Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:35

«Mən namizədliyimdə israrlı deyiləm, amma Azərbaycanın demokratikləşməsində israrlıyam» [Video]


«Azərbaycanda hər kəs demokratiyanı sadəcə bir hadisə kimi görür, əsas da seçkidə görür, amma demokratiya bir prosesdir, seçki isə yalnız bu prosesin tərkib hissəsidir»

-

Martın 19-da AzadlıqRadiosunun «İşdən Sonra» verilişində prezidentliyə namizəd İqbal Ağazadə ona ünvanlanan suallara cavab verib.



Ümid partiyasının sədri Azərbaycanda vəziyyətin keçən seçkilərə nisbətən xeyli dəyişdiyini deyib:

«Bir neçə il əvvələ baxsaq prosesin necə dəyişdiyini görə bilərik. 2001-ci ildə Azərbaycan Avropa Şurasına qoşulan zaman ölkədə 1000 siyasi dustaq adı var idi, amma bu gün bu say 30-40 nəfərdir. Bu gün Azərbaycan polisi mitinqləri dağıdarkən ilk öncə səsucaldıcılarla xəbərdarlıq edir, dağılmalarını xahiş edir, amma 10 il əvvəl polislər daha qəddar idi, onları dəyişməyə məcbur edən də mübariz insanlardır. Əgər, bu proses getməsəydi, vəziyyət dəyişməzdi».

«MƏN NAMİZƏDLİYİMDƏ İSRARLI DEYİLƏM, AMMA AZƏRBAYCANIN DEMOKRATİKLƏŞMƏSİNDƏ İSRARLIYAM»

İqbal Ağazadə deyib ki, istənilən halda Azərbaycan müxalifəti birlik naminə bir masa arxasında əyləşəcəksə, söhbət Azərbaycanın demokratikləşməsi naminə birləşmədən gedəcəksə, o, namizədliyini geri götürməyə hazırdır.

«UĞUR TƏKCƏ FƏRDLƏRİN QALİBİYYƏTİNDƏ DEYİL, MÜXALİFƏT GƏRƏK KOMANDA ŞƏKLİNDƏ DƏ QALİBİYYƏTİN OLACAĞINA İNANSIN»

«Bizdə müxalifət partiyalarının rəhbərləri öz aralarında ümumi razılığa gələ bilmirlər. Bizim son görüşümüzdə də 4 müxalifət partiyası rəhbərindən 2-si namizədliyindən imtina edə biləcəyini desə də, digər ikisi öz aralarında razılığa gələ bilmədilər».

İqbal Ağazadə bəzi qrupların 2008-ci il seçkilərindən sonra İlham Əliyevi seçilməsi münasibəti ilə təbrik etdiyinə görə onu qınadığını, amma bu yanaşmanın düzgün olmadığını da deyib.

«Mən İlham Əliyevi təbrik etməsəydim, o seçilməzdimi? Onu mənmi seçdim? Necə olur ki, məni bunda ittiham edənlər 1993-cü ildə Elçibəyin Heydər Əliyevi hakimiyyətə dəvət etməsinə normal baxırlar, amma mənim təbrikimi bu qədər şişirdirlər»?

«Azərbaycanda hər kəs demokratiyanı sadəcə bir hadisə kimi görür, əsas da seçkidə görür, amma demokratiya bir prosesdir, seçki isə yalnız bu prosesin tərkib hissəsidir».

İqbal Ağazadə vurğulayıb ki, 1992-ci ilin iyun ayında Əbülfəz Elçibəyin prezident seçildiyi seçkilər demokratik seçkilərə nümunə ola bilər, həmçinin 1993-cü ildə Heydər Əliyev də demokratik seçkilərlə hakimiyyətə gəlmişdi, amma bu prosesin yalnız tərkib hissəsi idi, prosesin özü isə demokratik olmadı.

«HAKİMİYYƏT SİYASİ SİSTEMİN DAHA RADİKAL OLMASININ TƏRƏFDARIDIR»

Ümid partiyasının sədri deyib ki, bu gün bu proseslərdən hamımız kənara çəkilsək də, yenə də bu hakimiyyət son nəfərinə qədər hamıya qarşı ciddi repressiyalara başlayacaq, amma prosesə nə qədər çox adam qoşularsa, onların imkanları bir o qədər azalır.

«Niyə 90-cı illərdə meydanlara milyonlarla adam çıxırdı, amma indi çıxmırlar?» sualına cavab verərkən, İqbal Ağazadə deyib ki, çünki, o vaxt ortada Dağlıq Qarabağ müharibəsi var idi, indi isə problemlər sosial-siyasi problemlərdir, buna görə də insanlar ortaq qərara gələ bilmirlər».

«MƏN 2013-CÜ İLDƏ SƏS YIĞACAĞIMA VƏ QALİB GƏLƏCƏYİMƏ ƏMİNƏM»

«Mən müxalifət olmaq üçün heç vaxt vuruşmadım, mən hakimiyyətə gəlmək üçün vuruşuram. Kim müxalifət olmaq istəyirsə, buyursun, amma mən bu hakimiyyətin dəyişilməsi üçün sona qədər çalışacam».

«Bizim indiki hakimiyyəti kənara atıb, sizsiz Azərbaycan quracağıq deməyə haqqımız çatmır, zatən, onlar bizə bunu dediyi üçün bu gün demokratikləşmə prosesi getmir».

İqbal Ağazadə dəyişikliyin yalnız demokratik mühitdə olduğunu, digər siyasi ideologiyaların isə bu gün heç bir uğur qazana bilməyəcəyini deyib:

«Bu gün biri deyir sağçıyam, biri deyir solçuyam, biri deyir radikalam, amma gəlin baxaq, görək onlar o ideologiyaları hakimiyyətə daşıya biləcəklərmi? Bu gün bütün dünya bu tip quruluşlardan imtina edib, demokratik cəmiyyət qurmaq uğrunda vuruşmaq lazımdır».

Verilişi tam olaraq buradan dinlə:

XS
SM
MD
LG