Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:55

«Prokuror, məni dinlə»


Cəlilabad rayonu
Cəlilabad rayonu
-

Cəlilabadın Alar kənd sakini Ağarəhim Əzimov rayon prokurorundan şikayətçidir. Deyir, 2 ildən çoxdur rayonun hüquq-mühafizə orqanları bir toyuq-cücə oğurluğu cinayətinin üstünü açmadığından, dərdini prokurora demək istəyir. Ancaq 2 ilə yaxındır prokurorla görüşmək istəyi müşkülə dönüb. Səbəbindən özü danışır:

«Neçə aydır Cəlilabad rayon prokurorluğuna gedib-gəlirəm, prokurorun qəbuluna düşə bilmirəm. Ya deyirlər prokurorun yanında mühüm qonaqlar var, ya deyirlər prokuror hadisə yerindədir, ya da deyirlər Bakıya gedib. Ona görə də belə qərara gəldim ki, rayon prokurorumuza heç olmasa sizin radio vasitəsilə səslənim ki, bəlkə məni dinləyə. Prokurora şikayətim isə ondan ibarətdir ki, 2 ildən artıqdır həyətimdən toyuq-cücə, elektrik avadanlığı oğurlayanlar hələ də azadlıqda gəzir. Ancaq onların azadlıqda gəzməsinə səbəb o deyil ki, polis onları tuta bilmir, səbəb odur ki, oğruları elə polis özü himayə edir».

Arxiv foto
Arxiv foto
A. Əzimov başına gələnlərdən təqribən il yarım əvvəl də «Qaynar xətt»ə danışmışdı. Deməsinə görə, o gündən bu günə istintaqçılar oğruların tapılmadığını bəhanə gətirib, cinayət işini bir neçə dəfə bağlayıblar. Hər dəfə Daxili İşlər Nazirliyinə şikayət yazandan sonra iş təzələnib. Ancaq təzələnməyindən nə fayda:

«İstintaqçılara toyuq-cücənin, hinduşkanın satıldığı ünvana qədər demişəm. Ancaq bu, onları maraqlandırmır. Mən oğruların adını çəkdikcə müstəntiq bir-bir çağırıb, pullarını alıb yola saldı. İndi məni hinduşka yox, polislərlə oğruların işbirliyi maraqlandırır. Prokurora da bunu demək istəyirəm. Nə yazdığım məktublara cavab verir, nə də qapısından içəri buraxır».

DİN RƏSMİSİ OĞURLUQ BARƏDƏ

Ağarəhim Əzimovun yaşadığı həyətdə oğurluq hadisəsi 2011-ci ilin yanvar ayında baş verib. Oğrular santexnika və elektrik avadanlıqları, 20 hinduşka, 25 toyuq aparıblar. Ev sahibi iddia edir ki, ona 2000 manat civarında zərər dəyib.

Orxan Mansurzadə
Orxan Mansurzadə
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə «Qaynar xətt»ə bildirib ki, Ağarəhim Əzimov istintaqdan narazılığı barədə Daxili İşlər Nazirliyinə də bir neçə dəfə ərizə yazıb və ərizəsində polis əməkdaşları ilə bağlı göstərdiyi xüsusatlar araşdırılsa da təsdiqini tapmayıb. Müstəntiq onun oğurluqda şübhələndiyi şəxsləri də dindirib və həmin şəxslərin cinayətlə əlaqələri təsdiqlənməyib.

Cəlilabad rayon prokurorluğundan «Qaynar xətt»ə bildiriblər ki, Alar kənd sakini Ağarəhim Əzimovun bir neçə dəfə prokurorluğa şikayəti daxil olub. Həmin şikayətlər yaşadığı ünvanda baş vermiş oğurluq faktı ilə bağlı rayon polisindəki cinayət işinin bağlanmasından olub. Hər dəfə də prokurorluğun qərarı ilə işin xüsusatlarının hərtərəfli araşdırılması üçün rayon polis şöbəsində istintaq təzələnib. O ki qaldı Ağarəhim Əzimovun şəxsən rayon prokuroru ilə görüşmək istəyinə, prokuror istintaqdan narazı olan hər bir vətəndaşı qəbul edib dinləməyə hazırdır.
XS
SM
MD
LG