Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 04:32

«Naxçıvan xəstəxanası döyülən müsavatçını qəbul etmir»


Sabir Vəliyev
Sabir Vəliyev
-
«Naxçıvan Mərkəzi Xəstəxanası döyülən müsavatçı Sabir Vəliyevin müalicəsindən imtina edib».
Bunu AzadlıqRadiosuna müsavatçının qardaşı Hidayət Vəliyev deyir. Onun sözlərinə görə, martın 17-də həkimlər Sabir Vəliyevin təcili xəstəxanadan çıxarılmalı olduğunu bildiriblər:
«Qardaşımın vəziyyəti ağır olaraq qalır. Dünəndən yenə özündə deyil. Başında güclü ağrılar var. Bazar günü olmasına baxmayaraq bu gün həkim gəldi, bizə dedi ki, xəstə təcili çıxmalıdır. Nə sənəd verdilər, nə də bir şey. Dedilər ki, bizlik deyil. Bizə şərt qoyublar ki, onurğa beyninə iynə ilə müdaxilə edib, analiz götürülməlidir. Tanış həkimlər bizə dedi ki, yuxarıdan tapşırıq var, məqsədləri analiz götürmək yox, onu şikəst etməkdir. Buna görə biz bundan imtina etdiyimizi görüb bizi məcburi çıxardılar xəstəxanadan. Bu hansı həkimliyə, hansı insanlığa sığar ki, xəstəni ağır vəziyyətdə baxımsız buraxasan. Həkim dedi ki, bizlik deyil yuxarıdan deyiblər ki, ya onurğa beyninə müdaxilə olunmalıdır, ya da xəstəxanada qalmamalıdır. İndi xəstəni gətirmişik, evdədir. Vəziyyəti də getdikcə ağırlaşır. Nə edəcəyimizə hələlik qərar verməmişik».
Sabir Vəliyevi müalicə edən həkim Ramazan Cəfərov AzadlıqRadiosuna açıqlamasında deyib ki, xəstənin vəziyyəti yaxşı olduğu üçün onu evə buraxıblar:
«Heç nəyi yox idi. Dərialtı zədələnmədi. Onun müalicəyə ehtiyacı yoxdur. Beyin silkələnməsi də yoxdur. Əmin olmaq üçün onurğa beynindən analiz götürülməli idi, qoymadılar. Həmin analizi götürmədən isə diaqnoz qoymaq olmaz. Diaqnozsuz da xəstəni xəstəxanada saxlaya bilmərik. Sonra başına bir iş gəlsə, məsuliyyəti bizim üstümüzdə qalacaq. Buna görə göndərdik evə».
Martın 14-də Hidayət Vəliyev AzadlıqRadiosuna qardaşı Sabir Vəliyevin Babək qəsəbəsində naməlum şəxslər tərəfindən vurulduğunu haqda məlumat vermişdi.
Babək rayon xəstəxanasının həkimi Elman Əliyev Sabir Vəliyevin döyüldüyünü, ikinci dərəcəli beyin silkələnməsi aldığını bildirmişdi.
Babək RPİ-ni rəis müavini Novruz Rüstəmov isə bu haqda məlumatsız olduqlarını bildirmişdi.
Sabir Vəliyev cəmi 20 gün idi ki, Müsavat Partiyası Naxçıvan təşkilatına sədr seçilmişdi.
XS
SM
MD
LG