Keçid linkləri

2024, 03 İyun, Bazar ertəsi, Bakı vaxtı 04:41

6 aydır qoltuqağacı ilə polisə gedib-gəlir


Foto: Arxiv
Foto: Arxiv
-
«6 aydır məni maşın vurub, ağır xəsarət almışam, hələ də qoltuqağacı ilə gəzirəm. 6 aydır qoltuqağacına qısılıb Nəsimi polisinə gedib-gəlirəm ki, məni bu günə qoyanı cəzalandırsınlar. Ancaq görürəm ki, müstəntiq işə bivec yanaşır».

«Qaynar xətt»ə şikayət edən Şakir Əliyev deyir ki, ötən il sentyabrın 3-də «20 yanvar» metrostansiyası yaxınlığındakı yolu keçərkən avtomobillə vurulub:

«Məni vuran adam öz maşınına mindirib Biləcəridəki Dəmiryol Xəstəxanasına apardı. Bir neçə gün yanıma gəlib-getdi. Xırda-para xərcləri ödədi. Ancaq həkim deyəndə ki, mənim vəziyyətim ağırdır və əməliyyat olunmalıyam, qoyub qaçdı».

Şakir Əliyev deyir ki, müstəntiq ondan izahatı hadisədən bir neçə gün sonra alıb:

«Binəqədi rayon Polis İdarəsinin müstəntiqi xəstəxanaya o vaxt gəlib çıxdı ki, artıq məni vuran adam yanıma gəlib-getmirdi. Sonra məni Travmatologiya Xəstəxanasına köçürtdülər. Orda olanda, Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi gəldi. Dedi ki, hadisənin baş verdiyi ərazi bizim rayona düşdüyündən iş materiallarını bizim idarəyə göndəriblər».

Orxan Mansurzadə
Orxan Mansurzadə
YAXIN GÜNLƏRDƏ CİNAYƏT İŞİ YEKUNLAŞACAQ

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, Şakir Əliyevin avtomobillə vurulması faktı ilə bağlı ilkin araşdırma Binəqədi rayon Polis İdarəsində başlanıb. Materiallar orda toplandıqdan sonra aidiyyəti üzrə Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Ötən il dekabrın 24-də CM-nin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Şakir Əliyev təkrar məhkəmə-tibbi ekspertizasından keçirilib və ağıq xəsarətləri təsdiqlənib:

«İkinci dəfə ekspertizadan keçiriləndən sonra işdə ağırlaşdırıcı hallar müəyyən edildiyinə görə 263-cü maddənin 1-ci hissəsi həmin maddənin 1.1 hissəsinə tövsüf edilib. Hazırda istintaq yekunlaşmaq üzrədir. Yaxın günlərdə avtotexniki ekspertizanın rəyi alınacaq və cinayət işi yekunlaşaraq baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndəriləcək».
XS
SM
MD
LG