il ərzində müstəqil şəhər statusu alacaq şəhərlərin də sayı artacaq. Bölgələrdə əhalinin sayı da artır. Çünki regionlarda çox böyük quruculuq işləri gedir.

Bölgələrin sosial problemlərinin həlli istiqamətində də genişmiqyaslı işlər görülür. Elektrik enerjisi fasiləsizdir, kəndlərin qazlaşdırılması işi həyata keçirilir. Artıq bu ilin sonunadək ölkə ərazisinin 95 faizi qazlaşdırılacaq. Eləcə də, yeni yollar inşa edilir ki, beynəlxalq standartlara cavab verir.

Mən rəqəmlərlə danışmaq istəmirəm, amma bir müşahidəmi demək istəyirəm. Bakıdan Qusara qədər yolboyu o qədər yeni qəsəbələr salınıb ki, burada təxminən yüz minlərlə fərdi evlər tikilib. Mən hələ çoxmərtəbəli binaları demirəm. Bütün bunlar bölgələrin inkişafının göstəricisidir...

- Bu mənada təmsil etdiyiniz Qəbələ rayonunun inkişafı ilə bağlı fikirlərinizi də bilmək maraqlı olardı...

- Bilirsiniz ki, Qəbələ böyük tarixə və mədəniyyətə malik ərazidir. Amma bu gün Qəbələ qədimliyi ilə müasirliyi özündə birləşdirir. Füsunkar təbiətə malik, istiqanlı, qonaqpərvər, mehriban insanların yaşadığı bu bölgə sözün əsil mənasında gözəllik təcəssümüdür. Bugünkü Qəbələni mən deyə bilərəm ki, Azərbaycanın bölgələrinin simvollarından biri hesab etmək olar. Tanrı bu torpağa hər cür nemətlər verib. Uca dağlar, yaşıl meşələr, göz oxşayan çaylar, sərin bulaqlar Qəbələnin gözəlliyini əks etdirir.

Bütün bunları sadalayarkən mən bu bölgənin potensialını da xüsusi vurğulamaq istəyirəm. Qəbələnin füsunkar təbiəti buranın turizm potensialını əks etdirir və bu sahədə rayonda indiyədək xeyli işlər görülüb. Rayonda beşulduzlu otellər fəaliyyət göstərir, eləcə də digər turizm obyektləri istifadəyə verilib. Məhz turizmin inkişafının nəticəsidir ki, ildən-ilə Qəbələyə gələn yerli turistlərlə yanaşı əcnəbi turistlərin də sayı artır. Təbii ki, bu bölgənin inkişafı Qəbələdə böyük beynəlxalq tədbirlərin keçirilməsini də gündəmə gətirir. Artıq neçə illərdir ki, burada beynəlxalq festivallar və digər tədbirlər keçirilir. Həmin tədbirlərdə iştirak edən xarici qonaqların hamısı bu bölgə haqqında yalnız xoş ifadələr işlədirlər.

Hesab edirəm ki, Qəbələ rayonunu daha böyük perspektivlər gözləyir. Bilirsiniz ki, bu rayonun iqtisadi potensialı da yüksəkdir. Bu bölgədə bir sıra böyük sənaye müəssisələri fəaliyyət göstərir. Məsələn, Qəbələ Konserv Zavodu bütövlükdə regionumuzun bu sahədə ən böyük müəssisəsidir. Eyni zamanda, bu rayonda çox yüksək keyfiyyətli piano zavodu fəaliyyət göstərir. Bu müəssisədə işçilərin əksəriyyəti də yerli əhalidir...

Yaxın vaxtlarda Qəbələdə yeni obyektlər də istifadəyə veriləcək. Bunların sırasında mən atıcılıq mərkəzinin, Beynəlxalq konqres mərkəzinin adlarını çəkə bilərəm. Yeri gəlmişkən, onu da bildirim ki, Beynəlxalq konqres mərkəzi ən böyük tədbirlərin keçirilə biləcəyi məkan olacaq. Bütövlükdə, Qəbələdə adlarını çəkmədiyim bir sıra müəssisələr də fəaliyyət göstərir, eləcə də, yeni-yeni obyektlər inşa olunur. Bu inkişafın nəticəsidir ki, Qəbələ rayonunun əhalisi son 10 ildə 70 mindən 95 min nəfərə qədər artıb.

- Fəttah müəllim, məlumdur ki, ölkəmizin inkişafını, xalqımızın birliyini istəməyən qüvvələr də var. Bu qüvvələr ölkəmizdə pozuculuq işləri aparmaq üçün öz daxilimizdən, o cümlədən gənclərdən istifadə etməyə çalışırlar. Belə bir zamanda ağsaqqal məsləhətinə böyük ehtiyac var. Çünki ağsaqqal sözü, məsləhəti bizim milli dəyərimizdir. Həmin insanlara nə tövsiyə edərdiniz?

