Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 01:47

Həkimlə mübahisə həbslə bitdi


Oruc Salahov
Oruc Salahov
-
Naxçıvan sakini Oruc Salahov Şərur rayon Xəstəxanasının həkimləri ilə mübahisə etdikdən sonra intihara cəhd göstərib və daha sonra həbs olunub.

Bu barədə AzadlıqRadiosuna onun qardaşı Zülal Salahov məlumat verib. O deyir ki, arayış müqabilində Oruc Salahovdan rüşvət tələb olunub və bu üzdən qardaşı ilə həkimlər arasında mübahisə yaranıb:

«Oruc hamilə olan həyat yoldaşına məzuniyyət kağızı almaq üçün martın 12-də Şərur xəstəxanasına getmişdi. Xəstəxananın baş həkimi Aftandil Məmmədli arayış üçün 20 manat istəyib. Oruc da haqqını tələb edərək, bu pulu vermək istəməyib. Aralarında mübahisə yaranıb, əlbəyaxa olublar. Qardaşım həkimə deyib ki, bir il qabaq da rüşvət vermədim deyə, 3 yaşlı oğluma baxmadınız, öldü».

«BENZİNİ TÖKDÜ ÜZƏRİNƏ, DEDİ YANDIRACAĞAM ÖZÜMÜ»

Oruc Salahov Şərur rayonunun İranla həmsərhəd olan Aralıq kəndində yaşayır. Qardaşı Zülal Salahov deyir ki, o, həkimlərlə mübahisə etdikdən sonra kəndə qayıdıb, ailəsini də götürüb evlərinin yaxınlığındakı İran sərhədinə yaxınlaşıb. Ailəsi ilə birgə İran sərhədini keçmək istəyəndə, sərhədçilər onu tutmağa çalışıblar. Bu zaman Oruc Salahov üzərinə benzin tökərək özünü yandırmaq istəyib:

«Məqsədi İrana keçib, Naxçıvanda olan özbaşınalıqları ordan Azərbaycan prezidentinə çatdırmaq idi»
«Məqsədi İrana keçib, Naxçıvanda olan özbaşınalıqları ordan Azərbaycan prezidentinə çatdırmaq idi»
«Məqsədi İrana keçib, Naxçıvanda olan özbaşınalıqları ordan Azərbaycan prezidentinin diqqətinə çatdırmaq idi. Sərhədçilər dedi ki, sərhədi keçsən, atəş açacağıq. Onlar yaxınlaşanda, Oruc benzini tökdü üzərinə, dedi yandıracağam özümü. Sonra Şərur rayon Polis Şöbəsinin rəisi Məmməd müəllim mənə zəng eləyib dedi ki, Orucu sakitləşdir, bura gətir, mən onun problemlərini həll edəcəyəm. O, məni inandırdı. Mən də qardaşımı inandırıb şöbəyə apardım. Gedən kimi Orucu həbs etdilər. İki gündür həbsdədir. İndi də rəis mənə zəng vurub ki, getməlisən nazirliyə, bu məsələ ilə bağlı nazir səninlə danışmaq istəyir. Qorxuram ki, məni də həbs edərlər».

Oruc Salahov hələ ötən ilin may ayında mətbuata açıqlama verərək, 3 yaşlı oğlunun Şərur rayon xəstəxanasının həkimlərinin səriştəsizliyi və baxımsızlıq ucbatından öldüyünü iddia edirdi. Qardaşı Zülal Salahov deyir ki, həm bu məsələni, həm də Naxçıvanda baş verən digər haqsızlıqları mətbuat vasitəsilə işıqlandırdıqları üçün tez-tez təzyiqlərlə üzləşiblər.

Zülal Salahov qardaşının həbs olunmasını da yerli hakimiyyətin hər zaman öz haqqını tələb edən ailədən qisas almaq məqsədi daşıdığını düşünür.

Orxan Mənsurzadə
Orxan Mənsurzadə

DİN: «CİNAYƏT İŞİ AÇILIB»

Şərur rayon Xəstəxanasının qəbul şöbəsindən xəstəxanada rüşvət alınması ilə bağlı deyilənləri təkzib etsələr də, hər hansı açıqlama verə bilməyəcəklərini söylədilər. Oruc Salahovla mübahisə etdiyi bildirilən xəstəxananın baş həkimi Aftandil Məmmədli telefonlara cavab vermədi.

Şərur rayon Polis Şöbəsinin rəisi Məmməd Hüseynov da danışmaqdan imtina etdi.

Naxçıvan MR DİN-dən də bu haqda məlumat vermək istəmədilər.

Azərbaycan DİN-nin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Oruc Salahovun saxlanıldığını təsdiqlədi:

«Oruc Salahov martın 12-də Şərur rayon Xəstəxanasına gedib, oranın baş həkimi Aftandil Məmmədli ilə mübahisə etdikdən sonra onun sifətinə yumruqla vuraraq xəsarət yetirib. Baş həkimin müraciəti əsasında Oruc Salahov şübhəli şəxs qismində saxlanılıb. Şərur rayon Prokurorluğu Oruc Salahov haqqında Cinayət Məcəlləsinin 315.1 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiqetmə) maddəsi ilə cinayət işi başlayıb. Hal-hazırda istintaq aparılır».
XS
SM
MD
LG