Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 11:44

Döyülən müsavatçının izahatı alınıb


Sabir Vəliyev
Sabir Vəliyev
-
Müsavat Partiyası Naxçıvan Təşkilatının sədri Sabir Vəliyev döyülməsi ilə bağlı polisə izahat verib.

Bu haqda AzadlıqRadiosuna onun özü bildirib:

«Dünən axşamdan bir az özümə gəlmişəm. Gəldilər, izahat aldılar. İndi bəzi məqamları xatırlayıram. Hadisə baş verən gün işdən çıxıb hər zamankı kimi eyni saatda eyni yolla evə gəlirdim. Babək qəsəbə məscidinin yanına çatanda, diqqətimi tunc rəngli, xarici markalı cip avtomobili çəkdi. Avtomobilin seriya nömrəsinin 900 rəqəmi ilə bitdiyini xatırlayıram. Ətrafda iki nəfər idmançı cüssəli şəxslərdən başqa kimsə yox idi. Bir az irəlilədikdən sonra arxadan başımdan küt zərbə aldığımı xatırlayıram. Bütün bunları izahatımda qeyd elədim. Həmçinin, yazılı bildirdim ki, bu hadisəni özümə qarşı siyasi sifariş sayıram, sifarişçi də Naxçıvanın yerli hakimiyyətidir. İndi başımda ağrılar var, həkimlər hərəkət etməyimi yasaqlayıblar».

Martın 14-də Hidayət Vəliyev AzadlıqRadiosuna qardaşı Sabir Vəliyevin Babək qəsəbəsində naməlum şəxslər tərəfindən vurulması haqda məlumat vermişdi.

Sabir Vəliyevin vəziyyəti ağırlaşdığından martın 15-də o, Naxçıvan Mərkəzi Xəstəxanasına aparılıb.

Babək rayon Xəstəxanasının həkimi Elman Əliyev Sabir Vəliyevin döyüldüyünü, beyninin silkələndiyini demişdi.

Babək RPİ-nin rəis müavini Novruz Rüstəmov isə bu haqda məlumatsız olduqlarını bildirmişdi.
XS
SM
MD
LG