- Çox vacib məqama toxundunuz. Əlbəttə, bizim dostlarımız uğurlarımıza sevinir. Biz uğurlarımızı dostlarımızla bölüşürük və hər zaman bir-birimizə dəstək veririk. Amma nə yazıq ki, göz qabağında olan düşmənimiz də var. Eləcə də, Azərbaycanın müstəqilliyini gözü götürməyən digər xarici qüvvələr də mövcuddur. Onlar çalışırlar ki, ölkəmizdə sabitlik pozulsun, Azərbaycanı istədikləri kimi idarə etsinlər və s. Bu prosesdə öz daxilimizdən də istifadə etməyə cəhd göstərirlər.

Azərbaycan insanı, dünənini və bu gününü görənlər, sabahını da görə bilən adamlar heç vaxt pozucu qüvvələrin əməllərinə dəstək vermirlər. Əksinə, onlara qarşı çıxırlar. Təəssüflər olsun ki, kənar qüvvələr az da olsa, məqsədlərinə nail ola bilirlər. O mənada ki, kiçik sayda gəncləri ələ ala bilirlər. Bu gənclər Azərbaycanın məşəqqətli günlərini yaşamayıblar. Onlar Heydər Əliyev rəhbərlikdə olmadığı zaman Azərbaycanda itirdiklərimizin canlı şahidləri olmayıblar. İtirdiyimiz torpaqlar, bu gün həll olunmayan Qarabağ probleminin necə yarandığını təsəvvürlərinə gətirmirlər. Ona görə də, onlar əlindən heç bir iş gəlməyən, cəmiyyət, xalq üçün bir daşı daş üstünə qoymayan, yalnız ölkəyə rəhbərlik etmək iddiasında olan adamların siyasi ehtiraslarının arxasınca gedirlər. Bəzən onlara maliyyə yardımları olunur, yalan vədlər verilir və s.

Biz ağsaqqallar olaraq, eləcə də dünəni bilib bugünü yaşayan insanların hamısı belə insanlara öyüd-nəsihət verməliyik. Onlara deməliyik ki, tariximizi yaxşı öyrənin. Ola bilsin ki, müəyyən problemlər var və onları birgə həll etməliyik. Müstəqilliyimizin ilk illərində ölkəmizdə 70 faiz işsizlik var idi, indi isə bu yoxdur. Yoxsulluğun səviyyəsi isə 49 faizdən 6 faizə düşüb. O dövrü indiki gənclər yaşasaydılar hansısa təxribatçıların planlarına uymazdılar. Biz dünya xalqları içərisində çox təmkinli, əxlaqlı, böyüyə-kiçiyə hörmət qoyan, yaxşını pisdən ayıran bir xalqıq. Bizim milli dəyərlərimiz var, xalqımız mənəvi keyfiyyətlərə çox böyük dəyər verir. Biz həmişə mənəvi-əxlaqi dəyərlərimizlə öyünmüşük. Bu keyfiyyətləri qoruyub saxlamaq dövlətçiliyimizi qoruyub saxlamaq deməkdir. Müstəqil dövlətimiz bizim ilahi qismətimizdir. Ona görə də, indiki və gələcək nəsillər ona hədəflənməlidir ki, ən böyük sərvətimiz olan müstəqilliyimiz qorunsun. Bizim bundan böyük nailiyyətimiz və sərvətimiz yoxdur.

İnsanlarımız, o cümlədən gənclər bilməlidir ki, müxtəlif şüarlarla qanunsuz aksiyalar keçirib sabitliyi pozmaq heç zaman milli maraqlarımıza uyğun ola bilməz. Ətrafımıza yaxşı nəzər salmaq lazımdır: xarici qüvvələrin təhriki ilə demokratiya və insan haqları şüarları ilə etiraz nümayişləri keçirən və ciddi qarşıdurmalarla hakimiyyət dəyişiklikləri edən xalqların vəziyyətinə baxmaq lazımdır. Onlarda hələ də nə sabit, nə demokratik, nə də hüquqi dövlət bərqərar olmayıb. Bu ölkələrdə dağıdıcılıq prosesləri davam etməkdədir və bunun sonu hələ görünmür. Bütün bunlar onu göstərir ki, qarşıdurma müharibənin üverturasıdır, xalqın fəlakətli gələcəyinin «qaranquşudur». Ona görə də, insanlarımız, xüsusilə gələcəyimiz olan gənclər kimin kim olduğunu görməli və sonra mövqe ortaya qoymalıdır. Dövlətimiz demokratiya yolu ilə gedir və kiminsə uydurduğu demokratiya bizə lazım deyil. Kənardan kimsə bizi etiraza səsləməməlidir. Biz özümüz nəyə etiraz etdiyimizi, nəyə qarşı çıxa biləcəyimizi daha yaxşı bilirik və hər hansı problemi də özümüz həll etməyə qadirik. Ona görə də, heç kəsin təhrikinə uymaq lazım deyil.

Bugünkü gəncliyimiz müstəqil Azərbaycanın gələcəyini düşünməli və dövlətimizin daha da güclənməsi üçün öz töhfələrini verməyə çalışmalıdır. Bunu isə onlar yalnız öz bilik və bacarıqları, intellektual səviyyələri ilə edə bilərlər. Bu imkanları müasir dövlətimiz gənclər üçün yaradıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG